Məhkəmə qərarları › İş №2(005)-4391/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-4391/2021

28.09.2021 · Müqavilələrin ləğv edilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi - Maddi ziyanın ödənilmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-4391/2021 28.09.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Vüqar Şahbaz oğlunun sədrliyi, Fətəlizadə Rufanə Xıdır qızının katibliyi, İddiaçı MTK-nın nümayəndəsi vəkil X4, Müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmiş X5, onun vəkili X8 iştirakı ilə, İddiaçı MTK-nın Cavabdeh qarşı (üçüncü şəxs qismində X5 cəlb edilməklə) “müqavilənin ləğv edilməsi, maddi və mənəvi ziyanın tutulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçı Cavabdeh qarşı “müqavilənin ləğv edilməsi, maddi və mənəvi ziyanın tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək İddiaçı Mənzil Tikinti Kooperativi ilə Cavabdeh arasında 08.05.2013-cü il tarixdə bağlanmış ünvan 1 ünvanında inşa edilən yüksək mərtəbəli yaşayış binasının 2-ci blok, 13-cü mərtəbə ümumi sahəsi 178.4 kv.m olan 78 saylı mənzilinin (yeni 84 nömrəli mənzil) izolə olunmuş 4 otaqdan ibarət olub bir pay kimi verilməsinə dair müqavilənin ləğv edilməsi, onun hüquqi nəticələrinin etibarsız hesab edilməsi, dəymiş maddi ziyanın əvəzi olaraq 12.000 manat, mənəvi ziyanın əvəzi olaraq 5000 manat pulun Cavabdeh tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdı ki, İddiaçı MTK ilə Cavabdeh arasında 08.05.2013-cü il tarixli müqavilə bağlanılmışdır. İddiaçı MTK ilə Cavabdeh arasında ünvan 1 ünvanında inşa edilən yüksək mərtəbəli yaşayış binasının 2-ci blok, 13-cü mərtəbə ümumi sahəsi 178.4 kv.m olan 4 otaqlı 78 saylı mənzilə (yeni 84 nömrəli mənzil) dair 08.05.2013-cü il tarixli müqavilə imzalanmış və müqavilənin 4.1- ci maddəsinə əsasən mənzilin dəyəri hər kv.m sahəsi üçün 280 ABŞ dolları təyin edilmiş, cəmi 178.4 kv.m sahə üçün 50000 ABŞ dolları təşkil etmişdir. Kredit müqavilələri formal olaraq bağlanmışdır. Müqavilənin bağlanmasının əsas səbəbləri tam başqadır. Seyfəddin (Cavabdeh tanışı) adlı şəxs İddiaçı MTK-ya dəmir materiallarının (armatur) verilməsini təmin etməli idi. İddiaçı MTK isə həmin materialların qarşılığında Seyfəddin adlı şəxsin xahişi ilə Cavabdeh ilə müqavilə bağlayaraq sözügedən mənzili ona verməli idi. Sadəcə Seyfəddin adlı şəxs bildirdi ki, o dəmir materiallarını verilməsini təmin edəcək və materialların əvəzi olaraq Cavabdeh ilə İddiaçı MTK arasında müqavilə bağlanacaq. Seyfəddin adlı şəxs həmin müqaviləni möhkəmləndirməkdən ötrü isə İddiaçı MTK tərəfindən Cavabdeh borcunun olmaması ilə bağlı maliyyə arayışı verilməsini xahiş etmişdir. Həmin maliyyə arayışı Cavabdeh verilmişdir. Cavabdeh həmin mənzildə konstruksiya dəyişikliyi edərək təmir işlərini görmüşdür. Daha sonra Seyfəddin adlı şəxs dəmir materiallarının (armatur) İddiaçı MTK-ya verilməsini təmin etmədi. Eyni zamanda MTK müqavilə bağlayan Cavabdeh bu barədə məlumat vermiş və o, bildirmişdir ki, mənzilin dəyəri olan 50000 ABŞ dollarını o ödəyəcəkdir. Daha sonra MTK rəhbərliyinə yaxın olan Seyfəddin adlı şəxs bildirdi ki, Cavabdeh maddi sıxıntıları vardır, ona pulun qeyri-müəyyən vaxta ödənilməsi üçün vaxt verilməsini xahiş etmiş və MTK rəhbərliyi buna etiraz etməmişdir. Təxminən 2015-ci ilin avqust ayında Cavabdeh MTK-ya bildirmişdir ki, o evi təmir etdikdən sonra satmaq qərarına gəlmişdir. Evi satdıqdan sonra MTK-ya olan borcu ödəyəcəkdir və evin satılması zamanı MTK müqavilənin dəyişdirilməsinə sonunculara kömək etsin. MTK Cavabdeh ilə razılaşır və 12.08.2015-ci il tarixdə mübahisəli mənzilin X1 ilə bağlı razılığı qəbul etmişdir. Mənzilin satışından sonra MTK Cavabdeh borcun ödənilməsini tələb edilsə də, sonuncu bildirmişdir ki, evi nağd pul şəkilində satmamışdır. X5 ilə onun arasında MTK-ya aid olmayan müəyyən danışıqlar (maddiyatla bağlı) olmuşdur. Bu danışıqlar həyata keçənə kimi Cavabdeh ailə üzvləri ilə birlikdə həmin mənzildə yaşayacaqlar. MTK rəhbərliyinə yaxın olan Seyfəddin adlı şəxs İsə MTK-ya catacaq olan 50000 ABŞ dollarına zamin durduğunu, heç bir narahatçılıq olmamasım bildirmişdir. Daha sonra MTK-ya məlum olmuşdur ki, Cavabdeh ilə Mehman Köçərili arasında məhkəmə mübahisəsi olmuşdur. Mənzil Cavabdeh təhvil verildikdən sonra sonuncu həmin mənzildə konstruksiya dəşiyikliyi etməklə təmir elətdirmişdir. Konstruksiya dəyişikliyin olunması isə həmin mənzilə gələcəkdə çıxarış verilməsində imtinaya səbəb olacaqdır. Mənzilin ilkin lahiyəsi üzrə arakəsmələrdə dəyişiklik həyata keçirilmişdir. Bu səbəbdən də, İddiaçı MTK Cavabdeh qarşı “müqavilənin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı MTK-nın nümayəndəsi vəkil X6 iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbinin təmin olunmasını məhkmədən xahiş etdi. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, o məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehlərin iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab edir. Üçüncü şəxs qismində X5, onun vəkili X10 məhkəməyə etiraz ərizə təqdim edərək, etiraz ərizəsinə uyğun izahat vermiş və iddianın rədd olunmasını xahiş etmişdir. Bundan başqa iddia müddətinin tətbiq edilməsinə dair ərizə təqdim edərək, mülki iş üzrə iddia müddətinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iş üzrə tərəflərin nümayəndələrinin izahatlarını və çıxışını dinləyib, təqdim etdikləri materialları iş üzrə təqdim edilmiş digər sübutlarla birlikdə araşdırıb, mülki işin materiallarını tədqiq edib hesab edir ki, iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Belə ki, iş materiallarında olan; 08.05.2013-cü il tarixli müqavilənin surətindən görünür ki, İddiaçı MTK ilə Cavabdeh arasında müqavilə bağlanmışdır. Müqaviləyə əsasən Bakı şəhəri, Nərimanov rayonu, Təbriz 21 ünvanında yüksək mərtəbəli yaşayış evinin 2-ci blok, 13-cü mərtəbə, ümumi sahəsi 178,4 kv.m olan 78 nömrəli mənzil izolə olunmuş 4 otaqdan ibarət olub bir pay kimi Cavabdeh verilir. Mənzilin 1 kv.m sahəsi üçün 280 ABŞ dolları olmaqla, cəmi 178,4 kv.m sahəsi üçün 50000 ABŞ dolları müəyyən edilmişdir. Müqavilə ilə müəyyən olunmuş qeyd olunan mənzilin qiymətinin bir hissəsi, müqavilə qiymətindən 100% miqdarında, yəni 50000 ABŞ dolları məbləğində ödənilmişdir. İddiaçı MTK üzvlərinin 18.03.2018-ci il tarixli ümumi iclasının 132 nömrəli protokolundan çıxarışdan görünür ki, X2 üzv qəbul olunmaqla, Bakı şəhəri, Nərimanov rayonu, Təbriz 21 ünvanda giriş 2, mərtəbə 13, ümumi sahəsi 178,4 kv.m olan, 4 otaqlı, 84 nömrəli mənzilin payçısı olması təsdiq edilmişdir. 18.03.2018-ci il tarixli maliyyə arayışından görünür ki, X5 Bakı şəhəri, Nərimanov rayonu, Təbriz 21 ünvanında yüksək mərtəbəli yaşayış evinin 2-ci blok, 13-cü mərtəbə, ümumi sahəsi 178,4 kv.m olan, 4 otaqlı, 84 nömrəli mənzilin dəyərini tam ödəmişdir. 27.03.2018-ci il tarixli Arayışın surətindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Təbriz 21 ünvanında yüksək mərtəbəli yaşayış evinin 2-ci blok, 13-cü mərtəbə, ümumi sahəsi 178,4 kv.m olan 78 nömrəli mənzil həqiqətən X3 məxsusdur. Yenidən sıralanma zamanı mənzilin nömrəsi 78 yox 84 olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin Məcəllənin 337.1-ci maddəsinə əsasən isə bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Həmin Məcəllənin 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Həmin Məcəllənin 337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Həmin Məcəllənin 337.4-cü maddəsinə əsasən isə etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Həmin Məcəllənin 339.4-cü maddəsinə əsasən əqdi bağlayan şəxsi əqdi bağlamağa məcburetmə (zorakılıq və ya hədələmə) ona hüquq verir ki, zorakılığın üçüncü şəxs tərəfindən törədildiyi halda da əqdi mübahisələndirsin. Xaraktercə şəxsə təsir göstərə bilən və ona şəxsən özünü və ya əmlakını real təhlükə gözlədiyini təlqin edə bilən məcburetmə əqdin etibarsızlığına səbəb olur. Məcburetmənin xarakteri qiymətləndirilərkən şəxsin yaşı və cinsi, həyat şəraiti nəzərə alınır. Məcburetmə tərəflərdən birinin arvadına (ərinə), digər ailə üzvlərinə və ya yaxın qohumlarına qarşı yönəldildikdə də əqdin mübahisələndirilməsinə əsas verir. Məcburetmənin məqsədi ilə vasitələrinin bir-birinə uyğun gəlmədiyi hallardan başqa, nə qanuna zidd məqsədlərlə, nə də qanuna zidd vasitələr tətbiq edilməklə həyata keçirilməyən hərəkətlər məcburetmə sayılmır. Həmin Məcəllənin 354.1-ci maddəsinə görə əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Həmin Məcəllənin 354.2-ci maddəsinə görə bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354-cü maddəsinin tələblərini nəzərə alaraq məhkəmə aşağıdakıları qeyd edir. Yuxarıda qeyd olunan maddənin 1-ci hissəsinə əsasən əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Həmin maddənin 2-ci hissəsinə əsasən Mülki Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “03 iyun 2013-cü il tarixli Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” Qərarına əsasən mülki dövriyyənin sabitliyinin qorunması tərəflərin əsaslandırılmış tələblərinin məhkəmə qaydasında həll edilməsinin müəyyənləşdirilməsi ilə yanaşı, həmçinin hüquqi tənzimetməyə şəxsin hüququnun pozulduğunu bilməsindən xeyli müddət keçdikdən sonra onun müdafiəsi üçün məhkəməyə müraciət etdikdə, qarşı tərəfə mübahisənin mahiyyəti üzrə baxılmamasını tələb etmək imkanı verən maddi hüquq normalarının daxil edilməsidir. Mülki hüquq münasibətlərinin bütün iştirakçılarına şamil edilən belə tənzimləmə mülki qanunvericiliyin iddia müddətlərinə, onların hesablanması qaydasına, axımının dayandırılması və kəsilməsi əsaslarına dair müddəalarında öz əksini tapmışdır. İddia müddətləri ümumi və xüsusi növlərə bölünür. Ümumi iddia müddəti hüquq münasibəti subyektlərinin hüquqi statusundan, mülkiyyətin formasından və növündən asılı edilməmişdir. Xüsusi iddia müddətləri isə bəzi tələblər üçün müəyyən edilmişdir və onlar ümumi iddia müddəti ilə müqayisədə qısaldılmış və ya uzadılmış ola bilərlər. İddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir. Göstərilənlərlə yanaşı, şəxsin pozulmuş hüquqlarının müdafiəsi ilə əlaqədar tələb irəli sürməsi üçün iddia müddətinin başlanmasının düzgün müəyyənləşdirilməsi onun məhkəmə müdafiəsi hüququnun səmərəli həyata keçirilməsi və pozulmuş hüquqlarının bərpa edilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. İddia müddətinin axımının başlanğıcı bir tərəfdən subyektiv hüququn pozulduğu obyektiv anla, digər tərəfdən isə səlahiyyətli şəxsin öz hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu subyektiv anla əlaqəlidir. Bu iki müxtəlif halın mövcudluğu, habelə onların heç də hər zaman üst-üstə düşməməsi iddia müddətinin başlanğıcının təyin olunmasına təsir göstərən mühüm amildir. Konstitusiya Məhkəməsinin Plenumu bir çox qərarlarında bu institutun məqsədinə və əhəmiyyətinə toxunaraq qeyd etmişdir ki, mülki işin qanuna uyğun həlli baxımından qanunvericiliyin iddia müddətlərinə dair müddəalarının düzgün tətbiqi mühüm əhəmiyyətə malikdir (Konstitusiya Məhkəməsi Plenumunun H.Həşimov və qeyrilərinin şikayəti üzrə 30 iyun 2005-ci il, R.Salamovun şikayəti üzrə 30 oktyabr 2007-ci il və X.Xəlilovun şikayəti üzrə 16 yanvar 2009-cu il tarixli Qərarları). Bu mənada hüquqları pozulmuş şəxsin öz hüquqlarının bərpasını tələb etmək hüququnun vaxtında həyata keçirilməsinə zəmin yaradan iddia müddətinin axımının başlanğıcının müəyyən edilməsi xüsusi əhəmiyyət kəsb edir. İddia müddətləri institutunun tətbiq edilməsi zərurəti həmçinin belə bir mühüm halla əsaslandırılır ki, mülki mübahisələrə məhkəmə tərəfindən baxılması hər zaman iş üzrə obyektiv həqiqətin müəyyən edilməsi ilə əlaqədardır. Qeyri-müəyyən uzun müddətin keçməsi həqiqətə nail olmağı çətinləşdirir, bəzən isə hətta bu imkanı istisna edir. Belə ki, sübutlar itirilə bilər və ya onların mötəbərliyi kifayət qədər şübhəli hala gələ bilər, bunlar da öz növbəsində məhkəmə orqanlarının işin bütün faktiki hallarının aydınlaşdırılmasına və düzgün qərar çıxarılmasına yönəlmiş fəaliyyətini ciddi surətdə çətinləşdirə bilər. Avropa İnsan Hüquqları Məhkəməsinin Miragall Eskolano və digərləri İspaniyaya qarşı iş üzrə 25 yanvar 2000-ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar. Həmçinin İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra – Avropa Məhkəməsi) Stanyo Belçikaya qarşı iş üzrə 7 iyul 2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. Məhkəmə qeyd edir ki, müqavilə etibarsızlığı ilə bağlı mülki qanunvericiliyin yuxarıda sadalanan normalarında xüsusi iddia müddətlərini qanunvericlik bilavasitə kəsici müddət kimi müəyyən etmişdir. Xüsusi iddia müddətləri isə bəzi tələblər üçün müəyyən edilmişdir və onlar ümumi iddia müddəti ilə müqayisədə qısaldılmış və ya uzadılmış ola bilərlər. Pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. İddia müddətinin tətbiqi isə iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasını, məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasını, sübutların araşdırılmasını istisna edir. Belə məcburi qanunilik məhkəməyə ona əsas verir ki, hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Məhkəmə onu da qeyd edir ki, iddia müddətinin tətbiqi ilə bağlı ərizənin verilməsindən asılı olmayaraq kəsici iddia müddətin axımının tətbiq edilməsi mümkünlüyü iddia ərizəsinin rədd edilməsi əsaslarından biri kimi çıxış edir. Yuxarıda sadalanan əsasların hazırki mülki işə tətbiqi nəticəsində məhkəmə belə nəticəyə gəlir ki, mübahisələndirilən alqı-satqı müqaviləsi qanunvericliyin tələblərinə uyğun olduğundan və iddiaçı tərəf müqavilənin etibarsızlığı ilə bağlı mübahisələndirmə müddətini ötürdüyündən iddia müddətinin təqbiqi ilə bağlı cavabdeh tərəfin təqdim etdiyi ərizəni məhkəmə əsaslı hesab edir. Əlavə olaraq iddiaçının müqavilənin hüquqi nəticələrinin etibarsızlığı ilə yanaşı həm də ləğv edilməsinə münasibətdə məhkəmə qeyd edir ki, iddiaçı tərəfin cavabdehin mənzil qarşılığında dəmir materialların (armatur) verilməsini öz üzərinə öhdəlik götürməsini əsas gətirsə də tərəflər arasında bağlanmış mübahisələndirilən 08.05.2013-cü il tarixli müqavilənin sürətində cavabdehin belə öhdəlik götürməsi ilə bağlı razılaşma nəzərdə tutulmamışdır. İddiaçının təqdim sübutların əksinə olaraq iş materiallarında olan İddiaçı MTK-nın direktoru Əhmədov S.R. tərəfindən imzalanmış 18.03.2018-ci il tarixli maliyyə arayışından da göründüyü kimi X5 iddia predmeti olan mənzilin tam dəyərini ödəmişdir. Bu hala münasibətdə məhkəmə belə hesab edir ki, müqavilə öhdəliyinin cavabdeh tərəfindən pozuntusu halına yol verildiyi ilə bağlı iddiaçı tərəfin təqdim etdiyi sübutlar əsassızdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1.-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1.-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Adı çəkilən Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 133.1-ci maddəsinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 124.2-ci maddəsinə əsasən iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Azərbaycan Respublikası MPM-nin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı MTK-nın Cavabdeh qarşı (üçüncü şəxs qismində X5 cəlb edilməklə) “müqavilənin ləğv edilməsi, maddi və mənəvi ziyanın tutulması” tələbinə dair iddia ərizəsi rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Vüqar Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar