Məhkəmə qərarları › İş №2(005)-427/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-427/2021

09.07.2021 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-427/2021 09.07.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əmirxanova Kəmalə Fərman qızının sədrliyi Məhkəmə iclasının katibi X2, İddiaçı MMC-nin nümayəndəsi Vəkil, Cavabdeh nümayəndəsi (vəkili) X4 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “müqavilənin ləğvi və öhdəliklərə xitam verilməsi” tələbi barədə ilk, Cavabdeh İddiaçı MMC-yə qarşı «mənzilin sahibliyə və istifadəyə verilməsi, mənzildən istifadə hüquqlarının həyata keçirilməsinə müdaxilə və maneçilik hərəkətlərinin qadağan edilməsi» barədə qarşılıqlı iddia ərizələri üzrə mülki işə 09 iyul 2021-ci il tarixdə Bakı şəhərində, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı “müqavilənin ləğvi və öhdəliklərə xitam verilməsi” tələbi barədə ilk iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 31.08.2017-ci il tarixli maliyyə arayışının etibarsız hesab edilməsi, tərəflər arasında olan öhdəliklərə xitam verilməklə 05.01.2016-cı il tarixli müqavilənin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İlk iddia ərizəsi belə əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 05.01.2016-cı il tarixli müqaviləyə əsasən MMC-nin Bakı şəhəri, N.Əliyev 10 ünvanda tikdiyi hündürmərtəbəli yaşayış binasının 60 kv.m olan 1 otaqlı mənzilin 96000 manata alğısatqısına dair tərəflər arasında razılığa gəlinmişdir. Müqavilənin bağlanmasına əsas səbəb ondan ibarətdir ki, cəmiyyətin direktorunun çox yaxın dostu olan Əziz Əliyev onlara müraciət edərək oğlunun külli miqdarda borcunun olduğunu, həmin şəxslərin oğluna qarşı müvafiq qaydada prokurorluq orqanına müraciət etdiyini, borcu qaytarmayacağı təqdirdə ona qarşı cinayət işinin başladılacağını bildirərək, əvvəlki şərikliyi, dostluğunu nəzərə alaraq, oğlunun azyaşlı övladının olmasını və həbsxanalarda çürüməməsi üçün ona köməklik göstərməyi xahiş etmişdir. Əziz müəllim cavabdehin şəxsiyyət vəsiqəsini 05.01.2016-cı il tarixdə MMC-yə təqdim edərək cavabdehlə sahəsi 60 kv.m olan 1 otaqlı mənzilə dəyəri 96000 manat olmaqla müqavilə bağlamalarını ondan xahiş etmişdir. O, Əziz müəllimə müqavilə bağlanmasında hər hansı bir problemin olmadığını, lakin müqavilə üzrə vəsait ödənilmədiyindən maliyyə arayışı verə bilməyəcəyini bildirmişdir. Əziz müəllim hər şeyə hazır olduğunu, nəyin bahasına olursa olsun oğlunun həbsə girməyinə izin verməmələrinə dair onlara yalvarmağa başlamışdır. Əziz müəllimə olan inam və etibarından irəli gələrək cavabdehə yuxarıda qeyd edilən mənzilin alqı-satqısına dair müqavilə imzalayaraq və guya ki, 96000 manat pulun ödənildiyi, lakin maliyyə arayışı vermədən müvafiq sənədləri Əziz müəllimə təqdim etmişlər. Əziz müəllim müvafiq sənədləri aparıb dediyinə görə borc sahiblərinə imzalatdırıb MMC-yə təqdim etmişdir. Lakin 31.08.2017-ci il tarixdə Əziz müəllim bir daha gələrək maliyyə arayışı olmadığı üçün oğlundan Bakı şəhər prokurorluğuna şikayət edildiyini bildirərək bir daha pulu vəziyyətdən çıxan kimi ödəyəcəyinə söz verərək maliyyə arayışı verilməsi üçün yalvarmışdır. Təəsüf və ürək ağrısı hissi ilə bildirirlər ki, Əziz müəllimin oğlu mərhum Elvin Əziz oğlu təzyiqlərə dözməyərk özünü asaraq intihar etmişdir. Bundan sonra dəfələrlə cavabdeh müraciət edərək mənzilin pulunun ödənilmədiyini və belə davam edəcəyi təqdirdə müqaviləni ləğv edəcəyini bildirsələr də, bu günə qədər cavabdehdən hər hansı bir cavab ala bilməmişlər. Odur ki, məcbur qalaraq məsələnin məhkəmə qaydasında həll edilməsinə qərar vermişlər. Birmənalı olaraq məhkəmənin diqqətinə çatdırırlar ki, aralarında bağlanmış 05.01.2016-cı il tarixli müqaviləyə məhz bu səbəblərdən 31.08.2017-ci il tarixdə maliyyə arayışı verilmişdir. Müqaviləyə əsasən qeyd edilən 96000 manat vəsait MMC-nin xəzinəsinə daxil olmadığına görə maliyyə arayışı yarımçıq qalmaqla mühasib tərəfindən imzalanmamışdır. Hesab edirlər ki, qeyd olunan maliyyə arayışı yarımçıq olmaqla bərabər həm də etibarsızdır. 96000 manat vəsaitin MMC-nin xəzinəsinə mədaxil olmadığı hər iki tərəfə ilk andan məlum olmuşdur. Qeyd edilən müqavilə üzrə tərəf olaraq üzərlərinə düşən öhdəliyi yerinə yetirməyə, yəni mənzili cavabdehə təhvil verməyə bu gün də hazırlar. Həmin vəsait MMC-yə ödənilməyəcəyi halda cavabdehin öhdəliklərinə xitam verilməli və müqavilə ləğv edilməlidir. Əlavə olaraq məhkəmənin diqqətinə çatdırırlar ki, yuxarıda qeyd etdikləri hal üzrə Bakı şəhəri, Nərimanov rayon Prokurorluğuna 2018-ci ildə tarixdə cinayət işi açılmış və işin bütün halları üzrə yuxarıda qeyd etdiyi xüsusatlar öz hüquqi təsdiqini tapmışdır. Beləliklə MMC-yə 96000 manat ödənişi təsdiq edən mədaxil qəbzi olmadığına və verilən maliyyə arayışı tam olmadığına görə etibarsız hesab edilməklə mühasibin imzası olmadığından hesab edirlər ki, MMC olaraq cavabdehin qarşısında hər hansı öhdəlik daşımırlar. Beləliklə Azərbaycan Respublikasının mülki qanunvericilik sistemində vicdanlılıq ümumi prinsip kimi mülki hüquq subyektləri üçün öz hüquq və vəzifələrinin vicdanla yerinə yetirmək öhdəliyini nəzərdə tutur və istənilən mülki hüquq normasının tətbiqi zamanı bu prinsipin tələbləri nəzərə alınmalıdır. Cavabdeh tərəfindən müqavilə üzrə qeyd edilən 60 kv.m-dən ibarət 1 otaqlı mənzilin haqqı MMC-yə ödənilmədiyi və maliyyə arayışı tam imzalanmadığına görə etibarsız hesab edilməli və müqavilə üzrə tərəflər arasında olan öhdəliklərə xitam verilməlidir. Göstərilənləri nəzərə alaraq iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh İddiaçı MMC-yə qarşı «mənzilin sahibliyə və istifadəyə verilməsi, mənzildən istifadə hüquqlarının həyata keçirilməsinə müdaxilə və maneçilik hərəkətlərinin qadağan edilməsi» barədə qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ilkin iddianın rədd edilməsi, Bakı şəhəri, Xətai rayonu, S.Orucov və N.Əliyev küçələrinin kəsişməsinləki 1204cü məhəllədə inşa edilmiş 19 mərtəbəli yaşayış binasının ikinci girişin 3 mərtəbəsində yerləşən 60 kv.m sahəsi olan 103 saylı 1 otaqlı mənzilin onun istifadəsinə verilməsi vəzifəsinin İddiaçı MMC-yə həvalə edilməsi və həmin mənzildən onun istifadə hüquqlarının həyata keçirilməsində müdaxilə və maneçilik hərəkətlərinin İddiaçı MMC-yə qadağan edilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Qarşılıqlı iddia ərizəsi belə əsaslandırılmışdır ki, onunla cavabdeh arasında bağlanmış 05.01.2016-cı il tarixli müqavilə imzalanan zaman mənzilin dəyəri tam ödənilmişdir və bu halı MMC-nin rəhbərliyi öz imzası ilə təsdiqləsə də mənzilin dəyərinin ödənilməsinə dair mədaxil qəbzi və müvafiq maliyyə arayışı ona verilmədi və bunu cəmiyyətin rəhbərliyi həmin zaman cəmiyyətin mühasibinin ofisdə olmaması ilə əlaqələndirmişdir. Uzun sürən tələblərindən sonra 31.08.2017-ci il tarixdə maliyyə arayışı cəmiyyətin rəhbərliyi tərəfindən ona təqdim olunsa da, aralarında bağlanmış 05.01.2016-cı il tarixli müqavilədən irəli gələn öhdəliklər iddiaçı tərəfindən 4 ildən çox vaxtdır ki icra olunmur və bununla da iddiaçı aldığı mənzilə yaranmış sahiblik və istifadə hüquqlarından onu faktiki məhrum etmişdir. Göstərilənləri nəzərə alaraq ilkin iddianın rədd edilməsi, Bakı şəhəri, Xətai rayonu, S.Orucov və N.Əliyev küçələrinin kəsişməsinləki 1204-cü məhəllədə inşa edilmiş 19 mərtəbəli yaşayış binasının ikinci girişin 3 mərtəbəsində yerləşən 60 kv.m sahəsi olan 103 saylı 1 otaqlı mənzilin onun istifadəsinə verilməsi vəzifəsinin İddiaçı MMC-yə həvalə edilməsi və həmin mənzildən onun istifadə hüquqlarının həyata keçirilməsində müdaxilə və maneçilik hərəkətlərinin İddiaçı MMC-yə qadağan edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında izahatı alınmış ilk iddia üzrə İddiaçı MMC-nin nümayəndəsi ilk iddianı tam müdafiə edərək, onun təmin edilməsini, qarşılıqlı iddianı isə qəbul etməyərək onun rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında izahatı alınmış ilk iddia üzrə Cavabdeh ilk iddiaya etiraz edərək, onun rədd edilməsini, qarşılıqlı iddianı isə tam müdafiə edərək, tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, tərəflərin nümayəndələrinin izahatlarını və şahid ifadələrini dinləyib, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək, hesab edir ki, ilk iddia tələbi əsassız olduğu üçün təmin edilməməli, qarşılıqlı iddia tələbi isə əsaslı olduğu üçün təmin edilməlidir. Məhkəmə iclasında şahid X10 ifadəsində bildirmişdir ki, onun İddiaçı MMC–nin direktoru Vəli Babayevlə aralarında dostluq münasibətləri olmuşdur. Ümumiyyətlə, Cavabdeh İbrahim qızı adlı şəxsi tanımır. Vəli Babayevdən borc məqsədilə ev almış, lakin borcunu ödəməmişdir. X13 150000 manat borcu qalmışdır. Məhkəmə iclasında şahid X3 ifadəsində bildirmişdir ki, İddiaçı MM –də mühasib vəzifəsində işləyir. Maliyyə arayışına əsasən pul tam ödənilmədiyi halda o, imza çəkmir. Əgər o, maliyyə arayışına əsasən imza çəkməmişdirsə, deməli pul xəzinəyə daxil edilməmiş və dövlət vergisi də ödənilməmişdir. Məhkəmə iclasında şahid X7 ifadəsində bildirmişdir ki, o İddiaçı MMC –nin direktoru Vəli Babayevi 30 ildən çoxdur ki, tanıyır. O, İddiaçı MMC-də icraçı vəzifəsində işləyir. Mənzilin satış prosedura belədir ki, müştəri gəlir, ofisə yaxınlaşır, ev almaq istədiyini bildirir. Həmin şəxsi Vəli müəllimə yönəldirlər. Satış işi ilə məşğul olan məhz Vəli müəllimdir. Vəli müəllim daha sonra ona zəng edir və müştərini mənzillərlə o, tanış edir. O, gələn müştərilərin hamısını tanıyır. Nüşabə adlı xanımı ümumiyyətlə görməmiş və tanımır. Sözügedən mənzil Sabit Orucov küçəsi Natiq Əliyev kəsişməsində yerləşir.103 nömrəli mənzilə dair açarı ondan istəyib tanış olmaq istəyən olmayıb. O evdə heç kim yaşamır və təmir işləri getməyib. İş materiallarında olan İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 05.01.2016-cı il tarixli müqaviləyə əsasən “MMC” Bakı şəhəri, Xətai rayonu ərazisində S.Orucov və N.Əliyev küçələrinin kəsişməsində tikilməkdə olan yaşayış binasında mənzili alıcıya satmağı, alıcı isə həmin mənzili qəbul etməyi və mənzilin dəyərini bu müqavilə ilə müəyyən edilmiş vaxtlarda ödəməyi öhdəsinə götürmüşdür. Göstərilən mənzil 3 mərtəbədə olmaqla, 1 otaqdan ibarətdir. Mənzilin sahəsi 60 kv.m-dən ibarətdir və nömrəsi 103-dür. Göstərilən mənzilin ümumi dəyəri 96000 manat müəyyən olunmuşdur. Müqavilənin 3.2-ci bəndində qeyd olunur ki, mənzilin dəyəri alıcı tərəfindən tam ödənilmşidir. İş materiallarında olan İddiaçı MMC tərəfindən verilmiş 31.08.2017-ci il tarixli maliyyə arayışına əsasən Bakı şəhəri, Xətai rayonu ərazisində S.Orucov və N.Əliyev küçələrinin kəsişməsindərb 1204-cü məhəllədə tikilən 19 mərtəbəli yaşayış binası İddiaçı MMC-yə məxsusdur. Bu binanın ikinci giriş, 3 mərtəbəsində yerləşən 60 kv.m, 103 saylı 1 otaqlı mənzil Cavabdeh məxsusdur. MMC-yə olan borcu tam ödənilmişdir. İş materiallarından olan cinayət işi üzrə icraata xitam verilməsi haqqında 06.05.2019-cu il tarixli qərarına əsasən X6 28.12.2017-ci il tarixdə özünü öldürməsi ilə əlaqədar AR CMnın 125-ci maddəsi ilə başlanmış ********* No-li cinayət işi üzrə icraata həmin faktda cinayət tərkibi olmadığına görə AR CM-nın 39.1.2-ci maddəsinə əsasən xitam verilmişdir. Aparılmış ibtidai istintaq zamanı şahid qismində ifadəsi alınmış X10 göstərmişdir ki, Fuad Ramazanov şikayətində ilkin olaraq oğlu Elvindən 159.000 ABŞ dolları və 405.000 manat tələb etmişdir. Lakin sonradan isə ona qarşılıqlı razılaşmaları əsasında dostu Babayev Vəliyullahdan Bakı şəhəri, Xətai rayonundakı qadınlar üçün 4 saylı CÇM-nin yaxınlığında inşa etdirdiyi yüksəkmərtəbəli binadan 96000 manat dəyərində 1 otaqlı mənzili 78000 manat alaraq Fuad Ramazanovun xahişi ilə hazırda adını xatırlamadığı qadının adına rəsmiləşdirmiş və qadına bununla bağlı müqavilə, protokoldan çıxarış və maliyyə arayışı verilmişdir. Həmin qərardan eyni zamanda göründüyü kimi, istintaq zamanı şahid qismində dindirilmiş X1 göstərmişdir ki, 2015-ci ilin mart ayında direktoru olduğu İddiaçı MMC tərəfindən Bakı şəhəri, Xətai rayonu, N.Əliyev küçəsi, 10 ünvaında 19 mərtəbəli yaşayış binasının inşaasına başladıqdan bir neçə ay sonra Əziz Əliyev ona müraciət edərək bildirmişdir ki, bacısı Nüşabə üçün həmin binadan bir ədəd bir otaqlı mənzil almaq istəyir, lakin pulunu yalnız 2 aydan sonra ödəyə biləcək. Etiraz etməyib Əziz Əliyevin dediyi Nüşabə adlı qadının adına MMC ilə həmin binanın 3-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 60 kv.m olan, bir otaqlı, 96000 manat dəyərində mənzilin alğı-satqısı barədə müqaviləsini imzalayıb Əziz Əliyevə təqdim etmiş, Əziz də həmin müqaviləyə Nüşabəyə imza etdirərək bir nüsxəsini ona vermişdir. Aralarındakı razılaşmaya əsasən mənzilin dəyərinin ödənilməsi barədə maliyyə arayışını pul ödənilən vaxt verəcəkdir. Həmin vaxt binanın hələ özülünün bir hissəsi qazılmışdır. Həmin mənzilin dəyərinin tam ödənilməsi barədə maliyyə arayışını isə 2017-ci ilin sentyabr ayında imzalayaraq və möhürlə təsdiq edərək Əziz Əliyevə vermişdir. Əziz Əliyevin intihar etmiş oğlunun yas mərasimində isə Əziz ona bildirmişdir ki, həmin bir otaqlı mənzilin dəyərini özü ödəyəcək və daha heç kimə verən deyil. Məhkəmə ilk növbədə ilkin iddia tələbinə hüquqi qiymət verilməsini zəruri hesab edir. İddiaçı MMC tərəfindən irəli sürülmüş tələbdən görünür ki, cəmiyyət Cavabdeh ilə aralarında yaşayış binasında yerləşən 1 otaqlı mənzilə dair bağlanmış 05.01.2016-cı il tarixli müqaviləyə əsasən verilmiş 31.08.2017-ci il tarixli maliyyə arayışının etibarsız hesab edilməsini, həmçinin həmin müqavilədən irəli gələn öhdəliklərə xitam verilməklə müqavilənin ləğv edilməsini xahiş etmişdir. İddiaçı MMC tərəfindən Cavabdeh ünvanlanmış 05.02.2018-ci il tarixli məktubdan görünür ki, MTK 05.01.2016-cı il tarixli müqavilə üzrə 96000 manatın şirkətə ödənilməli olmasını, həmin məbləğ ödənilmədiyi halda isə 05.01.2016-cı il tarixli alğı-satqı müqaviləsinin etibarsız hesab olunacağını bildirmişdir. Göründüyü kimi, İddiaçı MMC tərəfindən irəli sürülmüş tələb müqavilənin ləğv edilməsinə yönəlsə də, faktiki olaraq iddiaçı müqavilənin görünüş xarakterli olduğunu iddia edir və həmin əqdin özü-özündə etbarsız əqd olmasını hesab edir. Bu səbəbdən məhkəmə ilk öncə müqavilənin etibarsızlığı və müqavilənin ləğvi arasında olan fərqə hüquqi qiymət verilməsini zəruri hesab edir. Mülki Məcəllənin 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Müqavilələrə iki və çoxtərəfli əqdlərə dair qaydalar tətbiq edilir(maddə 389.1). Həmin Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir, amma müvafiq şərtin məzmununun bu Məcəllədə göstərildiyi hallar istisna təşkil edir(maddə 390.5). Mülki Məcəllənin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır.” Həmin Məcəllənin 421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur(maddə 421.2). Mülki qanunvericiliyin yuxarıda göstərilən tələblərindən göründüyü kimi, müqavilənin ləğv edilməsi və müqavilənin etibarsız hesab edilməsi fərqli anlayışlardır. Müqavilənin ləğv edilməsi tərəflərdən biri onun əhəmiyyətli dərəcədə pozduqda və ya müqavilənin özündə nəzərdə tututmuş hallarda mümkündür. Müqavilənin etibarlığı isə onu bağlayarkən qanunun tələblərinə və şərtlərinə əməl edilməsindən asılıdır. Yəni əgər müqavilə qanunun tələblərinə əməl edilməməklə bağlanılıbsa, həmin müqavilə etibarsız hesab edilir. Əgər əqdin etibarsızlığı üçün şərtlər mövcud deyilsə, bu halda həmin əqd etibarlı əqd hesab olunur və onun ləğv edilməsinə yalnız qanunun yuxarıda göstərilən tələbləri baxımından yol verilir. Hazırkı mübahisədən göründüyü kimi, İddiaçı MMC ilə Cavabdeh arasında 05.01.2016cı il tarixli müqavilə bağlanılarkən mülki qanunvericiliyin tələblərinə əməl olunmuşdur və həmin əqdin etibarlığına hər hansı şübhə yoxdur. Məhkəmə qeyd edir ki, əqdin etibarsızlığı dedikdə, tərəflərin əqd bağladıqları zaman arzu etdikləri hüquqi nəticənin baş verməməsi və əmələ gəlməməsi başa düşülür. Bu halda əqd kimi həyata keçirilən hərəkətlər hüquqi nəticə doğurmaq qabiliyyətinə malik olan hüquqi fakt kimi çıxış edə bilmir. Əqdin elementinin qüsurlu olması meyarının mahiyyəti ondan ibarətdir ki, əqdin hansı elementinin qüsurlu olmasından asılı olaraq, etibarsız əqdlərin dövr növü fərqləndirilir - subyekt tərkibi qüsurlu, iradəsi qüsurlu, forması qüsurlu və məzmunu qüsurlu olan əqdlər. Əqdin etibarsız sayılması üçün mübahisə edilməsi mənasına görə mülki qanunvericilik etibarsız əqdlərin iki növünü fərqləndirir:

1. mübahisə edilən əqdlər

2. puç əqdlər (əhəmiyyətsiz əqdlər). Mübahisə edilən əqdlər nisbi etibarsız, puç əqdlər isə mütləq etibarsız əqdlər adlandırılır. Məhkəmə qeyd edir ki, 05.01.2016-cı il tarixli müqavilənin nə subyekt tərkibinin, nə müqavilənin iştirakçılarının iradə ifadəsinin, nə müqavilənin formasının, nə də ki, məzmununun qüsurlu olması müəyyən olunmamışdır. Tərəflər müqaviləni bağlayarkən məqsədləri mənzilin alğı-satqısı olmuş və həqiqi iradələri məhz buna yönəlmişdir. Belə ki, MMC-nin əvvəlki direktoru olmuş Vəliyullah Babayev istintaq zamanı Əziz Əliyevin ona müraciət edərkən mübahisəli mənzili bacısı Nüşabə üçün almaq istədiyini və mənzilin pulunu 2 aydan sonra ödəcəyini bildirmişdir. Eyni zamanda Əziz Əliyev də istintaq zamanı 96000 manat dəyərində olan mübahisəli mənzili 78000 manata aldığını göstərmişdir. Yəni göründüyü tərəflərin həqiqi iradə ifadəsi yeni tikiləcək binadan mənzilin alğı-satqısı olmuşdur və tərəflər məhz bununla bağlı razılığa gəlmişlər. Müqavilənin bağlanmasında başqa məqsədin olması, yaxud görünüş xarakter daşıması niyyəti ilə bağlanması isə ümumiyyəilə müəyyən olunmur. Bu səbəbdən məhkəmə tərəflərin bağladıqları müqaviləni etibarlı əqd hesab edir. Müqavilə üzrə pulun cavabdeh tərəfindən ödənilməməsinə gəldikdə isə məhkəmə qeyd edir ki, iddiaçının bu dəlilləri də əsaslı hesab edilə bilməz. Tərəflər arasında bağlanmış müqavilədə (3.2-ci bəndi), həmçinin sonradan verilən maliyyə arayışında mənzilin dəyərinin Cavabdeh tərəfindən tam ödənilməsi qeyd edilmişdir. Mülki Məcəllənin 404.1-ci maddəsinə əsasən müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır(maddə 404.2). Məhkəmə qeyd edir ki, İddiaçı MMC həm müqavilədə, həm verilmiş maliyyə arayışında mənzilin dəyərinin tam ödənilməsini qeyd etdiyi üçün, o, hazırda müqavilə üzrə pulun ödənilməməsinə istinad edib verilmiş maliyyə arayışının etibarsız hesab edilməsini tələb etməkdə haqlı hesab edilə bilməz. Yuxarıda qeyd olunduğu kimi, əqdin etibarsız hesab edilməsi üçün onun qanunun şərtlərini pozmaqla bağlanması təsdiq edilməlidir. Lakin maliyyə arayışının qanunun tələblərini pozmaqla verilməsi məhkəmə tərəfindən də müəyyən edilməmişdir. Belə ki, 05.01.2016-cı il tarixli müqavilənin 3.2-ci bəndindən də göründüyü kimi həmin bənddə mənzilin dəyərinin tam ödənilməsi qeyd edilmişdir. Belə olan halda 31.08.2016-cı il tarixdə verilmiş maliyyə arayışı faktiki olaraq 05.01.2016-cı il tarixli müqavilədə olan şərti (mənzilin tam dəyərinin ödənilməsi) təsdiqləmişdir. Eyni zamanda müqavilədə mənzilin dəyərinin hər hansı müddətdən sonra, yaxud hissə-hissə ödənilməsi ilə bağlı müddəa olmadığı üçün, onun nisyə xarakter daşıması faktı da qəbul edilə bilməz. Müqavilənin ləğv edilməsi ilə bağlı iddiaçının gətirdiyi dəlilləri üzrə məhkəmə qeyd edir ki, cavabdeh tərəfindən müqavilənin şərtlərinin əhəmiyyətli dərəcədə pozulması halları da təsdiq olunmamışdır. Belə ki, iddiaçının müqavilənin ləğvi ilə əlaqədar gətirdiyi dəlillər mənzilin dəyərinin ödənilməməsi ilə bağlıdır. Lakin iddiaçı tərəfindən həm müqavilənin 3.2ci bəndində, həm verilmiş maliyyə arayışında mənzilin dəyərinin tam ödənilməsi göstərilmişdir. Bu səbəbdən iddiaçının həmin hala, yəni mənzilin dəyərinin cavabdeh tərəfindən ödənilməməsinə istinad edərək onun ləğv edilməsini tələb etməsi də əsassızdır. Öhdəliklərə xitam verilməsinə gəldikdə isə məhkəmə qeyd edir ki, müqavilə üzrə iddiaçının cavabdeh qarşısında öhdəliyi müqavilənin 2.1-ci bəndində qeyd edilmişdir. Həmin öhdəliklərə xitam verilməsi üçün onların tam şəkildə icra edilməsi tələb olunur. Mülki Məcəllənin 527.1-ci maddəsinə əsasən öhdəliyə icra, depozitə qoyma, qarşılıqlı əvəzləşdirmə, borcu bağışlama, müddətin keçməsi nəticəsində və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər əsaslar üzrə tamamilə və ya qismən xitam verilir. Öhdəliyə tərəflərdən birinin tələbi ilə xitam verilməsinə yalnız bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan hallarda yol verilir (maddə 527.2). Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, iddiaçı tərəfindən müqavilədə nəzərdə tutulmuş mənzil cavabdehə təhvil verilməmişdir. Eyni zamanda cavabdehə mənzildən istifadə edilməsinə və mənzil üzərində sahibliyi həyata keçirilməsinə maneçilik törədilir. Bu səbəbdən cavabdeh tərəfindən məhkəməyə qarşılıqlı iddia ərizəsi verilmişdir. Məhkəmə qarşılıqlı iddia tələbinə hüquqi qiymət verərək hesab edir ki, mübahisəli mənzilə dair bağlanmış müqavilənin etibarlı əqd olması təsdiq olunduğu üçün və həmin əqdin ləğv edilməsi üçün əsaslar olmadığı üçün, həmçinin əqd üzrə İddiaçı MMC-nin üzərinə düşən öhdəliklərin tam icra etməməsi müəyyən olunduğu üçün, Cavabdeh qarşılıqlı iddiası əsaslıdır və təmin edilməlidir. Mübahisəli mənzilə dair müqavilə bağlanarkən qüvvədə olan Mülki Məcəllənin 178.8-ci maddəsinə əsasən (həmin maddə 15.12.2017-ci il tarixdə yeni redaksiyada verilmişdir) mənzil, bağ, qaraj və ya başqa kooperativin üzvü, pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka mülkiyyət hüququ əldə edirlər. Azərbaycan Respublikasının Konistutsiya Məhkəməsinin Plenumun Mülki Məcəllənin 178.8-ci maddəsinin şərh edilməsinə dair 25 oktyabr 2010-cu il tarixli qərarı ilə müəyyən edilmişdir ki, kooperativin üzvü, pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka sahiblik və istifadə etmək hüququnu, daşınmaz əmlakın dövlət reyestrində qeydə alındıqdan sonra isə sərəncam vermək hüququnu əldə edirlər. Məhkəmə hesab edir ki, qarşılıqlı iddiaçı Cavabdeh mənzilin dəyərini tam ödədiyi üçün həmin mənzil üzərində sahiblik və istifadə hüquqları əldə etmişdir və bu səbəbdən İddiaçı MMC-nin həmin mənzili Cavabdeh istifadə və sahibliyinə verilməsindən imtina etməsi onun həmin hüquqlarını pozur. Mülki Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Sahiblik hüququ əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır(maddə 152.2). İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər(maddə 152.3). Məhkəmə qeyd edir ki, qarşılıqlı iddiaçı mənzilin mülkiyyətçisi olmasa da, onun həmin mənzil üzərində sahiblik və istifadə hüquqları var və bu səbəbdən həmin hüquqların həyata keçirilməsinin məhdudlaşdırılması mülki qanunvericiliyin tələblərinə ziddir. Bu səbəbdən məhkəmə hesab edir ki, Cavabdeh həmin hüquqların İddiaçı MMC tərəfindən pozulmasına son qoyulmasını tələb etməsi əsaslıdır və onun qarşılıqlı iddiası təmin edilməlidir. Məhkəmə cinayət işinin icraatına xitam verilməsinə dair qərara hüquqi qiymət verərək qeyd edir ki, həmin qərarda ilk iddia tələbinin əsaslı olmasını təsdiq edən hər hansı fakt müəyyən edilməmişdir. X14 və Vəliyullah Babayev tərəfindən verilmiş ifadələrlə İddiaçı MMC ilə Cavabdeh arasında mübahisəli mənzilə dair müqavilənin görünüş üçün bağlanması təsdiq edilmir. Digər tərəfdən həmin qərarda müqavilə üzrə mənzilin dəyərinin tam ödənilibödənilməməsi faktı araşdırılmamış və bununla bağlı hər hansı hüquqi fakt müəyyən olunmamışdır. Məhkəmə eyni zamanda qeyd edir ki, ilk iddia üzrə İddiaçı MMC tərəfindən əqdin etibarsızlığı ilə bağlı məhkəmədə iddia bir illik müddət keçdikdən sonra qaldırılmışdır. Mülki Məcəlləsinin 354.1-ci maddəsinə əsasən əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Həmin Məcəllənin 354.2-ci madəsinə əsasən bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasın məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Qanunvericiliyin bu norması onu nəzərdə tutur ki, maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi gündən bir il ərzində həmin əqdin etibarsızlığına dair mübahisə açmaq hüququna malikdir. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir. Qanunun mənasına görə, qeyd olunan müddət,”hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətinə deyil, kəsici müddətlərə aiddir. Belə ki, kəsici müddət - şəxsin müəyyən zaman ərzində öz hüququndan istifadə etməməsi nəticəsində həmin hüquqa xitam verilməsini nəzərdə tutan müddətdir. Belə hallarda hüquqa xitam verilməsi yalnız zamanın keçməsindən deyil, müəyyənləşdirilmiş müddət ərzində hüquq sahibinin hərəkətsiz qalmasından irəli gəlir. Kəsici müddət subyektiv hüququn həyata keçirilməməsi və ya lazımi qaydada həyata keçirilməməsi halında bu hüququn vaxtından əvvəl xitamına səbəb olur. İddia müddəti və kəsici müddət arasındakı əsas fərqlər aşağıdakılardan ibarətdir: - iddia müddəti tələb hüququ üçün xarakterikdir. Kəsici müddət isə əqdi mübahisələndirmək hüququna və iddialara aiddir; - iddia müddətinin keçməsi tələb hüququnun özünün deyil, bu hüququn səlahiyyətli orqan vasitəsi ilə məcburi qaydada həyata keçirilməsi imkanının xitamına səbəb olur. Bu hal Mülki Məcəllənin 375.2 və 383-cü maddələrində öz əksini tapmışdır. Kəsici müddətlər isə hüququn özünün xitamı ilə nəticələnir; - iddia müddəti cavabdehin verdiyi ərizə əsasında tətbiq edilir (Mülki Məcəllənin 375.2-ci maddəsi). Kəsici müddət isə məhkəmənin öz təşəbbüsü ilə nəzərə alınır; - iddia müddəti dayandırıla (Mülki Məcəllənin 379-cu maddəsi), kəsilə (Mülki Məcəllənin 380-ci maddəsi) və müəyyən hallarda bərpa edilə (Mülki Məcəllənin 382-ci maddəsi) bilər. Kəsici müddətlər isə qanunda birbaşa nəzərdə tutulan hallar istisna olmaqla, dayandırıla və kəsilə bilməz. Konstitusiya Məhkəməsi Plenumunun Mülki Məcəllənin 377.1-ci maddəsinin tətbiqi ilə bağlı formalaşdırdığı hüquqi mövqeyə görə, qanunverici əmlak və qeyri-əmlak hüquqlarının pozulmasına dair iddia hüququna tətbiq edilən iddia müddətinin axımının başlanmasını şəxsin hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu günlə şərtləndirmişdir. Şəxsin öz əmlak və ya qeyri-əmlak hüququnun pozulduğunu bildiyi hal elə hüquqi faktdır ki, onu bilmək şəxsdən asılı olmur. O, müəyyən müddət keçdikdən sonra bu hüquqi fakt barədə hər hansı mənbədən xəbər tutur və hüququnun pozulduğunu bilir. Qanun iddia müddətinin axımının başlanmasını obyektiv anla deyil, subyektiv anla əlaqələndirir. Məhz bu andan maddi mənada iddia hüququ əmələ gəlir. Maddi mənada iddia hüququ dedikdə, mülki hüquqların məcburi həyata keçirilməsi imkanı başa düşülür və bu imkan müəyyən müddətlə məhdudlaşır. Beləliklə məhkəmə hesab edir ki, İddiaçı MMC tərəfindən əqdin etibarsızlığı ilə bağlı tələb 1 il müddət keçdikdən sonra məhkəməyə verildiyindən, həmin tələb məhkəməyə müraciət etmək üçün müddətin keçməsi əsası ilə də təmin edilməməlidir. Qeyd edilənləri nəzərə alaraq, məhkəmə belə qənaətə gəlir ki, ilk iddia tələbi əsassız olduğundan təmin edilməməli, qarşılıqlı iddia tələbi isə əsaslı olduğundan təmin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İlk İddiaçı MMC-nin Cavabdeh qarşı tərəflər arasında bağlanmış 31.08.2017-ci il tarixli maliyyə arayışının etibarsız hesab edilməsi, tərəflər arasında olan öhdəliklərə xitam verilməklə 05.01.2016-cı il tarixli müqavilənin ləğv edilməsi barədə ilk iddiası təmin edilməsin. Qarşılıqlı iddia təmin edilsin. Bakı şəhəri, Xətai rayonu, S.Orucov və N.Əliyev küçələrinin kəsişməsinləki 1204-cü məhəllədə inşa edilmiş 19 mərtəbəli yaşayış binasının ikinci girişin 3 mərtəbəsində yerləşən 60 kv.m sahəsi olan 103 saylı 1 otaqlı mənzilin Cavabdeh istifadəsinə verilməsi vəzifəsi İddiaçı MMC-nin üzərinə qoyulsun, həmin mənzildən Cavabdeh istifadə hüquqlarının həyata keçirilməsində müdaxilə və maneçilik hərəkətlərinin edilməsi İddiaçı MMC-yə qadağan edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Kəmalə Əmirxanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar