Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-399/2021 09.02.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi Məhkəmə iclasının katibi X2, İddiaçı, onun vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh “xxxx MMC-yə qarşı (Sabunçu rayon İcra və Probasiya şöbəsi, Budaqov Rövşən Fərhad oğlu, X7 və X4 mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər qismində işə cəlb edilməklə) “əmlakın qiymətləndirilməsi barədə hesabatın etibarsız hesab edilməsi və fərdi yaşayış evinin yenidən qiymətləndirmə ekspertizasına təyin edilməsi” tələbinə dair mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, «xxxx» MMC tərəfindən Budaqov Rövşən Fərhad oğluna məxsus Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Natavan küçəsi, 19 saylı fərdi yaşayış evinə dair verilən əmlakın qiymətləndirilməsi barədə xx.xx.2019-cu il tarixli, 184 saylı hesabatın etibarsız hesab edilməsi və həmin evin yenidən ekspert qiymətləndirilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(103)-7193/16 saylı icra vərəqəsinə əsasən Bakı şəhəri Sabunçu qəsəbəsi, Natavan küçəsi 19 saylı evin xx.xx.2015-ci il tarixli alqı-satqı müqaviləsi etibarsız hesab edilmiş, həmin evin çıxarışı ləğv edilmiş, Budaqov Rövşən Fərhad oğlundan 94500 manat məbləğində pul vəsaiti alınaraq ona verilməsi, sözü gedən evin açıq hərracdan satılması və satışdan əldə edilən vəsait hesabına 94500 manat pulun ona ödənilməsi qərara alınmışdır. Sabunçu rayon İcra və Probasiya Şöbəsinin 7728-63449/17 saylı, xx.xx.2019-cu il tarixli sifariş məktubuna əsasən xxxx Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Budaqov Rövşən Fərhad oğluna məxsus Bakı şəhəri Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Natavan küçəsi, 19 saylı fərdi yaşayış evinin qiymətləndirilməsi aparılmışdır. Sonuncunun verdiyi xx.xx.2019-cu il tarixli, 184 saylı hesabata əsasən evin qiyməti 150.000 manat təşkil etmişdir. İddiaçı xxxx Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən sözügedən evin qiymətləndirilməsi barədə verdiyi hesabatla razı deyil. Həmin evin hal-hazırda qiyməti 90.000-100.000 manat olduğu halda onun dəyəri bilərəkdən yüksək qiymətə qiymətləndirilmişdir. «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən torpağın qiymətləndirilməsi qüvvədə olan qiymətləndirmə fəaliyyəti və aparılması qaydaları barədə Azərbaycan Respublikasının qanunvericiliyinin tələblərinin kobud şəkildə pozulması ilə aparılmışdır. Ona görə də həmin qiymətləndirmə barədə rəy etibarsız hesab edilməlidir və həmin torpaq üzrə yenidən obyektiv qiymətləndirmə aparılmalıdır. Beləliklə, göründüyü kimi sözügedən ev ilə bağlı məlumatların MMC tərəfindən təhrif edilməsi nəticəsində evin qiyməti qəsdən artırılaraq qiyməti yüksək göstərilmişdir. Cavabdeh tərəfindən evin süni surətdə yüksək qiymətə qiymətləndirilməsi və açıq həracda baha qiymətə satılması Azərbaycan Respublikasının qanunvericiliyinin tələblərinin kobud şəkildə pozulması ilə aparılmışdır. Məhkəmə iclasında İddiaçı iddia tələbinin dəlillərinə uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh “xxxx MMC məhkəməyə yazılı ərizə təqdim edərək, məhkəmə iclaslarını onların iştirakı olmadan keçirilməsini xahiş etmiş, «xxxx» MMC tərəfindən tərtib olunmuş 184 saylı, xx.xx.2019-cu il tarixli Budaqov Rövşən Fərhad oğluna məxsus Bakı şəhəri, Sabunçu rayonu, Natavan küçəsi 19 saylı fərdi yaşayış evinin qiymətləndirilməsi barədə hesabat qüvvədə olan qanunvericilik tələbinə tam uyğun olaraq və qiymətləndirmə fəaliyyəti həyata keçirilən zaman tədbiq edilən metod hesablamalar nəzərə alınmaqla tərtib edildiyini bildirmişdir. Mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər Sabunçu rayon İcra və Probasiya şöbəsinə, Budaqov Rövşən Fərhad oğluna, X5 və X3 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, qeyd edilən üçüncü şəxslər məhkəmə iclasında iştirak etməmişlər. Bu səbəbdən məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci və 185.6-cı maddələrinə əsasən işə bu cavabdehin və mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslərin (onların nümayəndələrinin) iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, mülki işin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı Apellyasiya Məhkəməsinin 2(103)-7193/2016 nömrəli, xx.xx.2016-cı il tarixli icra vərəqəsinin surətinə əsasən Bakı şəhəri, Sabunçıı rayonu, Sabunçu qəsəbəsi, Natavan küçəsi, 19 saylı evin alqı-satqısına dair İddiaçı ilə X1 nümayəndəsi X7 arasında bağlanmış xx.xx.2015-ci il tarixli alqı-satqı müqaviləsi etibarsız hesab edilməsi, həmin daşınmaz əmlaka dair X6 adına aparılmış daşınmaz əmlakın dövlət reyestrindəki qeydiyyat və RX seriyalı ******* çıxarışı ləğv edilməsi, Budaqov Rövşən Fərhad oğlundan 94500 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilməsi, tutma Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Natavan küçəsi 19 saylı evə yönəldilməsi, həmin evin açıq hərracdan satılması və satışdan əldə olunan vəsait hesabına 94500 manat İddiaçı ödənilməsi və evin satılmasından əldə olunan vəsaitin qalan hissəsinin X3 verilməsi qət edilmişdir; “xxxx” MMC-nin xx.xx.2019-cu il tarixli, 184 saylı “Əmlakın qiymətləndirilməsi barədə hesabat”ının surətindən görünür ki, Sabunçu rayon İcra və Probasiya Şöbəsinin 7728- 63449/17 saylı, xx.xx.2019-cu il tarixli sifariş məktubununa əsasən əmlakın qiymətləndirilməsi işini həyata keçirən «xxxx» MMC-si tərəfindən Budaqov Rövşən Fərhad oğluna məxsus Bakı şəhəri, Sabunçu rayonu, Natavan küçəsi, 19 saylı fərdi yaşayış evinin tələblə təklifin qarşılıqlı təsiri nəticəsində təşəkkül tapan qiyməti 150.000 manat təşkil edir; “X10” MMC-nin xx.xx.2020-ci il tarixli, ƏEM/D 46-735/20 nömrəli ekspet rəyinin nəticə hissəsindən müəyyən olunur ki, aparılmış hesablamalara və təkliflərə əsasən ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin xx.xx.2020-ci il tarixinə bazar qiyməti 78.000 manat, likvid dəyəri 70.000 manat təşkil edir. Əmlakın qiymətləndirilməsi üzrə göstərilən xidmətin dəyəri 250 manat təşkil edir; xx.xx.2020-ci il tarixli ödəniş qəbzinə əsasən İddiaçı Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsində iddia qaldırmaq üçün 10 manat məbləğində dövlət rüsumu ödəmişdir. “İcra haqqında” Qanunun 51.1-ci maddəsinə əsasən borclunun əmlakının qiymətləndirilməsi, tənzimlənən qiymətlərin tətbiq olunduğu hallar istisna olmaqla, “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq qiymətləndirici tərəfindən həyata keçirilir. Qiymətləndirici icra məmuru tərəfindən dəvət olunur. “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununun: 3-cü maddəsinə əsasən qiymətləndirilməsi mülki qanunvericiliklə nəzərdə tutulan və ya sifarişçi tərəfindən zəruri hesab edilən hər cür əmlak qiymətləndirmə fəaliyyətinin obyektidir; 7-ci maddəsinə əsasən qiymətləndirmənin nəticələri haqqında hesabatların tərtib olunma qaydalarını müvafiq icra hakimiyyəti orqanı müəyyənləşdirir. Qiymətləndirmənin nəticələri haqqında hesabatda əmlakın bazar və ya digər dəyərlərinin yekun göstəricisi məhkəmə qaydasında ləğv edilmədikdə, həqiqi sayılır (“Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanına əsasən bu Qanunun 7-ci maddəsinin birinci hissəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir.); 10-cu maddəsinə əsasən qiymətləndirmə fəaliyyətini həyata keçirərkən Azərbaycan Respublikasının qiymətləndirmə haqqında qanunvericiliyinə riayət etmək qiymətləndiricinin vəzifəsidir. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-7193/2016 nömrəli, xx.xx.2016-cı il tarixli icra vərəqəsinin surətinə əsasən Bakı şəhəri, Sabunçıı rayonu, Sabunçu qəsəbəsi, Natavan küçəsi, 19 saylı evin alqı-satqısına dair İddiaçı ilə X1 nümayəndəsi X7 arasında bağlanmış xx.xx.2015-ci il tarixli alqı-satqı müqaviləsi etibarsız hesab edilməsi, həmin daşınmaz əmlaka dair X6 adına aparılmış daşınmaz əmlakın dövlət reyestrindəki qeydiyyat və RX seriyalı ******* çıxarışı ləğv edilməsi, Budaqov Rövşən Fərhad oğlundan 94500 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilməsi, tutma Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Natavan küçəsi 19 saylı evə yönəldilməsi, həmin evin açıq hərracdan satılması və satışdan əldə olunan vəsait hesabına 94500 manat İddiaçı ödənilməsi və evin satılmasından əldə olunan vəsaitin qalan hissəsinin X3 verilməsi qət edilmişdir. Qətnamənin icrasını təmin etmək məqsədi ilə Sabunçu rayon İcra Şöbəsi tərəfindən verilmiş sifarişə əsasən “xxxx” MMC tərəfindən həmin evin 150.000 manat dəyərində qiymətləndirilmişdir. “X10” MMC-nin xx.xx.2020-ci il tarixli, ƏEM/D 46-735/20 nömrəli ekspet rəyinə əsasən aparılmış hesablamalara və təkliflərə əsasən ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin xx.xx.2020-ci il tarixinə bazar qiyməti 78.000 manat, likvid dəyəri 70.000 manat təşkil etdiyi göstərilmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, “X10” MMC-nin xx.xx.2020-ci il tarixli, ƏEM/D 46-735/20 nömrəli ekspet rəyində əmlakın təsviri, təmiri haqqında məlumat verilmiş, müxtəlif profillərdən şəkilləri çəkilmiş, obyektə uyğun satış və təkliflər tapılaraq təhlil olunmuşdur. Araşdırılmış qiymətlər arasındakı fərq faiz nisbəti ilə müəyyənləşdirilmiş, bazar qiyməti və likvid dəyəri müəyyən edilmişdir. Qiymətləndirmə zamanı həmin qiymətləndirmə obyektinə dair qiymətin hansı meyarlara əsasən təyin olunduğu göstərilmişdir. Mübahisələndirilən “xxxx” MMC-nin xx.xx.2019-cu il tarixli, 184 nömrəli və X10MMC-nin xx.xx.2020-ci il tarixli, ƏEM/D 46-735/20 nömrəli ekspet rəyi ilə əmlaka dair qiymətlər arasında 72 min manat məbləğində fərq mövcuddur. Göründüyü kimi, mübahisələndirilən hesabatda göstərilmiş qiymətlərin açıq-aşkar əsassız olduğunu təsdiq edən sübutlar məhkəmə baxışı zamanı iddiaçı tərəfindən təqdim edilməmişdir. Məhkəmə hər iki ekspert rəyi ilə müəyyən edilmiş qiymətləri müqayisəli şəkildə təhlil edib belə qənaətə gəlir ki, “xxxx” MMC tərəfindən iddiaçının əmlakı qiymətləndirilərkən, fərdi yaşayış evinin texniki göstəricilərinə dair düzgün məlumatlar yazılmış və əmlakın bazar dəyəri təyin edilərkən ekspert rəyləri ilə müəyyən edilmiş qiymətlər arasında fərqlər digər rəyin əsassız və ya qeyri-obyektiv olması üçün əsas yaratmır. “Qiymətləndirmə fəaliyyəti haqqında” Qanunun 8-ci maddəsinə əsasən qiymətləndiricinin hesabatında qiymətləndirilən obyektin bazar və digər dəyərinin həqiqiliyi ilə əlaqədar mübahisələrə məhkəmə tərəfindən baxılır. Bu halda mübahisəni baxılmaq üçün qəbul etmiş məhkəmənin mövcud prosessual qanunvericiliyin və bu Qanunun müddəalarını nəzərə alaraq qiymətləndirilən obyektin yenidən ekspert qiymətləndirilməsini təyin etmək hüququ vardır; Məhkəmənin mövqeyinə görə, “Qiymətləndirmə fəaliyyəti haqqında” Qanunda əmlakın dəyərini müəyyənləşdirən qiymətləndiricinin hesabatının məhkəmə qaydasında mübahisələndirilməsi imkanının nəzərdə tutulması istənilən halda qiymətləndiricinin hesabatının ləğv edilməli olması kimi başa düşülə bilməz. Həmin qiymətləndirmə hesabatı yalnız tərəfin hüququnun pozuntusunun yarandığı güman edilən real vəziyyətlərdə ləğv oluna bilər. İcra icraatı zamanı isə tələbkarın hüququnun pozuntusunun yarandığı an qiymətləndirmənin aparılaraq hər hansı bir qiymətin müəyyən edildiyi an deyildir. Həmin an müəyyən edilmiş qiymətləndirmə əsasında əmlakın tələbkara təklif olunaraq onun tərəfindən qəbul edildiyi və yaxud yenə müəyyən edilmiş qiymətləndirmə əsasında icra məmurunun sifarişi üzrə hərracın keçirilməsi nəticəsində əmlakın satıldığı andır. Bu baxımdan, əgər digər növbəti icra hərəkətləri aparılmışdırsa, həmin icra hərəkətləri mübahisələndirilmədən yalnız əmlakın qiymətləndirilməsi faktına dair mübahisə açılması hüquq və azadlıqların məhkəmə təminatına imkan verə bilməz. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə itirak edən şəxslərə aid edilir; 217.4. maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, İddiaçı cavabdeh “xxxx MMC-yə qarşı (Sabunçu rayon İcra və Probasiya şöbəsi, Budaqov Rövşən Fərhad oğlu, X7 və X4 mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər qismində işə cəlb edilməklə) “əmlakın qiymətləndirilməsi barədə hesabatın etibarsız hesab edilməsi və fərdi yaşayış evinin yenidən qiymətləndirmə ekspertizasına təyin edilməsi” tələbinə dair iddiası rədd edilməli, ödənilmiş dövlət rüsumu tələb edilmədiyindən iddiaçıya aid edilməlidir. Qiymətləndirmə xidmətinin dəyərini təşkil edən 250 (iki yüz əlli) manat məbləğində pul vəsaiti İddiaçı alınaraq “X10” MMC-yə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119-cu və 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı cavabdeh “xxxx MMC-yə qarşı (Sabunçu rayon İcra və Probasiya şöbəsi, Budaqov Rövşən Fərhad oğlu, X7 və X4 mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər qismində işə cəlb edilməklə) “əmlakın qiymətləndirilməsi barədə hesabatın etibarsız hesab edilməsi və fərdi yaşayış evinin yenidən qiymətləndirmə ekspertizasına təyin edilməsi” tələbinə dair iddiası rədd edilsin. Ekspertiza tədqiqatının dəyərini təşkil edən 250 (iki yüz əlli) manat məbləğində pul vəsaiti İddiaçı tutularaq “X10” MMC-yə ödənilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Aytən Novruzova
Məhkəmə qərarları › İş №2(005)-399/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-399/2021
09.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver