Məhkəmə qərarları › İş №2(005)-3920/2020

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-3920/2020

30.11.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-3920/2020 30.11.2020 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi Məhkəmə iclasının katibi X2, Cavabdeh iştirakı ilə İddiaçı İddiaçı Cavabdeh qarşı aliment təyin edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, birgə nikahdan anadan olmuş yetkinlik yaşına çatmayan X1 üçün Cavabdeh hər ay 200 manat məbləğində aiiment tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə ailə həyatı quraraq xx.xx.2014-cü il tarixdə nikahlarını rəsmiləşdirmiş, həmin nikahdan xx.xx.2015-ci il təvəllüdlü X5 dünyaya gəlmişdir. Evli olduğu vaxtlarda ailə münasibətləri normal olsa da, bir müddətdən sonra pisləşməyə başlamışdır. Cavabdeh ailəyə soyuq münasibəti habelə ailəyə və övlada laqeydliyi, eyni zamanda övladının sosial- təminat vəziyyəti ilə maraqlanmaması ailə daxili münasibətləri daha da gərginləşməsinə səbəb olmuşdur. Bundan başqa Cavabdeh bir ata kimi övladı ilə maraqlanmaması, habelə övladının və ailənin gündəlik zəruri ehtiyaclarını ödəməməsi artıq evlilik münasibətlərinə ehtiyac qalmadığını məlum etmişdir. Uşağının ehtiyaclarını təkbaşına ödəməkdə çətinlik çəkir, uşaqlar böyüdükcə onların tələbatları da artır. Hər ay övladının saxlanmasına 200 manatdan çox pul xərcləyir. Bu səbəbdən də münasibətlərinin belə davam etdirilməsinin heç bir müsbət nəticə vermədiyindən Cavabdeh övladının saxlanması üçün hər ay 200 manat məbləğində aliment tutulması üçün məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Məhkəmə iclasında cavabdeh iddia ərizəsi ilə qismən razı olduğunu bildirərək məhkəmədən aşayış minimumu nzrə alınmaqla aliment tutulmasını xahiş etmişdir. Məhkəmə iclaslarının yeri və vaxtı barədə iddiaçıya lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələblərinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. (İddiaçının vəkili və nümayəndəsinin COVİD-19 olması ilə bağlı müraciəti daxil olmuşdur.) Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verib, uşağın mənafeyini nəzərə alaraq hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, mülki işin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Şamaxı Rayon Polis Şöbəsi tərəfindən xx.xx.2015-ci il tarixdə verilmiş Azərbaycan Respublikası Vətəndaşının AZE seriyalı, ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətinə əsasən İddiaçı xx.xx.1990-ci il tarixdə anadan olmuş, doğulmuşdur, ünvan 1 D 4 ünvanında qeydiyyatdadır; Şamaxı Rayonu Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2015-ci il tarixdə verilmiş AZ-İİİ seriyalı, 568012 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətinə əsasən xx.xx.2015-ci il tarixdə Bakı şəhərində doğulmuş X4 atası Cavabdeh, anası İddiaçıdır; Beləliklə, məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, iddiaçı ilə cavabdehin birgə nikahından xx.xx.2015-ci il tarixdə X5 doğulmuşdur. Tərəflər arasında bağlanmış nikah məhkəmə qaydasında pozulmamışdır. Hazırda iddiaçı uşağın saxlanılması üçün cavabdehdən hər ay 200 manat sabit pul məbləğində aliment tələb edir. Uşağa alimentin ödənilməsi ilə bağlı tərəflər öz aralarında hər hansı saziş bağlamamışlar. Cavabdehin əmək fəaliyyəti ilə məşğul olması və müntəzəm aylıq gəlirə malik olması halı müəyyən edilməmişdir. İddiaçı tərəfindən aliment almaq üçün cavabdehə müraciəti və cavabdehin bundan imtinasına dair hər hansı sübut məhkəmə baxışı zamanı təqdim edilməmişdir. İddia ərizəsi məhkəməyə xx.xx.2020-ci il tarixdə daxil olmuşdur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar; 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur; 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı qeyrimüntəzəm, dəyişən olarsa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını xahiş edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər; 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur; “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun: 13–cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır; 19-cu maddəsinə əsasən uşağın maddi və mənəvi tələbatlarının təmin edilməsi valideyinlərin əsas vəzifəsidir. Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanununa əsasən 2020-ci il üçün yaşayış minimumu uşaqlar üçün 170 manat məbləğində müəyyən edilmişdir. Göründüyü kimi, iddiaçı ilə cavabdeh arasında yetkinlik yaşına çatmayan uşağa alimentin ödənilməsi barədə saziş yoxdur, cavabdehin müntəzəm aylıq gəlirə malik olması müəyyən edilməmişdir. İddiaçı uşağın saxlanılması üçün aliment miqdarını hər ay ödənilməli olan sabit pul məbləğində tələb edir. Bununla əlaqədar məhkəmə hesab edir ki, xx.xx.2015-ci il təvəllüdlü X1 üçün İddiaçı tərəfindən cavabdeh X3 tələb edilən alimentin miqdarı sabit pul məbləğində müəyyən edilməlidir. Məhkəmə, yetkinlik yaşına çatmayanlar üçün 2020-cu il üzrə müəyyən olunmuş yaşayış minimumu haqqında tələbləri nəzərə alıb, uşağın minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququnun təminatı baxımından belə qənaətə gəlir ki, iddia qismən təmin edilməli, uşağın saxlanılması üçün cavabdehdən hər ay 170 manat sabit pul məbləğində aliment iddiaçının xeyrinə tutulmalı, aliment məbləği iddiaçının məhkəməyə müraciət etdiyi, yəni xx.xx.2020-ci il tarixdən hesablanmalıdır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun: 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 500 manatdan çox olduqda 30 manat miqdarında dövlət rüsumu ödənilir; 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumunu ödəməkdən azad olunurlar; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 112.1.3-cü maddəsinə əsasən iddianın qiyməti aliment alınması haqqındakı iddialarda - bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir; 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır; 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə istinad edilən maddi hüquq normalarının tələblərini rəhbər tutub, iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verib belə qənaətə gəlir ki, iddia qismən təmin edilməli, xx.xx.2015-ci təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün X3 hər ay 170 manat sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulmalı, aliment məbləği məhkəməyə müraciət etdiyi vaxtdan, yəni xx.xx.2020-ci il tarixdən hesablanmalı, iddia qalan hissədə rədd edilməlidır. Məhkəmə hesab edir ki, hazırki mülki iş üzrə tutulacaq aliment məbləğinin məcmusu (iddia qiyməti) 500 manatdan çox olduğundan, ödənilməli olan dövlət rüsumu 30 manat məbləğində müəyyən edilməli və bu qəbildən olan iddialar üzrə iddiaçılar dövlət rüsumunu ödəməkdən azad olunduğundan həmin məbləğ cavabdeh X3 tutularaq dövlət gəlirlərinə alınmalıdır. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119-cu, 124-cü, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. xx.xx.2015-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün X3 hər ay 170 (bir yüz yetmiş) manat sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulsun. Aliment məbləği xx.xx.2020-ci il tarixdən hesablansın. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamə aliment hissəsində dərhal icra edilsin. İddiaçının ödəməkdən azad edildiyi 30 (otuz) manat məbləğində dövlət rüsumu cavabdeh X3 tutularaq dövlət gəlirlərinə alınsın. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Aytən Novruzova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar