Məhkəmə qərarları › İş №2(005)-4229/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-4229/2021

30.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-4229/2021 30.09.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Əmirxanova Kəmalə Fərman qızının sədrliyi, Eldarzadə Şirazi Elxan oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı, üçüncü şəxs Xətai rayonu İcra Şöbəsi müstəqil tələb irəli sürməyən şəxs qismində cəlb edilməklə yeni qiymətlərlə hərrac təyin edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı, üçüncü şəxs Xətai rayonu İcra Şöbəsi müstəqil tələb irəli sürməyən şəxs qismində cəlb edilməklə yeni qiymətlərlə hərrac təyin edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Xətai rayon Məhkəməsinin 01 iyun 2018-ci il tarixli qətnaməsi icra edilməsi üçün Xətai rayon İcra və probasiya şöbəsinə göndərilmişdir. Xətai rayon icra və Probasiya şöbəsinin 51.06.2018 ci il tarixli İcra sənədi üzrə Bakı səhəri, Xətai rayonu Seyid Əzim küçəsində yerləşən 9 saylı evin 137 saylı mənzilinə ilkin satış qiyməti 61 000 manat, Bakı səhəri, Xətai rayonu Məhəmməd Hadi küçəsində yerləşən 25 saylı evin 32 saylı mənzilinə ilkin satış qiyməti 59 000 manat, Bakı Səhəri Xətai rayonu, Əhmədli qəsəbəsi, Məzahir Rüstəmov küçəsində yerləşən, 20 saylı evin 26 saylı mənzilinə ilkin satış qiyməti 65 000 manat, Bakı səhəri, Xətai rayonu, Neapol küçəsində yerləşən 10 saylı evin 11 saylı mənzilinə ilkin satış qiyməti 59 000 manat olmaqla hərracın keçirilməsi 20.08.2021-ci il tarixinə təyin olunmuşdur. Həmin qiymətlər 2018-ci il üçün nəzərdə tutulmuşdur. Hal hazırda həmin mənzillərin 40 %-dən çox bahalaşmışdır. Köhnə qiymətlə mənzillərin hərraca çıxarılması iddiaçının hüquqlarını əhəmiyyətli dərəcə pozur. Ona görə də yeni qiymətlər müəyyən edilməli, bazar qiymətlərinə uyğun hərraca çıxarılmalıdır.Qeyd olunanlara əsasən bu mənzillərin real bazar qiyməti müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdehə və üçüncü şəxsə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq iclasda iştirak etmirlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin və üçüncü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş üzrə təqdim olunmuş digər sübutları tədqiq edərək, iddia tələblərinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, iddia tələbi əsassız olduğundan rədd edilməlidir. İş materiallarında olan Bakı şəhəri Xətai rayon Məhkəməsinin 01 iyun 2018-ci il tarixli qətnaməsindən müəyyən olunur ki, iddiaçı Rabitəbank ASC-nin İddiaçı qarşı iddiası qismən təmin olunmuş, cavabdeh İddiaçı, 05 sentyabr 2014 cü il tarixli RBYF-5279 saylı Baş kredit müqaviləsi üzrə 123500 manat əsas borc, 63746 manat faiz borcu, müqavilə müddəti bitdikdən sora illik 5 % ilə hesablanmış 4442.57 manat və 2500 manat cəmi 194188.57 manat pulun tutularaq iddiaçı Rabitəbank ASC-nə ödənilməsi, 15 sentyabr 2014-cü il tarixli RBYF-5279 saylı Baş kredit müqaviləsi üzrə tələbin cavabdeh X1 məxsus Sumqayıt şəhəri, Novxanı bağ massivində 1260V ünvanında yerləşən 0.12 ha torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 358.4 kv.m-dən ibarət 2 mərtəbəli 6 otaqlı bağ evinə yönəldilməsi və ilkin satış qiyməti 250.000 olmaqla açıq hərracdan satılması, həmin bağ evinə tutma yönəldikdən və satıldıqdan 1 ay sonra boşaldılması, cavabdeh İddiaçı 30 oktyabr 2015-ci il tarixli RBYF-5528 RES saylı Baş kredit müqaviləsi üzrə 85604.71 manat əsas borc 18161.97 manat faiz borcu, dəbbə 2000 manat, bildirişlərin qeydə alınması üçün ödənilmiş 210 manat və dövlət rüsumu kimi ödənilmiş 30 manat, cəmi 106.006. manat pulun tutularaq iddiaçı Rabitəbank ASC-nə ödənilməsi 30 oktyabr 2015-ci il tarixli RBYF-5528 RES saylı Baş kredit müqaviləsi üzrə tələb ipoteka müqavilələri ilə yüklü edilmiş X3 məxsus Bakı şəhəri, Xətai rayonu , X9 küçəsi ev 9, mənzil 137-yə, X3 məxsus Bakı şəhəri, Xətai rayonu Məhəmməd Hadi küçəsi ev 25 məzil 32-yə, X3 məxsus Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, Məzahir Rüstəmov küçəsi ev 20 məzil 26-ya, X4 məxsus Bakı şəhəri, Binəqədi rayonu , Mir Cəlal küçəsi ev 5 mənzl 16-ya, X2 məxsus Bakı şəhəri, Xətai rayonu Fəzail Bayramov küçəsi ev 5 məzil 21-22-yə, X3 məxsus Bakı Şəhəri Xətai rayonu Neapol küçəsi ev 10 mənzil 11-ə yönəldilməsi, X3 məxsus Bakı Şəhəri, Xətai rayonu, X9 küçəsi ev 9 mənzil 1_nin ilkin satış qiyməti 61000 manat, X3 məxsus Bakı şəhəri Xətai rayonu Məhəmməd Hadi küçəsi ev 25 mənzil 32-nin ilkin satış qiyməti 59000, X3 məxsus Bakı şəhəri Xətai rayonu Əhmədli qəsəbəsi Məzahir Rüstəmov küçəsi ev 20 mənzil 15-nın ilkin satış qiyməti 65000 manat, X4 məxsus Bakı şəhəri Binəqədi rayonu, Mir Cəlal küçəsi ev 5 mənzil 16-nın ilkin satış qiyməti 87000 manat, X2 məxsus Bakı şəhəri Xətai rayonu Fəzail Bayramov küçəsi ev 5 mənzil 21-22 nin ilkin satış qiyməti 105000 manat, X3 məxsus Bakı şəhəri Xətai rayonu Neapol küçəsi 10 mənzil 11-in ilkin satış qiyməti 59000 olmaqla açıq hərracda satılması barədə qətnaməsi qəbul edilmişdir. İş materiallarında olan tərəflərə göndərilmiş açıq hərracın keçirilməsinə dair 28 iyul 2021-ci il tarixli 01 nömrəli bildirişdən müəyyən olunur ki, sözügedən mənzillərə dair Bakı şəhəri Xətai rayon Məhkəməsinin 01 iyun 2018-ci il tarixli qətnaməsi ilə müəyyən olunmuş qiymətlərlə hərrac təyin olunmuşdur və hərrracın keçiriləcəyi yer və vaxt barəsində məlumat verilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 415.1-ci maddəsinə görə auksionlar və müsabiqələr açıq və qapalı ola bilər. Açıq auksionda və açıq müsabiqədə istənilən şəxs iştirak edə bilər. Qapalı auksionda və qapalı müsabiqədə yalnız bu məqsəd üçün dəvət olunan şəxslər iştirak edirlər. Mülki Məcəllənin 415.2-ci maddəsinə əsasən qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci 30 (otuz) gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Əgər hərracın predmeti müqavilə bağlamaq hüququdursa, qarşıdakı hərrac barəsində bildirişdə bunun üçün verilən müddət göstərilməlidir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 42.1-ci maddəsinə əsasən hərracın təşkilatçısı hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində elan dərc etdirir, ipoteka saxlayana və ipoteka qoyana verilməsini təsdiq etmə üsulu ilə bildiriş göndərir. Birinci elan və bildiriş hərracın keçirilməsinə ən geci 30 təqvim günü qalmış verilir. Hərracın keçirilməsinə 15 təqvim günü qalmış ikinci elan verilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, forması, onun predmeti və keçirilmə qaydası, ilkin satış qiyməti, hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Hərracın iştirakçısı hərracın predmetinin ilkin satış qiymətinin 5 faizi miqdarında beh ödəməlidir. F.Cavadov və V.Aslanovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mulki işlər üzrə məhkəmə kollegiyasının 23 oktyabr 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun 30 dekabr 2008-ci il tarixli qərarında qeyd olunur ki, Mülki Məcəllənin 415.2-ci maddəsində göstərilmişdir ki, qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci 30 gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericilikdə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Konstitusiya Məhkəməsinin Plenumu vurğulamışdır ki, bu maddənin məzmununda nəzərdə tutulan bildiriş ümumiyyətlə hüquqi təbiətinə görə birtərəfli əqd kimi qeyri-məhdud şəxslər dairəsinə ünvanlanan təklif (oferta) hesab edilir və bu maddədə hərracın keçirilməsini bildirişin yazılı surətdə bilavasitə borcluya, yaxud da tələbkara göndərilməsindən və onların məcburi iştirakından asılı edərək qadağa qoyulmur. Məhkəmə iddia tələbinin əsası və iddiaçı tərəfin dəlilləri ilə aşağıdakı əsaslara görə razılaşmır. İş materiallarından göründüyü kimi İddiaçıa hərracın keçirilmə vaxtı və yeri barədə bildirişlə məlumat verilmiş, həmçinin hərracın keçirilmə vaxtı və yeri barədə “Birja Yenilikləri” qəzetinin ayrı-ayrı buraxılışlarında elanlar yerləşdirilmişdir. Girov daşınmaz əmlakların hərraca çıxarılacaq ilkin satış qiyməti qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmişdir. Prosessual qanunvericiliyin tələblərinə əsasən əsasən hər bir tərəfin öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli olduğunu, iddiaçının isə məhkəməyə qeyd edilən əmlakların qiymətinin qat-qat yuxarı olmasını sübuta yetirə bilmədiyini nəzərə alaraq, məhkəmə iddianın təmin edilməsi üçün heç bir əsas görmür. Məhkəmə iddia ərizəsi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Azərbaycan Respublikası Konstitusiyasında ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması (127-ci maddənin İİ hissəsi), məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi (127-ci maddənin Vİİ hissəsi) təsbit olunmuşdur. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində hər kəsin onun mülki hüquq və vəzifələri müəyyən edilərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə işinin ədalətli araşdırılması hüququna malik olması təsbit edilmişdir. Bu müddəalara uyğun olaraq ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (MPM-in 9.1, 9.3, 217.1 və 217.3-cü maddələri). İddia tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu halda, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı, üçüncü şəxs Xətai rayonu İcra Şöbəsi müstəqil tələb irəli sürməyən şəxs qismində cəlb edilməklə yeni qiymətlərlə hərrac təyin edilməsi tələbinə dair iddiası təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edilmədiyindən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı, üçüncü şəxs Xətai rayonu İcra Şöbəsi müstəqil tələb irəli sürməyən şəxs qismində cəlb edilməklə yeni qiymətlərlə hərrac təyin edilməsi tələbinə dair iddia ərizəsi təmin edilməsin. Qətnamədən, onun alındığı və ya təqdim olunduğu gündən 1 ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Kəmalə Əmirxanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar