Məhkəmə qərarları › İş №2(005)-3933/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-3933/2021

20.08.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-3933/2021 20.08.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, Məhkəmə iclas katibi X4 İddiaçı X8 nümayəndəsi və vəkili Vəkil, Cavabdeh nümayəndəsi və vəkili X2 iştirakı ilə, İddiaçı X8 Cavabdeh qarşı aliment məbləğinin artırılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı X13 Cavabdeh qarşı aliment məbləğinin artırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, birgə nikahından dünyaya gəlmiş 27.09.2005-ci il təvəllüdlü X1 üçün alimentin məbləğini artıraraq cavabdehin rəsmi gəlirinin 4/1 hissəsi qədər aliment təyin olunaraq cavabdehdən tutularaq ona verilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı X13 iddia tələbini onunla əsaslandırmışdır ki, Nərimanov rayon Məhkəməsinin 04.06.2020-ci il tarixli, 2(005)-901/2020 saylı qətnaməsi ilə Cavabdeh qarşı nikahın pozulması, uşağın himayəyə verilməsi, uşağa görə 170 manat alimentin tutulması qət edilmişdir. Qeyd edir ki, Nərimanov Rayon Məhkəməsinin 04.06.2020-ci il tarixli, 2(005)-901/2020 saylı qətnaməsi ilə Cavabdeh tutulan ümumilikdə 170 manat alimentlə o, himayəsində olan 2 övladını dolandıra bilmir. Bildirir ki, o, 2 azyaşlı övladı ilə kirayədə müvəqqəti məskunlaşmış və sosial vəziyyəti pisdir və şəraitsiz mənzildə yaşaya bilmir. Bildirir ki, qızı X5 Bakı Biznes Universitetində əyani olaraq Biznes və menecment fakültəsində 1-ci kursda təhsil alır işləyə bilmir, əmək qabiliyyəti yoxdur, təhsil haqqı illik 2000 manat təşkil edir və atası tərəfindən hər hansı köməklik yoxdur. Məhkəmə iclasında iddiaçı X8 nümayəndəsi və vəkili Vəkil iddianı müdafiə edib, iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh nümayəndəsi və vəkili X6 izahat verərək, iddia tələbini qəbul etmədiyini, cavabdehin əlil olmasını və yalnız sabit məbləgdə aliment ödəmək imkanının olduğunu bildirdi. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verib, iddia təmin olunmalıdır. Belə ki, iş materiallarında olan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)- 901/2020 saylı, 04.06.2020-ci il tarixli qətnamənin surətindən görünür ki, ilkin iddia təmin edilərək, Cavabdeh ilə X13 arasında 07.08.2001-ci ildə Bakı şəhəri Nərimanov rayon qeydiyyat şöbəsində qeydə alınmış və 416 nömrəli akt qeydi ilə rəsmiləşdirilmiş nikahın pozulması, qarşılıqlı iddianın qismən təmin edilməsi, 27.09.2005-ci il təvəllüdlü X7 (anası) X8 yanında saxlanılması, Cavabdeh 27.01.2020-ci il tarixdən başlayaraq, 27.09.2005-ci il təvəllüdlü X1 üçün hər ay 170 manat sabit pul məbləğində aliment hesablanaraq X9 verilməsi, Cavabdeh 10 (on) manat dövlət rüsumu tutulsun və dövlət büdcəsinə ödənilməsi, qətnamənin alimentin tutulması hissəsində dərhal icra olunması qət edilmişdir. “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar; 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur; 76.1.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay 1 uşağa görə-qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi miqdarda aliment tutulur; 76.2-ci maddəsinə əsasən bu payların miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər; 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı qeyrimüntəzəm, dəyişən olarsa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını xahiş edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Məhkəmə iş materiallarını araşdıraraq, uşağın saxlanması üçün cavabdehdən iddiaçının xeyrinə tutulmalı alimentin məbləği ilə bağlı belə qənaətə gəlir ki, uşağın mənafeyinin ən yüksək səviyyədə təmin edilməsi və qanunun uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumu həddi ilə bağlı tələblərinin təmin edilməsi baxımından alimentin məbləği də Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.1.1-ci maddəsinə uyğun olaraq qazancın və (və ya) başqa gəlirlərinin dörddə bir hissəsi miqdarda müəyyən edilməlidir. 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Azərbaycan Respublikasında 2019-cu il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə 2019-cu il üçün yaşayış minimumu uşaqlar üçün 160 (bir yüz altmış) manat məbləğində müəyyən edilmişdir. Məhkəmə baxışında müəyyən olunmuşdur ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-901/2020 saylı, 04.06.2020-ci il tarixli qətnamənə əsasən ilkin iddia təmin edilərək, Cavabdeh ilə X13 arasında 07.08.2001-ci ildə Bakı şəhəri Nərimanov rayon qeydiyyat şöbəsində qeydə alınmış və 416 nömrəli akt qeydi ilə rəsmiləşdirilmiş nikahın pozulması, qarşılıqlı iddianın qismən təmin edilməsi, 27.09.2005-ci il təvəllüdlü X7 (anası) X8 yanında saxlanılması, Cavabdeh 27.01.2020-ci il tarixdən başlayaraq, 27.09.2005-ci il təvəllüdlü X1 üçün hər ay 170 manat sabit pul məbləğində aliment hesablanaraq X9 verilməsi, Cavabdeh 10 (on) manat dövlət rüsumu tutulsun və dövlət büdcəsinə ödənilməsi, qətnamənin alimentin tutulması hissəsində dərhal icra olunması qət edilmişdir. Uşaq hal-hazırda iddiaçı ilə birlikdə yaşayır. Cavabdehin daimi iş yeri, o cümlədən müntəzəm və sabit qazanca malik olması müəyyən edilmişdir. Bu səbəbdən aliment məbləğinin onun qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkündür. Məhkəmə, yetkilik yaşına çatmayanlar üçün 2021-ci il üzrə müəyyən olunmuş yaşayış minimumu haqqında tələbləri nəzərə alıb, uşağın minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququnun təminatı və valideynləri ilə birlikdə yaşadığı vaxtdakı maddi təminatının maksimal dərəcədə saxlanması baxımından belə qənaətə gəlir ki, iddia təmin edilməli, birgə nikahdan anadan olmuş uşağın saxlanılması üçün cavabdehdən hər ay iddiaçının xeyrinə qazancının və başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında aliment müəyyən edilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 04 iyun 2020-ci il tarixli 2(005)-901/2020 nömrəli qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləği dəyişdirilsin. 27.09.2005-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh qazancın və başqa gəlirlərinin 1/4 hissəsi miqdarında aliment tutularaq X9 verilsin. Alimentin tutulması qətnamə qanuni qüvvəsini aldığı tarixdən hesablansın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Gültəkin Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar