Məhkəmə qərarları › İş №2(005)-425/2022

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-425/2022

28.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-425/2022 28.04.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi Məhkəmə iclasının katibi X1, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “sığorta ödənişinin ödənilməsi” tələbinə dair mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" ASC-dən sığorta ödənişi olaraq 2878.60 manat (zədələnmiş ehtiyat hissələrinin qiyməti ƏDV-siz 1770 AZN + təmir xərci 790 manat + ehtiyat hissələrinə görə 1770 AZN-nin əlavə 18 % ƏDV-siz 318.60 manat), hüquqi xidmətə görə vəkilə ödənilmiş 211 manat, iddianın verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 51 manat məbləğində pulun İddiaçı xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, "SEAT" markalı "EXEO" modelli **-KX-*** dövlət qeydiyyat nişanlı avtomobil iddiaçının mülkiyyətindədir. Həmin avtomobil əmlaka vurulan zərərə görə sığorta olunmuşdur. 26 sentyabr 2021-ci il tarixində, 16:15 radələrində, Abşeron rayonu, 28 may küçəsində X3 idarə etdiyi "Ural" markalı, H028866 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsindəki sol pilləkən qoparaq iddiaçıya məxsus avtomobilinin üzərinə düşmüş və nəticədə "xxxx" ASC-də sığortalanan avtomobilə zərər dəymişdir. Bu barədə Abşeron RPİ DYPŞ tərəfindən nəqliyyat vasitəsinin zədələnməsi barədə arayış tərtib edilmişdir. Yəni, sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə arayışdan görünür ki, "Ural" markalı, H028866 dövlət qeydiyyat nişanlı yük maşınındakı sol pilləkən qoparaq iddiaçının mülkiyyətində olan və onun idarə etdiyi "SEAT" markalı "EXEO" modelli **-KX-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə düşmüş, nəticədə əmlaka zərər dəymiş və "Ural" markalı, H028866 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü yol-nəqliyyat hadisəsinin baş verməsində təqsiri olan şəxs olaraq müəyyən edilmişdir. "KİA MOTORS" tərəfindən tərtib olunmuş 28.09.2021-ci il tarixli "qüsur aktına" əsasən, "SEAT" markalı "EXEO" modelli **-KX-*** dövlət qeydiyyat nişanlı avtomobilə ümumilikdə 755 manat məbləğində zərər dəyməsi müəyyən olunmuşdur. "xxxx" ASC tərəfindən iddiaçıya ünvanlanmış 06.10.2021-cu il tarixi, 1207-10/21 SH saylı məktubdan görünür ki, "KİA MOTORS" tərəfindən müəyyən etdiyi zərər məbləğini təşkil edən 755,00 manatın pul şəklində alınması, buna razı olmadığı təqdirdə isə avtomobilin təmir olunması üçün sığorta şirkətinin təyin etdiyi avtotəmir müəssisəsinə təqdim edilməsi iddiaçıya təklif olunmuşdur. İddiaçı "xxxx" ASC tərəfindən müəyyən edilən avtomobilə dəymiş zərərin məbləği ilə razı deyil. İddiaçı baş vermiş hadisə nəticəsində nəqliyyat vasitəsinə dəymiş zərərin məbləğinin manat etmədiyini, real zərərin ödənilməsi barədə müvafiq tədbirlərin görülməsini xahiş etsə də, cavabdeh həmin məbləği ödəməkdən imtina etmiş və bugünə qədər həmin məbləğin ödənilməsindən qərəzli şəkildə yayınmışdır. Belə ki, "xxxx" ASC ehtiyat hissələrini 565 AZN dəyərində və xidmət haqqı məbləğini 210 manat hesablamışdır. Cavabdeh ehtiyat hissələrini çin istehsalı olan ehtiyat hissələrinin qiyməti ilə müqayisə edərək, sığorta ödənişinin məbləğini az hesablamışdır. Halbuki, "EURO STYLE" LTD-nin müstəqil ekspertləri tərəfindən tərtib edilmiş 19.10.2021-ci il tarixli qüsur aktına əsasən, zədələnmiş ehtiyyat hissələrinin qiyməti ƏDV-siz 1770 AZN və xidmət haqqı 790 manat təşkil edir. Yəni, "EURO STYLE" LTD-nin qüsur aktı ilə, vurulmuş zərər nəticəsində "SEAT" markalı "EXEO" modelli **-KX- *** dövlət qeydiyyat nişanlı avtomobilin (ehtiyat hissələri və təmir bərpa) xərci cəmi təxminən 2560.0 manat müəyyən edilir. Bundan başqa, hazırda ehtiyat hissələri bazarında qeyd edilən original ehtiyat hissələrinin qiymətləri və təmir xərcləri həmin civardadır. Eyni zamanda 28.10.2021ci il tarixli, 16698 saylı qəbzə əsasən, iddiaçı tərəfindən mülki iş üzrə hüquqi yardım göstərilməsi üçün Vəkil hesabına 211 manat məbləğində pul vəsaiti, iddia ərizəsi üçün 51 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə iclaslarında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ötən məhkəmə iclasında iştirak etmiş cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə iddia ərizəsini qəbul etməyərək, iddia ərizəsinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki: Abşeron rayon Polis idarəsi tərəfindən verilmiş Nəqliyyat vasitələrinin zədələnməsi barədə arayışdan görünür ki, "SEAT" markalı "EXEO" modelli **-KX-*** dövlət qeydiyyat nişanlı avtomobilin ön şüşə, sağ güzgü və s. hissələri zədələnmişdir; "EURO STYLE" LTD-nin “Qüsur aktı”na əsasən "SEAT" markalı "EXEO" modelli **-KX-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyanın həcmi 2560,00 manat təşkil edir; "xxxx" ASC-nin 06.10.2021-ci il tarixli İddiaçı ünvanladığı məktubundan görünür ki, avtomobilə dəymiş ziyan 755 manat məbləğində müəyyən edilmişdir; "Kia Motors" “Qüsur aktı”na əsasən "SEAT" markalı "EXEO" modelli **-KX-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyanın həcmi 755,0 manat təşkil edir; 21.02.2022-ci il tarixli, 9/9487 nömrəli Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspert rəyindən görünür ki, nəzəri hesablama yolu ilə, “Kia Motors”un 28.09.2021-ci il tarixli və “Euro Style” LTD- nin 25.10.2021-ci il tarixli qüsur aktlarındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2011-ci il buraxılışlı “Seat Exeo” markalı, **-KX-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 2560,0 manat müəyyənləşdirilmişdir. Aparılmış ekspertiza tədqiqatının dəyəri 100,0 manat təşkil edir. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, İddiaçı ilə cavabdeh "xxxx" ASC arasında bağlanmış müqaviləyə əsasən müvafiq şəxsi minik avtomobili icbari sığorta növü üzrə sığorta edilmişdir. Sığorta müqaviləsinə əsasən cavabdeh sığorta şirkəti tərəfindən avtomobillər üçüncü şəxslərin qanuna zidd hərəkətlərindən sığorta edilmişdir. Qeyd edilən avtomobillər üzrə sığorta hadisəsi baş vermişdir. İşin mübahisəsiz hallarından görünür ki, İddiaçı məxsus olan "SEAT" markalı "EXEO" modelli **-KX-*** dövlət qeydiyyat nişanlı avtomobil 26.10.2021-ci il tarixdə, saat 16:15 radələrində Abşeron rayonu, 28 may küçəsində X3 idarə etdiyi "Ural" markalı, H028866 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsindəki sol pilləkən qoparaq iddiaçıya məxsus avtomobilinin üzərinə düşmüş və nəticədə "SEAT" markalı "EXEO" modelli **-KX-*** dövlət qeydiyyat nişanlı avtomobil zədələnmişdir. İş üzrə aparılmış ekspert rəylərindən də aydın olur ki, ümumi dəymiş 2560 manat müəyyən olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-21.3-cü maddələrinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır; Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 898.1-ci maddəsinə əsasən icbari sığorta qanunlarında və könüllü sığorta növləri üzrə sığorta müqavilələrində şərtli və ya şərtsiz azadolma məbləği, həmçinin gözləmə müddəti müəyyən oluna bilər; 898.4-cü maddəsinə əsasən şərtsiz azadolma məbləği nəzərdə tutulduqda həmin məbləğ hər bir halda tətbiq edilir; 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan 3-cü şəxsə qarşı malik olduğu hüquqlarından və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur; 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığortaçı ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir; 936.5-ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin qanunvericiliyə əsasən, dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər; 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsulliyyəti daşıyır; 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir; 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur; 1108.2-ci maddəsinə əsasən yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər; 1114.1-ci maddəsinin tələblərinə görə başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. "İcbari sığortalar haqqında" Azərbaycan Respublikası Qanununun: 25.1.3-cü maddəsinə əsasən icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır; 916.1-ci maddəsinə əsasən əgər sığortalı zərərin əvəzini ödəmək tələbini 3-cü şəxs qarşısında irəli sürə bilərsə, həmin tələb sığortaçıya bu şərtlə keçir ki, o, zərərin əvəzini sığortalıya ödəmiş olsun; 934.1-ci maddəsinə əsasən bu Məcəllənin 933.1-ci maddəsində nəzərdə tutulan sənədlərdən sonuncusunun (bu Məcəllənin 933.3-cü maddəsi nəzərə alınmaqla) sığortaçıya daxil olduğu tarixdən 7 (yeddi) iş günündən gec olmayaraq sığortaçı sığorta ödənişini verməli, yaxud sığortalıya, sığorta olunana və ya faydalanan şəxsə sığorta ödənişinin verilməsindən imtina haqqında yazılı şəkildə əsaslandırılmış bildiriş təqdim etməlidir; 934.2-ci maddəsinə əsasən sığortaçı sığorta ödənişini icbari sığorta qanunları və ya sığorta müqaviləsi ilə müəyyən olunmuş müddətdə ödəmədikdə, hər gecikdirilmiş gün üçün sığorta ödənişi məbləğinin 0,1 faizi həcmində dəbbə pulu ödəyir. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi tələb olunan sığorta ödənişi və hüquqi xidmət hissəsində qismən təmin edilməli, "SEAT" markalı "EXEO" modelli **-KX-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyan üzrə cavabdeh “Meqa Sığorta’' ASC-dən 2560 manat məbləğində sığorta ödənişin, hüquqi yardıma görə 100 manat cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətindən İddiaçı xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115.0.6-cı maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məsrəflərə vəkillərə etdikləri kömək üçün ödənilən xərclər daxildir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, hüquqi xidmət üçün müəyyənləşdirilən məbləğ müqavilə azadlığı prinsipi əsasında həmin müqavilənin iştirakçıları tərəfindən müəyyən olunduğundan, hüquqi yardıma görə xərclər, eləcə də digər xərclər nəzərə alınaraq işin halları nəzərə alınmaqla, cavabdehdən ağlabatan məbləğdə, yəni 100 manat məbləğində tutularaq iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətindən 2560,00 manat məbləğində sığorta ödənişi, hüquqi yardıma görə 100 manat və 51 manat dövlət rüsumu, cəmi 2711,00 (iki min yeddi yüz on bir) İddiaçı xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Keçirilmiş məhkəmə ekspertizası xərci olaraq 100 (bir yüz) manat cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətindən tutularaq Azərbaycan Respublikasi Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizasi Mərkəzinin (VÖEN **********, AZ34CTRE********************, X2, KOD 210005 VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944 SWİFT BİK CTREAZ22) hesabına keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Aytən Novruzova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar