Məhkəmə qərarları › İş №2(005)-3926/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-3926/2021

25.08.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-3926/2021 25.08.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi Məhkəmə iclasının katibi X3, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdı̇ İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, yetkinlik yaşına çatmayan - X6 və X2 üçün onlar yetkinlik yaşına çatana qədər onların hər biri üçün hər ay 300 (üç yüz) manat olmaqla, cəmi 600 (altı yüz) manat məbləğində alimentin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, 16 iyun 2009-cu ildə Şamaxı rayon qeydiyyat şöbəsində 77 №-li qeydi ilə rəsmiləşən nikahla cavabdeh - Cavabdeh ilə ailə qurmuşdur. Həmin nikahdan 22.03.2010-cu il təvəllüdlü - X10, 28.04.2012-ci il təvəllüdlü - X7 dünyaya gəlmişdir. Evliliklərinin ilk vaxtlarında mehriban yaşamış, amma bir qədər sonra həyat yoldaşının xasiyyətində ciddi dəyişikliklər müşahidə etməyə başlamışdır. Cavabdeh işləmək istəmir, ailəsinin və uşaqlarının taleyi ilə maraqlanmır, tez-tez yerli-yersiz dava salır, evə gec gəlir, səbəbini soruşanda isə iddiaçını təhqir edir, uşaqlarının necə və harda böyüməsi ilə isə maraqlanmırdı. İddiaçı bütün bu illər ərzində bunlara son qoymaq üçün valideynləri işə qarışdırmaq məcburiyyətində qalmış, hər dəfə onların tənbehlərindən sonra cavabdeh dəyişəcəyinə, ailəsinə və uşaqlarına sahib çıxacağına söz versə də, onun bu “dəyişikliyi” çox qısamüddətli olurdu. Cavabdeh hazırda Türkiyədədir, orda işləsə də ailəsi ilə maraqlanmır. Uşaqlarının yaşayışı üçün heç bir maddi dəstək belə olmur. İddiaçı özünün onkoloji xəstə olduğunu, ailəsinin həm onun müalicəsinə həm də uşaqlara baxmasının çətin olduğunu bildirmişdir. Tərəflər artıq xeyli vaxtdır ki, faktiki olaraq birlikdə yaşamır, birgə təsərrüfat aparmırlar. Uşaqlar iddiaçının himayəsindədir, onların bütün maddi və mənəvi tələbatlarını təkbaşına ödəyir. Uşaqlarının maddi ehtiyaclarını ödəməsi üçün həyat yoldaşının maddi imkanı və gəlirləri kifayət qədər yaxşıdır. Bütün bunlara əsasən uşaqların və iddiaçının diqqətəlayiq mənafeyini nəzərə alaraq, eləcə də qanunvericiliyin tələblərinə uyğun olaraq, cavabdeh uşaqların saxlanması xərclərini ödəməlidir. Məhkəmə iclasında İddiaçı iddia tələbinin dəlillərinə uyğun şəkildə izahat verərək, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmənin dəftərxana vasitəsi ilə 24.08.2021-ci il tarixdə yazılı etiraz təqdim edərək, bildirmişdir ki, 16 iyul 2009-cu ildə rəsmi nikahla ailə qurmuş və təsərrüfatı birgə idarə etmişlər. İddiaçı X8 2021-cı il iyul ayından Bakı şəhəri, N.Nərimanov rayonu, Qarabağ küçəsi ev 34, mənzil 11 ata evində yaşayır. Nikaha daxil olduqdan sonra ailə münasibətləri normal olmuş, birbirlərini başa düşmüş və aralarında heç bir narazılıq olmamışdır. Bir müddət keçdikdən sonra ailə münasibətləri tədricən soyuyaraq hazırda tamamilə kəsilmişdir. Yetkinlik yaşına çatmayan uşaqlar 22.03.2010-cu il tarixdə X11 və 28.04.2012-cı il tarixdə X9 anası X5 himayəsindədir. Cavabdehlə xasiyyətinin düz gəlmədiyini, tez-tez mübahisələr etdiyini bildirmişdir. Cavabdehlə barışmaq, gələcək birgə ailə həyatının və ailənin qorunub saxlanması mümkün deyil. Cavabdeh fəhlə işlədiyini, hər uşağa 80 manat aliment ödəyə biləcəyini bildirmişdir. İddiaçı X5 iddia tələbini hər iki uşağa görə 600 manat deyil, hər uşağa 80 manat sabit pul məbləğində müəyyən olunmasını xahiş etmişdir. Məhkəmə tərəfin izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verib, uşaqların mənafeyini nəzərə alaraq hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, mülki işin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Şamaxı rayon Qeydiyyat şöbəsi tərəfindən 16.06.2009-cu il tarixdə verilmiş AZ-İ seriyalı, 480940 nömrəli nikah haqqında şəhadətnamənin surətinə əsasən Cavabdeh ilə İddiaçı arasında 16.06.209-cu il tarixdə bağlanmış nikah akt qeydləri kitabında 77 nömrə ilə qeydə alınmışdır. Nikah bağlandıqdan sonra ərə İbrəhimov, arvada İbrəhimova soyadı verilmişdir; AA seriyalı, ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətinə əsasən X10 22.03.2010-cu il tarixdə doğulmuşdur; Şamaxı RPŞ tərəfindən 10.03.2016-cı il tarixdə verilmiş AZE seriyalı, 12305194 nömrəli şəxsiyyət vəsiqəsinin surətinə 28.04.2012-ci il tarixdə Bakı şəhərində anadan olmuş X4 anası - İddiaçı, atası - Cavabdehdur; Beləliklə, məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, iddiaçı ilə cavabdehin birgə nikahından 22.03.2010-cu il təvəllüdlü - X10, 28.04.2012-ci il təvəllüdlü - X7 adlı uşaqları doğulmuşdur. Uşaqlar hazırda iddiaçının himayəsindədir. İddiaçı hazırda uşaqların saxlanılması üçün cavabdehdən hər ay hər uşaq üçün 300 manat sabit pul məbləğində aliment tələb edir. Cavabdeh uşaqların saxlanılması üçün hər ay hər uşaq üçün 80 manat sabit pul məbləğində aliment ödəmək imkanına malik olduğunu bildirir. Uşaqlara alimentin ödənilməsi ilə bağlı tərəflər öz aralarında hər hansı saziş bağlamamışlar. Cavabdehin əmək fəaliyyəti ilə məşğul olması və müntəzəm aylıq gəlirə malik olması halı müəyyən edilməmişdir. İddia ərizəsi məhkəməyə 22.07.2021-ci il tarixdə daxil olmuşdur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar; 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur; 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı qeyrimüntəzəm, dəyişən olarsa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını xahiş edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər; 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun: 13–cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır; 19-cu maddəsinə əsasən uşağın maddi və mənəvi tələbatlarının təmin edilməsi valideyinlərin əsas vəzifəsidir. Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanununa əsasən 2021-ci il üçün yaşayış minimumu uşaqlar üçün 175 manat məbləğində müəyyən edilmişdir. Göründüyü kimi, iddiaçı ilə cavabdeh arasında yetkinlik yaşına çatmayan uşaqlara alimentin ödənilməsi barədə saziş yoxdur, cavabdehin müntəzəm aylıq gəlirə malik olması müəyyən edilməmişdir. İddiaçı uşağın saxlanılması üçün aliment miqdarını hər ay ödənilməli olan sabit pul məbləğində tələb edir. Bununla əlaqədar məhkəmə hesab edir ki, 22.03.2010-cu il təvəllüdlü - X10, 28.04.2012-ci il təvəllüdlü - X1 üçün İddiaçı tərəfindən Cavabdeh tələb edilən alimentin miqdarı sabit pul məbləğində müəyyən edilməlidir. Məhkəmə, cavabdehin uşağa görə hər ay 300 manat sabit pul məbləğində alimentin ödənilməsi üçün kifayət qədər maddi imkanının olmasına dəlalət edən sübutların iddiaçı tərəfindən təqdim edilməməsini, cavabdehin hər ay hər uşağa görə 80 manat sabit pul məbləğində alimentin ödənilməsinə dair razılığını, habelə yetkinlik yaşına çatmayanlar üçün 2021-ci il üzrə müəyyən olunmuş yaşayış minimumu haqqında tələbləri nəzərə alıb, uşağın minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququnun təminatı baxımından belə qənaətə gəlir ki, iddia qismən təmin edilməli, uşaqların saxlanılması üçün cavabdehdən hər ay hər uşağa görə 175 manat sabit pul məbləğində aliment iddiaçının xeyrinə tutulmalı, aliment məbləği iddiaçının məhkəməyə müraciət etdiyi, yəni 22.07.2021-ci il tarixdən etibarən hesablanmalıdır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun: 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 500 manatdan çox olduqda 30 manat miqdarında dövlət rüsumu ödənilir; 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumunu ödəməkdən azad olunurlar; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 112.1.3-cü maddəsinə əsasən iddianın qiyməti aliment alınması haqqındakı iddialarda - bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir; 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır; 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə istinad edilən maddi hüquq normalarının tələblərini rəhbər tutub, iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verib belə qənaətə gəlir ki, iddia qismən təmin edilməli, 22.03.2010-cu il təvəllüdlü - X10, 28.04.2012-ci il təvəllüdlü - X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay hər uşağa görə 175 manat, cəmi 350 manat sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulmalı, aliment məbləği məhkəməyə müraciət etdiyi vaxtdan, yəni 22.07.2021-ci il tarixdən hesablanmalı, iddia qalan hissədə rədd edilməlidır. Məhkəmə hesab edir ki, hazırki mülki iş üzrə tutulacaq aliment məbləğinin məcmusu (iddia qiyməti) 500 manatdan çox olduğundan, ödənilməli olan dövlət rüsumu 30 manat məbləğində müəyyən edilməli və bu qəbildən olan iddialar üzrə iddiaçılar dövlət rüsumunu ödəməkdən azad olunduğundan həmin məbləğ Cavabdeh tutularaq dövlət gəlirlərinə alınmalıdır. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119-cu, 124-cü, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdı̇ İddia qismən təmin edilsin. 22.03.2010-cu il təvəllüdlü - X6 və 28.04.2012-ci il təvəllüdlü - X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh İddiaçı xeyrinə hər ay hər uşağa görə 175 (bir yüz yetmiş beş) manat, cəmi 350 (üç yüz əlli) manat sabit pul məbləğində aliment tutulsun. Aliment məbləği 22.07.2021-ci il tarixdən etibarən hesablansın. İddia qalan hissədə rədd edilsin. Qətnamə dərhal icra edilsin. İddiaçının ödəməkdən azad edildiyi 30 (otuz) manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq dövlət gəlirlərinə alınsın. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Aytən Novruzova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar