Məhkəmə qərarları › İş №2(005)-4003/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-4003/2021

10.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-4003/2021 10.11.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Vüqar Şahbaz oğlunun sədrliyi, Fətəlizadə Rufanə Xıdır qızının katibliyi, İddiaçı Sığorta Şirkəti ASC-nin nümayəndəsi Araz Allahverdiyevin iştirakı ilə, İddiaçı Sığorta Şirkəti ASC-nin Cavabdeh qarşı “subroqasiya qaydasında pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı Sığorta Şirkəti ASC-nin Cavabdeh qarşı “subroqasiya qaydasında pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 13.06.2014-cü il tarixində baş vermiş yol-nəqliyyat hadisəsinə görə “Nissan" markalı, **-FN-*** dövlət qeydiyyat nişanlı avtomobillə dəymiş maddi ziyana görə iddiaçı "xxxx" Sığorta Şirkəti ASC tərəfindən heyata keçirilən 1000 manat sığorta ödənişini Cavabdeh Nüsret oğlundan tutaraq idddiaçı “Atəşgah" Sığorta Şirkəti ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddia tələbinin həcminin artırılması barədə ərizə ilə müraciət edərək, 13.06.2014-cü il tarixində baş vermiş yol-nəqliyyat hadisəsinə görə “Nissan" markalı, **- FN-*** dövlət qeydiyyat nişanlı avtomobillə dəymiş maddi ziyana görə iddiaçı "xxxx" Sığorta Şirkəti ASC tərəfindən heyata keçirilən 1000 manat sığorta ödənişinin, həmçinin iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30,40 manat vəsaitin Cavabdeh Nüsret oğlundan tutaraq idddiaçı “Atəşgah" Sığorta Şirkəti ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 13.06.2014-cü il tarixdə Cavabdeh tərəfindən idarə olunan “VAZ 2106" markalı, ** RA *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi yol nəqliyyat hadisəsi törədərək ‘Nissan” markalı, ** FN *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, nəticədə sonuncuya maddi ziyan vurmuşdur. "xxxx" Sığorta Şirkəti öz növbəsində dəymiş zərəri aradan qaldıraraq "Nissan" markalı, ** FN *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə 1000 manat sığorta ödənişi həyata keçirmişdir. Baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı Cavabdeh barəsində 193274 saylı X3 Protokol tərtib edilmişdir. 13.06.2014-cü il tarixdə yol-nəqliyyat hadisəsi zamanı Cavabdeh nəqliyyat vasitəsini etibarnamə olmadan idarə etdiyi üçün cavabdehə qarşı subroqasiya hüquqları yaranmışdır. AR DİN BDYPİ tərəfindən təqdim edilən arayışdan da məlum olur ki, Cavabdeh avtomobili etibarnamə olmdan idarə etmişdir. Məhkəmə iclasında İddiaçı Sığorta Şirkəti ASC-nin nümayəndəsi Araz Allahverdiyev iddia ərizəsinə uyğun izahat verərək, iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, o, məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası 185.5-ci maddəsinə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan; DİN BPQMİ-nin MAPS şöbəsi tərəfindən verilmiş 14.08.2020-ci il tarixli arayışdan görünür ki, Cavabdeh Bakı şəhəri, B/X4, ev 81 ünvanında qeydiyyatdadır. 19.06.2014-cü il tarixli, 007749 nömrəli Sığorta Aktından görünür ki, “VAZ 2106" markalı, ** RA *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi yol nəqliyyat hadisəsi zamanı “Nissan” markalı, ** FN *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə toqquşmuş və nəticədə sonuncu avtomobilə 1000 manat məbləğində ziyan dəymişdir. 24.06.2014-cü il tarixli 3004 nömrəli ödəniş tapşırığının surətindən görünür ki, İddiaçı Sığorta Şirkəti ASC tərəfindən 34775 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. 24.06.2014-cü il tarixli 3004 saylı ödəniş tapşırığına əlavədən görünür ki, X1 hesabına 1000 manat məbləğində ödəniş edilmişdir. 2014-cü il tarixli Nəqliyyat vasitələrinin yol nəqliyyat hadisəsi nəticəsində zədələnməsi ilə bağlı dəymiş zərərin qiymətləndirilməsi barədə hesabatdan görünür ki, “Nissan” markalı, ** FN *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə 1000 manat məbləğində ziyan dəymişdir. 193274 saylı X3 Protokoldan görünür ki, Cavabdeh İXM-nin 151.1-ci maddəsilə 40 manat məbləğində cərimə edilmişdir. Cavabdeh Bakı şəhəri BPİ DYPİ-də verdiyi izahatın surətindən görünür ki, 13.06.2014-cü il tarixdə idarə etdiyi “VAZ 2106" markalı, **-RA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə yol nəqliyyat hadisəsi törədərək ‘Nissan” markalı, ** FN *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. 02.07.2021-ci il tarixdə İddiaçı Sığorta Şirkəti tərəfindən Cavabdeh ünvanlanmış pretenziya məktubunun surətindən görünür ki, İddiaçı Sığorta Şirkəti tərəfindən həyata keçirilən 1000 manat sığorta ödənişi 10 iş günü ərzində ödəməyi xahiş edilmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbərdar edilmişdir. Cavabdeh 18.08.2021-ci il tarixli ərizəsində qeyd etmişdir ki, qeyd olununan yol nəqliyyat hadisəsinə görə tələb olunan 1000 manat məbləğində pulu ziyan dəymiş şəxsə 2014-cü il tarixdə ödəmişdir, mülki iş üzrə iddia müddətini tətbiq edərək iddianın rədd olunmasını xahiş etmişdir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36.3-cü maddəsinə əsasən (Yol hərəkəti iştirakçılarının əsas vəzifələri və hüquqları) yol hərəkəti iştirakçıları üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinə (yol hərəkəti iştirakçılarının əsas vəzifələri və hüquqları) əsasən mexaniki nəqliyyat vasitəsinin sürücüsü yol hərəkəti Qaydalarına riayət etməli, bu Qanunun yol hərəkətinin təhlükəsizliyi məsələlərinə dair tələblərini bilməli və yerinə yetirməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan 3-cü şəxsə qarşı malik olduğu hüquqlarından və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Həmin Məcəllənin 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi ( iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığortaçı ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Həmin Məcəllənin 936.5-ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və ( və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin qanunvericiliyə əsasən, dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlik). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a istifadə edilməsi, tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər üçün yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Həmin Məcəllənin 1108.2-ci maddəsinə əsasən yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. Həmin Məcəllənin 1114.1-ci maddəsinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqress) hüququ vardır. “İcbari sığortalar haqqında” Qanunun 23.1.6-cı maddəsində sığortaçının sadalanan hüquqları sırasında sığorta ödənişini verdikdən sonra müvafiq şəxslərə qarşı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936-cı maddəsində və bu Qanunun 25-ci maddəsində nəzərdə tutulmuş qaydada subroqasiya hüququndan istifadə etmək hüququ da nəzərdə tutulmuşdur. Həmin Qanunun 25.1.3-cü maddəsinə görə sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququnun yarandığı hallar sırasında o da qeyd edilir ki, icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. Həmin Qanunun 63.1-ci maddəsinə görə bu Qanunun 63.2-ci maddəsi nəzərə alınmaqla, avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Cavabdehin məhkəməyə ünvanladığı ərizələrdə qeyd olunan məbləği ziyan dəymiş şəxsə verdiyini qeyd etsə də, lakin buna dair sübüt təqdim etməmişdir. Həmçinin Bakı şəhəri BPİ DYPİ-də verdiyi izahatında yol nəqliyyat hadisəsinin onun təqsirində baş verməsini etiraf etmişdir. O da qeyd edilməlidir ki, cavabdehin məhkəməyə ünvanladığı ərizələrdə qeyd olunan 1000 manat vurulmuş ziyanın məbləğini ziyan vurulmuş şəxsə ödədiyini qeyd etməsi ilə bağlı halı məhkəmə cavabdehin qeyd edilən məbləği mübahisələndirməməsi kimi məqbul hesab edir. Cavabdehin iddia müddətinin tətbiqinə dair ərizəsinə münasibətdə məhkəmə qeyd edir ki, işin hallarından göründüyü kimi iddiaçı şığorta şirkəti ilə cavabdeh Tacəddin Bağərov arasında sığorta ilə bağlı hər hansı müqavilə mövcud deyildir. İddiaçı cavabdehdən ödənilmiş məbləğin əvəzini iddiaçı Cavabdeh etibarnamə olmadan nəqliyyat vasitəsini idarə etməklə törətdiyi yol nəqliyyat hadisəsi nəticəsində vurulmuş ziyana görə, yəni müqavilə münasibətlərinin hüquqi əsası olmayan delikt nəticəsində vurulmuş ziyana görə digər şəxsə ödənilmiş pul məbləğinin əvəzinin ödənilməsini tələb etməkdədir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia müddətinin tətbiq edilməsi üçün əsas yoxdur. Ümumi iddia müddəti nəzərə alınmaqla mübahisə həll edilməlidir. Məhkəmə iddia tələbinin əsaslarını, həmçinin İddiaçı Sığorta Şirkəti ASC-nin gətirdiyi arqumentlərini araşdıraraq belə qənaətə gəlir ki, “Nissan” markalı ** FN *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə vurulmuş zərərə görə 1000 manat məbləğində pul vəsaiti və 30 manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı Sığorta Şirkəti ASC-yə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Mülki prosessual qanunvericiliyə görə sübut hüququ öz daxilində ümumən işə baxan hakim tərəfindən ardıcıl bir neçə prosessual hərəkətlərin edilməsini nəzərdə tutur. Həmin ardıcıllığa uyğun olaraq hakim ilk növbədə nə vaxt sübutun tələb edilməli olduğunu müəyyən etməli, bundan sonra sübutetmə yükünün bölüşdürülməsinə uyğun olaraq tələb olunan sübutun kimin tərəfindən təqdim edilməli olduğunu aydınlaşdırmalı, daha sonra sübutetmənin hansı qaydada həyata keçirilməli olduğunu tərəflərə izah etməli və nəhayət, təqdim edilmiş sübutları qiymətləndirməlidir. Məhkəmənin bütün bu prosessual hərəkətləri sözsüz ki, iddianın predmeti və irəli sürülən tələbin xüsusiyyətləri nəzərə alınmaqla həyata keçirilməlidir. Mülki prosessual qanunvericilikdə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs biləvasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 77.3, 78.1, 78.2, 80, 88-ci maddələri). Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, dövlət rüsumunun ödənilməsi hissəsində iddia təmin edilməli, yəni iddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş 30 (otuz) manat məbləğində pul Cavabdeh iddiaçının xeyrinə tutulmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 1000 manat yol-nəqliyyat hadisəsi nəticəsində verilmiş sığorta ödənişinin məbləği, 30 manat məbləğində dövlət rüsumu olmaqla ümumilikdə 1030 manat “Atəşgah" Sığorta Şirkəti ASC-yə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 119, 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 1000 (bir min) manat məbləğində pul və 30 (otuz) manat məbləğində dövlət rüsumu İddiaçı Sığorta Şirkəti ASC-nin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Vüqar Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar