Məhkəmə qərarları › İş №2(005)-4174/2025

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-4174/2025

29.01.2026 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-4174/2025 29.01.2026 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Nərgiz Nazim qızının sədrliyi, Məhkəmə iclas katibi Gülməmmədova Qumru Habil qızının katibliyi, İddiaçı nümayəndəsi (anası) X3, vəkili Vəkil iştirakları ilə, İddiaçı Cavabdeh qarşı qızıl-zinət və cehiz əşyalarının qaytarılması tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cehizlərin: İran peçi (soba); soyuducu; tozsoran Samsung; qabaq stolu - 6 ədəd stul ilə birgə, əlavə 2 ədəd digər stul; yataq dəsti (çarpayı); çarpayı (tək) əl-üz dəsmalı - 12 dəst; çexol, mələfə - 6 dəst; yorğan - 3 dəst; yataq üzü - 1 dəst; döşək - 2 dəst; xalça - 2 ədəd; Cehiz qismində verilmiş mətbəx əşyalarının: mətbəx mebeli, nahar servisi - 1 dəst; qazan - 2 dəst; sini (padnos) -2 dəst; tefal tava dəsti; şirə stəkanı - 4 dəst; şirə bakalı - 4 dəst; meyvə vazı - 3 dəst; güldan (xrustal); güldan - 2 ədəd sadə; qaşıq dəsti - 12 ədəd; çəngəl dəsti - 12 ədəd; bıçaq dəsti - 6 ədəd; hədiyyə verilmiş qızıllar: nişan üzüyü - 1 ədəd, 3,2 qram, 585 əyar; sırğa - 1 cüt, 4,4 qram, 585 əyar; qızıl sep – 5,8 qram, 585 əyar; Özünün və uşaqlarının geyim əşyalarının, şəxsi əşyalarının və ayaqqabıların, mediasiya xərci olaraq ödənilmiş 60 manat pulun, iddianın məhkəməyə verilməsi üçün ödənilmiş 50 manat dövlət rüsumunun Cavabdeh alınaraq iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, cehizlərin: İran peçi (soba) və tozsoran Samsung - dəyərləri 547,72 manat; İndesit soyuducu - dəyəri 629,99 manat; qabaq stolu (6 ədəd stul ilə birgə, əlavə 2 ədəd digər stul) - dəyərləri 1000 manat; yataq dəsti (çarpayı) və çarpayı (tək) - dəyərləri 2200 manat; əl-üz dəsmalı (12 dəst) - dəyəri 60 manat; çexol, mələfə (6 dəst) - dəyəri 110 manat; yorğan (3 dəst) və yataq üzü (1 dəst) - dəyərləri 40 manat; döşək (2 dəst) və xalça (2 ədəd) - dəyərləri 250 manat; cehiz qismində verilmiş mətbəx əşyaları: mətbəx mebeli dəyəri 850 manat; nahar servisi (1 dəst) - dəyəri 50 manat; qazan (2 dəst) - 30 manat; sini (padnos -2 dəst) - dəyəri 30 manat; tefal tava dəsti -dəyəri 20 manat; şirə stəkanı (4 dəst) - dəyəri 70 manat; şirə bakalı (4 dəst) - dəyəri 100 manat; meyvə vazı (3 dəst) - dəyəri 80 manat; Madonna güldan (xrustal) - dəyəri 60 manat; güldan (2 ədəd sadə) - dəyəri 40 manat; qaşıq dəsti (12 ədəd), çəngəl dəsti (12 ədəd), bıçaq dəsti (9 ədəd) - dəyərləri 60 manat; hədiyyə verilmiş qızıllar: nişan üzüyü (1 ədəd, 3,2 qram, 585 əyar) - dəyəri 400 manat; sırğa (1 cüt, 4,4 qram, 585 əyar) - dəyəri 550 manat; qızıl sep (5,8 qram, 585 əyar) - dəyəri 750 manat; özünün və uşaqlarının geyim əşyaları, özünün və uşaqlarının şəxsi əşyaları və ayaqqabılarının, mediasiya xərci olaraq ödənilmiş 60 manat pulun, iddianın məhkəməyə verilməsi üçün ödənilmiş 50 manat dövlət rüsumunun Cavabdeh alınaraq iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, onun Cavabdeh ilə nikahı xx.xx.2021-cı il tarixdə rəsmi dövlət qeydiyyatına alınmışdır. Birgə nikahdan xx.xx.2023-cü il təvəllüdlü X5 dünyaya gəlmişdir. Son vaxtlarda mübahisələr baş vermis, nəticədə nikahları pozulmuşdur. Ailə qurduqları ilk vaxtlarda cavabdehin atası Rəmzi İbrahimova məxsus digər evdə yaşamış, daha sonra əri Cavabdeh atası X1 olan ünvan 1 ünvanda həyətyanı sahədə yerləşən digər uçuq özbaşına tikilini ata-anasından aldığı vəsait hesabına bərpa və təmir etməyə başlamışdır. Bir müddət sonra 2022-ci ilin dekabr ayında həmin evə köçmüşdür. Evə köçdükdən sonra cehiz əşyaları da həmin evə gətirilmişdir. 2025-ci ilin əvvəlində evin qapısının qıfılları cavabdehin atası Rəmzi İbrahimov tərəfindən dəyişdirilərək övladlarıyla bərabər çölə çıxarıldığından bütün şəxsi əşyaları və cehiz əşyaları evdə qalmışdır. Cehiz əşyaları ata-anası tərəfindən verilmişdir, qızıl-zinyət əşyası nikah dövründə hədiyyə olaraq verlimişdir. İstifadə şeyləri (geyim və s) də ona məxsusdur. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi (anası) X4, onun vəkili Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirmişlər ki, iddia ərizəsində göstərilən qızıllar, cehiz və şəxsi əşyalar cavabdehin qanunsuz sahibliyindədir. Cehizləri iddiaçının valideynləri kredit götürməklə almışdır. İddiaçı evi tərk edən zaman onların heç birini özü ilə götürə bilməmişdir. Qızıllar da hədiyyə alınmışdı, lakin onlar da həmin evdə qalmışdır. Bu səbəbdən də onların iddiaçıya qaytarılmasını xahiş edirlər. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş, iştirak etməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Mülki Prosssual Məcəllənin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçı tərəfin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq və toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia aşağıda qeyd edilənlərə əsasən qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, Cavabdeh mediasiya sessiyasında iştirak etməmişdir. İddiaçı tərəfindən 50 manat dövlət rüsumu, 10 manat poçt xərci olmaqla, 60 manat ödəniş edilmişdir; - Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 16(005)-435/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardad ilə ünvan 2də həyətdə yeni tikili evdə Cavabdeh sahibliyində olan iddiaçıya məxsus cehizlərin - İran peçi (soba); soyuducu; “Samsung” markalı tozsoran; 6 ədəd stul ilə birgə qabaq stolu, əlavə 2 ədəd digər stul; yataq dəsti (çarpayı); çarpayı (tək), 12 dəst əl-üz dəsmalı; çexol, 6 dəst hamam dəsmalı; 3 dəst yorğan; 1 dəst yataq üzü; 2 dəst döşək; 2 ədəd xalça;·cehiz qismində verilmiş mətbəx əşyalarının - mətbəx mebeli, nahar servisi (1 dəst), qazan (2 dəst), sini (padnos -2 dəst), “Tefal” markalı tava dəsti, şirə stəkanı (4 dəst), şirə bakalı (4 dəst), meyvə vazı (3 dəst), güldan (xrustal), güldan (2 ədəd sadə), qaşıq dəsti (12 ədəd), çəngəl dəsti (12 ədəd), bıçaq dəsti (6 ədəd); hədiyyə verilmiş qızılların - bir ədəd 3,2 qram 585 əyar nişan üzüyü; 4,4 qram 585 əyar sırğa (bir cüt); 5,8 qram 585 əyar qızıl sepdən ibarət əmlakların siyahıya alınması və üzərinə həbs qoyulması qərara alınmışdır; - Nərimanov Rayon İcra Şöbəsinin icra məmuru X6 və hal şahidləri İddiaçı, X4 tərəfindən imzalanmış xx.xx.2025-ci il tarixli aktdan görünür ki, ünvan 2də həyətdə yeni tikili evdə olan əmlaklara baxış keçirilən zaman onlardan hədiyyə verilmiş qızılların - bir ədəd, 3,2 qram, 585 əyar nişan üzüyü; 4,4 qram, 585 əyar sırğa, bir cüt; 5,8 qram, 585 əyar qızıl sep və “Samsung” markalı tozsoran aşkar edilməmiş, məhkəmə qərarında qeyd olunmuş digər əmlaklar isə siyahıya alınmaqla üzərinə həbs qoyulmuş və özgəninkiləşdirilməsi qadağan edilmişdir. İşin məhkəmə tərəfindən müəyyən olunmuş hallarından görünür ki, cavabdehlə iddiaçı xx.xx.2021-ci il tarixdə rəsmi nikaha daxil olmaqla ailə qurmuş, Nərimanov Rayon Məhkəməsinin 2(005)-2228/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsi ilə nikahları pozulmuşdur. Hazırda iddiaçı evdən çıxarkən qızıl-zinət əşyalarının, eləcə də cehiz və şəxsi əşyalarının cavabdeh tərəfdə qalmasına istinad edərək, həmin əşyaların alınaraq ona verilməsini xahiş edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 34.1 və 34.2-ci maddələrinə əsasən, nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). Zinət əşyaları istisna olmaqla, fərdi istifadə şeyləri (geyim, ayaqqabı və s.) nikah zamanı ər-arvadın ümumi vəsaiti hesabına əldə edilsə də, ər-arvaddan kimin istifadəsində olubsa, ona məxsusdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.2-ci maddəsinə görə, nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir Qeyd olunmalıdır ki, qızıl-zinət əşyalarının cavabdehdən alınması tələbinin maddihüquqi əsasını təşkil edən Mülki Məcəllənin 157.2-ci maddəsinin dispozisiya şərtlərinə görə əmlakın tələb edilməsi üçün üç şərtin mövcudluğu tələb olunur: 1) iddiaçı qaytarılması tələb olunan əşyanın mülkiyyətçisi olmalıdır; 2) əşya faktiki olaraq özgəsinin sahibliyində olmalıdır; 3) özgəsinin əşyaya sahibliyinin hüquqi əsası olmamalıdır. Bu şərtlərdən hər hansı birinin sübuta yetirilməməsi iddianın rədd olunması üçün əsasdır. Ona görə də Mülki Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgənin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, ilk növbədə qaytarılması tələb olunan əşyanın mülkiyyətçisi olduğunu, bundan sonra əşyanın faktiki olaraq özgəsinin sahibliyində olduğunu və nəhayət özgəsinin əşyaya sahibliyinin hüquqi əsasının olmadığını sübut etməlidir. Sadalanan hüquq normalarının məzmunundan göründüyü kimi, birgə nikah dövründə hədiyyə kimi əldə olunmuş əmlakları digər şəxsdən məhkəmə qaydasında tələb edən şəxs həmin əmlakların mövcudluğunu və göstərilən dəyərdə olduğunu, əşyaların onun mülkiyyətində olduğunu və hazırda özgəsinin qanunsuz sahibliyində qaldığını sübuta yetirməlidir. Yalnız mübahisəli əşyaların mövcudluğunun, iddiaçıya məxsusluğunun və müvafiq dəyərdə olduğunun sübuta yetirilməsi, yaxud cavabdeh tərəfindən bu halların mübahisələndirilməməsi, belə iddiaların təmin olunması üçün əsas ola bilər. Baxılan işin hallarından asılı olaraq məhkəmə iddiaçının evdən getmə şəraitini nəzərə almaqla, tələb olunan əşyaların cavabdeh tərəfdə qaldığı barədə qənaətə gələ, yaxud əşyaların aparıldığını sübut etmək yükünü cavabdeh tərəfin üzərinə qoya bilər. Lakin bunun üçün iddiaçı ilk növbədə həmin əşyaların mövcudluğunu, mövcudluğu sübuta yetirildiyi halda isə həqiqətən də birgə yaşadıqları evi, mübahisəli əmlakları özü ilə aparmaq imkanı olmadan tərk etdiyini sübuta yetirməli, yaxud cavabdeh tərəf bu halı mübahisələndirməməlidir. Hazırki işin hallarından göründüyü kimi, iddiaçı qızılların ünvan 2də həyətdə yeni tikilidə olduğunu qeyd etsə də, Nərimanov Rayon İcra Şöbəsinin icra məmuru X6 və hal şahidləri İddiaçı, X4 tərəfindən imzalanmış xx.xx.2025-ci il tarixli aktda qızıl-zinət əşyalarının aşkar edilmədiyi, bu səbəbdən siyahıya alınmadığı öz əksini tapmışdır. Nəzərə alınmalıdır ki, mülki prosessual qanunvericilik hakimin üzərinə öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmaq öhdəliyi qoyur və öz qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandırmağı qadağan edir. Qanun tərəflər arasında sübutetmə yükünü müəyyən etməklə yanaşı, işdə olan sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxılması, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilməsi qaydasını müəyyən edir (MPM-in 9.3, 77.1 və 88-ci maddələri). Prosessual qanunvericilik tərəflərin izahatlarını sübut növlərindən biri kimi qəbul etsə də, MPM-in 106.1-cı maddəsinə əsasən işdə iştirak edən şəxslərin izahatları o halda işin hallarını müəyyən etməyə imkan verən mötəbər sübut kimi hesab oluna bilər ki, həmin izahat iş üzrə toplanmış digər sübutlarla təsdiq olunsun. Hazırki halda, qızıl-zinət əşyalarının mövcudluğunu, onları özü ilə aparmadığını və əşyaların cavabdehdə qaldığını sübut etmə yükü iddiaçının üzərinə düşür. Qeyd olunan hallarla bağlı işdə iştirak edən şəxslərin izahatları o halda işin hallarını müəyyən etməyə imkan verən mötəbər sübut kimi qəbul oluna bilər ki, həmin izahatlar işdə olan digər sübutlarla təsdiqlənmiş olsun. Həmçinin qızıl-zinət əşyaları ilə bağlı iddiaçı tərəf 1 ədəd fotoşəkil təqdim etsə də, həmin qızıl-zinət əşyası iddia tələbinin predmeti olan bütün qızıl-zinət əşyalarını əhatə etmir və geri alınması istənilən qızıl-zinət əşyaları ilə eyniliyi də sübuta yetirilmir. Qeyd olunmalıdır ki, sübut o halda mötəbər hesab olunur ki, yoxlama nəticəsində onun məzmununu təşkil edən məlumatlar işin həqiqi halına uyğun olur. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Bu baxımdan sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Qızıl-zinət əşyalarının qaytarılması tələbinin təmin edilməsi üçün isə hazırki işdə müvafiq tələblərə cavab verən mötəbər sübutlar mövcud deyildir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, əşyaların hamısının mövcudluğu, onların həqiqətən qızıl olub-olmaması, iddia ərizəsində göstərilən qramda, əyarda olması, hətta onların mövcudluğu qəbul edilsə belə həqiqətən cavabdehdə qalması mötəbər sübutlarla təsdiq olunmur. Bu baxımdan iddiaçı qızıl-zinət əşyalarının mövcudluğunu və onların hazırda cavabdehin qanunsuz sahibliyində qalmasını sübuta yetirə bilmədiyindən iddia həmin hissədə rədd edilməlidir. İddia tələbinin cehiz əşyalarının qaytarılması hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, iş materiallarına əlavə edilmiş Nərimanov Rayon İcra Şöbəsinin icra məmuru X6 və hal şahidləri İddiaçı, X4 tərəfindən imzalanmış xx.xx.2025-ci il tarixli akta əsasən, “Samsung” markalı tozsoran istisna olmaqla, ərizədə göstərilən digər cehiz əşyalarının mübahisəli evdə mövcudluğu təsbit olunmuş və əşyalar siyahıya alınmışdır. Məhkəmə işin hallarına uyğun olaraq hesab edir ki, hazırki işdə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsində göstərilən şərtlər məcmu halında mövcuddur və iddianın təmin olunması üçün hüquqi əsasdır. Belə ki, mübahisəli cehiz əşyaları həqiqi hüquq əsasında iddiaçıya məxsusdur. Həmin əşyalar iddiaçının sahibliyində olmuş və iddiaçı həmin əşyalar üzərində mülkiyyət hüququ əldə etmişdir. Həmçinin iddiaçı tərəfindən bir sıra əşyaların alınmasına dair qəbzlər də təqdim edilmişdir. Hazırda həmin əşyalar iddiaçının iradəsinə zidd olaraq cavabdehin sahibliyindədir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, mövcudluğu sübuta yetirilmədiyindən iddia tələbi “Samsung” markalı tozsoranın qaytarılması hissəsində istisna olmaqla, qalan hissədə əsaslıdır. İddia tələbinin iddiaçının və uşaqlarının geyim əşyalarının, şəxsi əşyalarının və ayaqqabıların geri verilməsi hissəsində məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 34-cü maddəsinə əsasən, nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). Ziynət əşyaları istisna olmaqla, fərdi istifadə şeyləri (geyim, ayaqqabı və s.) nikah zamanı ər-arvadın ümumi vəsaiti hesabına əldə edilsə də, ərarvaddan kimin istifadəsində olubsa, ona məxsusdur. Ailə qanunvericiliyinin tələblərinə əsasən, fərdi istifadə əşyaları (geyim, ayaqqabı və s.) nikah zamanı ər-arvadın ümumi vəsaiti hesabına əldə edilsə də, ər-arvaddan kimin istifadəsində olubsa, ona məxsusdur. Yetkinlik yaşına çatmayan uşaqların tələbatını ödəmək üçün əldə olunan şeylər (geyim, paltar, ayaqqabı, məktəbli və idman ləvazimatları, musiqi alətləri, uşaq kitabxanası və s.) bölünmür və əvəzi ödənilmədən uşaqları ilə birgə yaşayan valideynə verilir. Odur ki, hazırki iş üzrə iddiaçı və uşaqlarına məxsus geyim və şəxsi əşyaları iddiaçıya verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 222.1-ci maddəsinə əsasən, məhkəmə əmlakın natura şəklində alınmasını qət etdikdə onun adını, alınmalı əmlak qətnamə icra olunan vaxt mövcud olmasa, cavabdehdən alınmalı əmlakın dəyərini qətnamənin nəticə hissəsində göstərməlidir. Hazırki iş üzrə cehiz əşyalarının hazırda cavabdehin evində mövcudluğu sübuta yetirildiyindən, məhkəmə iddia ərizəsində göstərilən qiymətlərin ağlabatan olduğunu və ekspertiza təyin edilməsinin əlavə xərclərə səbəb olacağını, habelə prosessual qənaət prinsipini nəzərə alaraq, qiymətləndirmə keçirilməsini zəruri hesab etməmişdir. Mülki Prosessual Məcəllənin 14.2, 77.1 və 217.4-cü maddələrinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə uyğun olaraq məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, ünvan 2ünvanında yeni tikilidə olan İddiaçı məxsus cehiz əşyaları: İran peçi (soba); İndesit soyuducu - dəyəri 629,99 manat; qabaq stolu (6 ədəd stul ilə birgə, əlavə 2 ədəd digər stul) - dəyərləri 1000 manat; yataq dəsti (çarpayı) və çarpayı (tək) - dəyərləri 2200 manat; əl-üz dəsmalı (12 dəst) - dəyəri 60 manat; çexol, mələfə (6 dəst) - dəyəri 110 manat; yorğan (3 dəst) və yataq üzü (1 dəst) dəyərləri 40 manat; döşək (2 dəst) və xalça (2 ədəd) - dəyərləri 250 manat; mətbəx mebeli - dəyəri 850 manat; nahar servisi (1 dəst) - dəyəri 50 manat; qazan (2 dəst) - 30 manat; sini (padnos -2 dəst) - dəyəri 30 manat; tefal tava dəsti -dəyəri 20 manat; şirə stəkanı (4 dəst) - dəyəri 70 manat; şirə bakalı (4 dəst) - dəyəri 100 manat; meyvə vazı (3 dəst) dəyəri 80 manat; madonna güldan (xrustal) - dəyəri 60 manat; güldan (2 ədəd sadə) dəyəri 40 manat; qaşıq dəsti (12 ədəd), çəngəl dəsti (12 ədəd), bıçaq dəsti (9 ədəd) dəyəri 60 manat; iddiaçının və uşaqlarının geyim əşyaları, şəxsi əşyaları və ayaqqabıları, əşyalar qətnamə icra olunan vaxt mövcud olmasa, onların dəyəri, mediasiya xərci olaraq ödənilmiş 60 manat pul, iddianın məhkəməyə verilməsi üçün ödənilmiş 50 manat dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı verilməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. ünvan 2ünvanında yeni tikilidə olan İddiaçı məxsus cehiz əşyaları: İran peçi (soba); İndesit soyuducu - dəyəri 629,99 manat; qabaq stolu (6 ədəd stul ilə birgə, əlavə 2 ədəd digər stul) - dəyərləri 1000 manat; yataq dəsti (çarpayı) və çarpayı (tək) - dəyərləri 2200 manat; əl-üz dəsmalı (12 dəst) - dəyəri 60 manat; çexol, mələfə (6 dəst) - dəyəri 110 manat; yorğan (3 dəst) və yataq üzü (1 dəst) dəyərləri 40 manat; döşək (2 dəst) və xalça (2 ədəd) - dəyərləri 250 manat; mətbəx mebeli - dəyəri 850 manat; nahar servisi (1 dəst) dəyəri 50 manat; qazan (2 dəst) - 30 manat; sini (padnos -2 dəst) - dəyəri 30 manat; tefal tava dəsti -dəyəri 20 manat; şirə stəkanı (4 dəst) - dəyəri 70 manat; şirə bakalı (4 dəst) dəyəri 100 manat; meyvə vazı (3 dəst) - dəyəri 80 manat; madonna güldan (xrustal) dəyəri 60 manat; güldan (2 ədəd sadə) - dəyəri 40 manat; qaşıq dəsti (12 ədəd), çəngəl dəsti (12 ədəd), bıçaq dəsti (9 ədəd) - dəyəri 60 manat; iddiaçının və uşaqlarının geyim əşyaları, şəxsi əşyaları və ayaqqabıları, əşyalar qətnamə icra olunan vaxt mövcud olmasa, onların dəyəri, mediasiya xərci olaraq ödənilmiş 60 manat pul, iddianın məhkəməyə verilməsi üçün ödənilmiş 50 manat dövlət rüsumu olmaqla, cəmi 110 (yüz on) manat məbləğində pul Cavabdeh alınaraq İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən sonra 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nərgiz Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar