Məhkəmə qərarları › İş №2(005)-3906/2022

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-3906/2022

22.12.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-3906/2022 22.12.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Nərgiz Nazim qızının sədrliyi, Əliyeva Nurlana Sahib qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “əmlakın açıq hərracdan satılması və əldə olunmuş pulun mütənasib şəkildə bölünməsi” tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh istifadəsində olan “Opel Vectra” markalı, **-TR-*** dövlət qeydiyyat nişanlı, “Daewoo Espero” markalı, **-DD-*** dövlət qeydiyyat nişanlı, “Mercedes-Benz 180” markalı, **-BS- *** dövlət qeydiyyat nişanlı və “Tofaş Şahin” markalı, **-MO-*** dövlət qeydiyyat nişanlı avtomobillərin açıq hərracdan satılması və satışdan əldə olunan pulun mütənasib şəkildə bölünməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2146/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə Cavabdeh ilə aralarında birgə nikah dövründə əldə olunmuş əmlakın bölünməsi tələbinə dair iddia ərizəsi təmin edilmişdir. Məhkəmə qətnaməsinə əsasən cavabdehin mülkiyyətində 4 ədəd minik avtomobili aşkar olunmuş, özgəninkiləşdirilməsi qadağan edilərək, payları müəyyən edilmişdir. Qətnamə qanuni qüvvəsini aldıqdan sonra icra şöbəsinə icra üçün göndərilməsinə baxmayaraq, icra olunmamışdır. İcraçı işə Baş Dövlət Yol Polisinə məktub ünvanlamaqla icra hərəkətlərinin başa çatmış hesab edərək, icra işinə xitam vermişdir. Halbuki məhkəmə qətnaməsi ½ hissədə icra olunmamış qalmışdır. Hazırda paylar məlum olsa da, həmin daşınar əmlakların hərraca çıxarılması, qiymətləndirilməsi və satışdan əldə olunan gəlirin bölünməsi mütləqdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək, iddia tələbinin təmin edilməsinə dair qətnamə qəbul edilməsini məkhəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh həmin nəqliyyat vasitələrinin artıq ona məxsus olmadığını, etibarnamə ilə başqa şəxslərə satdığını və birgə nikah dovründə həmin pulları xərclədiklərini, əmlakdan iddiaçıya məxsus payları almağa imkanı olmadığını, iddia tələbinin təmin edilməsinə isə etiraz etmədiyini bildirmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, aşağıda qeyd edilənlərə əsasən iddia təmin olunmalıdır. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı Cavabdeh ilə nikahları xx.xx.2020-ci il tarixdə ləğv edilmişdir; Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2146/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsindən görünür ki, Cavabdeh məxsus olan “Opel Vectra” markalı, **-TR- *** dövlət qeydiyyat nişanlı, “Daewoo Espero” markalı, **-DD-*** dövlət qeydiyyat nişanlı, “Mercedes-Benz 180” markalı, **-BS-*** dövlət qeydiyyat nişanlı və “Tofaş Şahin” markalı, **-MO-*** dövlət qeydiyyat nişanlı avtomobillər bərabər paylara bölünməklə, ½ hissəsinə iddiaçı X1, ½ hissəsinə Cavabdeh payı müəyyən edilmişdir; İcra sənədi üzrə icraata xitam verilməsi barədə icra məmurunun xx.xx.2021-ci il tarixli qərarından görünür ki, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli icra sənədinin icrası təmin edildiyindən icraata xitam verilmişdir; AR Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsinin məktubunun surətindən görünür ki, “Opel Vectra” markalı, **-TR-*** dövlət qeydiyyat nişanlı, “Daewoo Espero” markalı, **-DD-*** dövlət qeydiyyat nişanlı, “Mercedes-Benz 180” markalı, **-BS-*** dövlət qeydiyyat nişanlı və “Tofaş Şahin” markalı, **-MO-*** dövlət qeydiyyat nişanlı avtomobillərin paylara bölünməsinə dair BDYPİ-nin mərkəz informasiya sistemində müvafiq qeydlər aparılmışdır; İddiaçı tərəfindən Cavabdeh ünvanlanmış təklifdən görünür ki, 4 minik avtomobilinin satışından əldə edilmiş pul məbləğinin ½ hissədə bölünməsini təklif etmişdir; Elektron məhkəmə informasiya sistemindən çıxarışdan görünür ki, Cavabdeh adına “Opel Vectra” markalı, **-TR-*** dövlət qeydiyyat nişanlı, “Daewoo Espero” markalı, **-DD- *** dövlət qeydiyyat nişanlı, “Mercedes-Benz 180” markalı, **-BS-*** dövlət qeydiyyat nişanlı və “Tofaş Şahin” markalı, **-MO-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələri mövcuddur. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, tərəflərin nikahı 21 iyul 2020-ci il tarixində pozulmuşdur. Məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi ilə tərəflərin birgə nikah dövründə əldə etdikləri mübahisələndirilən 4 ədəd nəqliyyat vasitəsi onlar arasında bərabər paylarla (hər birinə ½ hissə olmaqla) bölünmüşdür. İddiaçı ona məxsus payın əldə edilməsini cavabdehə təklif etmiş, cavabdeh isə onu almaqdan imtina etmişdir. Hazırda iddiaçı Cavabdeh istifadəsində olan “Opel Vectra” markalı, **-TR-*** dövlət qeydiyyat nişanlı, “Daewoo Espero” markalı, **-DD-*** dövlət qeydiyyat nişanlı, “Mercedes-Benz 180” markalı, **-BS-*** dövlət qeydiyyat nişanlı və “Tofaş Şahin” markalı, **-MO-*** dövlət qeydiyyat nişanlı avtomobillərin açıq hərracda satılması və satışdan əldə olunan pulun mütənasib şəkildə bölünməsini məhkəmədən xahiş edir. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.2 və 220.3-cü maddələrinə görə paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. İddia tələbinin qanuni əsası kimi nəzərdən keçirilən Mülki Məcəllənin 220.6-cı maddəsinə görə bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbyacan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli Qərarında göstərilmişdir ki, əmlakın açıq hərracdan satılaraq bölünməsindən əvvəl Mülki Məcəllənin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydalara əməl edilməlidir. Həmin qaydalar paylı mülkiyyətdə olan əmlakın bölünməsi və ondan payın ayrılmasının mərhələli formada tənzimlənməsini nəzərdə tutur. İlk növbədə, əmlakın naturada bölünməsinin mümkünlüyü müəyyən edilməlidir. Əmlakın naturada bölünməsi mümkün olmadığı halda, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsini tələb etmək hüququna malikdir. Digər mülkiyyətçilərin kompensasiya vermək imkanı olmadıqda və ya onlar kompensasiya vermək istəmədikdə, əmlakın məhkəmə qərarı əsasında hərracdan satılması məsələsinə baxıla bilər. Məhkəmə qeyd edir ki, avtomobil bölünməz əşyalar qrupuna daxil olduğundan və təyinatı saxlanılmaqla naturada bölünməsinin mümkünsüzlüyü açıq-aşkar məlum olduğundan bu halın müəyyən edilməsi üçün xüsusi bilik tələb olunmur. Bu səbəbdən həmin əşyalara mövcud payların naturada ayrılması mümkün deyildir. Eyni zamanda tərəflər paylı mülkiyyətin bölünməsi ilə bağlı razılığa gəlməmiş, iddiaçı cavabdehə nəqliyyat vasitələrinin ona məxsus olan hissələrinin dəyərinin ödənilməsini təklif etmiş, bu barədə rəsmi qaydada bildiriş göndərmiş, cavabdeh isə məhkəmə iclasında verdiyi izahatlarında həmin payları əldə etməyə imkanı olmadığını, eləcə də həmin avtomobillərin birgə nikah dövründə etibarnamə ilə başqa şəxslərə satıldığını, əldə edilmiş pulun isə birlikdə xərcləndiyini bildirmişdir. Bununla bağlı məhkəmə vurğulayır ki, qanuni qüvvəyə minmiş Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi ilə Cavabdeh məxsus olan “Opel Vectra” markalı, **-TR-*** dövlət qeydiyyat nişanlı, “Daewoo Espero” markalı, **-DD-*** dövlət qeydiyyat nişanlı, “Mercedes-Benz 180” markalı, **-BS- *** dövlət qeydiyyat nişanlı və “Tofaş Şahin” markalı, **-MO-*** dövlət qeydiyyat nişanlı avtomobillər bərabər paylara bölünməklə, ½ hissəsində X1, ½ hissəsində Cavabdeh payı müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən isə bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Konstitusiya Məhkəməsi Plenumunun Q.Məmmədova və digərlərinin şikayəti üzrə 15 iyul 2015-ci il tarixli Qərarında əks olunmuş hüquqi mövqeyinə görə, preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Preyudisiya institutunun mülki prosesdə eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni təmin etmək funksiyasının mahiyyəti eyni faktiki halların təkrarən, lüzumsuz olaraq araşdırılması və onlar barəsində yenidən nəticəyə gəlinməsinin qarşısını almaqdan ibarətdir. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 23 fevral 2016-cı il tarixli Qərarında isə qeyd olunmuşdur ki, məhkəmə qərarlarının preyudisiallığı qanuni qüvvəyə minmiş məhkəmə qərarının əsaslandırıcı hissəsində müəyyənləşdirilmiş faktların və hüquq münasibətlərinin işdə iştirak edən şəxslər tərəfindən yenidən mübahisələndirilməsinin, məhkəmə üçün isə onların başqa prosesdə araşdırılmasının və təkzib edilməsinin mümkünsüzlüyü deməkdi Göründüyü kimi, məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi ilə mübahisələndirilən əşyalar üzərində iddiaçının ½ hissədə mülkiyyət hüququ tanındığından cavabdehin həmin avtomobillərin qətnamədən öncə satılması ilə bağlı dəlilləri əsassızdır. Həmçinin cavabdehin təqdim etdiyi elektron notariat informasiya sistemindən çıxarışlara əsasən nəqliyyat vasitələrinə dair müxtəlif şəxslərə etibarnamə verildiyi görünsə də, qeyd olunmalıdır ki, mülkiyyətçi öz əmlakını başqa şəxsin etibarnaməli idarəçiliyinə verə bilər. Əmlakın etibarnaməli idarəçiliyə verilməsi isə mülkiyyət hüququnun etibarnaməli idarəçiyə keçməsinə səbəb olmur. Beləliklə, məhkəmə hesab edir ki, hazırkı mülki mübahisənin hüquqi həllinin yeganə vasitəsi avtomobillərin açıq hərracda satılaraq müvafiq satış pulunun ümumi paylı mülkiyyətin mülkiyyətçiləri arasında paylarına mütənasib surətdə bölüşdürülməsidir. Belə ki, Mülki Məcəllənin 220.2-220.3-cü maddələri ilə nəzərdə tutulmuş 1 və 2-ci qaydaların tətbiqi, yəni əşyaların naturada bölünməsi və tərəflər imtina etdiklərindən digər tərəfə məxsus payın dəyərinin ödənilməsi mümkün deyildir. Məhkəmənin qənaətinə görə əmlakın açıq hərracdan satılması paylı mülkiyyətdə olan əşyadan payın ayrılması və paylı mülkiyyət halının başa çatmasının Mülki Məcəllənin 220-ci maddəsində təsbit olunmuş mərhələli mexanizminə uyğundur və mülkiyyətçilərdən hər hansı birinin mülkiyyət hüququnun qanunsuz məhdudlaşdırılması hesab edilə bilməz. Açıq hərraca çıxarılan əşyaların dəyəri ilə bağlı qeyd olunmalıdır ki, “İcra haqqında” Qanunun 51.1-ci maddəsinə görə, borclunun əmlakının “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən tərəflərin razılığı, yaxud məhkəmənin qərarı ilə qiymətləndirildiyi, habelə tənzimlənən qiymətlərin tətbiq olunduğu hallar istisna olmaqla, borclunun əmlakının qiymətləndirilməsi “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq qiymətləndirici tərəfindən həyata keçirilir. Məhkəmə göstərilən qanunvericilik normalarından çıxış edərək hesab edir ki, “Opel Vectra” markalı, **-TR-*** dövlət qeydiyyat nişanlı, “Daewoo Espero” markalı, **-DD-*** dövlət qeydiyyat nişanlı, “Mercedes-Benz 180” markalı, **-BS-*** dövlət qeydiyyat nişanlı və “Tofaş Şahin” markalı, **-MO-*** dövlət qeydiyyat nişanlı avtomobillər açıq hərracda satılmaqla satışdan əldə olunan vəsait tərəflərin paylarına mütənasib surətdə bölünməlidir. Mülki Prosessual Məcəllənin 14.2 və 77.1-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məcəllənin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Eyni Məcəllənin 119.1-ci maddəsinə uyğun olaraq məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun əvəzi cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, “Opel Vectra” markalı, **-TR-*** dövlət qeydiyyat nişanlı, “Daewoo Espero” markalı, **-DD-*** dövlət qeydiyyat nişanlı, “Mercedes-Benz C 180” markalı, **-BS-*** dövlət qeydiyyat nişanlı və “Tofaş Şahin” markalı, **-MO-*** dövlət qeydiyyat nişanlı avtomobillər açıq hərracdan satılmalı və satışdan əldə edilən vəsait mülkiyyətçilərin payına mütənasib, yəni ½ hissədə İddiaçı, ½ hissədə Cavabdeh verilməli, ödənilmiş dövlət rüsumuna görə 100 manat məbləğində pul Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 162, 191, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. “Opel Vectra” markalı, **-TR-*** dövlət qeydiyyat nişanlı, “Daewoo Espero” markalı, **-DD-*** dövlət qeydiyyat nişanlı, “Mercedes-Benz C 180” markalı, **-BS-*** dövlət qeydiyyat nişanlı və “Tofaş Şahin” markalı, **-MO-*** dövlət qeydiyyat nişanlı avtomobillər açıq hərracdan satılsın. “Opel Vectra” markalı, **-TR-*** dövlət qeydiyyat nişanlı, “Daewoo Espero” markalı, **-DD-*** dövlət qeydiyyat nişanlı, “Mercedes-Benz C 180” markalı, **-BS-*** dövlət qeydiyyat nişanlı və “Tofaş Şahin” markalı, **-MO-*** dövlət qeydiyyat nişanlı avtomobillərin satışından əldə edilən vəsait mülkiyyətçilər arasında paylarına mütənasib, yəni ½ hissədə İddiaçı, ½ hissədə Cavabdeh verilsin. Ödənilmiş dövlət rüsumuna görə 100 (yüz) manat məbləğində pul Cavabdeh tutularaq İddiaçı ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən bir ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nərgiz Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar