Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-3834/2021 16.09.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əmirxanova Kəmalə Fərman qızının sədrliyi, Eldarzadə Şirazi Elxan oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı əmək haqqı və pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı əmək haqqı və pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 2020-ci ilin dekabr ayı üçün 2,000.82 manat məbləğində əmək haqqının, 30 dekabr 2020-ci il tarixədək istifadə edilməmiş 34 günlük əsas əmək məzuniyyətinə görə 2,191.2 manat pul əvəzinin, işlədiyi müddət ərzində cavabdeh tərəfindən əmək haqqının ödənilməsində onun təqsiri üzündən gecikmələrin baş verməsinə görə Əmək Məcəlləsinin 172-ci maddəsinə əsasən hesblanmış günlük 1 %, cəmi 4,317.4 manat ödəncin, 01 yanvar 2020-ci il tarixdən başlayaraq cavabdeh tərəfindən ödəmənin həyata keçirildiyi günədək hər gecikdirilmiş gün üçün 2000.82 manat məbləğində əmək haqqının (dekabr 2020-ci il üçün əmək haqqı) 1 %i məbləğində (günlük 20 manat) ödəncin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, işəgötürən "xxxx" ASC ilə İddiaçı 23 sentyabr 2016-cı il tarixdə Əmək Müqaviləsi bağlamışdır. Əmək Müqaviləsinə əsasən cavabdeh iddiaçını aylıq vergilər və digər ödənişlər daxil 1197.00 manat əmək haqqı müqabilində əsas iş yeri üzrə mütəxəssis vəzifəsinə işə qəbul etmişdir. 5 yanvar 2017-ci il tarixdə tərəflərin qarşılıqlı razılığı ilə Əmək müqaviləsinə 1 saylı əlavə bağlanmış və həmin əlavəyə əsasən əmək haqqının artırılaraq vergilər və digər ödənişlər daxil 1, 500.00 manat təşkil etmişdir. 3 yanvar 2019cu il tarixdə tərəflərin qarşılıqlı razılığı ilə Əmək müqaviləsinə 2 saylı əlavə bağlanmış və həmin əlavəyə əsasən əmək haqqı qalaraq vəzifəsi Baş mütəxəssis (tender üzrə) olaraq dəyişdirilmişdir, 01 oktyabr 2020-ci il tarixdə tərəflərin qarşılıqlı razılığı ilə Əmək müqaviləsinə 3 saylı əlavə bağlanmış və həmin əlavəyə əsasən əmək haqqı artırılaraq vergilər və digər ödənişlər daxil 2, 245.00 manat, vergilər və digər ödənişlər çıxıldıqdan sonra net 2,000.82 təşkil etmişdir. 30 dekabr 2020-ci il tarixdə isə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2 hissəsinin “a” bəndinə əsasən (öz xahişi ilə) 88 saylı Əmrlə 30 dekabr 2020ci il tarixdən əmək müqaviləsinə xitam verilmiş və həmin əmrdə də qeyd olunmuşdur ki, qanunvericiliyə uyğun olaraq son haqq-hesab verilsin. Lakin, dəfələrlə şifahi və yazılı xəbərdarlığına baxmayaraq işəgötürən iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi günə qədər 2020-ci ilin dekabr ayı üçün 2.000,82 manat, 30 dekabr 2020-ci il tarixədək istifadə edilməmiş 34 günlük əsas əmək məzuniyyətə görə 2,191.2 manat (riyazi hesablama: 12 təqvim ayının orta əmək haqqı 1.959,25manat / 30.4 bir məzuniyyət günü üçün əmək /haqqı X istifadə edilməmiş 34 gün əsas əmək məzuniyyəti -2,191.2 manat) pul əvəzini iddiaçıya ödəməmişdir. İşlədiyi müddət ərzində xəbərdarlıqlarına baxmayaraq cavabdeh tərəfindən əmək haqqının ödənilməsində onun təqsiri üzündən dəfələrlə gecikmələr baş vermişdir. Bunun nəticəsində də iddiaçı həmin vəsaitlərdən zamanında faydalana bilməmiş. Halbuki, cavabdeh məhsul istehsalı və satışı, tikinti- quraşdırma fəaliyyəti ilə məşğul olduğu üçün həmin dövrlərdə cavabdehin hesabında kifayət qədər pul vəsaiti olmuşdur. Yuxarıdakı cədvəldən də göründüyü kimi işlədiyi müddətdə ərzində cavabdeh tərəfindən əmək haqqının ödənilməsində onun təqsiri üzündən gecikmələrin baş verməsinə görə Əmək Məcəlləsinin 172-ci maddəsinə (imperativ norma) əsasən hesblanmış 4,317.4 manat ödənci cavabdeh iddiaçıya ödəməlidir. Məhkəmə iclasında İddiaçı izahat verərək iddia tələbinin təmin edilməsinə dair qətamə qəbul edilməsini xahiş etdi. Cavabdehə baxılacaq işin vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq heç bir üzrlü səbəb təqdim etmədən mülki iş üzrə təyin edilən məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə iddiaçı tərəfin izahatını dinləyib, mülki işin materiallarını araşdırıb hesab edir ki, iddia qismən əsaslıdır və qismən təmin edilməlidir. İş materiallarında olan 23.09.2016-cı il tarixli YT-03987 nömrəli əmək müqaviləsindən müəyyən olunur ki, “işçi” İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə “mütəxəssis” vəzifəsinə işə qəbul edilmişdir. İş materiallarında olan 05.01.2017-ci il tarixli əmək müqaviləsinə 1 saylı əlavədən müəyyən olunur ki, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətində Satış və Marketinq Departamentinə böyük mütəxəssis vəzifəsinə keçirilmişdir. İş materiallarında olan 03.01.2019-cu il tarixli əmək müqaviləsinə 2 saylı əlavədən müəyyən olunur ki, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətində Texniki Plan departamentinə Baş mütəxəssis vəzifəsinə keçirilmişdir. İş materiallarında olan 01.10.2020-ci il tarixli əmək müqaviləsinə 3 saylı əlavədən müəyyən olunur ki, İddiaçı hər ay vergilər və digər ödənişlər daxil olmaqla 2245 manat məblğində əmək haqqı ödənilir. İş materiallarında olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin baş icraçı direktoru tərəfindən verilmiş 30.12.2020-ci il tarixli 88 nömrəli əmrdən müəyyən olunur ki, tərəflər arasında olan əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “a” bəndinə əsasən xitam verilməsi və son haqq-hesabın aparılması qərarı alınmışdır. Mülki işin araşdırılmış halları ilə iddiaçının cavabdeh təşkilatda əmək müqaviləsinə əsasən işləməsi və öz xahişi ilə işdən azad olunması müəyyən edilmişdir. İddiaçı ona işdən azad olunarkən əmək haqqının bir hissəsinin ödənilməməsini iddia edir. Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi dövlətin ali məqsədidir. Bu Konstitusiyada sadalanan insan və vətəndaş hüquqları və azadlıqları Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun tətbiq edilir. Konstitusiyanın 35-ci maddəsinə əsasən hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək, heç bir ayrı-seçkilik qoyulmadan öz işinə görə dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqı miqdarından az olmayan haqq almaq hüququ vardır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 16.1-ci maddəsinə əsasən əmək münasibətlərində vətəndaşlığına, cinsinə, irqinə, dininə, milliyyətinə, dilinə, yaşayış yerinə, əmlak vəziyyətinə, ictimai-sosial mənşəyinə, yaşına, ailə vəziyyətinə, əqidəsinə, siyasi baxışlarına, həmkarlar ittifaqlarına və ya başqa ictimai birliklərə mənsubiyyətinə, qulluq mövqeyinə, həmçinin işçinin işgüzar keyfiyyətləri, peşəkarlıq səriştəsi, əməyinin nəticələri ilə bağlı olmayan digər amillərə görə işçilər arasında hər hansı ayrı-seçkiliyə yol verilməsi, həmin amillər zəminində bilavasitə və ya dolayısı ilə imtiyazların və güzəştlərin müəyyən edilməsi, habelə hüquqlarının məhdudlaşdırılması qəti qadağandır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək münasibətləri elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra yaranır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 2-1-ci maddəsinə əsasən siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş dövlət orqanlarında müvafiq vəzifələrə (peşələrə) qəbul edilən (götürülən) işçilərlə işəgötürənlər arasında əmək münasibətləri əmək müqaviləsi kağız üzərində yazılı formada bağlandıqda yaranır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 2-2-ci maddəsinə əsasən “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətin elektron dövlət qeydiyyatına alınması üçün ərizədə qeyd olunmuş şəxslərlə əmək münasibətləri həmin Qanunla müəyyən olunmuş qaydada dövlət qeydiyyatı haqqında şəhadətnamə, dövlət reyestrindən çıxarış və nizamnamə cəmiyyətin elektron kabinetinə göndərildiyi andan yaranır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 83.2-ci maddəsinə əsasən əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172.1-ci maddəsinə əsasən əmək aylıq əmək haqqı işçilərə, bir qayda olaraq, iki hissəyə bölünərək (avans olaraq və qalan hissəsi məbləğində) on altı gündən çox olmayan vaxt fasiləsi ilə ayda iki dəfə verilməlidir. Əmək haqqı illik dövr üçün hesablanan işçilərə isə ayda bir dəfədən az olmayan müddətdə verilməlidir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172.4-cü maddəsinə əsasən işçi işdən çıxarkən ona düşən bütün ödənclər tam məbləğdə işdən çıxdığı gün verilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172.5-ci maddəsinə əsasən əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir. Bu hal əmək mübahisəsi yaratdıqda həmin mübahisə bu Məcəllənin «Əmək mübahisələri» bölməsində nəzərdə tutulan qaydada həll edilir. Mülki iş üzrə tədqiq edilmiş sübutlara məcmu halında qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, iddiaçının cavabdeh hüquqi şəxsdə işləməsi və vəzifədən azad olunarkən ona əmək haqqının və son haqq hesabın ödənilməməsi iş materialları ilə öz təsdiqini tapdığından iddia qismən təmin edilməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə bağlı məhkəmə hesab edir ki, iddia təmin edildiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən iddia qaldılması üçün ödənilmiş 30 manat dövlət rüsumu cavabdehə aid edilməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 2020-ci ilin dekabr ayı üçün 2,000.82 manat məbləğində əmək haqqı, istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, əmək haqqının gecikdirilməsinə görə günlük 1% ödənc hesablanıb "xxxx" Açıq Səhmdar Cəmiyyətindən İddiaçı xeyrinə tutulsun. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Kəmalə Əmirxanova
Məhkəmə qərarları › İş №2(005)-3834/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-3834/2021
16.09.2021 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver