Məhkəmə qərarları › İş №2(005)-4406/2022

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-4406/2022

21.12.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-4406/2022 21.12.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əfəndizadə Mehriban Xalid qızının sədrliyi Məhkəmə iclas katibi Qurbanova Səkinə Nadir qızının katibliyi, Tərəflərin iştirakı olmadan, İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı aliment tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2007-ci il təvəllüdlü X9, xx.xx.2008-ci il təvəllüdlü X5 və xx.xx.2018ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən hər ay hər uşağa görə 193 manat, ümumilikdə isə 579 manat sabit pul məbləğində alimentin tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdeh ilə xx.xx.2006-cı il tarixində rəsmi nikaha daxil olmuşlar. Rəsmi nikahdan onların xx.xx.2007-ci il təvəllüdlü X9, xx.xx.2008-ci il təvəllüdlü X5 və nikahları pozulduqdan sonra xx.xx.2018-ci il təvəllüdlü X8 adında övladları vardır. Tərəflər xx.xx.2006-cı il tarixində rəsmi nikaha daxil olmalarına və birgə yaşamalarına baxmayaraq müəyyən səbəblərə görə Cavabdeh tələbi və iddiası əsasında Sabunçu rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi ilə tərəflərin xx.xx.2006-cı il tarixində bağlanmış 199 nömrəli akt qeydi ilə qeyd edilmiş nikahın pozulması birgə nikahdan doğulmuş uşaqların anasının yanında saxlanılınası qət edilmişdir. Tərəflər arasında olan nikahın pozulmasına dair Sabunçu rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2019-cu il tarixli “Nikahın pozulması haqqında” şəhadətnamə verilmişdir. Tərəflər arasında nikah rəsmi qaydada pozulsa da, tərəflərin münasibətləri normallaşmış, onlar birgə yaşamağa davam etmiş və birgə təsərrüfat aparmışlar. Son bir neçə ay ərzində tərəflərin münasibətləri kəskinləşmiş və bunun nəticəsində iddiaçı öz övadları ilə birlikdə daimi yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Ə.Əliyev küçəsi. ev 4, 10 fərdi yaşayış evindən çıxaraq, öz valideynləri ilə birgə yaşamaq məcburiyyətində qalmışdır. Cavabdeh Rusiya Federasiyasında yaşadığından və gəlirləri qeyri-sabit olduğundan, iddiaçı hazırki iddia ilə məhkəməyə müraciət edərək uşaqlarının saxlanılması üçün cavabdehdən sabit pul məbləğində alimentin ödənilməsi tələbini irəli sürmək məcburiyyətində qalır. İddiaçı nümayəndəsi və vəkili X11 xx.xx.2022-ci il tarixdə ərizə ilə müraciət edərək, iş üzrə məhkəmə baxışı başa çatanadək cavabdehdən hər ay hər uşağa görə 193 manat, cəmi 579 manat müvəqqəti aliment tutulması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(005)- 4406/2022 nömrəli qərardadı ilə ərizə qismən təmin edilmiş, xx.xx.2022-ci il tarixdən başlayaraq məhkəmənin aliment tutulması barədə qətnaməsi çıxarılanadək xx.xx.2007-ci il təvəllüdlü X9, xx.xx.2008-ci il təvəllüdlü X6 və xx.xx.2018-ci il təvəllüdlü X1 üçün Cavabdeh hər ay hər uşaq üçün 180 manat, cəmi 540 manat pul tutularaq İddiaçı verilməsi qərara alınmışdır. Tərəflərə baxılacaq işin vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq heç bir üzrlü səbəb təqdim etmədən mülki iş üzrə təyin edilən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 184.2-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçı tərəfin izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan; Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-1117/2018 nömrəli, xx.xx.2018-ci il tarixli qətnaməsindən görünür ki, X4 ilə İddiaçı arasında xx.xx.2006-cı il tarixdə Cəlilabad rayon VVADQ şöbəsində 199 nömrəli akt qeydi ilə bağlanmış nikahın pozulması qət edilmişdir. Cəlilabad Rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2009-cu il tarixli, AZ-İİ 281131 nömrəli doğum haqqında şəhadətnamənin notarial təsdiq olunmuş surətindən görünür ki, X5 xx.xx.2008-ci il tarixdə Cəlilabad rayonunda doğulmuşdur. X2, anası İddiaçıdır. Cəlilabad rayon qeydiyyat şöbəsi tərəfindən xx.xx.2008-ci il tarixli, AZ-İİ 085744 nömrəli doğum haqqında şəhadətnamənin notarial təsdiq olunmuş surətindən görünür ki, X9 xx.xx.2007-ci il tarixdə Cəlilabad rayonunda doğulmuşdur. X2, anası İddiaçıdır. Bakı şəhəri Sabunçu rayon qeydiyyat şöbəsi tərəfindən xx.xx.2019-cu il tarixli, AZ-İV 246315 nömrəli doğum haqqında şəhadətnamənin notarial təsdiq olunmuş surətindən görünür ki, X8 xx.xx.2018-ci il tarixdə Bakı şəhərində doğulmuşdur. X2, anası İddiaçıdır. Beləliklə, məhkəmədə mülki iş materiallarından müəyyən olundu ki, tərəflərin birgə münasibətindən xx.xx.2007-ci il təvəllüdlü X9, xx.xx.2008-ci il təvəllüdlü X5 və xx.xx.2018ci il təvəllüdlü X8 doğulmuşdur. Tərəflər arasında olan nikah məhkəmə qaydasında pozulmuş, uşaqlar ananın himayəsində qalmışdır. İddiaçı hazırda cavabdeh tərəfindən uşaqların saxlanılmasına köməklik göstərilmədiyini iddia edir və uşaqların yetkinlik yaşına çatana kimi saxlanması üçün cavabdehdən cəmi 579 manat məbləğində alimentin tutulmasını xahiş edir. Hazırki mülki iş üzrə cavabdehdən xx.xx.2022-ci il tarixdən başlayaraq məhkəmənin aliment tutulması barədə qətnaməsi çıxarılanadək xx.xx.2007-ci il təvəllüdlü X9, xx.xx.2008-ci il təvəllüdlü X6 və xx.xx.2018-ci il təvəllüdlü X1 üçün hər ay hər uşaq üçün 180 manat, cəmi 540 manat pul tutularaq İddiaçı verilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 22.2.2-ci maddəsinə əsasən məhkəmə uşaqlar üçün alimentin hansı valideyndən və hansı miqdarda tutulduğunu müəyyən edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikası Qanununa müvafiq olaraq 2022-ci il üçün minimum yaşayış həddi uşaqlar üçün 193 manat məbləğində müəyyən edilmişdir. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2016-cı il tarixli Qərarında qeyd olunmuşdur ki, nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas ola bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Bu zaman uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 26 mart 2016-cı il tarixli, 8-2/2016 nömrəli Qərarında qeyd olunmuşdur ki, 8.7-ci bəndinə əsasən alimentin miqdarı müəyyən edilərkən aliment ödəməli şəxsin məhkəmə qətnaməsinə əsasən aliment ödədiyi digər uşaqlarının olması nəzərə alınmalıdır. Aliment ödəyən şəxsin məhkəmə qətnaməsi ilə aliment tutulmayan digər övladlarının olması, eləcə də onun digər əlavə xərclərə (kredit borcunun olması, kirayə haqqı ödəməsi və s.) məruz qalması alimentin azaldılması üçün mütləq əsas kimi qəbul edilməməlidir. Məhkəmə qeyd edilənləri, tərəflərin mövcud maddi vəziyyətini və hüquqi rejimini, uşağın saxlanmasının hər iki valideynin vəzifəsi olmasını, uşaqların maddi cəhətdən saxlanmasının valideynlər tərəfindən təmin edilməsi imkanının mümkünlüyünü uşağın maraqları baxımından nəzərə almaqla hesab edir ki, müvəqqəti aliment tutulması barədə ərizə qismən təmin edilməli, xx.xx.2007-ci il təvəllüdlü X9, xx.xx.2008-ci il təvəllüdlü X5 və xx.xx.2018-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay hər uşağa görə 180 manat, ümumilikdə isə 540 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilməlidir. Eyni zamanda iş materiallarından müəyyən olunur ki, mülki iş məhkəmənin icraatında olduğu zaman İddiaçı məhkəməyə verdiyi müvəqqəti təminat tədbirinə dair ərizə əsasında Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(005)- 4406/2022 saylı qərardadı ilə xx.xx.2022-ci il tarixdən başlayaraq məhkəmənin mülki iş üzrə aliment tutulması barədə qətnaməsi çıxarılanadək xx.xx.2007-ci il təvəllüdlü X9, xx.xx.2008-ci il təvəllüdlü X6 və xx.xx.2018-ci il təvəllüdlü X1 üçün Cavabdeh hər ay hər uşaq üçün 180 manat, cəmi 540 manat pul tutularaq İddiaçı verilməsi qərara alınmışdır. Bu səbəbdən də məhkəmə qətnaməsi ilə xx.xx.2022-ci il tarixdən başlayaraq Cavabdeh İddiaçı xeyrinə aliment tutulan zaman Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(005)-44062022 saylı qərardadı nəzərə alınmalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəmə qərarı ilə tutulduqda aliment məhkəməyə müraciət edildiyi tarixdən tutulur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 234-cü maddəsinə müvafiq olaraq şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Məhkəmə qeyd olunan prosessual hüquq normalarını və aliment tutulması barəsində iddia ərizələri verilərkən iddiaçı dövlət rüsumu ödəməkdən azad olunmasını nəzərə alaraq hesab edir ki, illik tutulacaq alimentin məbləği 6480 manat təşkil etdiyindən, 84.8 manat məbləğində dövlət rüsumu cavabdehdən alınaraq dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. xx.xx.2022-ci il tarixdən başlayaraq, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(005)-44062022 saylı qərardadı nəzərə alınmaqla, xx.xx.2007-ci il təvəllüdlü X9, xx.xx.2008-ci il təvəllüdlü X6 və xx.xx.2018-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay hər uşaq üçün 180 manat olmaqla, cəmi 540 manat məbləğində aliment alınaraq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin ediməsin. Cavabdeh 84.8 manat pul alınıb, dövlət büdcəsinə köçürülsün. Qətnamə dərhal icra edilsin. Qətnamədən tərəfə rəsmi təqdim olunan gündən bir ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Mehriban Əfəndizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar