Məhkəmə qərarları › İş №2(005)-3904/2023

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №2(005)-3904/2023

11.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(005)-3904/2023 11.10.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı tələbinə dair iş üzrə (açar sözlər: sahibkarlıq fəaliyyəti, məhkəmə aidiyyati) Hakim Nuriyeva Səbinə Vidadi qızının sədrliyi Məhkəmə iclas katibi Fətəlizadə Rufanə Xıdır qızının katibliyi İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil2, Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil1 iştirakları ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə bağlı işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: I. İşin halları: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada əsas borca görə 510000 manat, vurduqları maddi ziyana görə 51000 manat, ödənilmiş dövlət rüsumuna görə 1040 manat olmaqla, ümumilikdə 56240 məbləğində pulun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 2021-ci ilin avqust ayından tanımışdır. Tanışlıq zamanı onlar özlərini “Poliqraf Az" MMC-nin təsisçiləri kimi təqdim etmişdilər. Təxminən 2021-ci ilin iyul ayında Nicat ona mobil telefonla zəng edərək mətbəədə götürdükləri sifarişi həyata keçirmək üçün 10 gün müddətinə 60.000 manat məbləğində borc pul istəmişdir. Həmin vaxt onları tanış edən Ənvərə zəng edərək Nicat barəsində məlumat almış və Ənvər Nicat barəsində müsbət fikir söylədiyi üçün Nicata inanaraq ona 60.000 manat məbləğində pul vermişdir. Bununla əlaqədar aralarında Bakı şəhəri 30 saylı Notariat ofisində borc müqaviləsi də bağlanmışdır. Həmin vaxt Nicat sözünə əməl edərək 10 gün müddətində ondan götürdüyü 60.000 manat məbləğində pulu geri qaytardı. Bundan sonra aralarında etibar, inam yarandı. Təxminən 4-5 gündən sonra Nicat yenidən zəng edərək 125.000 manat məbləğində pula ehtiyacı olduğunu bildirdi. Ona inanaraq 125.000 manat məbləğində pulu ona vermişdir. Təxminən bir müddət sonra Nicat əlavə olaraq 125.000 manata ehtiyacı olduğunu bildirdi və əlavə ona 125.000 manat vermişdir. 2021-ci ilin avqust ayında Nicat ona zəng edərək X1 çap işlərini götürdüyünü və buna görə də əlavə olaraq 250.000 manat məbləğində pula ehtiyacı olduğunu və həmin pulu 15 gün ərzində geri qaytaracağını bildirdi. Nicatın həqiqətən DİM və digər şirkətlərlə işlədiyini bildiyindən ona etibar edərək, əlavə 250.000 manat məbləğində pul vermişdir. 2021-ci ilin sentyabr ayında Nicat ondan götürdüyü borcdan 100.000 manatını qaytarmışdır. 2021-ci ilin sentyabr ayının sonlarında Nicat ona zəng edərək 400.000 manat məbləğində pula ehtiyacı olduğunu bildirdi. Elə həmin gün Nicat işlədiyi mətbəəyə gələrək 400.000 manat məbləğində pulu ondan alaraq getmişdir. Ümumilikdə Nicatın və şəriki Cavabdeh1 ona 680.000 manat məbləğində borcu yaranmışdır. Nicatın dediyinə görə ona olan borcu 2021-ci ilin 16 noyabrına qədər qaytarmalı idi. Lakin 19 noyabr 2021-ci il tarixində Nicat Azərbaycan Respublikasını tərk edərək Ukrayna Respublikasına getmişdir. Bundan sonra Ukrayna Respublikasına gedərək ondan pulunu tələb etmişdir. Nicat Azərbaycana geri qayıtdıqdan sonra ona olan borcundan 170.000 manatını ödəmiş və hal-hazırda ona 510.000 manat məbləğində borcu qalmışdır. Özü tərəfindən Nicata bu pullar verilməmişdən əvvəl, yəni Nicat və Hacı ilə tanış olarkən onlar özlərini şərik kimi təqdim etmiş və sonradan Cavabdeh1 ilə bu problemlə əlaqədar danışarkən də o, Nicat ilə şərik olduğunu və heç bir problem olmayacağını bildirmişdir. Sonradan ona məlum olmuşdur ki, Cavabdeh1 Cavabdeh2 ilə həqiqətən şərik olmuş, əsas vəsaiti Nicat qoymuş, lakin Cavabdeh1 Nicata müxtəlif şirkətlər və dövlət orqanları tərəfindən sifarişlər təşkil edərək və ona havadarlıq edərək şərik qismində iştirak etmişdir. Nicat tərəfindən də şərik kimi bu müəssisənin gəlirindən xeyli miqdarda vəsait ödənmişdir. Yəni faktiki olaraq Nicata verdiyi puldan hər ikisi istifadə etmişdir. Ona görə də qanunvericiliyin tələbinə görə də hər iki cavabdeh ona olan borcun qaytarılmasında birgə cavabdeh kimi iştirak etməlidirlər. Cavabdehlər tərəfindən təxminən 2 il bundan əvvəl alınan pul vəsaiti bu günə kimi ona qaytarılmamış və həmin pul vəsaitinin dövriyyədən çıxarılması ilə əlaqədar AR MM-nin 449-cu maddəsinə əsasən ona illik 5% olmaqla, ümumilikdə 2 ilə görə 10% hesablamaqla 51.000 manat məbləğində əlavə ziyan dəymişdir. II. Tərəflərin mövqeləri: Məhkəmə iclasında iştirak edən İddiaçı bildirmişdir ki, cavabdehlər Nicat və Hacı ilə Ənvər Hüseynov vasitəsilə tanış olmuşdur. Cavabdehlər normal mətbəədən 10 qat böyük bir yer götürərək, işləməyə başlamışdırlar. Özü isə mətbəə sahəsində sahibkarlıq fəaliyyəti ilə məşğul olur. Cavabdehlərə bildirmişdir ki, onlara çatışmayan avadanlığı verə bilər. Təxminən 2021-ci ilin iyul ayında Nicat ona mobil telefonla zəng edərək mətbəədə götürdükləri sifarişi həyata keçirmək üçün 10 gün müddətinə 60.000 manat məbləğində borc pul istəmişdir. Onlara pulu notarius vasitəsilə vermişdir. Cavabdehlər də sahibkarlıq fəaliyyəti ilə məşğul olmuşdurlar. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil2 iddia tələbini müdafiə edərək bildirmişdir ki, iddiaçı tərəfindən verilən pul əsasən poliqrafiya məhsullarının alınması məqsədilə verilmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 vəkili Vəkil1 iddia tələbini qəbul etməyərək bildirmişdir ki, Cavabdeh1 təsisçi olmuş, Nicat isə direktor olmuşdur. Yəni işləri Nicat görmüşdür. Hacının isə pulun alınmasından məlumatı olmamışdır. Hazırda tərəflər birləşərək, imkanı olduğu üçün Hacını sıxışdırmağa çalışırlar. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, digər cavabdeh məhkəmə iclasında iştirak etməmiş və bunun üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. İİİ. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 13-cü maddəsinə əsasən, sahibkarlıq fəaliyyəti şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, əmtəə satışından, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: -24.2-ci maddəsinə əsasən, mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. - 25.1-ci maddəsinə əsasən, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır. - 25.2-ci maddəsinə əsasən ümumi məhkəmələr bu Məcəllənin 26.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, bu Məcəllənin 305-ci maddəsində göstərilən xüsusi icraat işlərinə və qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxırlar. - 26.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. - 31.1-ci maddəsində göstərilir ki, aidiyyət qaydalarının pozulmasına yol verilmir. - 32.4-cü maddəsinə görə aidiyyət haqqında məsələ qalxdıqda, hakim işin aidiyyəti üzrə göndərilməsi və ya aidiyyət haqqında ərizənin rədd edilməsi barədə əsaslandırılmış qərardad çıxarır. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli qərarında qeyd edilmişdir ki, 2019-cu il 9 iyul tarixli Qanunla edilmiş dəyişikliklərlə məhkəmə aidiyyətinin müəyyən edilməsi meyarları dəyişməz qalsa da, onların tətbiqi mexanizmində köklü dəyişiklik edilmişdir. Belə ki, MPMin 24.2-ci maddəsinin qüvvədən düşmüş redaksiyasında tərəflərin subyekt tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakterindən ibarət sadalanan üç qiymətləndirici meyarın hər biri müstəqil şəkildə mübahisənin ümumi məhkəməyə və ya inzibati-iqtisadi məhkəməyə aidiyyətini müəyyən etməyə imkan verirdisə, yeni redaksiyada məhkəmə aidiyyətinin müəyyən edilməsində bu meyarların hər üçünün qarşılıqlı bağlılığı tələb olunur. Göründüyü kimi, qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir. Həmin meyar üzrə qiymətləndirmənin həyata keçirilməsi zamanı mübahisənin predmetini təşkil edən tələbin tərəflərdən yalnız birinin sahibkarlıq fəaliyyətindən irəli gəlməsi və ya onun sahibkarlıq fəaliyyəti ilə bağlı olması işin kommersiya məhkəməsində baxılması üçün yetərli deyildir. Qərarın 13-cü bəndinə əsasən əsas tələb (yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin ən azı iki qarşı tərəfin birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən irəli gəldiyi mübahisələrə müqavilə münasibətlərindən yaranan tələblər aiddir. İş üzrə ən azı iki qarşı tərəfin sahibkarlıq fəaliyyətinin birgə və yaxud ayrıayrılıqda həyata keçirdiyi zaman yarana bilən mübahisələrə əşya-hüquqi münasibətlərdən irəli gələn istifadə, sahiblik və mülkiyyət hüquqlarının müdafiəsi, habelə deliktdən irəli gələn tələblər aiddir. Tərəflərin bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən meydana gələn mübahisələrə isə kommersiya hüquqi şəxsi ilə bağlı korporativ mübahisələr aiddir. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2020-ci il 18 sentyabr tarixli Qərarının tətbiqi ilə bağlı məhkəmələrin fəaliyyətinin monitorinqinin nəticələrinə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 19 dekabr 2022-ci il tarixli 6 №-li qərarına əsasən əlavə edilmiş 28-ci bəndi ilə məhkəmələrə izah edilmişdir ki, fərdi sahibkar kimi müvafiq vergi orqanında uçota alınmış fiziki şəxsin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada öz fəaliyyətini müvəqqəti dayandırması, yəni həmin şəxsin VÖEN-nin (vergi ödəyicisinin eyniləşdirmə nömrəsinin) aktiv olmaması onu fərdi sahibkar statusu olmayan şəxs kimi qiymətləndirməyə əsas vermir. Fərdi sahibkar kimi müvafiq vergi orqanında uçota alınmış fiziki şəxs yalnız Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 34.7.3-cü maddəsində nəzərdə tutulmuş əsaslar üzrə belə uçotdan çıxarıldığı halda fərdi sahibkar statusunu itirmiş hesab edilir. Həmçinin nəzərə alınmalıdır ki, fiziki şəxsin fərdi sahibkar kimi vergi orqanında uçota alınarkən göstərilən konkret fəaliyyət istiqamət(lər)i ilə deyil, qanunla qadağan edilməyən sahibkarlıq fəaliyyətinin başqa növü ilə məşğul olması işin kommersiya məhkəməsinə aidiyyətini dəyişdirmir. IV. Məhkəmənin mövqeyi: Məhkəmə iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək, hesab edir ki, iş aidiyyəti üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilməlidir. Belə ki, yuxarıda sadalanan prosessual normaların mənasına görə, mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla müəyyən edilir. Yəni, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələrdə, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə isə kommersiya məhkəmələrində baxılır. Qeyd olunan meyarlara uyğun məhkəmə aidiyyatının müəyyən edilməsi və işə aidiyyatı məhkəmədə baxılması yaranmış mübahisələr üzrə tərəfləri hüquqi gözləntilərinin qanuni və tam olaraq bərpa edilməsinə xidmət edir. Hazırki iddia ərizəsinə əlavə edilmiş cinayət işinin başlanmasının rədd edilməsi barədə 06 avqust 2023-cü il tarixli qərardan görünür ki, aparılmış araşdırma zamanı müəyyən edilmişdir ki, vətəndaş İddiaçı ilə Cavabdeh2 və onun şəriki Cavabdeh1 arasında şərikli biznes fəaliyyəti ilə məşğul olub qazanc əldə etmək məqsədilə könüllü olaraq aralarında olan şifahi razılaşma əsasında İddiaçı Cavabdeh2 680.000 manat pul vermiş, lakin sonuncu və onun şəriki Cavabdeh1 verdikləri vədə əməl etmədiyindən İddiaçı razılaşdırılmış qazancı vermədiyindən İddiaçı Cavabdeh2 və onun şəriki Cavabdeh1 pulun qaytarılmasını tələb etmişdir, yəni tərəflər arasında şifahi formada əqd bağlanmış, sonradan tərəflər arasında narazılıq yarandığından İddiaçı verdiyi pulun geri qaytarılmasını tələb etmiş, başqa sözlə deyilsə, əqdin tərəfi üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmişdir. Araşdırma zamanı İddiaçı Cavabdeh2 və onun şəriki Cavabdeh1 biznes fəaliyyəti ilə məşğul olub qazanc əldə etmək məqsədilə İddiaçı Nicat Qasmzadəyə 680.000 manat pul verməsi faktı tam sübuta yetirilmiş, həmin məbləğin 170.000 manatı İddiaçı qaytarılmış, hal-hazırda Cavabdeh2 və onun şəriki Cavabdeh1 İddiaçı 510.000 manat pul borcunun olması toplanmış araşdırma materialları ilə tam sübuta yetirilmişdir. Bu faktı Cavabdeh2 öz izahatı ilə də təsdiqləmişdir. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, hazırki iş üzrə tərəflər – İddiaçı (VÖEN: **********) xx.xx.2012-ci il tarixdən vergi ödəyicilərinin eyniləşdirmə nömrəsinə malik olan, hüquqi şəxs yaratmadan çap işlərinin yerinə yetirilməsi ilə əlaqədar fərdi sahibkarlıq fəaliyyətini həyata keçirən və qanunla müəyyən edilmiş qaydada fərdi sahibkar statusu əldə edən fiziki şəxsdir (müvafiq qaydada dövlət qeydiyyatından keçmiş vergi ödəyicisidir), cavabdehlər Cavabdeh1 "xxxx" MMC-nin (VÖEN: **********), Cavabdeh2 isə "xxxx" MMCnin (VÖEN: **********) və "xxxx" MMC-nin (VÖEN: **********) rəhbəridir. Həmçinin Cavabdeh2 xx.xx.2016-cı il tarixdən (VÖEN: **********) aktiv statusda vergi ödəyicilərinin eyniləşdirmə nömrəsinə malik olan fərdi sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxsdir. Tərəflər arasında 2021-ci ildə biznes fəaliyyəti ilə məşğul olub qazanc əldə etmək məqsədilə şifahi razılaşma olmuşdur. Göründüyü kimi, mübahisə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər arasında olmaqla, həmçinin mübahisənin predmeti də onların sahibkarlıq fəaliyyəti ilə bağlıdır. Yəni, mübahisənin həm subyektiv tərkibi, həm predmeti, həm də aralarında yaranmış hüquq münasibətlərinin xarakteri sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədardır. Belə olan halda hazırki iş üzrə subyektlərin fərdi sahibkar olmaları, habelə yaranmış mübahisənin onların birbaşa sahibkarlıq fəaliyyəti ilə bağlı olması faktı hazırki işə ümumi məhkəmələrdə baxılmasını qeyri-mümkün etdiyindən qeyd olunan mülki işə kommersiya məhkəməsinin icraatında baxılmalıdır. Həmçinin, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin elektron informasiya bazasından edilmiş çıxarışdan görünür ki, hazırki iş üzrə Cavabdeh2 fərdi sahibkar kimi Bakı şəhərində qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının 2019-ci il 14 noyabr tarixli 4 nömrəli Qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikası apelyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyasına əsasən Bakı şəhəri - Bakı Kommersiya Məhkəməsinin yurisdiksiyasına aid olan ərazi vahididir. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kommersiya mübahisəsinə aidiyyəti üzrə Bakı Kommersiya Məhkəməsində baxılmalıdır. V. Nəticə: Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 26.1, 32, 167.2, 263-264 və 267-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə 2(005)-3904/2023 nömrəli iş baxılması üçün aidiyyəti üzrə Bakı Kommersiya Məhkəməsinə göndərilsin. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Səbinə Nuriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar