Məhkəmə qərarları › İş №2(005)-3862/2024

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-3862/2024

19.12.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-3862/2024 19.12.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əfəndizadə Mehriban Xalid qızının sədrliyi, Məhkəmə iclas katibi Mayılzadə Gülzadə Çingiz qızının katibliyi, İddiaçı və onun nümayndəsi və vəkili Vəkil, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı aliment pulunun qaytarılması, hüquqi yardım üçün ödənilmiş pulun tutulması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İşin faktiki halları: İddiaçı ilə Cavabdeh xx.xx.2018-ci il tarixdə 5 saylı Bakı “Asan Xidmət” Mərkəzində Qeydiyyat şöbəsində rəsmi nikah münasibətlərinə daxil olmuşdurlar. Birgə nikahdan xx.xx.2019-cu il təvəllüdlü X4 və xx.xx.2020-ci il təvəllüdlü X2 anadan olmuşdurlar. Cavabdeh nikahın pozulması, uşaqların ananın himayəsndə qalması və aliment tələbi ilə məhkəməyə müraciət etmişdir. Daha sonra İddiaçı aliment pulunun qaytarılması tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və birgə nikah dövründə əldə edilmiş və cavabdehə verilmiş 7310 manat pul vəsaitinin geri qaytarılmasını tələb etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə İddiaçı qarşılıqlı iddia ərizəsi üzrə mülki işin ayrıca icraata ayrılması qərara alınmışdır. Tərəflərin arasında nikahın pozulması, uşaq tələbi və aliment tələbinə dair 2(005)- 1792/2024 saylı mülki işin icraatı qəyyumluq və himayəçilik orqanının rəyinin alınması məqsədilə dayandırılmışdır. İddia ərizəsinin və ona etirazın dəlilləri: a) İddia ərizəsinin dəlilləri İddiaçı Cavabdeh qarşı aliment pulunun qaytarılması, hüquqi yardım üçün ödənilmiş pulun tutulması tələbinə dair iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh 7310 manat pul vəsaitinin, 93,10 manat dövlət rüsumunun, 320 manat vəkil xərcinin tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə xx.xx.2018-ci il tarixində 5 saylı Bakı “Asan Xidmət” mərkəzinin Qeydiyyat şöbəsində nikahları qeydə alınmaq ailə həyatı qurmuşdur. Birgə nikahdan xx.xx.2019-cu il təvəllüdlü X4 və xx.xx.2020-ci il təvəllüdlü X2 doğulmuşdur. Nərimnov rayonu 8 saylı Şəhər Poliklinikasının xx.xx.2024-cü il tarixli, TQS 027 nömrəli Ambulator kitabçadan Çıxarışdan da göründüyü kimi onun əsas xəstəliyi olaraq sağ qapalı sümüyünün aşağı 1/3-nin və inük sümüyünün yuxarı 1/3-nin qapalı yerdəyişən sınığı diaqnozu qoyulmuşdur. O qeyd edilən xəstəlik səbəbindən əmək fəaliyyəti ilə məşğul ola bilməyəcəyindən əməliyyat olmadan öncə cavabdehə yetkinlik yaşına çatmayan uşaqlarının saxlanması üçün 7310 manat pul vermişdir. O səhhəti ilə əlaqədar yenidən əməliyyat olunmalı və buna görə də pula ehtiyacı var. Cavabdeh isə ona verdiyi pulu nəzərə almayaraq ondan təkrar olaraq aliment tələb edir. Bu səbəbdən də o iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, həmin pulun alimentlə hesablanmaqla alimentdən imtina etməsini əks təqdirdə 7310 manat pulun ona qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etməli oldu. Cvaabdehə 7310 manat pul verməyi onunla arasında olan “Whatsapp” yazışmalarında öz əksini tapır. Həmçinin də cavabdeh pulu aldığını və vermək istəmədiyini də açıq-aşkar yazmışdır. Cavabdeh 7310 manatın uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün kifayət etməyəcəyi əsası ilə həmin pulu qaytarmaqdan boyun qaçıraraq ona qarşı yenidən aliment tələbi bağlı məhkəməyə müraciət etmişdir. Cavabdehin iddia ərizəsinə etirazının dəlilləri Cavabdeh məhkəmə dəftərxanası vasitəsilə etiraz ərizəsi ilə müraciət edərək, bildirmişdir ki, İddiaçı ona qarşı 7310 manat pul vəsaitinin, 93,10 manat dövlət rüsumunun və 320 manat vəkil xərcinin ona verilməsi tələbinə dair iddia tələbi rədd edilməlidir. İddiaçı sözügedən 7310 manat pulu ona görə vermişdir ki, gələcəkdə iddiaçı tərəfindən verdiyi pulun üstünə müəyyən məbləğ qoyaraq ev alsın və iki azyaşlı uşaqlarıyla ora köçərək orada yaşasın. İdidaçı özünə məxsus olan avtomobili sataraq, əvəzində 7310 manat pul vəsaitini ona vermişdir. Həmin pulu gələcəkdə uşaqların saxlanması üçün aliment qismində verməmişdir. O noyabr ayının əvvəlində ondan ayrılaraq ikiazyaşlı uşaqları ilə birlikdə qalmağa başlamışdır. O 7310 manat pul vəsaitini isə 2023-cü ilin axırlarında vermişdir. Belə ki, bugünə kimi İddiaçı ona və azyaşlı uşaqlarına maddi cəhətdən köməklik etməmiş və bu bahalıqla əlaqədar olaraq, iki azyaşlı uşaqları saxlamaqda maddi çətinlik çəkdiyinə görə o məcbur olub həmin pulu hissə-hissə xərcləmişdir. Artıq həmin puldan heç nə qalmamışdır. İddiaçı həmin pulun mübahisələndirməsi düzgün deyil, çünki o həmin pulu kənar yerə xərcləməmiş, iki azyaşlı uşaqları dəfələrlə xəstələniblər, onların müalicə və dərmanlarına xərclənmiş, eyni zamanda saxlanmasına sərf edilib. İndi də onun maddi cəhətdən köməklik etməməsi ona maddi problemlər yaradır. Məhkəmə iclasında verilən izahatlar Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin təmin edilməsini xahiş etdi. O qeyd etdi ki, birgə təsərrüfat aparmadıqları, ayrı yaşadıqları müddətin çox hissəsində uşaqlardan ən azı biri, çox vaxt isə hər ikisi onun yanında yaşayıb. Hal-hazırda da uşaqlar onun yanındadır. Səhhəti ilə bağlı problem yaşadığı üçün həmin pulu aliment əvəzi olaraq cavabdehə verib. Boşanmalarına səbəb də cavabdehin ailəsidir. Cavabdeh iddiaçı əməliyyat olunduğu vaxt bir dəfə də olsun yanına gəlməyib. Əksinə, boşanma üçün məhkəməyə müraciət edib və ondan artıq alimentin ödənildiyi həmin müddət üçün təkrar aliment tələb edir. Məhkəmədən iddianın təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə etdi. O bildirdi ki, cavabdehon məhkəmə iclaslarında verdiyi izahatlar, etiraz ərizəsində bildirdikləri həqiqətə uyğun deyil, eyni zamanda bir-biri ilə də ziddiyətlidir. Cavabdeh iddiaçı tərəfindən verilən pul məbləğini nəyə xərclədiyini izah edə bilmir. Onların bu iddianı qaldırmaqda məqsədi cavabdehin əsassız qaldırdığı aliment tələbi ilə hazırki tələblərin qarşılıqlı icra edilməsidir. Belə ki, tərəflərin birgə təsərrüfat aparmadıqları müddət üçün iddiaçı tərəfindən 7310 mant məbləğində aliment ödənilib və ondan həmin dövr üçün təkrar aliment tutula bilməz. Məhkəmədən iddianın təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasında etiraz ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etdi. Mülki işin materialları - 5 saylı Bakı “Asan xidmət” X3 tərəfindən verilmiş AZ-İ 063910 nömrəli nikah haqqında şəhadətnamədən müəyyən olunur ki, İddiaçı və Cavabdeh xx.xx.2018-ci il tarixdə rəsmi nikaha daxil olmuşlar. Ərə Rəhimov, arvada Rəhimova soyadları verilmişdir. - “Whatsapp” (smartfonlar üçün ani mesajlaşma mübadilə sistemi) yazışmalarından görünür ki, Cavabdeh “Anar pul bankdadı, heç olmasa imkan ver qoy bu uşaqların bu qədəri olsun, o da xərcləyə xərcləyə qurtaracaq, əl vurma”, “O boyda puldan 7000 uşaqlara saxlaya bildik. Hələ bunu da gözümə soxursan” məzmunlu mesajlar yazmışdır. - Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1792/2024 saylı xx.xx.2024cü il tarixli qərardadı ilə tərəflər arasında bağlanmış nikah pozulduqdan sonra xx.xx.2019cu il təvəllüdlü X4 və xx.xx.2020-ci il təvəllüdlü X1 anası Cavabdeh və ya atası İddiaçı yanında (himayəsində) saxlanılmalarının uşaqların mənafeyinə uyğunluğu haqqında rəy verilməsi üçün iş materialları Bakı şəhər Nərimanov rayon İcra Hakimiyyətinin yanında Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə Komissiyasına həvalə edilmişdir. Mülki işə tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin İV bəndinə əsasən ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin (bundan sonra Ailə Məcəlləsinin): Maddə 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. Maddə 75.4. Valideynlər uşaqları saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Maddə 76. Aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay 1 uşağa görə—qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi miqdarda aliment tutulur. 31-ci maddəsinə görə, ər-arvadın birgə mülkiyyətinin rejimi onların əmlakının qanuni rejimi hesab olunur. Nikah müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, ərarvadın əmlakının qanuni rejimi fəaliyyət göstərir. Maddə 32.1. Nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Maddə 32.2.2. Ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. Maddə 36.1. Ər-arvadın ümumi əmlakının bölünməsi nikah dövründə, eləcə də onların birinin tələbi ilə nikah pozulduqdan sonra ümumi əmlakın bölünməsi tələbi barədə ərizə verdikdə həyata keçirilir. Maddə 36.3. Mübahisə olduqda, ər-arvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlakda ər-arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir. Maddə 36.4. Məhkəmə ər-arvadın ümumi əmlakını bölərkən onların tələbi ilə hər birinə çatacaq əmlakı müəyyən edir. Maddə 37.1 Ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. Maddə 37.2 Ayrı-ayrı hallarda məhkəmə yetkinlik yaşına çatmayan uşaqların mənafeyini və (və ya) ərin (arvadın) diqqətəlayiq mənafeyini, o cümlədən ərarvaddan biri üzürsüz səbəbdən gəlir əldə etmədiyi və ya birgə mülkiyyəti ailənin mənafeyinə zidd olaraq sərf etdiyi hallarda nəzərə alıb onların birgə mülkiyyətinin bölünməsi zamanı payları bərabər bölməyə bilər. Maddə 109.1. Aliment başqa qarşılıqlı tələblərlə hesablaşmaya cəlb edilə bilməz. Maddə 109.2. Aşağıdakı hallar istisna olmaqla, alimentin ödənilmiş məbləği geri tələb oluna bilməz: Maddə 109.2.1. aliment ödənilməsi barədə saziş aliment ödəyən tərəfi aldatma, ona hədə-qorxu gəlmə və ya zor tətbiq etmə nəticəsində bağlandığına görə etibarsız hesab edildikdə; Maddə 109.2.2. məhkəmənin qətnaməsinin, aliment ödənilməsi barədə saziş və ya icra vərəqəsinin saxtalaşdırılması faktı məhkəmə hökmü ilə təsdiq olunduqda; Maddə 109.2.3. aliment alan tərəfindən yalan məlumatların verilməsi və ya saxta sənədlərin təqdim edilməsi ilə əlaqədar aliment tutulması haqqında məhkəmə qətnaməsi ləğv olunduqda. “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” 27 iyul 2016-cı il tarixli Qərarında Konstitusiya Məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, “...uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas olar bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir”. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli, 8-2 №-li Qərarının 8.2-ci bəndinə görə, məhkəmələrə izah edilsin ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. “Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 mart 2024-cü il tarixli Qərarının: 3.2. Nəzərə alınmalıdır ki, ailə birliyi ümumi təsərrüfatı özündə ehtiva etdiyi üçün nikah müddətində əldə edilmiş əmlakın ər-arvadın ümumi vəsaiti hesabına qazanıldığı ehtimal olunur. Ailə Məcəlləsinin 32-ci maddəsinin mənasına görə, əmlakın ər-arvadın ümumi vəsaiti hesabına qazanılması yalnız pul və digər əşya qarşılığında deyil, həmçinin nikah dövründə birlikdə və ayrılıqda çəkilmiş zəhmət, əmək və başqa səylər nəticəsində əldə olunmasını nəzərdə tutur. Bu səbəbdən Ailə Məcəllənin 32.3-cü maddəsində nəzərdə tutulmuşdur ki, nikah dövründə ev təsərrüfatı ilə, uşaqlara qulluq etməklə məşğul olduğundan və ya digər üzrlü səbəblərə görə müstəqil qazancı olmayan ər (arvad) da ümumi əmlak üzərində hüquqa malikdir. 3.3. Beləliklə, Mülki Məcəllənin 225.1 və Ailə Məcəlləsinin 32.1-ci maddələri nikah dövründə əldə olunmuş (qazanılmış) əmlakın ər-arvadın birgə mülkiyyəti sayılmasına dair qanuni prezumpsiyanı ehtiva edir. 3.4. Prezumpsiya dedikdə, əksi sübut edilənədək həqiqi sayılan ehtimal başa düşülür. Qeyd edilən ehtimala əsas verən hər hansı hüquqi faktın və ya hadisənin mövcudluğuna istinad edilərək, bəlli olmayan digər bir hal (prezumpsiyanın nəticəsi) təsbit olunur. Bu halda şəxs prezumpsiyanın nəticəsini deyil, onun təməlini təşkil edən halı sübut etməklə prezumpsiyanın nəticəsini ayrıca sübut etmək yükündən azad olur. 3.5. Prezumpsiyanın qanuni (hüquqi) və faktiki növləri fərqləndirilir. Əgər qanuni prezumpsiya birbaşa normativ hüquqi aktın məzmununda əks olunursa, bundan fərqli olaraq faktiki prezumpsiya hüquq normalarında əks olunmur. Bu ehtimal bir qayda olaraq həyatın təbii axarına, ağlabatan mühakiməyə və ya formalaşmış təcrübəyə söykənir. 3.6. Odur ki, əmlakın nikah dövründə əldə olunmasının (prezumpsiyanın təməli) sübuta yetirilməsi həmin əmlakın ümumi birgə mülkiyyət kimi qəbul olunması (prezumpsiyanın nəticəsi) üçün yetərlidir. Başqa sözlə, əksi sübuta yetirilənədək nikah müddətində ər və ya arvad tərəfindən əldə edilmiş əmlak ər-arvadın ümumi birgə mülkiyyəti sayılır. 3.11-ci bəndinə əsasən ümumi mülkiyyət prezumpsiyasının əksini iddia edən ər (arvad) mübahisəli əmlakı birgə təsərrüfat fəaliyyətinin nəticəsi olaraq deyil, nikahdan əvvəlki əmlakı hesabına və ya bağışlama, vərəsəlik, yaxud digər əvəzsiz əqd əsasında əldə etdiyini sübuta yetirməlidir. İşə baxan məhkəmənin mövqeyi Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Bu mənada məhkəmənin qənaətinə görə, iddiaçının irəli sürdüyü faktiki hallara onun iddia tələblərinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşıb-uzlaşmamasına hüquqi qiymət verilməlidir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa, (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa, əsassız hesab edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. İddiaçının iddia tələbinin dəlilləri ondan ibarətdir ki, cavabdehəhə verilmiş 7310 manat məbləğində pul onların ayrı yaşadığı müddətdə aliment əvəzi verilmişdir. Cavabdeh isə aralarında belə bir razılığın olmasına baxmayaraq, məhkəməyə müraciət etdiyi tarixdən ondan təkrar aliment tutulmasını tələb edir. Digər tərəfdən faktiki olaraq birgə təsərrüfat idarə etmədikləri müddət ərzində birgə nikahdan doğulmuş övladlar heç də həmişə cavabdehin himayəsində olmamış, mütəmadi olaraq iddiaçının da yanında qalmışlar. Belə olan təqdirdə cavabdehə iddiaçı tərəfindən ödənilmiş pul geri qaytarılmalıdır. Məhkəmə qeyd edir ki, iddiaçı iddia ərizəsində Mülki Məcəllənin öhdəliklərlərlə bağlı müddəalarına istinad etsə də, məhkəmə hesab edir ki, tərəflərin arasında öhdəlik münasibətlərinin mövcudluğu, cavabdehin pulu qaytarmaq şərti ilə iddiaçıdan qəbul etdiyi müəyyən edilmir. İddiaçı özü də izahatında pul məbləğinin birgə nikah dövründə əldə edildiyini bildirir və cavabdehə aliment olaraq ödənildiyini iddia edir. Cavabdeh həmin pul məbləğini iddiaçıdan qəbul etdiyini mübahisələndirmir və uşaqların dolanışıq xərclərinə sərf etdiyini iddia edir. Yuxarıda istinad edilən normaların məzmunundan görünür ki, aliment valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsaitdir və ya valideynlər arasında bağlanmış barışıq sazişi əsasında, ya da məhkəmə qaydasında tutulur. Mülki işin materialları ilə müəyyən edilir ki, tərəflərin arasında belə bir barışıq sazişi mövcud deyil. Tərəflərin arasında nikah pozulmamış, nikahın pozulması, aliment və uşaqların himayəsi tələbi ilə bağlı mülki işin icraatı yekunlaşmayıb və qəyyumluq və himayəçilik orqanının rəyinin alınması məqsədilə dayandırılıb. İddiaçı mübahisələndirilən məbləği aliment olaraq ödəmiş olsaydı, tələbinin hüquqi əsası kimi Ailə Məcəlləsinin 109-cu maddəsi çıxış edərdi. Bu halda da alimentin geri qaytarılması üçün həmin normada göstərilən əsaslardan heç biri (aliment ödənilməsi barədə saziş aliment ödəyən tərəfi aldatma, ona hədə-qorxu gəlmə və ya zor tətbiq etmə nəticəsində bağlandığına görə etibarsız hesab edildikdə; məhkəmənin qətnaməsinin, aliment ödənilməsi barədə saziş və ya icra vərəqəsinin saxtalaşdırılması faktı məhkəmə hökmü ilə təsdiq olunduqda; aliment alan tərəfindən yalan məlumatların verilməsi və ya saxta sənədlərin təqdim edilməsi ilə əlaqədar aliment tutulması haqqında məhkəmə qətnaməsi ləğv olunduqda) hazırki mülki işin hallarına uyğun gəlmir. Digər tərəfdən, işin mübahisəsiz halı ondan ibarətdir ki, cavabdehə verilmiş pul birgə nikah dövründə əldə edilmiş gəlir hesabına əldə edilib. Belə ki, cavabdehin bu məzmunda verdiyi izahat iddiaçı tərəfindən mübahisələndirilmiyib. Eyni zamanda Mülki Məcəllənin 225.1 və Ailə Məcəlləsinin 32.1-ci maddələri nikah dövründə əldə olunmuş (qazanılmış) əmlakın ər-arvadın birgə mülkiyyəti sayılmasına dair qanuni prezumpsiyanı ehtiva edir. Odur ki, əmlakın nikah dövründə əldə olunmasının (prezumpsiyanın təməli) sübuta yetirilməsi həmin əmlakın ümumi birgə mülkiyyət kimi qəbul olunması (prezumpsiyanın nəticəsi) üçün yetərlidir. Başqa sözlə, əksi sübuta yetirilənədək nikah müddətində ər və ya arvad tərəfindən əldə edilmiş əmlak ər-arvadın ümumi birgə mülkiyyəti sayılır. Belə olan təqdirdə məhkəmə hesab edir ki, 7310 mant məbləğində pul tərəflərin birgə nikah dövründə əldə edildiyindən, həmin pul məbləğinin üzərində hər iki tərəfin bərabər paylarda mülkiyyət hüququ olmuşdur. 7310 manatın ½ hissəsi olan 3655 manat məbləğində pulun isə bir ilə yaxın müddət ərzində cavabdeh tərəfindən uşaqların dolanışıq xərclərinə sərf edilməsi barədə izahatını daha məhkəmə inandırıcı hesab edir. Məhkəmə daha sonra qeyd edir ki, iddiaçı tərəfindən məhkəməyə təqdim edilən yazışmaların görüntülərindən də müəyyən edilir ki, iddiaçı həmin pul məbləğini uşaqlaa sərf edilməsi üçün cavabdehin sərəncamına vermişdir. Belə ki, iddiaçı “sənə 4300 dollar verdim ordan 200 verərsən mənə evi tutum, 4100 qalsın sizindi...mən güman edirəm ki sən uşaqların pullarını heç kəsə vermədin” kimi ifadələr işlədir. Məhkəmə eyni zamanda qeyd edir ki, iddiaçı iddia ərizəsində də, öz izahatında da bildirir ki, hazırki iddianı qaldırmağa onu vadar edən səbəb iddiaçı tərəfindən məhkəməyə müraciət etdiyi tarixdən alimentin tutulması barədə iddianın qaldırılması olmuşdur. Halbuki bu əsas hazırki iddianın qaldırılması üçün deyil, nikahın pozulması, uşağın himayəsi və aliment tələbinə dair iddiaya etirazın əsaslarından biri ola, həmin iş üzrə iddiaçının alimen tələbi onun xeyrinə təmin ediləcəyi təqdirdə, alimentin başlanğıcının mübahisələndirilməsi üçün əsas ola bilər. Belə ki, Ailə Məcəlləsinin 100.2-ci maddəsində alimentin əvvəli ilə bağlı müəyyən olunmuş qaydanın məqsədi uşağın hüquqlarının qorunması, zəruri ehtiyaclarının təxirə salınmadanqarşılanması, onun saxlanması üçün tələb olunan xərclərdə digər valideynin davamlı iştirakının təmin olunmasından ibarətdir. Həmin qayda imperativ olsa da, məhkəmə praktikasında uşağın faktiki olaraq aliment tələb olunan valideynin himayəsində olduğu, aliment öhdəliklərini icra edildiyi nəzərə alaraq maddənin eyni qaydada tətbiqi edilmədiyi hallar da omuşdur. Beləliklə, məhkəmə təqdim olunmuş sübutları yoxlayaraq, iddia tələbinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, alimentin geri qaytarılması barədə iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. İddiaçının əsas tələbi təmin edilmədiyindən, ondan irəli gələn hüquqi yardıma görə ödənilmiş pulun tutulması tələbi də təmin edilə bilməz. Məhkəmə bu qənaətə gələrkən prosessual qənaət prinsipinin tələbərini rəhbər tutur. Beləliklə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, İddiaçı iddiası təmin edilməməlidir. İddia təmin edilmədiyindən AR MPM-nin 119.1-ci maddəsinə əsasən, mülki iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı “aliment pulunun qaytarılması, hüquqi yardım üçün ödənilmiş pulun tutulması” tələbinə dair iddia ərizəsi təmin edilməsin. Mülki iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən tərəfə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində elektron kabinetdən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Mehriban Əfəndizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar