Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-382/2021 01.07.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, İbrahimova Ramilə Namiq qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Nümayəndə1, Cavabdeh, onun nümayəndəsi və vəkili Nümayəndə2, Müstəqil tələb irəli sürməyən 3-cü şəxs-X2 iştirakları ilə, İddiaçı Cavabdeh, müstəqil tələb irəli sürməyən 3-cü şəxs X7 qarşı “birgə nikah dövründə əmlakın əldə olunmasına xərclənmiş pul vəsaitinin qaytarılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “birgə nikah dövründə əmlakın əldə olunmasına xərclənmiş pul vəsaitinin qaytarılması” tələbinə dair iddia ərizəsi ilə 21 sentyabr 2020-ci il tarixdə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh birgə nikah dövründə tikilmiş Nərimanov rayonu, Daş karxanası küçəsində yerləşən 853A saylı fərdi yaşayış evinin tikintisinə xərclənən 60.000 (altmış min) manat pul vəsaitinin yarısının, yəni 30000 (otuz min) manat pul vəsaitinin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, onunla Cavabdeh arasında 22 iyul 1988-ci il tarixdə qeydə alınmış rəsmi nikah Nərimanov Rayon Məhkəməsinin 11.10.2018-ci il tarixli, 2(005)- 3440/2018 saylı qətnaməsi ilə pozulmuşdur. Birgə nikahdan 06 dekabr 1989-cu il təvəllüdlü Aynur və 15 mart 1991-ci il təvəllüdlü Könül adlı qızları dünyaya gəlmişdir. Birgə nikahda olduğu dövrdə o, öz gəliri hesabına Nərimanov rayonu, Daş karxanası küçəsində yerləşən 853A saylı fərdi yaşayış evini əldə etmiş və 1980-ci illərdən faktiki olaraq orada yaşamağa başlamışdır. Qeyd edir ki, sözügedən fərdi yaşayış evi əvvəllər əmisi oğlu Zülfüqarov Ağarzaya məxsus olmuş, o 1970-ci illərdə həmin evdə cavabdehin bacısı ilə evlənərək yaşamış və beləcə onlar əmi oğlular həm də bacanaq olmuşlar. 1980-ci illərdə əmisi oğlu Ələt qəsəbəsində özünə ev aldıqdan sonra, ümumi sahəsi 11 kv.m olan bir otaqlı mənzili ona vermiş və o, cavabdehlə birgə həmin evdə yaşamağa başlamışdır. Bir müddət sonra onun tərəfindən həmin bir otaqlı mənzil sökülərək yerində 70 kv.m sahəli, 3 otaqlı ev tikilmiş və tikiliyə 60000 (altımş min) manat məbləğində vəsait xərclənmişdir, evin tikintisi ilə yanaşı evin bütün avadanlıqları, inirastruktur ilə təmin olunması da onun tərəfindən həyata keçirilmişdir. Həmçinin, o, həmin ünvanda pasport qeydiyyatındadır. Hazırda isə sözügedən fərdi yaşayış evində cavabdeh yaşamağa davam edir. Onu da qeyd edir ki, birgə nikah dövründə əldə olunmuş və ərlə arvadın ümumi mülkiyyəti sayılan əmlakın bölünməsi barədə cavabdehlə onun arasında hər hansı razılıq əldə olunmamışdır. Məhkəmə iclasında İddiaçı və onun nümayəndəsi və vəkili Nümayəndə1 ayrı-ayrılıqda iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin olunmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişlər. Cavabdeh, onun nümayəndəsi və vəkili Nümayəndə2 məhkəmə iclasında iddia tələbini qəbul etmədi və iddia ərizəsinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Eyni zamanda 12.02.2021-ci il tarixdə Cavabdeh iddi ərizəsinə etiraz təqdim edərək bildirmişdir ki, İddiaçı ünvan 1 ünvanda yerləşən daşınmaz əmlak barəsində ona qarşı qaldırdığı iddia əsassısdır. Qeyd edilən əmlak Daşınmaz Əmlakın Dövlət reyestrində qeydiyyata alınmamışdır. Həmin əmlaka dair nə onun, nə də keçmiş əri İddiaçı mülkiyyət hüququ əldə olunmamışdır. İddiaçı özü də etiraf edir ki, həmin əmlak əmisi oğlu X11 məxsusdur. İddiaçı evin təmiri üçün vəsaitin xərclənməsi haqqında hər hansı sübut podrat müqaviləsi, smeta xərcləri və ya ödəniş qəbzləri təqdim etməmişdir. Qeyd edir ki, Daş karxanası ev 853 A ünvanda yerləşən daşınmaz əmlak İddiaçı ilə birgə nikahda olduğu müddətdə əldə olunmayıb. Onu da qeyd edir ki, sözü gedən əmlak İddiaçı tərəfindən notariat qaydada alqı-satqı olunmamışdır. Daş karxanası 853 A ünvanda yerləşən 2 otaqlı daşınmaz əmlak 1964-cü ildə atası X14 tərəfindən tikilmişdir. 1978-ci ildə böyük bacısı ailə həyatı qurduqdan sonra atası bu evi kürəkəni X6 adına rəsmiləşdirmiş və bacısının ailəsi 1978-ci ildən 1984-cü ilədək bu evdə yaşamışlar. Sözü gedən ünvanda hal-hazırda 18 saylı MKİS tərəfindən verilən Forma 2 arayışından göründüyü kimi daşınmaz əmlak X13 5 (beş) nəfər ailə üzvləri ilə (özü, oğlu - Zamiq Zülfüqarov, nəvələri Ağamirzə, Zülfiyyə, Ülvi) pasport qeydiyyatındadırlar. Ailə isə həmin ünvanda 2006-cı ildən pasport qeydiyyatındadır. Qeyd edir ki, Daş karxanası ev 853 A ünvanda yerləşən evdə 1978-ci ildən etibarən əmlakın həcmi mülkiyyətçisi Ağarza Zülfüqarov öz ailəsi ilə 1984-cü ilədək yaşamış, sonra isə 1984-cü ildən 1988-ci ilin iyun ayınadək X12 öz ailəsi ilə yaşamışdır. Və nəhayət o, keçmiş həyat yoldaşı ilə ailə quran zaman yaşamağa evi olmadığı üçün evin mülkiyyətçisi tərəfindən onlara bu ünvanda yaşamağa icazə verilmişdir. Məhkəmənin diqqətinə çatdırır ki, sözü gedən daşınmaz əmlak 2 (iki) otaqdan ibarət olub. Evə bitişik olan qaraj 1953-cü ildə tikilmiş və 1970-ci ildə X3 adına rəsmiləşdirilmişdir. Bu öz əksini Azərbaycan Respublikası Dövlət Arxiv idarəsinin 08.10.2008-ci il 4428 saylı arayışında tapmışdır. Evin darısqal olmasını nəzərə alaraq 2014-cü ildə X1 icazəsi ilə müvəqqəti istifadə üçün həmin qaraj onlara verilmişdir. Həmin evdə İddiaçı tərəfindən heç bir tikinti işləri aparılmamışdır. 60000 (altmış min) manat vəsaitin xərclənməsi isə absurt və yalandır. Bütün bunları nəzərə alaraq, məhkəmədən xahiş edir ki, İddiaçı “birgə nikah dövründə əmlakın əldə olunmasına xərclənmiş pul vəsaitinin qaytarılması” tələbinə dair iddia rədd edilsin və birgə nikahda olduqları müddətdə Bakı şəhəri Daş karxanası 853 A ünvanda yerləşən daşınmaz əmlakı əldə etmədiyi rəhbər tutaraq 10.11.2020-ci il 2(005)- 3489/2020 saylı iş üzrə təyin olunmuş məhkəmə tikinti-texniki ekspertizanın təyin olunması haqqında qərardadı ləğv edilsin. 01.07.2021-ci il tarixli məhkəmə iclasında X15 mülki iş üzrə müstəqil tələb irəli sürməyən 3cü şəxs qismində cəlb edilmişdir. Müstəqil tələb irəli sürməyən 3-cü şəxs X15 məhkəmə iclasında iddia tələbini qəbul etmədi və bildirdi ki, həmin ev ona məxsusdur. Belə ki, iddiaçı onun əmisi oğlu, cavabdeh isə kiçik baldızıdır. Həmin ev 1978-ci ildə tikilib və o özü 1975-ci ildən 1985-ə kimi orada yaşamışdır.1985-ci ildən 1988-ci ilə kimi evdə qaynı yaşayıb. Əvvəl 1 otaq bir mətbəxdən ibarət olub, sonradan qaynatası və qaynının köməkliyi vasitəsilə bir otaq da tikib. Ümumi 40-45 rv.metr sahəsi olub. İddiaçı və cavabdeh evlənəndən sonra müvəqqəti olaraq həmin evdə onlara yaşamağa icazə verib. Lakin sonradan aralarında məhkəmə çəkişmələri olub və hazırda münasibətləri gərgindir.Evdə hər hansı təmir içləri və artırma aparılıbsa bu onun icazəsi olmadan aparılıb və qəti narazıdır. Məhkəmə işdə iştirak edən şəxsin izahatını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki: Bakı Apelyasiya Məhkəməsinin 2(103)-318/2019 saylı, 15 yanvar 2019-cu il tarixli qətnaməsinin məzmunundan görünür ki, İddiaçı Cavabdeh qarşı «nikahın pozulması» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 11 oktyabr 2018-ci il tarixli, 2(005)- 3440/2018 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməyərək, iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 11 oktyabr 2018-ci il tarixli, 2(005)-3440/2018 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 22 avqust 2018-ci il tarixli, 2(005)-1875/2019 saylı qətnaməsinin məzmunundan görünür ki, iddia qismən təmin edilərək, İddiaçı adına olan Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 28 May küçəsində inşa edilmiş yaşayış kompleksinin 5-ci binanın 1-ci girişində 7-ci mərtəbəsində yerləşən razılaşdırılmış satış sahəsi 80,8 kv.m, yaşayış sahəsi 33,9 kv.m təşkil edən 2 otaqlı 25 nömrəli mənzilin üzərində Cavabdeh ½ hissədə, İddiaçı ½ hissədə bərabər paylarının müəyyən edilməsi, qalan hissədə iddianın təmin edilməməsi qət edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazisi İdarəsinin 27.10.2020-ci il tarixli **********98 №-li məktubdan görünür ki, ünvan 3 ünvanda yerləşən daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməsinə dair məlumat idarənin arxivində aşkar edilməmişdir. 18 saylı Mənzil İstismar Sahəsinin 16.11.2019-cu il tarixli, 18/1288 nömrəli məktubundan görünür ki, 18 saylı MKİS məhkəmənin iş №2(005)-3489/2020 saylı 20 oktyabr 2020-ci il tarixli məktubuna cavab olaraq bildirir ki, Daş karxanası küçəsi 853a saylı evin yaşayış sahəsi 2 otaq- 21,4 kv.m, köməkçi sahəsi 19,6 kv.m olub. Həmin evə bitişik olan X8 məxsus 34,0 kv.m-lik daş qaraj razılıq əsasında təmir edilərək yaşayış sahəsi kimi istifadəyə verilmişdir. Hazırda həmin evin yaşayış sahəsi 3 otaq- 49,9 kv.m-dir, köməkçi sahəsi 23,5 kv.m, həyətyanı sahəsi 3,5 kv.m-dir. 18 saylı Mənzil İstismar Sahəsinin 16.11.2020-ci il tarixli, 18/285 nömrəli arayışdan görünür ki, Cavabdeh Bakı şəhəri, Nərimanov rayonu, Fərid Əhmədov (köhnə Daş Karxanası) küçəsindəki, 853a №-li evin 49,9 kv.m olan 3 otaqlı mənzilində yaşayır. Bina özbaşına tikilidir. Cavabdeh, X16, İddiaçı qızı, X24, X4, X9, X21, X19, X25 və X17, X22 daimi qeydiyyatdadırlar. “xxxx” MMC-nin 16 may 2021-ci il tarixli 175/KS/21 saylı hesabatından görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Fərid Əhmədov (köhnə Daş Karxanası) küçəsində 853a ünvanında yerləşən fərdi yaşayış evi 52.000 manat məbləğində qiymətləndirilmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 25 iyul 2006-cı il tarixli, 2(005)-1081/2006 saylı qətnaməsinin məzmunundan görünür ki, ilkin iddia təmin edilərək, X15, X18 və X5 Bakı şəhəri, Nərimanov rayonu, Daş Karxanası küçəsi 853a saylı evə istifadə hüquqlarının itirilməsi və həmin evdən pasport qeydiyyatından çıxarılmaları, Cavabdeh və FÜQAROV Sahib Balarza oğlunun Bakı şəhəri, Nərimanov rayonu, Daş Karxanası küçəsi 853a saylı evə istifadə hüququnun tanınması və həmin evə pasport qeydiyyatına salınmaları, iddiaçı X15 və X5 Cavabdeh və İddiaçı qarşı “mənzildən çıxarma və onun ailə üzvləri ilə mənzilə köçürülməsi” tələbinə dair qarşılıqlı iddiası əsassız olduğundan rədd edilməsi, qətnamənin icrasının Nərimanov rayon Pİ-nin qeydiyyat və şəxsiyyət vəsiqələri bölməsinə həvalə edilməsi qət edilmişdir. Bakı Apelyasiya Məhkəməsinin 1MK-6490/06 saylı 12 oktyabr 2006-cı il tarixli qətnaməsinin məzmunundan görünür ki, Nərimanov rayon məhkəməsinin 25 iyul 2006-cı il tarixli qətnaməsinin qismən ləğv olunması, iddiaçı Cavabdeh və qeyrisinin cavabdeh X15 və X10 qarşı mübahisəli Bakı şəhəri Daş Karxanası küçəsi, 853 “a” saylı evə yaşayış hüquqlarının itirilməsinə dair iddiasının təmin edilməməsi, qətnamənin qalan hissələrinin dəyişdirilmədən saxlanılması, Cavabdeh A.M.Zülfüqarov tərəfindən verilmiş apellyasiya şikayətinin qismən təmin olunması, qətnamənin elan edildiyi andan qanuni qüvvəyə minməsi qət edilmişdir. Məhkəmə baxışında müəyyən edilmişdir ki, iddiaçı və Cavabdeh keçmiş ər-arvaddırlar. Tərəflər ailə qurduqdan sonra Bakı şəhəri, Nərimanov rayonu, Daş Karxanası küçəsi 853a saylı evdə yaşamış, birgə təsərrüfat aparmışlar. Belə ki məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, Bakı şəhəri, Nərimanov rayonu, Daş Karxanası küçəsi 853a saylı ev özbaşına tikilidir və hazırkı iş üzrə müstəqil tələb irəli sürməyən 3-cü şəxs X7 məxsusdur. Belə ki, qeyd edilən tikili əvvəllər 1 otaq və mətbəxdən ibarət olmuş, sonradan isə X15 əlavə tikinti işləri apararaq 1 otaq da artırmış, ümumi sahəsi 40-45 kv.metr olmuşdur. İş üzrə İddiaçı və Cavabdeh həmin evin X7 məxsus olmasını danmamışlar və evdə pasport qeydiyyatında olmaqla yaşamışlar. Göründüyü kimi hazırki iş üzrə iddiaçı “birgə nikah dövründə əmlakın əldə olunmasına xərclənmiş pul vəsaitinin qaytarılması” tələbini irəli sürərək, Cavabdeh birgə nikah dövründə tikilmiş Nərimanov rayonu, Daş karxanası küçəsində yerləşən 853A saylı fərdi yaşayış evinin tikintisinə xərclənən 60000 (altmış min) manat pul vəsaitinin yarısının, yəni 30000 (otuz min) manat pul vəsaitinin tutularaq ona ödənilməsini tələb edir. Mülki işin mübahisəsiz halı ondan ibarətdir ki, Bakı şəhəri, Nərimanov rayonu, Daş Karxanası küçəsi 853a saylı ev X7 məxsusdur. Bu halı Cavabdeh da məhkəmə iclasında vermiş olduğu izahatında etiraf etmişdir. Belə ki, X15 özünə məxsus evdə tərəflərin ailə qurduqdan sonra müvaqqəti yaşamaqlarına razılıq vermişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Bakı şəhəri, Nərimanov rayonu, Daş Karxanası küçəsi 853a saylı evin X7 məxsus olduğunu nəzərə alaraq, qeyd edilən əmlakın birgə nikah dövründə əldə olunmuş əmlak kimi qiymətləndirilməsi və onun əldə olunmasına xərclənmiş pul vəsaitinin tələb edilməsi əsassızdır. Həmçinin evə sonradan əlavə edilmiş otağın onun tərəfindən tikildiyi, çəkilmiş xərclərin onun tərəfindən qarşılandığına dair də hər hansı bir sübut məhkəməyə təqdim edilməmiş, iddia İddiaçı tərəfindən sübuta yetirilməmişdir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Mülki prosessual qanunvericiliyə görə sübut hüququ öz daxilində ümumən işə baxan hakim tərəfindən ardıcıl bir neçə prosessual hərəkətlərin edilməsini nəzərdə tutur. Həmin ardıcıllığa uyğun olaraq hakim ilk növbədə nə vaxt sübutun tələb edilməli olduğunu müəyyən etməli, bundan sonra sübutetmə yükünün bölüşdürülməsinə uyğun olaraq tələb olunan sübutun kimin tərəfindən təqdim edilməli olduğunu aydınlaşdırmalı, daha sonra sübutetmənin hansı qaydada həyata keçirilməli olduğunu tərəflərə izah etməli və nəhayət, təqdim edilmiş sübutları qiymətləndirməlidir. Məhkəmənin bütün bu prosessual hərəkətləri sözsüz ki, iddianın predmeti və irəli sürülən tələbin xüsusiyyətləri nəzərə alınmaqla həyata keçirilməlidir. Mülki prosessual qanunvericilikdə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs biləvasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 77.3, 78.1, 78.2, 80, 88-ci maddələri). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.1-180.2-ci maddələrinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Göründüyü kimi Mülki Məcəllənin 180-cı maddəsində şəxslərin özbaşına tikintidə yaşamalarını və oradan istifadə etmələrini birbaşa qadağan edən norma yoxdur. Həmin maddədə yalnız özbaşına tikinti aparmış şəxsin ona mülkiyyət hüququnu əldə etməyəcəyi, onun tikintiyə dair sərəncam vermək, onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarının olmadığı təsbit olunmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ-ci bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 31.1-ci maddəsinə əsasən ər-arvadın birgə mülkiyyətinin rejimi onların əmlakının qanuni rejimi hesab olunur; 31.2-ci maddəsinə əsasən nikah müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, ər-arvadın əmlakının qanuni rejimi fəaliyyət göstərir; 32.1-ci maddəsinə əsasən nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır; 32.2.1-ci maddəsinə əsasən onların hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri (şikəstlik, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və s.) ər-arvadın ümumi birgə mülkiyyətinə daxildir; 32.2.2-ci maddəsinə əsasən ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və ya sair kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak ər-arvadın ümumi birgə mülkiyyətinə daxildir; 36.1-ci maddəsinə əsasən ər-arvadın ümumi əmlakının bölünməsi nikah dövründə, eləcə də onlardan birinin tələbi ilə nikah pozulduqdan sonra, habelə kreditor ödəməni ər-arvadın ümumi əmlakında olan onlardan birinin payına yönəltmək üçün ümumi əmlakın bölünməsi tələbi barədə ərizə verdikdə həyata keçirilir; 36.3-cü maddəsinə əsasən mübahisə olduqda, ər-arvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlakda ər-arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir; 37.2-ci maddəsinə əsasən ayrı-ayrı hallarda məhkəmə yetkinlik yaşına çatmayan uşaqların mənafeyini və (və ya) ərin (arvadın) diqqətəlayiq mənafeyini, o cümlədən ər-arvaddan biri üzürsüz səbəbdən gəlir əldə etmədiyi və ya birgə mülkiyyəti ailənin mənafeyinə zidd olaraq sərf etdiyi hallarda nəzərə alıb onların birgə mülkiyyətinin bölünməsi zamanı payları bərabər bölməyə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsinin İ hissəsin əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, İddiaçı hazırkı iddiası əsassızdır, iddiaçı iddiasını əsaslı edən müvafiq sübutlarını məhkəməyə təqdim edə bilməmişdir. Beləliklə təqdim edilmiş sübutlar məhkəmədə araşdırılmış və qarşılıqlı tədqiq edilmiş işin faktiki halları ilə tam olaraq öz təsdiqini tapmamışdır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, İddiaçı Cavabdeh qarşı “birgə nikah dövründə əmlakın əldə olunmasına xərclənmiş pul vəsaitinin qaytarılması” tələbinə dair iddia ərizəsi təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı “birgə nikah dövründə əmlakın əldə olunmasına xərclənmiş pul vəsaitinin qaytarılması” tələbinə dair iddia ərizəsi təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, onun alındığı və ya təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Gültəkin Əsədova
Məhkəmə qərarları › İş №2(005)-382/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-382/2021
01.07.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver