Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-4043/2022 01.12.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Nərgiz Nazim qızının sədrliyi, Əliyeva Nurlana Sahib qızının katibliyi, İddiaçı, Müstəqil tələb irəli sürməyən üçünçü şəxs Maraqlı şəxs ASC-nin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdehlər Respublika Xammal və Əmtəə Birjası, “Daşınar və Daşınmaz Əmlakın Satışı üzrə Hərrac Mərkəzi “ MMC, Cavabdeh3 MMC-yə qarşı ("xxxx" QSC müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) əmlakın qiymətləndirməsi haqda hesabatın və hərracın yekunları barədə protokolun etibarsız hesab edilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Respublika Xammal və Əmtəə Birjası, "xxxx" MMC, Cavabdeh3 MMC-yə qarşı ("xxxx" QSC müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) əmlakın qiymətləndirməsi haqda hesabatın və hərracın yekunları barədə protokolun etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Təbriz küçəsində yerləşən 55 saylı evin, 3 otaqlı, 60-cı mənzilinin qiymətləndirilməsi barədə hesabatın və hərracın yekunları barədə protokolun etibarsız hesab edilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Təbriz küçəsindəki 55 saylı evin 3 otaqlı 60-cı mənzili onun mülkiyyətindədir, sonradan həmin mənzil tanışı və yerlisi X2 çoxsaylı xahiş və təkidi ilə kredit xətti müqaviləsinin təminatı kimi xx.xx.2014-cü il tarixdə zamanlik müqavilələrinə əsasən ipoteka predmeti kimi Maraqlı şəxs QSC-də rəsmiləşdirilmişdir. Mənzili ipotekaya qoyarkən onun hüquqi nəticələrini dərk etməmişdir. Qasımov Elsevər onun oğlunu işə düzəltmək üçün mənzilini ipotekaya qoymağını xahiş etmiş, bunun hüquqi tərəfini dərk etmədən məcbur olmuşdur ki, razılaşsın. Hazırda xəbəri olmadan ipoteka predmeti olan mənzili hərrac baş tutmadan Maraqlı şəxs QSC saxta yolla öz mülkiyyətinə rəsmiləşdirmiş və çıxarış almışdır. Digər tərəfdən hərrac tam qanun pozuntusu ilə keçirilmiş, hərracın 2-ci mərhələsində əvvəlcədən düşünülmüş şəraitdə mənzil heç bir hüquqi əsas olmadan dəyərindən çox aşağı qiymətə Maraqlı şəxs QSC-nin mülkiyyətinə verilmiş və müvafiq çıxarış alınmışdır. Bütün bunlar əyani surətdə göstərir ki, həm hərracı keçirən qurum, həm də mənzilin qiymətləndirilməsində maraqlı olan qiymətləndirmə qurumu əvvəlcədən əlbir olub yeganə mənzilin Bankın mülkiyyətinə verilməsində maraqlı olmuşlar. Nəticədə ailə üzvlərilə yeganə mənzilindən məhrum olub küçədə qalmaq təhlükəsi ilə üzləşmişlər. Mənzilin real dəyəri ilə Cavabdeh3 MMC-nin qiymətləndirmə hesabatında (protokolunda) nəzərə çarpacaq qiymət fərqi vardır, ona görə də, mənzilin qiymətləndirilməsi daha təcrübəli mütəxəssis tərəfindən, məsələn AR Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən qiymətləndirilməlidir. Halbuki "xxxx" MMC-nin xx.xx.2021-ci il tarixli, 190/AB/-21 saylı rəsmi hesabatında aydın göstərilir ki, mənzilinin xx.xx.2021-ci il tarixə real bazar qiyməti 160000 manatdır. Hazırda mənzilinin real bazar qiyməti (dəyəri) 230-250 min manatdan çoxdur. Daşınmaz əmlakın (mənzillərin) qiyməti durmadan artır. Özü hərracda iştirak etməmiş, xx.xx.2022-ci ildə keçirilən ilkin hərracda mənzil 129200 manat dəyərləndirilmiş, təkrar hərracda isə mənzilin dəyəri daha ucuz qiymətlə Bankın mülkiyyətinə verilmişdir. Bundan əlavə açıq hərracın keçirilməsi qanunun tələblərinə cavab vermir. Hazırda ailə üzvlərilə birlikdə mülkiyyətində olan mənzildən çıxarılması barədə icra vərəqəsi Nərimanov rayon İcra Şöbəsindədir və icra xx.xx.2022-ci il tarixə saat 1:00-a təyin edilmişdir. Ailəsinin başqa mənzili yoxdur, icra baş tutduğu təqdirdə ailə küçədə qalmaq təhlükəsindədir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən müstəqil tələb irəli sürməyən üçünçü şəxs Maraqlı şəxs ASC-nin nümayəndəsi X5 iddia tələbinin əsassız olduğunu qeyd edərək, iddianın rədd olunmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdehlərin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və iştirak etməmələrinin səbəbi barədə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatlarını, təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, iddia tələbi aşağıda qeyd olunanlara əsasən təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Siyəzən Rayon Məhkəməsinin 2(059)-8/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsindən görünür ki, X1 iddiaçı Maraqlı şəxs QSC-nin xeyrinə 32R000000695 saylı kredit razılaşması üzrə 17854,54 ABŞ dolları məbləğində kredit, 3897,56 ABŞ dolları məbləğində faiz, 1800 ABŞ dolları məbləğində cərimə, 32R000002595 saylı kredit razılaşması üzrə 177139.46 ABŞ dolları məbləğində kredit, 36667,86 ABŞ dolları məbləğində faiz və 18000 ABŞ dolları məbləğində cərimə, 032R********** saylı kredit razılaşması üzrə 85444,16 ABŞ dolları məbləğində kredit, 17686,94 ABŞ dolları məbləğində faiz və 9000 ABŞ dolları məbləğində cərimə olmaqla, ümumilikdə 367490,52 ABŞ dolları ödəniş vaxtına manata məzənnə üzrə borc, eləcə də ödənilmiş 180 manat dövlət rüsumunun 77 %-i, yəni 138,60 manatın tutulması; xx.xx.2013-cü il tarixli, 32R000000695 saylı, xx.xx.2014-cü il tarixli, 32R000002595 saylı və xx.xx.2014-cü il tarixli, 032R********** saylı kredit razılaşmaları üzrə tutma cavabdeh X2 mülkiyyətində olan, ipotekaya qoyulmuş Siyəzən şəhərində yerləşən 0,15 ha torpaq sahəsinə (yaşayış məntəqələrinin torpaqlarına), Siyəzən rayonu Yenikənd kəndində 2 ha torpaq sahəsinə, Siyəzən rayonu Yenikənd kəndində yerləşən 0,12 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən 2 mərtəbəli, 4 otaqlı, 60.4 kv.m yaşayış, 156.1 kv.m yardımçı, ümumi 216.5 kv.m sahədən ibarət olan fərdi yaşayış evinə, Siyəzən rayonu, Beşdam kəndindəki 0,12 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən 1 mərtəbəli, 3 otaqlı, 68.8 kv.m yaşayış, 69.3 kv.m yardımçı, ümumi 138.1 kv.m sahədən ibarət olan fərdi yaşayış evinə, eləcə də cavabdeh İddiaçı mülkiyyətində olan, ipotekaya qoyulmuş Bakı şəhəri, Nərimanov rayonu Təbriz küçəsi 55 saylı evin 8-ci mərtəbəsində yerləşən 3 otaqlı, 46.8 kv.m yaşayış, 22.6 kv.m yardımçı, ümumi 69.4 kv.m sahədən ibarət olan 60 saylı mənzilinə yönəldilməsi, torpaq sahələri və üzərindəki fərdi yaşayış evləri, habelə mənzilin açıq hərracdan ixtisaslaşdırılmış müəssisə vasitəsilə satılması və əldə olunmuş pul vəsaitindən cavabdeh X2 Maraqlı şəxs QSC-yə olan cəmi 367490,52 ABŞ dolları ödəniş vaxtına manata məzənnə üzrə borcun, eləcə də ödənilmiş 180 manat dövlət rüsumunun 77 %-i, yəni 138,60 manatın ödənilməsi; ipoteka predmeti olan X2 mülkiyyətində olan, ipotekaya qoyulmuş Siyəzən şəhərində yerləşən 0,15 ha torpaq sahəsinin (yaşayış məntəqələrinin torpaqları) ilkin satış qiyməti 75000 manat, Siyəzən rayonu Yenikənd kəndində 2 ha torpaq sahəsinin bazar dəyəri 40000 manat, Siyəzən rayonu Yenikənd kəndində yerləşən 0,12 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən 2 mərtəbəli, 4 otaqlı, 60.4 kv.m yaşayış, 156.1 kv.m yardımçı, ümumi 216.5 kv.m sahədən ibarət olan fərdi yaşayış evinin ilkin satış qiyməti 60000 manat, Siyəzən rayonu, Beşdam kəndindəki 0,12 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən 1 mərtəbəli, 3 otaqlı, 68.8 kv.m yaşayış, 69.3 kv.m yardımçı, ümumi 138.1 kv.m sahədən ibarət olan fərdi yaşayış evinin ilkin satış qiymətinin 20000 manat, ipoteka predmeti olan İddiaçı mülkiyyətində olan, ipotekaya qoyulmuş Bakı şəhəri, Nərimanov rayonu Təbriz küçəsi 55 saylı evin 8-ci mərtəbəsində yerləşən 3 otaqlı, 46.8 kv.m yaşayış, 22.6 kv.m yardımçı, ümumi 69.4 kv.m sahədən ibarət olan 60 saylı mənzilin ilkin satış qiymətinin 120000 manat məbləğində müəyyən edilməsi, bu əmlaklar açıq hərracdan satıldıqdan sonra müvafiq olaraq X4 və İddiaçı 1 ay ərzində həmin ünvanlardan çıxarılmaqla torpaq sahəsi, üzərindəki fərdi yaşayış evi, eləcə də mənzilin boşaldılması və bu əmlakların alıcıya təhvil verilməsi qət edilmişdir; "xxxx" MMC-nin xx.xx.2021-ci il tarixli, 190/AB/21 nömrəli məktubundan görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi, ev 55 ünvanında 9 mərtəbəli köhnə tikili binanın 8-ci mərtəbəsində yerləşən 3 otaqlı, 60 nömrəli mənzilin hazırki bazar dəyəri 160000 manat, likvid dəyəri 152000 manat təşkil edir; Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-125/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsindən görünür ki, Siyəzən Rayon Məhkəməsinin 2(059)-8/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamə qəbul edilməsi, ipoteka predmeti olan Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi, ev 55 ünvanında yerləşən 60 saylı mənzilin likvid dəyərinin 152000 manat müəyyən edilməsi qət edilmişdir; Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışdan görünür ki, ünvan 2 ünvanında yerləşən mənzil xx.xx.2022-ci il tarixdə Maraqlı şəxs QSC-nin adına rəsmiləşdirilmişdir. "xxxx" MMC-nin hərracın keçirilməsinə dair xx.xx.2022-ci il tarixli, 01 nömrəli bildirişinin surətindən görünür ki, Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-125/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədi üzrə Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsində yerləşən 55 saylı evin 60 saylı mənzilinə dair açıq hərracın keçirilməsi xx.xx.2021-ci il tarixə saat 11:00-a təyin edilmişdir. Əmlakın ilkin satış qiyməti 152000 manat müəyyən edilmişdir; "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin hərracın keçirilməsinə dair xx.xx.2022-ci il tarixli, 02 nömrəli bildirişinin surətindən görünür ki, Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-125/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədi üzrə Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsində yerləşən 55 saylı evin 60 saylı mənzilinə dair açıq hərracın keçirilməsi xx.xx.2022-ci il tarixə saat 11:00-a təyin edilmişdir. Əmlakın satış qiyməti 129200 manat müəyyən edilmişdir; "xxxx" MMC tərəfindən X4, İddiaçı və Maraqlı şəxs QSC-yə ünvanlanmış ipoteka predmetinin əldə olunmasına dair xx.xx.2022-ci il tarixli təklifdən görünür ki, ipoteka predmeti təkrar hərracdakı satış qiymətindən 25 faizdən az olmayan qiymətlə, yəni 96900 manat olmaqla ipoteka saxlayana təklif olunmuşdur. İşin mübahisələndirilməyən halları ondan ibarətdir ki, məhkəmə qətnaməsi ilə tutmanın iddiaçıya məxsus ipoteka predmetinə yönəldilərək onun açıq hərracdan satılması və satışdan əldə olunan pul hesabına borcun ödənilməsi qət edilmişdir. Keçirilmiş hərrac nəticəsində əmlak satılmışdır. İddiaçı hərracın düzgün keçirilməməsinə və evin real dəyərinə uyğun qiymətə satılmamasına istinad edərək qiymətləndirmə rəyinin və hərracın yekunlarının etibarsız hesab olunmasını xahiş edir. Tutma yönəldilən ipoteka predmetinin satış üsullarından biri olan hərracların keçirilmə qaydası, hərracın baş tutmamış elan edilməsi, bu halda təkrar hərracın keçirilməsi qaydaları və nəticələri Mülki Məcəllə və “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Mülki Məcəllənin 415.2-ci maddəsinə əsasən qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci otuz gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Əgər hərracın predmeti müqavilə bağlamaq hüququdursa, qarşıdakı hərrac barəsində bildirişdə bunun üçün verilən müddət göstərilməlidir. Bu Məcəllənin 416-cı maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur. “İpoteka haqqında” Qanunun 41.2, 41.3 və 41.5-ci maddələrinə əsasən məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru icra məmuru tərəfindən “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. İcra məmuru ipoteka saxlayanın və ipoteka qoyanın qarşılıqlı razılığına əsasən seçilmiş beş ildən az olmayan daimi fəaliyyət göstərən ixtisaslaşdırılmış təşkilata hərracın keçirilməsi barədə sifarişi verir. Bu razılıq 5 təqvim günü müddətində əldə edilmədikdə icra məmuru sifarişi “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq verir. Hərracın təşkilatçısına sifariş “İcra haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq qaydada tərtib olunur və hərraca çıxarılan ipoteka predmetinin ilkin satış qiymətini əks etdirir. Hərrac açıq auksion formasında keçirilir. Həmin Qanunun 42.1-ci maddəsinə görə hərracın təşkilatçısı icra məmurundan sifarişi aldığı gündən 5 iş günü müddətində hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində və özünün rəsmi internet saytında elan dərc etdirir və bu barədə ipoteka saxlayana və ipoteka qoyana sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərir. Elan və bildiriş hərracın keçirilməsinə ən geci 20 təqvim günü qalmış verilir (göndərilir). Hərrac sifarişin alındığı gündən 30 təqvim günündən gec olmayaraq keçirilir. Eyni Qanunun 43.5 və 43.7-ci maddələrinə əsasən, təkrar hərrac bu Qanunun 42-ci maddəsində nəzərdə tutulmuş qaydada keçirilir. Hərracın təşkilatçısı ipoteka predmetini ilkin satış qiymət ilə, hərracın iştirakçısı olmadığına görə hərracın baş tutmadığı səbəbə görə isə ilkin satış qiymətindən 15 faiz aşağı qiymətlə hərraca çıxara bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hərracın keçirilməsi xərclərinin və hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini açıq hərracdan satan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun. Bu Qanunun 43.1.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hərrac digər səbəblərə görə baş tutmamış elan edildikdə ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı satış qiymətindən 25 faiz az olmayan qiymətlə ala bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini satın alan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun. Təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunması barədə ipoteka saxlayan və hərracın təşkilatçısı 30 təqvim günü ərzində protokol imzalayırlar; bu protokol müqavilə qüvvəsinə malikdir. Maddələrin məzmunundan aydın olur ki, “İpoteka haqqında” Qanunun 42, 43-cü maddələrinə əsasən ipoteka predmeti olan əmlakın likvid qiymətlə satışa çıxarılması, ümumilikdə 2 hərracın keçirilməsi imkanı, birinci və təkrar hərrac baş tutmadığı halda ilkin satış qiymətinin ardıcıl olaraq 15 və 25 faiz azaldılması və ən nəhayət təkrar hərracın baş tutmadığı halda ipoteka saxlayanın əmlakı 30 gün müddətində əldə etməsi imkanı nəzərdə tutulmuşdur. İlk növbədə məhkəmə hərraca çıxarılan əmlakın dəyəri ilə bağlı qeyd edir ki, “İpoteka haqqında” Qanunun 39.3.3-cü maddəsinə uyğun olaraq, məhkəmə ipoteka predmetinə tutma yönəldilməsi haqqında qərarında ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. “İpoteka haqqında” Qanunun 1.0.9-cu maddəsinə uyğun olaraq, ilkin satış qiyməti - bu Qanunun tələblərinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiymətidir. Sumqayıt Apellyasiya Məhkəməsi tərəfindən təyin edilmiş "xxxx" MMC-nin qiymətləndirmə rəyində mübahisələndirilən mənzilin bazar dəyərinin 160000 manat, likvid dəyərinin 152000 manat olduğu göstərilmiş və apellyasiya instansiyası məhkəməsinin qanuni qüvvəyə minmiş qətnaməsi ilə mənzilin likvid dəyərinin 152000 manat müəyyən edilməsi və onun açıq hərracdan satılması qət edilmişdir. Belə ki, ipoteka predmetinin satış qiyməti məhkəmə tərəfindən müəyyən edilərkən onun real bazar dəyəri deyil, likvid dəyəri əsas götürülür. Bu baxımdan iddiaçının mənzilin real bazar dəyərinin 160000 manat olması və bu səbəbdən qiymətləndirmə hesabatının etibarsız hesab olunması ilə bağlı dəlilləri əsassızdır. Eyni zamanda məhkəmə qeyd edir ki, məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi ilə mənzilin satış qiyməti müəyyən edildiyindən digər məhkəmə prosesində əmlakın yenidən qiymətləndirilməsi qanunverici tərəfindən yolverilməz hesab edilməklə hüquqi müəyyənlik prinsipi və preyudisiya institutu ilə ziddiyyət təşkil edir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3 və 233.3-cü maddələrinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər. Göstərilən prosessual normaların tələbləri baxımından, mülki işin icraatı zamanı preyudisial (əvvəlki hal) faktlar sübut olunmur. Sübutetmə predmetinə daxil olan tədqiq olunan və məhkəmənin yekun aktında əks edilən faktlar, bu akt qanunla müəyyən edilən qaydada ləğv edilənə və ya dəyişdirilənə qədər həqiqilik və qətilik keyfiyyəti əldə edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “C.İsmayılzadənin şikayətinə dair” xx.xx.2007-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, qanuni qüvvəyə minmiş məhkəmə aktı özündə mübahisələndirilən maddi hüququn, yaxud belə hüquqa əsaslanan faktın mövcud olub-olmamasını qəti surətdə müəyyənləşdirir və səlahiyyətli şəxsin tələbi ilə hər hansı qeyd-şərt qoyulmadan onların həyata keçirilməsini ehtiva edir. Məhz bu baxımdan prosessual qanunvericilikdə nəzərdə tutulmuş bütün müdafiə vasitələri istifadə edildikdən sonra qanuni qüvvəyə minmiş məhkəmə aktı təkzib olunmazlıq, müstəsnalıq və məcburilik kimi hüquqi xassələrə malikdir. İnsan hüquqları üzrə Avropa Məhkəməsinin “Brumareski Rumıniyaya qarşı” 28 oktyabr 1999-cu il tarixli qərarına görə, hüququn aliliyinin əsas aspektlərindən biri olan hüquqi müəyyənlik prinsipi digərləri ilə yanaşı tələb edir ki, məhkəmələr tərəfindən tamamilə həll edilmiş iş üzrə qəbul olunan yekun qərar şübhə doğurmamalıdır. Hərracın keçirilməsi ilə bağlı məhkəmə qeyd edir ki, iş materiallarından göründüyü kimi, Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-125/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə mənzilin likvid dəyəri 152000 manat müəyyən edilmiş, qanuni qüvvəyə minmiş qətnamə əsasında verilmiş icra sənədinə əsasən icraata başlanılmış və icra məmurunun sifariş məktubu əsasında Respublika Xammal və Əmtəə Birjası "xxxx" MMC tərəfindən Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi, ev 55 ünvanında yerləşən 60 saylı mənzil xx.xx.2022-ci il tarixdə birinci dəfə açıq hərracda satışa çıxarılmışdır. Həmin hərracın keçirilməsi vaxtı və yeri barədə xx.xx.2022-ci il bildiriş tərtib olunmuş, iddiaçının ünvanına göndərilmiş və xx.xx.2022-ci tarixdə sonuncuya imza etdirməklə şəxsən verilmişdir. Həmçinin hərracın keçirilməsi ilə bağlı elan “Birja yenilikləri” qəzetinin 17 may 2022-ci il tarixli 297 nömrəli buraxılışında dərc olunmuşdur. xx.xx.2022-ci il tarixdə keçirilən ilkin hərracda əmlak 152000 manata təklif olunmuş, lakin alıcı olmadığına görə bu hərrac baş tutmamışdır. xx.xx.2022-ci il tarixə təkrar hərrac təyin edilmiş və əmlak 15% aşağı qiymətə, 129200 manata təklif olunmuşdur. Həmin hərracın keçirilməsi vaxtı və yeri barədə də xx.xx.2022-ci il tarixli bildiriş tərtib olunmuş və iddiaçının ünvanına göndərilmişdir. Həmçinin hərracın keçirilməsi ilə bağlı elan “Birja yenilikləri” qəzetinin 14 iyun 2022-ci il tarixli 301 saylı buraxılışında dərc olunmuşdur. Lakin alıcı olmadığına görə bu hərrac da baş tutmamışdır. Bundan sonra Hərrac Mərkəzi hər iki hərracda əmlak satılmadığına görə ipoteka saxlayan "xxxx" QSC-yə və ipoteka qoyan İddiaçı xx.xx.2022-ci il tarixli bildiriş göndərərək, “İpoteka haqqında” Qanunun 43.7-ci maddəsinə əsasən ipoteka predmetini təkrar hərracdakı satış qiymətindən 25% az olmayan qiymətlə, yəni 96900 manata almağı təklif etmişdir. Göründüyü kimi hərrac keçirilərkən qanunvericiliyin tələblərinə əməl edilmişdir və hərracın nəticələrinin etibarsız hesab edilməsi üçün əsaslar mövcud deyildir. Məhkəmə hesab edir ki, daşınmaz əşyanın real bazar dəyərinin düzgün müəyyən edilməməsi və hərrac keçirilərkən qanunvericiliyin tələblərinin pozulması ilə bağlı iddiaçının dəlilləri öz təsdiqini tapmadığından, hərracın keçirilməsi ilə bağlı mövcud qanunvericilik normalarının və iddiaçının subyektiv hüququnun pozulması müəyyən edilmədiyindən iddia təmin edilə bilməz. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə iddianın rədd edildiyini nəzərə alaraq hesab edir ki, ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı cavabdehlər Respublika Xammal və Əmtəə Birjası, "xxxx" MMC, Cavabdeh3 MMC-yə qarşı ("xxxx" QSC müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) əmlakın qiymətləndirməsi haqda hesabatın və hərracın yekunları barədə protokolun etibarsız hesab edilməsi tələbinə dair iddiası təmin edilməməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 216-220, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Respublika Xammal və Əmtəə Birjası, "xxxx" MMC və Cavabdeh3 MMC-yə qarşı ("xxxx" QSC müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) əmlakın qiymətləndirməsi haqda hesabatın və hərracın yekunları barədə protokolun etibarsız hesab edilməsi tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nərgiz Tağıyeva
Məhkəmə qərarları › İş №2(005)-4043/2022
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-4043/2022
01.12.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver