Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-4039/2025 07.11.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əfəndizadə Mehriban Xalid qızının sədrliyi, Məhkəmə iclas katibi Mayılzadə Gülzadə Çingiz qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin təyin edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbinin dəliləri İddiaçı Cavabdeh qarşı alimentin təyin edilməsi tələbinə dair iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh xx.xx.2019-cu il doğum tarixli X3 və xx.xx.2023-cü il doğum tarixli X4 yetkinlik yaşına çatanadək saxlanması üçün mediasiya arayışının verilidiyi gündən yəni xx.xx.2025-ci il tarixdən hər uşağa görə 246 manat məbləğində aliment olmaqla cəmi 492 manat sabit pul məbləğində alimentin və xx.xx.2023-cü il doğum tarixli X4 3 yaşına çatanadək hər ay əlavə olaraq 100 (yüz manat) alimentin və məhkəmə üçün ödənilmiş 110 manat məbləğində pulun, həmçinin vəkilə ödənilmiş xidmət haqqı kimi 350 manat ödənişin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh xx.xx.2018-ci il tarixdə ailə həyatı qurmuşlar. 2018-ci il tarixindən təsərrüfatı birgə idarə etməklə bir yerdə yaşamışlar. Birgə nikahlarından xx.xx.2023-cü il tarixində X6 xx.xx.2019-cu il tarixində X7 anadan olmuşdur.Cavabdehlə xüsusiyyətlərinin üst-üstə düşməməsi səbəbindən birgə yaşamağı qeyri mümkündür. Belə ki, bu xüsusiyət fərqliliyi çətin vəziyətlərdə müəyyən sözsöhbətə səbəb olur və cavabdehlə ortaq məxrəcə gələ bilmirlər. Hər hansı bir yerdə əmək faəliyyəti ilə məşğul olmadığından, hər hansı əlavə gəliri olmadığından, uşaqların saxlanması üçün alimentin alınmasını məhkəmədən xahiş edir. Tərəflərin mövqeyi Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdehə isə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, o məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən məhkəmə iclasına gəlməmişdirlər. Eyni zamanda əvvəlki məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qismən qəbul etdiyini, uşaqların hər biri üçün 246 manat aliment ödəməyə razı olduğunu bildirmişdir. Məhkəmə AR MPM-in 185-ci maddəsinə əsasən mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə tərəflərin izahatlarını, iddia tələbinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, iddia qismən təmin edilməlidir. Mülki işin materialları - 2 saylı Bakı “Asan xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən 03 dekabr 2018-ci il tarixdə verilmiş, AZ-İİ 311923 seriyalı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh və X5 arasında xx.xx.2018-ci il tarixdə nikah bağlanmışdır. Ərə- Talıbov,arvada-Talıbova soyadları verilmişdir. Bu barədə nikah haqqında qeydlər kitabında 2872 nömrə ilə qeydiyyata alınmışdır. - 1 saylı Bakı “Asan xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş, AZ-İV 996880 seriyalı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X6 xx.xx.2023-cü il tarixdə Bakı şəhərində anadan olmuşdur. Atası-Cavabdeh, anası- İddiaçıdır. Bu barədə 20 aprel 2024-cü il tarixdə 1734 nömrə ilə qeydiyyata alınmışdır. - 2 saylı Bakı “Asan xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2020-ci il tarixdə verilmiş, AZ-İV 399356 seriyalı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X7 xx.xx.2019-cu il tarixdə Bakı şəhərində anadan olmuşdur. Atası-Cavabdeh, anası-İddiaçıdır. Bu barədə xx.xx.2020-ci il tarixdə 598 nömrə ilə qeydiyyata alınmışdır. - Bakı 16 saylı Mediasiya Təşkilatı tərəfindən xx.xx.2025-ci il tarixdə verilmiş MŞB/16/2025-00658 saylı arayışdan görünür ki, ilkin mediasiya sessiyasında İddiaçı və X8 iştirak etmiş, lakin Cavabdeh ilkin mediasiya sessiyasının davam etdirilməsinə razılıq verməmişdir. - AR DİN Bakı Şəhər Baş Polis İdarəsi tərəfindən xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, borclu Cavabdeh sentyabr 2025-ci il tarixinə hesablanmış aylıq əmək haqqısı vergilər çıxıldıqdan sonra 837 (səkkiz yüz otuz yeddi) manat 60 qəpik təşkil edir. - xx.xx.2025-ci il tarixli “hüquqi yardımın göstərilməsi haqqında” müqavilədən görünür ki,İddiaçı və “Arbitrium”Vəkil Bürosunun vəkili Vəkil ilə müqavilə bağlamış,hüquqi yardıma görə 350(üç yüz əlli) manat haqq ilə razılaşdırılmışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyasının: Maddə 17. İİ. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Maddə 17. Vİ. Uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarət edir. Maddə 34. İV. Ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün aliment valideynlərdən məhkəmə qaydasında tutulur. 76.1. Aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay aşağıdakı miqdarda aliment tutulur: 76.1.2. 2 uşağa görə—qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi. 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. 100.2-ci maddəsinə əsasən, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun: 4-cü maddəsinə əsasən Azərbaycan Respublikasında uşaq hüquqlarının müdafiəsini müvafiq icra hakimiyyəti, məhkəmə və prokurorluq orqanları, bələdiyyələr, habelə ictimai birliklər, həmkarlar ittifaqı təşkilatları təmin etməlidirlər. Bu orqanlar, birliklər və təşkilatlar fəaliyyətlərində uşaq hüquqlarının üstün mühafizəsi prinsipini əsas tutmalıdırlar. 8-ci maddəsinə əsasən isə hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosialhüquqi və digər tədbirlər görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. 19-cu maddəsində isə müəyyən edilmişdir ki, valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. 11-ci maddəsinə görə hər bir uşağın hərtərəfli inkişaf etmək, milli və ümumbəşəri dəyərlərə uyğun, humanizm və əxlaqi prinsiplər əsasında tərbiyə almaq hüququ vardır. İnsan Hüquqlarının və X2 haqqında Avropa Konvensiyasının göstərilən məsələlərdən bəhs edən 8-ci maddəsi və həmin Konvensiyanın 7 saylı protokolunun 5-ci maddəsi ilə bağlı formalaşmış hüquqi mövqeyinə diqqət etdikdə görərik ki, Avropa dəyərləri müstəvisində uşaqların saxlanması ilə bağlı atanın və ananın hüquqları fərdi maraq, uşaqların hüquqları isə daha üstün dəyər olan ictimai maraq kimi qiymətləndirilir. Əgər uşaqların saxlanması ilə bağlı valideynlər arasında fikir ayrılığı yaranırsa dövlət uşaqların hüquqlarını ictimai maraq kimi qiymətləndirərək uşaqların tərəfindən mübahisəyə qarışır. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 28 mart 2016-cı il tarixli 8-2/2016 nömrəli Qərarının 8.2-ci bəndi ilə məhkəmələrə izah edilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “20” dekabr 2024cü il tarixli 15 nömrəli qərarınına əsasən Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 2016-cı il 28 mart tarixli 8-2/2016 nömrəli Qərarına əlavə edilmiş 8.4- 3-cü yarım bəndində qeyd edilir ki, alimentin indeksasiyasından fərqli olaraq, Ailə Məcəlləsinin 112-ci maddəsində nəzərdə tutulmuş halların mövcudluğu məhkəmənin müəyyən etdiyi alimentin miqdarının (minimum əmək haqqına münasibətdə müəyyən edilmiş mislinin) dəyişdirilməsi barədə müstəqil iddianın qaldırılması üçün əsasdır. 8.4-1 yarımbəndinə görə “Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər (məsələn, Məhkəmə 2024-cü ildə bir uşağın saxlanmasına görə alimentin tutulması barədə iddiaya baxarkən alimenti 255 manat həddində müəyyən etmək istəyirsə, həmin il üzrə minimum əmək haqqı məbləğinin 0,74 mislində (345 x 0,74 = 255 manat) alimentin tutulması barədə qətnamə qəbul etməklə, qətnamənin nəticə hissəsini “xx.xx.xxxx tarixindən başlayaraq yetkinlik yaşına çatmayan A-nın saxlanılması üçün B-dən C-nin xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,74 misli həddində sabit pul məbləğində aliment tutulsun” məzmununda ifadə etməlidir). “Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında” 27 dekabr 2024-cü il tarixli Azərbaycan Respublikası Qanununa əsasən 2025-ci il üçün yaşayış minimumu ölkə üzrə 285 manat, əmək qabiliyyətli əhali üçün 305 manat, pensiyaçılar üçün 232 manat, uşaqlar üçün 246 manat məbləğində müəyyən edilmişdir. «Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi haqqında» Azərbaycan Respublikası Prezidentinin xx.xx.2024-cü il tarixli sərəncamına əsasən minimum aylıq əmək haqqının məbləği xx.xx.2025-ci il tarixdən 400 manat həddində müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin: 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. 217.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tətqiq olunmuş sübutlarla əsaslandırır. 234.2.1-ci maddəsinin tələblərinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra edilir. Məhkəmənin mövqeyi Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, tərəfləri dinləyərək, iş materiallarını tədqiq edərək və işdə olan sübutları qiymətləndirərək, qeyd edir ki, iddia qismən təmin edilməlidir. Məhkəmə ilk növbədə qeyd edir ki, hər bir valideyn övladını saxlamağa, onun maddi və mənəvi tələbatının ödənilməsini təmin etməyə borcludur. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Aliment öhdəliyi ailə münasibətlərinin iştirakçısı olan ər-arvad, valideynlər və uşaqlar arasında yaranan elə hüquq münasibətidir ki, burada bir tərəf digər tərəfin saxlanılması üçün onlar arasında olan razılıq əsasında və ya qanunvericiliyə uyğun olaraq məcburi qaydada müəyyən edilən vəsaiti (alimenti) ödəməyə borclu olur. Qeyd etmək zəruridir ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi və BMT-nin “Uşaq hüquqları haqqında” Konvensiyasının 27-ci maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş yaşayış minimumu səviyyəsindən aşağı olmayan maddi təminat hüququ vardır və valideynlər uşağın əsas və konstitusion əhəmiyyətli (Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsi) hüquqlarından biri olan maddi təminat almaq hüququnu həyata keçirirlər. İşin məhkəmə tərəfindən tədqiq edilən halları ilə müəyyən edilmişdir ki, İddiaçı ilə Cavabdeh arasında 2 saylı Bakı “Asan xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2018-ci il tarixdə, 2872 nömrə ilə nikahları qeydə alınmışdır. Birgə nikahlarından xx.xx.2023-cü il təvəllüdlü X6 və xx.xx.2019-cu il təvəllüdlü X7 anadan olmuşdur. İddiaçı cavabdehlə ailə qurduqdan sonra aralarında münasibətlər pozulmuşdur. Cavabdeh ilə iddiaçı arasında olan nikah formal xarakter daşıyır. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən aliment tutulmasını xahiş edir. “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2016-cı il tarixli Qərarında məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, uşağın əvvəlki təminatının səviyyəsinin araşdırılması zamanı məhkəmə nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən 2025-ci il üçün yaşayış minimumu uşaqlar üçün 246 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə onuda bildirir ki, ölkə üzrə uşaqlar üçün müəyyən olunmuş yaşayış minimumu özlüyündə müəyyən meyar kimi çıxış etməklə, minimum təminat səviyyəsini nəzərdə tutur, bununla belə, yaşayış minimumu həddində tutulan aliment belə, heç də uşaqların getdikcə artan bütün tələbatlarının qarşılanmasının real əvəzi kimi qəbul edilməməlidir. Məhkəmə diqqətə çatdırır ki, tərəflərin birgə nikahdan doğulmuş uşağının mənafeyi, onun lazımi mühitdə yaşamaq, normal səviyyədə qidalanmaq, təhsil almaq hüquqlarının lazımı şəkildə həyata keçirmələri nəzərə alınmalıdır.Bu yanaşma milli hüquq tətbiqetmə təcrübəsində üstün mövqe daşıyır. Belə ki, Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Belə ki, iddiaçı iddia tələbində alimentin hesablanmasını mediasiya arayışının verilidiyi gündən yəni xx.xx.2025-ci il tarixdən tələb etmişdir. Məhkəmə həmin hissədə iddia tələbi ilə razılaşmayaraq hesab edir ki, alimentin hesablanması qanunvericiliyin tələbinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan, yəni xx.xx.2025-ci il tarixdən hesablanmalıdır. Məhkəmə AR Ailə Məcəlləsinin 75, 76 və 78.1-ci maddələrinə əsaslanaraq qeyd edir ki, valideynlərin yetkinlik yaşına çatmayan uşaqlarını saxlamaq vəzifəsi valideynlərin yaşından, əmək qabiliyyətindən, hətta fəaliyyət qabiliyyətindən asılı olmayaraq müəyyən edilir. Valideynlərin zəruri vəsaitinin olmaması onları aliment ödəmək vəzifəsindən azad etmir. Valideynlər uşaqlarının saxlanması barədə öz aralarında qarşılıqlı razılığa əsasən xüsusi qayda və forma müəyyənləşdirə bilərlər.Lakin onlar (valideynlər) uşaqlarını saxlamaq vəzifəsini könüllü icra etmədikdə, bu, məhkəmə qaydasında həyata keçirilir. Məhkəmə cavabdehin qazancının olmasını və izahatında hər uşağa görə 246 manat aliment ödənilməsi tələbi ilə razı olduğunu nəzərə alaraq, tərəflərin birgə nikahından doğulmuş xx.xx.2023-cü il təvəllüdlü X4 və xx.xx.2019-cu il təvəllüdlü X1 üçün cavabdehdən iddiaçının xeyrinə tutulan alimentin miqdarı artırılaraq hər ay uşaqların hər birinə görə sonrakı artımlar nəzərə alınmaqla ölkə üzrə minimum aylıq əmək haqqının 0,615 misli məbləğində (hazırda 246 manat) aliment Cavabdeh tutularaq İddiaçı xeyrinə ödənilməlidir. “Yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən yaşayış minimumu minimum istehlak səbətinin dəyəri və icbari ödənişlərin cəmindən ibarət sosial normadır. Minimum istehlak səbəti dedikdə isə insanın sağlamlığının və həyat fəaliyyətinin minimum səviyyəsi üçün zəruri olan ərzaq, qeyri-ərzaq malları və xidmətlərin elmi normalar əsasında müəyyən edilmiş toplusu nəzərdə tutulur. Göründüyü kimi, yaşayış minimumunun dəyişməsinə səbəb olan hallar respublikanın dövlət təminatı siyasətində, ölkənin sosial-iqtisadi inkişafında baş verən dəyişikliklərdir. Belə ki, uşağın sağlamlığının və həyat fəaliyyətinin minimum səviyyəsi üçün zəruri olan ərzaq, qeyri-ərzaq malları və xidmətlərin qiymətlərində artım səviyyəsi himayəsinə uşaq verilən tərəfin maddi vəziyyətində dəyişikliklərin baş verməsinə dəlalət edir. Məhkəmə iddia tələbinin uşaq 3 yaşına çatanadək 100 manat məbləğində pulun tutulması ilə bağlı qeyd edir ki, Ailə Məcəlləsinin 84.2-ci maddəsinə əsasən, köməyin göstərilməsindən imtina edildikdə və ər-arvad arasında alimentin ödənilməsi barədə saziş olmadıqda hamiləliyi dövründə və ümumi uşaqlarının doğulduğu gündən üç il ərzində arvad buna zəruri vəsaitə malik olan digər tərəfin aliment ödəməsini məhkəmə qaydasında tələb etmək hüququna malikdir. Uşağın üç yaşına qədər 100 manat mələğində vəsaitin ödənilməsi tələbini məhkəmə qismən əsaslı hesab edir. Belə ki, tərəflərin birgə nikahından doğulmuş övladı körpə olmaqla, üç yaşına çatmamışdır. Belə olan təqdirdə məhkəmə hesab edir ki, iddiaçının əmək fəaliyyəti ilə məşğul olaraq öz ehtiyaclarını qarşılamaq imkanları xeyli məhdudlaşmışdır. Lakin iddiaçı cavabdehin ayda 100 manat əlavə vəsait ödəmək üçün zəruri vəsaitə malik olmasını təsdiq edən hər hansı sübut təqdim edə bilməmişdir. Belə olan halda hər iki tərəfin maddi vəziyyəti və digər təqdirəlayiq hallar nəzərə alınaraq cavabdehdən uşağın üç yaşına çatanadək 50 manat məbləğində pul tutulmasını ədalətli və ağlabatan hesab edir. Beləliklə, məhkəmə bu qənaətə gəlir ki, xx.xx.2023-cü il doğum tarixli X4 3 yaşı tamam olana kimi, yəni xx.xx.2026-ci il tarixə kimi 50 manat məbləğində əlavə xərc Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. Məhkəmə iddiaçının məhkəmə xərci kimi cavabdehdən tələb etdiyi pula münasibət bildirir. Belə ki, iddiaçı hüquqi xidmətlərə görə 350 manat, dövlət rüsumuna görə 110 manat məbləğində pul ödədiyini bildirərək bu pulu cavabdehdən tələb etmişdir. İş materiallarından görünür ki, xx.xx.2025-ci il tarixli “hüquqi yardımın göstərilməsi haqqında” müqavilədən görünür ki,İddiaçı və “Arbitrium”Vəkil Bürosunun vəkili Vəkil ilə müqavilə bağlamış,hüquqi yardıma görə 350(üç yüz əlli) manat haqq ilə razılaşdırılmışdır. İddiaçı tərəfindən “Pulpal-Hokumet”-büdcə və vergilər bölməsi ilə 350 manat “Arbitrium”Vəkil Bürosunun hesabına 350 manat ödəniş edilmişdir. İddiaçının vəkildən hüquqi yardım almaq üçün ödədiyi və cavabdehdən tələb etdiyi 350 manat məbləğində pul isə məhkəmə xərcidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 115.0.6-cı maddəsindən də görünür ki, vəkillərə etdikləri kömək üçün ödənilən xərclər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Həmçinin, iddiaçı tərəfindən “Arbitrium”Vəkil Bürosunun vəkili Vəkil hesabına 350 manat məbləğində pul ödənildiyi göstərən qəbz iş materiallarında mövcuddur. Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edildiyi üçün Cavabdeh hüquqi yardım üçün ödənilmiş 350 manatın 300 manatı tutularaq iddiaçının xeyrinə ödənilməlidir. Dövlət rüsumuna münasibətdə məhkəmə qeyd edir ki, məhkəmə iddia tələbini bu hissədə əsaslı hesab etmir. Belə ki.iddiaçı tərəfindən 110 manat dövlət rüsumu tələb olunsa da, ödənişin edilməsi ilə bağlı heç bir sübut məhkəməyə təqdim edilməmişdir. Beləliklə məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə rədd edilməlidir. Eyni zamanda qeyd edilməlidir ki, aliment tələbləri dövlər rüsumundan azad edilmişdirlər. Bu səbəbdəb iddiaçı tərəfindən dövlət rüsumu ödənilmiş olsaydı belə, bu həmin məbləğin cavabdehdən tutulması üçün deyil,geri qaytarılması üçün əsas ola bilər. Beləliklə, məhkəmə qanunvericiliyin tələblərinə əsasən iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək qeyd edir ki, iddia qismən təmin edilməli, xx.xx.2025-ci il tarixdən başlayaraq, xx.xx.2023-cü il təvəllüdlü X6 və xx.xx.2019cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqının 0,615 misli məbləğində (hazırda 246 manat) aliment və xx.xx.2023-cü il doğum tarixli X4 3 yaşı tamam olana kimi, yəni xx.xx.2026-ci il tarixə kimi 50 manat məbləğində əlavə xərc tutularaq İddiaçı ödənilməli; Cavabdeh 300 manat hüquqi yardımın göstərilməsi üçün çəkilmiş xərc İddiaçı xeyrinə tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358-360 və 362-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. xx.xx.2025-ci il tarixdən başlayaraq, xx.xx.2023-cü il təvəllüdlü X6 və xx.xx.2019-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqının 0,615 misli məbləğində (hazırda 246 manat) aliment və xx.xx.2023-cü il doğum tarixli X4 3 yaşı tamam olana kimi, yəni xx.xx.2026-cı il tarixə kimi 50 manat məbləğində əlavə xərc tutularaq İddiaçı xeyrinə ödənilsin. Cavabdeh 300 manat hüquqi yardımın göstərilməsi üçün çəkilmiş xərc İddiaçı xeyrinə tutulsun. İddia tələbi qalan hissədə təmin edilməməlidir. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində elektron məhkəmə informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Mehriban Əfəndizadə
Məhkəmə qərarları › İş №2(005)-4039/2025
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-4039/2025
07.11.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver