Məhkəmə qərarları › İş №2(012)-564/2023

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-564/2023

25.01.2023 · Müqavilələrin ləğv edilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi - Maddi ziyanın ödənilmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-564/2023 25.01.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Teymurov Ayaz Yunus oğlunun katibliyi İddiaçının vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh MTK-ya qarşı müqavilənin ləğvi və dəymiş ziyanın ödənilməsi tələbinə dair mülki işə 25 yanvar 2023-cü il tarixdə Xırdalan şəhərində, Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh MTK-ya qarşı müqavilənin ləğvi və dəymiş ziyanın ödənilməsi tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, onunla Cavabdeh MTK arasında bağlanmış 670 “a” saylı, 07 dekabr 2020-ci il tarixli “Mənzil Tikintisi haqqında” Müqavilənin ləğv edilməsi, dəymiş real zərərin əvəzi olaraq 87100 (səksən yeddi min yüz) manat, mənəvi zərərin əvəzi olaraq 5000 (beş min) manat və dövlət büdcəsinə ödənilmiş 366,30 (üç yüz altmış altı manat, 30 qəpik) manat, ümumilikdə 92466,30 (doxsan iki min dörd yüz altmış altı manat, 30 qəpik) manat məbləğində pulun onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, onunla Cavabdeh MTK (bundan sonra “Kooperativ”) arasında bağlanmış 670 “a” saylı, 07 dekabr 2020-ci il tarixli “Mənzil Tikintisi haqqında” Müqavilənin 1.1 və 1.2-ci bəndlərinə əsasən kooperativ əvvəlki müqaviləyə uyğun olaraq, Abşeron rayon İcra Hakimiyyəti Başçısının 301 saylı, 25 avqust 2006-cı il tarixli Sərəncamı ilə ünvan 1 ünvanında inşa edilən 15 mərtəbəli yaşayış evinin 3 bloku, 12-ci mərtəbəsində yerləşən ümumi sahəsi 134 kv.m olan, izolə olunmuş 4 otaqdan ibarət 66 saylı mənzili pay kimi “Payçı”ya, yəni ona ayırmağı, “Payçı” isə müqavilədə göstərilmiş məbləği tamamilə ödəməyi və mənzili qəbul etməyi öz öhdəsinə götürmüşdür. Həmin müqavilənin 3.1-ci bəndinə əsasən mənzilin dəyəri bu müqavilə bağlanan anda bir kvadrat metr sahəsi üçün 650 manat təşkil etmiş, sahəsi 134 kv.m olan mənzil üçün cəmi 87100 (səksən yeddi min yüz) manat ödənilməsi nəzərdə tutulmuşdur. Cavabdeh MTK tərəfindən verilmiş 07 dekabr 2020-ci il tarixli “Maliyyə arayışı”na əsasən ünvan 1 ünvanında inşa edilən 15 mərtəbəli yaşayış evinin 3 bloku, 12-ci mərtəbəsində yerləşən ümumi sahəsi 134 kv.m olan, 4 otaqlı, 66 saylı mənzilin dəyərinin iddiaçı tərəfindən kooperativə tam ödənilməsi və onun MTK-ya heç bir borcunun olmaması təsdiqini tapmışdır. Belə ki, artıq uzun müddətdir ki, cavabdeh nə müqavilə üzrə nəzərdə tutulan mənzili ona təhvil vermiş, nə də onun tərəfindən ödənilmiş vəsaiti geri qaytarmışdır, həmçinin aralarında bağlanan müqavilənin qarşılıqlı razılaşmaya əsasən ləğv edilməsi barədə iddiaçının təkliflərinə cavab verməmişdir. Bu səbəbdən o, pozulmuş hüquqlarının məhkəmə müdafiəsindən istifadə edərək, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçının vəkili Vəkil məhkəmədə iddianı müdafiə edib təmin edilməsini xahiş etdi, sonrakı iclas barədə ərizə ilə müraciət edərək iddianı müdafiə etdiklərini bildirdi, məhkəmə baxışının iddiaçının və onun iştirakı olmadan keçirilməsini, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh MTK-nın nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5. maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işin materiallarını araşdırıb, işdə olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan 670 “a” saylı, 07 dekabr 2020-ci il tarixli “Mənzil Tikintisi haqqında” Müqavilənin surətindən görünür ki, Abşeron rayon İcra Hakimiyyəti Başçısının 301 saylı, 25 avqust 2006-cı il tarixli Sərəncamı ilə ünvan 1 ünvanında inşa edilən 15 mərtəbəli yaşayış evinin 3 bloku, 12-ci mərtəbəsində yerləşən ümumi sahəsi 134 kv.m olan, izolə olunmuş 4 otaqdan ibarət 66 saylı mənzili pay kimi “Payçı”ya, yəni iddiaçıya ayırmağı, “Payçı” isə müqavilədə göstərilmiş məbləği tamamilə ödəməyi və mənzili qəbul etməyi öz öhdəsinə götürmüşdür. Həmin müqavilənin 3.1-ci bəndinə əsasən mənzilin dəyəri bu müqavilə bağlanan anda bir kvadrat metr sahəsi üçün 650 manat təşkil etmiş, sahəsi 134 kv.m olan mənzil üçün cəmi 87100 (səksən yeddi min yüz) manat ödənilməsi nəzərdə tutulmuşdur. Mülki iş materiallarında olan Cavabdeh MTK tərəfindən verilmiş 07 dekabr 2020-ci il tarixli maliyyə arayışından görünür ki, ünvan 1 ünvanında inşa olunan 5 (beş) bloklu, 15 mərtəbəli yaşayış binası "xxxx" MMC-nin hüquqi varisi Cavabdeh MTK-nə məxsusdur. Bu binanın 3 blok, 12 mərtəbə, ümumi sahəsi 134 kvadrat metr olan, 4 otaqlı, 66 saylı mənzilin dəyəri “Payçı” İddiaçı tərəfindən 87100 (səksən yeddi min yüz) manat ödənilmişdir. Onun MTK-ya heç bir borcu yoxdur. Mülki iş materiallarında olan iddiaçı tərəfindən Cavabdeh MTK-ya göndərilmiş 26 sentyabr 2022-ci il tarixli təklifdən görünür ki, 7 gün ərzində kooperativlə aralarında bağlanmış 670 “a” saylı, 07 dekabr 2020-ci il tarixli müqaviləyə əsasən ünvan 1 ünvanında inşa edilən 15 mərtəbəli yaşayış evinin 3 bloku, 12-ci mərtəbəsində yerləşən ümumi sahəsi 134 kv.m olan, izolə olunmuş 4 otaqdan ibarət 66 saylı mənzilin ona təhvil verilməsini, əks halda, 670 “a” saylı, 07 dekabr 2020-ci il tarixli müqavilənin ləğv edilməsi haqqında razılaşma imzalanmasını və tərəfindən Kooperativə ödənilmiş 87100 (səksən yeddi min yüz) manat pulun ona geri qaytarılmasını Cavabdeh MTK-dan təklif etmişdir. Əks halda, iddiaçı kooperativə qarşı müqavilənin ləğv edilməsi, tərəfindən ödənilmiş pulun geri qaytarılması, vurulmuş zərərin ödənilməsi və digər tələblərlə məhkəməyə müraciət etmək məcburiyyətində qalacağını bildirmişdir. Beləliklə, yuxarıda qeyd edilənlərdən müəyyən edilir ki, iddiaçı ilə “Cavabdeh MTK arasında bağlanmış 670 “a” saylı, 07 dekabr 2020-ci il tarixli “Mənzil Tikintisi haqqında” Müqaviləyə əsasən ünvan 1 ünvanında inşa edilən 15 mərtəbəli yaşayış evinin 3 bloku, 12-ci mərtəbəsində yerləşən ümumi sahəsi 134 kv.m olan, izolə olunmuş 4 otaqdan ibarət 66 saylı mənzili pay kimi “Payçı”ya, yəni ona ayırmağı, “Payçı” isə müqavilədə göstərilmiş məbləği tamamilə ödəməyi və mənzili qəbul etməyi öz öhdəsinə götürmüşdür. Mənzilin pay dəyəri payçı 87100 (səksən yeddi min yüz) manat İddiaçı tərəfindən müqavilə bağlanan vaxt ödənilmişdir, MMC-yə heç bir borcu qalmamışdır. İddiaçı mənzilin pay dəyəri cavabdehə ödənilmiş, lakin ötən zaman ərzində mənzil hələ də ona təhvil verilməmişdir. Müqavilə şərtləri cavabdeh tərəfindən pozulduğundan iddiaçı müqavilənin ləğv edilməsi, ödənmiş 87100 (səksən yeddi min yüz) manat, mənəvi zərərə görə 5000 (beş min) manat və 366,30 dövlət rüsumuna görə pulun geri qaytarılmasını cavabdehdən xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 399.1-ci maddəsinə əsasən müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. - 421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər həmin Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. - 442.1-ci maddəsinə uyğun olaraq, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 178.8-ci maddəsinə əsasən mənzil, bağ, qaraj və ya başqa kooperativin üzvü, pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka mülkiyyət hüququ əldə edirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair Konstitusiya Məhkəməsin Plenumunun 25 oktyabr 2010-cu il tarixli Qərarına görə «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsi həmin Məcəllənin 146.1ci, 146.2-ci, 178.1-ci və 178.2-ci maddələrinin və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 113-cü maddəsinin müddəalarına uyğun olaraq tətbiq edilməlidir. Kooperativin üzvü və pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka sahiblik və istifadə etmək hüququnu, daşınmaz əmlakın dövlət reyestrində qeydə alındıqdan sonra isə sərəncam vermək hüququnu əldə edirlər». Azərbaycan Respublikası Mülki Məcəlləsinin 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 752.2-ci maddəsinə əsasən əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alqı-satqı qaydaları tətbiq edilir. Məhkəmə iddia tələbinin müqavilənin ləğvi hissəsinə münasibətdə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra mətndə Mülki Məcəllə): - 421.1-ci maddəsinə əsasən, müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür; - 421.2-ci maddəsinə əsasən, tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda (1) və ya bu Məcəllədə (2) və ya müqavilədə nəzərdə tutulan digər hallarda (3) dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur.- 421.3-ci maddəsinə əsasən, müqavilənin tamamilə və ya hissəhissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. İşin hallarına münasibətdə bu müddəaların tələbləri tətbiq edilərkən belə müəyyən olunmuşdur ki, müqavilənin ləğvinə dair iddiaçının müraciətinə cavabdeh tərəf cavab verməmişdir. Qanunvericiliyin tələblərinə uyğun olaraq tərəflərdən birinin tələbi ilə müqavilə yalnız o halda ləğv oluna bilər ki, əgər digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozmuşdur və yaxud Məcəllədə nəzərdə tutulmuş qaydada. Yuxarıda qeyd edilənlərdən göründüyü kimi müqavilənin şərtləri cavabdeh tərəfindən pozulmuşdur. Ona görə də, məhkəmə hesab edir ki, iddia tələbi müqavilənin ləğvi hissəsində əsaslıdır və təmin edilməlidir Məhkəmə işin müəyyən edilən faktiki hallarına və qeyd edilən maddi hüquq normalarının tələblərinə əsasən məhkəmə hesab edir ki, tərəflər arasında bağlanan müqavilədə müqavilənin icra müddəti göstərilməsə də, öhdəlik ağlabatan müddətdə icra oluna bilərdi. Lakin göründüyü kimi 2 ildən artıq ötən müddət ərzində cavabdeh iddiaçı qarşısında öhdəliyini icra etmədiyindən, öhdəliyin icrasından boyun qaçırdığından iddiaçı hazırkı iddia ilə məhkəməyə müraciət etməli olmuşdur. Mənəvi zərərin ödənilməsi barədə qanunverciliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli qərarının 8-ci bəndinə görə plenum izah edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərlə bağlı işin müəyyən edilən hallarına hüquqi qiymət verərək qeyd edir ki, iddiaçı mənəvi zərər əvəzi olaraq cavabdehin ona 5000 manat ödənilməli olduğunu iddia etsə də, bu hissədə iddiasını əsaslandırmadığından iddia mənəvi zərər hissəsində təmin edilməməlidir. Beləliklə, işin müəyyən edilən faktiki hallarına və qeyd edilən maddi hüquq normalarının tələblərinə əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən əsaslı olmaqla qismən təmin edilməli, İddiaçı ilə cavabdeh "xxxx" MTK arasında ünvan 1 ünvanında inşa edilən 15 mərtəbəli yaşayış evinin 3 bloku, 12-ci mərtəbəsində yerləşən ümumi sahəsi 134 kv.m olan, izolə olunmuş 4 otaqdan ibarət 66 saylı mənzilə dair 670 “a” saylı, 07 dekabr 2020-ci il tarixli “Mənzil Tikintisi haqqında” Müqavilə ləğv edilməli,həmin mənzilin alınması üçün iddiaçı tərəfindən ödənilmiş 87100 (səksən yeddi min yüz) manat məbləğində pul vəsaiti Cavabdeh MTK-dan alınaraq İddiaçı verilməlidir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən, iddiaçının ödədiyi 366,30 manat məbləğində dövlət rüsumuna görə pulun 300 manat hissəsi Azərbaycan Respublikası Mülki - Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən cavabdehdən tutulub iddiaçıya ödənməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin olunsun. İddiaçı ilə cavabdeh "xxxx" MTK arasında ünvan 1 ünvanında inşa edilən 15 mərtəbəli yaşayış evinin 3 bloku, 12-ci mərtəbəsində yerləşən ümumi sahəsi 134 kv.m olan, izolə olunmuş 4 otaqdan ibarət 66 saylı mənzilinə dair bağlanmış 670 “a” saylı, 07 dekabr 2020-ci il tarixli müqavilə ləğv edilsin. Həmin müqavilə üzrə İddiaçı tərəfindən ödənilmiş olan 87100 (səksən yeddi min yüz) manat pul və 300 manat dövlət rüsumuna görə pul Cavabdeh MTK-dan alınıb İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Cəmilə Səfiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar