Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-4071/2023 22.11.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə (açar sözlər: alimentin təyin edilməsi) Hakim Nuriyeva Səbinə Vidadi qızının sədrliyi, Məhkəmə iclas katibi Fətəlizadə Rufanə Xıdır qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “alimentin təyin edilməsi tələbinə” dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: I. İşin mahiyyəti: İddiaçı Cavabdeh qarşı “alimentin təyin edilməsi tələbinə” dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən azyaşlı uşaqlar xx.xx.2009-cu il təvəllüdlü X8 və xx.xx.2010-cu il təvəllüdlü X1 üçün sabit pul məbləği miqdarda hər uşaq üçün 220 manat, ümumilikdə 440 manat aliment tutulmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırmışdır ki, Cavabdeh ilə Bakı şəhəri Nizami rayon qeydiyyat şöbəsində xx.xx.2009-cu il tarixdə 213 nömrəli aktla nikaha daxil olmuşdur. Birgə nikahlarından xx.xx.2009-cu il təvəllüdlü X8 və xx.xx.2010-cu il təvəllüdlü X9 anadan olmuşdur. Nikaha daxil olduqdan sonra ailə münasibətləri normal olmuşdur. Bir-birlərini başa düşmüşlər və aralarında heç bir narazılıq olmamışdır. Bir müddət keçdikdən sonra ailə münasibətləri tədricən soyuyaraq hazırda tamamilə kəsilmişdir. Ayrı-ayrılıqda yaşayırlar. Yetkinlik yaşına çatmayan uşaqları isə öz himayəsindədirlər. Cavabdeh onların maddi vəziyyəti ilə maraqlanmır, heç bir kömək göstərmir. Öz qazancı ilə uşaqların təminatını ödəmək çətindir. II. Tərəflərin mövqeləri: Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək izahatında bildirmişdir ki, cavabdehlə birgə nikahından iki övladı vardır. Onlar öz himayəsindədir. Rəsmi iş yeri var, "Azərbaycan Elmi Tədqiqat X2 İnstitutu"-da kiçik tibb bacısı vəzifəsində işləyir. Cavabdeh ona hər hansı bir köməklik etmir. İyul ayından evdən çıxmışdır. Həmin vaxtdan heç bir maddi yardım göstərmir. Hazırda övladları ilə birgə kirayə mənzildə yaşayır. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qismən qəbul edərək bildirmişdir ki, ən çox 250 manat məbləğində aliment ödəyə bilər. Rəsmi iş yeri yoxdur. Lakin bəzən fəhlə kimi işləyir. İddiaçı özü mənzili tərk edib və buna onu heç kim məcbur etməyib. III. İşin faktiki halları: İş materiallarında olan: - Nizami rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 07 aprel 2009-cu il tarixli, AZ-İ № 480303 nömrəli nikah haqqında şəhadətnamənin surətindən və Abşeron rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş 16 fevral 2023-cü il tarixli arayışdan görünür ki, Cavabdeh ilə X10 arasında həmin tarixdə nikah bağlanmış və bu barədə nikah bağlanması haqqında akt qeydləri kitabında 07 aprel 2009-cu ildə 213 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə Məmmədov, arvada Məmmədova soyadı verilmişdir. - Abşeron rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş 16 fevral 2023-cü il tarixli arayışdan görünür ki, 12 may 2009-cu ildə Bakı şəhərində X4 doğulmuş X7 atası Cavabdeh hesab edilmişdir. - Nizami rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİ seriyalı 307622 saylı doğum haqqında şəhadətnamədən və Abşeron rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş 16 fevral 2023-cü il tarixli arayışdan görünür ki, X8 12 may 2009-cu ildə Bakı şəhərində anadan olmuşdur. Bu barədə 30 iyul 2009-cu il tarixdə Bakı şəhəri Nizami rayon qeydiyyat şöbəsində 1241 №-li doğum haqqında akt qeydi tərtib olunmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır. - Nizami rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİ seriyalı 566493 saylı doğum haqqında şəhadətnamədən və Abşeron rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş 16 fevral 2023-cü il tarixli arayışdan görünür ki, X9 25 may 2010-cu ildə Bakı şəhərində anadan olmuşdur. Bu barədə 07 yanvar 2011-ci il tarixdə Bakı şəhəri Nizami rayon qeydiyyat şöbəsində 03 №-li doğum haqqında akt qeydi tərtib olunmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır. IV. Tətbiq edilən hüquq və Məhkəmənin mövqeyi: Məhkəmə tərəflərin izahatlarını dinləyərək iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, məhkəmə baxışında müəyyən olunmuşdur ki, tərəflərin xx.xx.2009-cu il təvəllüdlü X5 və xx.xx.2010-cu il təvəllüdlü X9 adlı iki yetkinlik yaşına çatmayan övladları vardır. Tərəflər faktiki olaraq ayrılmaqla fərqli ünvanlarda yaşayırlar. Uşaqlar hal-hazırda iddiaçı ilə birlikdə yaşayırlar. İddiaçı uşaqların saxlanması üçün cavabdehdən hər ay hər uşaq üçün 220 manat olmaqla, cəmi 440 manat sabit pul məbləğində aliment tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh məhkəmə iclasında iddia tələbini qismən (250 manat) qəbul etdiyini bildirmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən cəmiyyətin əsas özəyi kimi ailə dövlətin xüsusi himayəsindədir. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci və 78.2-ci maddələrinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borcu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancının (gəlirinin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və sair gəliri yoxdursa, habelə alimentin valideyinin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancının (gəlirinin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. "Uşaq Hüquqları Haqqında" Azərbaycan Respublikası Qanunun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Qanunvericilik alimentin məbləğinin müəyyənləşdirilməsi zamanı əsas meyar kimi uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyən etmişdir. Lakin bu zaman tərəflərin maddi və ailə vəziyyətləri, eləcə də hər bir konkret hal üzrə müəyyən olunmuş digər diqqətəlayiq hallar da nəzərə alınmalıdır. “Elşolts Almaniyaya qarşı” işi üzrə Avropa Məhkəməsinin qərarında deyilir ki, Konvensiyanın 8- ci maddəsi tələb edir ki, dövlət hakimiyyəti orqanları uşağın maraqları ilə valideynlərin arasında ədalətli tarazlığa riayət etsinlər və tarazlaşdırma prosesində uşağın yüksək maraqlarına xüsusi əhəmiyyət verilməlidir, həmin maraqlar onların xarakterindən və ciddiliyindən asılı olaraq valideynlərin maraqlarından üstün tutula bilər. Xususən, 8-ci maddəyə əsasən valideyn uşağın sağlamlığına və inkişafına ziyan yetirə bilən tədbirlər görmək hüququna malik ola bilməz. “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə 2023-cü il üçün yaşayış minimumu uşaqlar üçün 220 (iki yüz iyirmi) manat məbləğində müəyyən edilmişdir. Məhkəmə Azərbaycan Respublikası Konstitusiyasının 17-ci, Ailə Məcəlləsinin 75, 76, 78, 112.1-ci maddələrinə əsaslanaraq qeyd edir ki, valideynlərin yetkinlik yaşına çatmayan uşaqlarını saxlamaq vəzifəsi valideynlərin yaşından, əmək qabiliyyətindən, hətta fəaliyyət qabiliyyətindən asılı olmayaraq müəyyən edilir. Valideynlərin zəruri vəsaitinin olmaması onları aliment ödəmək vəzifəsindən azad etmir. Valideynlər uşaqlarının saxlanması barədə öz aralarında qarşılıqlı razılığa əsasən xüsusi qayda və forma müəyyənləşdirə bilərlər. Lakin onlar (valideynlər) uşaqlarını saxlamaq vəzifəsini könüllü icra etmədikdə, bu, məhkəmə qaydasında həyata keçirilir. İddiaçı cavabdeh tərəfindən hər ay hər uşaq üçün 220 manat olmaqla, cəmi 440 manat sabit pul məbləğində alimentin ödənilməsini tələb edir. Qanunvericiliklə alimentin məbləğinin müəyyənləşdirilməsi zamanı əsas meyar kimi uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyən edilmişdir. Lakin bu zaman tərəflərin maddi və ailə vəziyyətləri, eləcə də hər bir konkret hal üzrə müəyyən olunmuş digər diqqətəlayiq hallar da nəzərə alınmalıdır. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, cavabdehin rəsmi iş yeri yoxdur, adına daşınar və daşınmaz əmlak qeydə alınmamışdır. İddiaçı "Azərbaycan Elmi Tədqiqat X2 İnstitutu" X11 kiçik tibb bacısı vəzifəsində işləyir. Aylıq əmək haqqı vardır. Məhkəmə iddiaçının tələbi üzrə toplanmış sübutlara qiymət verərək, tərəflərin ailə vəziyyətini, uşaqların əvvəlki yaşayış səviyyəsi və onların mənafeyinin müdafiəsi zəruriliyi kimi diqqətəlayiq digər halları, İddiaçı işləməsini, onun peşəsini və aylıq əmək haqqı məbləğini, Cavabdeh rəsmi iş yerinin olmamasını, onun əmlak vəziyyətini – adına daşınar və daşınmaz əmlak qeydə alınmamasını, əlavə gəlirlərinin olmasına dair (sahibkarlıq fəaliyyəti ilə məşğul olması və s.) halların məhkəmə tərəfindən müəyyən olunmamasını nəzərə alaraq, cavabdehdən hər ay hər uşaq üçün 150 manat olmaqla cəmi 300 (üç yüz) manat sabit pul məbləğində alimentin tutulmasını məqsədəmüvafiq hesab edir. Məhkəmə alimentin tutulma müddətini araşdıraraq, hesab edir ki, alimentin tutulma müddəti iddiaçının iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi vaxtdan başlanmalıdır. Belə ki, Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən, iddia ərizəsi xx.xx.2023-cü il tarixdə məhkəmənin icraatına daxil olduğundan, aliment məhkəməyə müraciət edildiyi vaxtdan, yəni xx.xx.2023-cü il tarixdən tutulmalıdır. Beləliklə yuxarıda qeyd olunan maddi hüquqn normaları və işin hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli. Cavabdeh xx.xx.2009cu il təvəllüdlü X5 və xx.xx.2010-cu il təvəllüdlü X6 yetkinlik yaşına çatana qədər saxlanılmaları üçün hər ay hər uşağa görə 150 (yüz əlli) manat olmaqla, cəmi 300 (üç yüz) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməli. Ərizə qalan hissədə təmin edilməməli. Alimentin tutulması xx.xx.2023-cü il tarixdən hesablanmalı. Qətnamə dərhal icra edilməli. Qətnamənin icrası Bakı şəhəri Nizami rayon İcra şöbəsinə həvalə edilməlidir. V. Nəticə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh xx.xx.2009-cu il təvəllüdlü X5 və xx.xx.2010-cu il təvəllüdlü X6 yetkinlik yaşına çatana qədər saxlanılmaları üçün hər ay hər uşağa görə 150 (yüz əlli) manat olmaqla, cəmi 300 (üç yüz) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. Ərizə qalan hissədə təmin edilməsin. Alimentin tutulması xx.xx.2023-cü il tarixdən hesablansın. Qətnamə dərhal icra edilsin. Qətnamənin icrası Bakı şəhəri Nizami rayon İcra şöbəsinə həvalə edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Səbinə Nuriyeva
Məhkəmə qərarları › İş №2(005)-4071/2023
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-4071/2023
22.11.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver