Məhkəmə qərarları › İş №2(005)-3864/2020

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-3864/2020

16.11.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-3864/2020 16.11.2020 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Vüqar Şahbaz oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Cəfərova Rufanə Xıdır qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment tələbinə dair” iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “aliment tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh ilə birgə nikahdan doğulmuş xx xxxxxx 2018-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdehdən hər ay 200 manat sabit pul məbləğində alimentin və uşağın 3 yaşına çatana kimi qulluğa görə hər ay 100 manat pulun, ödənilmiş dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə faktiki nikaha (vətəndaş nikahı) daxil olaraq ailə qurmuşdur. Sonradan – xx xxxxxx 2018-ci il tarixdə nikahlarını 1 saylı ASAN Xidmət Mərkəzində 73 saylı nikah qeydi ilə rəsmiləşdirmişlər. Cavabdehlə birgə nikahlarından xx xxxxxx 2018-ci il təvəllüdlü X3 adlı övladları olmuşdur. Bir müddət cavabdehlə birgə mehriban yaşasalar da sonradan münasibətləri pozulmuşdur. Cavabdehlə xasiyyətləri uyğun gəlmədiyindən və dünya görüşləri fərqləndiyindən ailə münasibətləri pisləşmiş, artıq cavabdehlə xeyli müddətdir ki, ayrı yaşayırlar. O, hazırda uşağı ilə uzun müddətdir ki, valideynlərinin yanında yaşayır. Nikahları formal xarakter daşıdığından, ayrı yaşadıqlarından və ailə bərpa etmək mümkün olmadığından o, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsində cavabdehə qarşı “nikahın ləğv olunması, birgə nikahdan doğulmuş övladları xx xxxxxx 2018-ci ildə anadan olmuş X2 onu himayəsində saxlanması və uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdehdən hər ay 200 manat sabit pul məbləğində alimentin və uşağın 3 yaşına çatana kimi qulluğa görə hər ay 100 manat pulun tutularaq ona ödənilməsi tələbinə dair” iddia qaldırmışdır. Mülki iş məhkəmənin icraatına daxil olmuş, məhkəmənin hazırlıq iclası keçirilmişdir. xx xxxxxxxx 2020-ci il tarixə növbəti proses təyin olunmuşdur. Məhkəmə baxışına bir gün qalmış cavabdeh ailəni bərpa etmək istədiyini bildirmiş və valideynlərinin təkidi ilə o, məhkəməyə ərizə verərək iddianın baxılmamış saxlanmasını xahiş etmişdir. Bundan sonra ona məlum olmuşdur ki, cavabdehin məqsədi ailəni bərpa etmək yox, uşaq üçün aliment ödəməkdən yayınmaq olmuşdur. Onun digər qazancı olmadığından və cavabdeh uşağın saxlanmasına heç bir köməklik etmədiyindən hazırda məcbur olub aliment tələbinə dair iddia ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iştirak etmiş İddiaçı iddia ərizəsinə uyğun izahat verib övladını maddi cəhətdən tam təmin edə bilmədiyini bildirərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasında iştirak etməmiş, səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan ASAN5 tərəfindən xx xxx 2018-ci il tarixdə verilmiş AZE seriyalı ******** nömrəli Şəxsiyyət Vəsiqəsinin surətindən görünür ki, İddiaçı Bakı şəhəri, Nərimanov rayonu, B/X7, ev 89D ünvanında qeydiyyatdadır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BPQMİ-nin MAPS şöbəsi tərəfindən xx xxxx 2020-ci il tarixdə verilmiş Arayışdan görünür ki, Cavabdeh ünvan 2 ünvanında qeydiyyatdadır. İş materiallarında olan 1 saylı Bakı ASAN xidmət mərkəzi Qeydiyyat şöbəsi tərəfindən xx xxxxxx 2018-ci il tarixdə verilmi AZ-İİ seriyalı 249381 nömrəli Nikah haqqında Şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X4 xx xxxxxx 2018-ci il tarixdə nikaha daxil olmuşlar və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında xx xxxxxx 2018-ci il tarixdə 73 nömrəli akt qeydi aparılmışdır. Nikah bağlandıqdan sonra ərə Bağırov, arvada isə Bağırova soyadı verilmişdir. İş materiallarında olan 1 saylı Bakı “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İV seriyalı № 216106 nömrəli xx xxxxxx 2018-ci il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X3 xx xxxxxx 2018-ci il tarixdə Bakı şəhərində doğulmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında xx xxxxxx 2018-ci ildə 6751 nömrə ilə qeyd edilmişdir. Atası Cavabdeh, anası İddiaçıdır. İş materiallarında olan kassa mədaxil qəbzindən görünür ki, İddiaçı tərəfindən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsində iddia qaldırmaq üçün 20 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin bəndinə əsasən ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 22.2.2-ci maddəsinə əsasən məhkəmə uşaqlar üçün alimentin hansı valideyndən və hansı miqdarda tutulduğunu müəyyən edir. 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Azərbaycan Respublikasında 2020-ci il üçün “yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq olaraq 2020-ci il üçün minimum yaşayış həddi uşaqlar üçün 170 manat məbləğində müəyyən edilmişdir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” xx xxxx 2016-cı il tarixli Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarının 8.2-ci bəndində qeyd edilir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. İddiaçının iddia tələbində qeyd etdiyi xx xxxxxx 2018-ci il təvəllüdlü X2 3 (üç) yaşı olana kimi iddiaçıya hər ay 100 (bir yüz) manat aliment ödənilməsi tələbinə münasibətdə məhkəmə aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Ailə Məcəlləsinin 84.2.2-ci maddəsinə görə ər və arvad birbirinə maddi cəhətdən kömək göstərilməsindən imtina etdikdə və ər-arvad arasında alimentin ödənilməsi barədə saziş olmadıqda hamiləliyi dövründə və ümumi uşaqlarının doğulduğu gündən üç il ərzində arvadın buna zəruri vəsaitə malik olan digər tərəfin aliment ödəməsini məhkəmə qaydasında tələb etmək hüququna malik şəxslər sırasında olduğu qeyd edilmişdir. Məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qanunun tələb etdiyi zəruri vəsaitə malik olması ilə bağlı məhkəmədə sübut təqdim edə bilməmişdir. Məhkəmə qeyd edilənləri və uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcu olduğuna dair konstitusion hüquqi tələbləri, tərəflərin mövcud maddi vəziyyətini və hüquqi rejimini, uşağın maddi cəhətdən saxlanmasının valideynlər tərəfindən təmin edilməsi imkanının mümkünlüyünü, uşağın maraqları baxımından nəzərə almaqla hesab edir ki, iddia tələbi qismən əsaslıdır, xx xxxxxx 2018-ci il təvəllüdlü X1 üçün hər ay sabit pul məbləğində 170 (bir yüz yetmiş) manat aliment tutularaq iddiaçıya ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəmə qərarı ilə tutulduqda aliment məhkəməyə müraciət edildiyi tarixdən tutulur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 234-cü maddəsinə müvafiq olaraq şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Beləliklə, məhkəmə tərəflərin təqdim etdiyi sübutlara məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, Cavabdeh xx xxxxxxx 2020-ci il tarixdən başlayaraq xx xxxxxx 2018-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay sabit pul məbləğində 170 (bir yüz yetmiş) manat aliment İddiaçı xeyrinə tutulmalı, iddia tələbi qalan hissədə təmin olunmamalı, qətnamə dərhal icra olunmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən cavabdehdən 15 (on beş) manat dövlət rüsumu tutularaq İddiaçı ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh xx xxxxxxx 2020-ci il tarixdən başlayaraq xx xxxxxx 2018-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay sabit pul məbləğində olmaqla 170 (bir yüz yetmiş) manat aliment İddiaçı xeyrinə tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Cavabdeh 15 (on beş) manat dövlət rüsumu tutulsun və İddiaçı ödənilsin. Qətnamə dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Vüqar Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar