Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-4467/2021 24.11.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi Məhkəmə iclasının katibi X3, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdeh "xxxx" MMC-nin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı “qeyri-yaşayış sahəsinin təhvil verilməsi, ödənilməmiş kirayə pulunun və dəymiş ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" MMC-dən 2020-ci ilin iyun ayından 2021-ci ilin may ayına kimi ödənilməmiş 12000 manat kirayə pulunun, 4000 manat maddi ziyanın, ödənilmiş 30 manat dövlət rüsumunun ödənilməsi və 65 kv.m-dən ibarət olan, 1-ci mərtəbədə yerləşən qeyri-yaşayış sahəsini müqavilənin dördüncü vərəqəsinin sonunda qeyd edildiyi kimi Təbriz küçəsinə baxan istiqamətdə təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh "xxxx" MMC ilə onun arasında 31.07.2017-ci il tarixdə 1 nömrəli müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən cavabdeh Nərimanov rayonu, T.Şıxəliyev küçəsi, ev 17 ünvanında yerləşən, 2 mərtəbəli 24 mənzilli yaşayış binasında iddiaçının mülkiyyətində olan 45.3 kv.metrdən ibarət 1 otaqlı qeyri-yaşayış sahəsinə 20 faiz əlavə etməklə 18-24 ay müddətinə mülkiyyətçinin, yəni onun sərəncamına verməyi öhdəlik götürmüşdür. Artıq 48 aya yaxın vaxt keçməsinə baxmayaraq, cavabdeh tərəfindən götürülmüş öhdəlik bu günki günə kimi yerinə yetirilməmişdir. Eyni zamanda müqavilənin 2.2.1-ci maddəsinə əsasən Cəmiyyət hər ay iddiaçıya müvəqqəti yaşayış məqsədi ilə 800 manat məbləğində pul vəsaiti ödəməyi öhdəlik götürmüşdür. Sözügedən məbləğ 2020-ci ilin may ayına kimi ödənilmiş, o vaxtdan bəri isə ödənilməsi dayandırılmışdır. Bu dövr ərzində sözügedən qeyriyaşayış sahəsinin icarə haqqının məbləğində artım olmuşdur. Belə ki, iddiaçı həmin yaşayış sahəsini yüksək qiymətlə icarəyə verməklə aylıq gəlir əldə edir. Cavabdehin qanunsuz hərəkətləri ucbatından o həmin gəliri əldə etməkdən məhrum olmuşdur. Bu səbəbdən də, əldə çıxmış faydaya görə iddiaçıya 4000 manat ziyan dəymişdir. 2020-ci ilin iyun ayından 2021-ci ilin avqust ayına kimi 12000 manat borc yaranmışdır. Qeyd edilənlərə əsasən, 23.04.2021-ci il tarixdə cavabdeh “Çarbağ" MMC-yə pretenziya məktubu ünvanlayaraq, 2020-ci ilin iyun ayından 2021-ci ilin avqust ayına kimi 1.2000 manat borcun və 65 kv.m-dən ibarət olan, 1-ci mərtəbədə yerləşən qeyriyaşayış sahəsini müqavilənin dördüncü vərəqəsinin sonunda qeyd edildiyi kimi Təbriz küçəsinə baxan istiqamətdə tez bir zamanda təhvil verilməsini, əks halda məhkəməyə müraciət edəcəyini bildirmişdir. Aradan 1 aydan çox müddət keçməsinə baxmayaraq, cavabdeh tərəfindən heç hir cavab verilməmişdir. Bu səbəbdən də, mövcud tələblə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə yazılı ərizə təqdim edərək, cavabdeh "xxxx" MMC-dən 2020-ci ilin iyun ayından 2021-ci ilin avqust ayına kimi ödənilməmiş 12000 manat kirayə pulunun, 4000 manat maddi ziyanın, ödənilmiş 30 manat dövlət rüsumunun ödənilməsi və 65 kv.m-dən ibarət olan, 1-ci mərtəbədə yerləşən qeyri-yaşayış sahəsini müqavilənin dördüncü vərəqəsinin sonunda qeyd edildiyi kimi Təbriz küçəsinə baxan istiqamətdə təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia tələbinin dəlillərinə uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh "xxxx" MMC-nin nümayəndəsi X2 iddia tələbini qismən qəbul etdiyini, pandemiya dövrünə düşdüyü üçün vətəndaşa ödənişləri həyata keçirməkdə müəyyən çətinliklər çəkdiklərini bildirdi. Eyni zamanda, iddiaçı tərəfindən onlara məhkəmədənkənar mübahisənin həll edilməsi üçün cavabdeh hər hansı bir məlumatın verilmədiyini qeyd etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, mülki işin sənədlərini araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* nömrəli çıxarışın notarial qaydada təsdiq olunmuş surətinə əsasən ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 45.3 kv.m olan qeyri-yaşayış sahəsi mülkiyyət hüququ kimi İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 143 nömrəli reyestr kitabının 13386 nömrəli vərəqində 07.01.2015-ci il tarixdə qeydiyyata alınmışdır; "xxxx" MMC ilə mülkiyyətçi İddiaçı arasında bağlanmış 31.07.2017-ci il tarixli 1 saylı müqavilənin surətinə əsasən ünvan 2 ünvanında yerləşən, yaşayış üçün təhlükəli vəziyyətdə olan 2 mərtəbəli, 24 mənzilli yaşayış binasının söküntüsünü, eləcə də həmin ərazidə yeni hündürmərtəbəli yaşayış binasının tikintisini hyata keçirməyi, eyni zamanda “mülkiyyətçi”-nin söküntüsü nəzərdə tutulan binada mülkiyyətində olan 45.3 kv.m metrdən ibarət 1 otaqlı qeyri-yaşayış sahəsinin Dövlət Reyestrindən çıxarışda göstərilmiş ümumi sahəsinə 20% əlavə etməklə tikiləcək binanın qeyriyaşayış sahəsində 65.0 kv.m metrdən ibarət 1-ci mərtəbədə, yerləşən qeyri-yaşayış sahəsini “mülkiyyətçi”-nin sərəncamına verməyi öhdəsinə götürmüşdür; Eyni zamanda, müqavilənin 2.2.1-ci bəndinə əsasən “Cəmiyyət” yaşayış üçün təhlükəli olan və bu səbəbdən də söküntüsünü nəzərdə tutulan binanın yerində yeni binanı inşa edib “Mülikiyyətçi”-nin bu müqavilədə müəyyən olunmuş şərtlər daxilində təmirli qeyri-yaşayış sahəsini ona təhvil verilən vaxt intervalına qədər hər ay “mülkiyyətçi”-yə müvəqqəti yaşayış məqsədi ilə 800 manat məbləğində pul vəsaiti ödəməyi, 2.2.2-ci maddəyə əsasən "Cəmiyyət" bu Müqavilədə müəyyən olunmuş şərtlər daxilində yaşayış üçün təhlükəli olan binanın söküntüsü ilə bağlı müvafiq şəraitin yaradılmasını və eləcə də, təhlükəsizlik normalarına uyğun qaydada binanın söküntüsünü həyata keçirməsini təmin etməyi, “Cəmiyyət” bu Müqavilənin 2.2.1 bəndində nəzərdə tutulmuş ödənişin "Mülkiyyətçi" yə 1 (bir) ay üçün nəzərdə tutulmuş məbləğin qabaqcadan ödənilməsini, eləcədə ödənişin ayda 1 (bir) dəfə, hər ayın 31-də "Mülkiyyətçi"yə ödənilməsini təmin etməyi öhdəsinə götürmüşdür; Eyni zamanda müqavilənin 2.2.4-cü maddəsinə əsasən “Cəmiyyət” yeni tikiləcək binanın bünövrəsi (kotlavan) qoyulduqdan sonra tikinti işlərini 18-24 ay müddətinə başa çatdıraraq Müqavilə şərtlərinə uyğun qaydada "Mülkiyyətçi" yə təmirli qeyri-yaşayış sahəsini təhvil verməyi, “Cəmiyyət” hər hansı bir obyektiv səbəbdən tikinti işlərini Müqavilədə müəyyən olunmuş müddətdə başa çatdırılmadığı təqdirdə, bu Müqavilənin 2.2.1 bəndində müvəqqəti yaşayış məqsədi üçün nəzərdə tutulmuş kirayə haqqını yeni binanı "Mülkiyyətçi"yə təhvil verilən müddətə qədər ödənişini təmin etməyi, “Cəmiyyət” binanın tikintisi başa çatdırıldıqdan sonra aşkar olunmuş nöqsanları və eləcə də, tam görülməyən işlərin tamamlanmasını təmin etməyi öhdəsinə götürmüşdür; İddiaçı tərəfindən "xxxx" MMC-yə ünvanlanmış 26.04.2021-ci il tarixli pretenziyanın məzmununda “Sizinlə mənim aramda 31.07.2017-ci il tarixdə 1 nömrəli müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən Siz, Nərimanov rayonu, T.Şıxəliyev küçəsi, ev 17 ünvanında yerləşən, 2 mərtəbəli 24 mənzilli yaşayış binasında mənim mülkiyyətimdə olan 45.3 kv.metrdən ibarət 1 otaqlı qeyri-yaşayış sahəsini 18-24 ay müddətinə mülkiyyətçinin, yəni mənim sərəncamıma verməyi öhdəlik götürmüsünüz. Artıq 48 aya yaxın vaxt keçməsinə baxmayaraq, Sizin tərəfinizdən götürülmüş öhdəlik bu günkü günə kimi yerinə yetirilməmişdir. Eyni zamanda müqavilənin 2.2.1-ci maddəsinə əsasən Cəmiyyət hər ay mənə müvəqqəti yaşayış məqəsədi ilə 800 manat məbləğində pul vəsaiti ödəməyi öhdəlik götürmüşdür. Sözügedən məbləğ 2020-ci ilin may ayına kimi ödənilmiş, o vaxtdan bəri isə ödənilməsi dayandırılmışdır. Sizə olan şifahi müraciətim zamanı isə müxtəlif bəhanələr irəli sürülmüşdür. 2020-ci ilin iyun ayından 2021-ci ilin aprel ayına kimi mənə 8800 manat borcunuz yaranmışdır. Qeyd edilənlərə əsasən, Sizdən 2020-ci ilin iyun ayından 2021-ci ilin aprel ayına kimi 8800 manat borcun və 65 kv.m-dən ibarət olan, 1-ci mərtəbədə yerləşən qeyriyaşayış sahəsini müqavilənin dördünsü vərəqəsinin sonunda qeyd edildiyi kimi Təbriz küçəsinə baxan istiqamətdə tez bir zamanda təhvil verməyinizi Sizdən xahiş edirəm. Əks halda tərəfimdən məhkəməyə müraciət olunacaq” göstərilmişdir; Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, "xxxx" MMC ilə mülkiyyətçi İddiaçı arasında bağlanmış 31.07.2017-ci il tarixli 1 saylı müqavilənin surətinə əsasən ünvan 2 ünvanında yerləşən, yaşayış üçün təhlükəli vəziyyətdə olan 2 mərtəbəli, 24 mənzilli yaşayış binasının söküntüsünü, eləcə də həmin ərazidə yeni hündürmərtəbəli yaşayış binasının tikintisini həyata keçirməyi, eyni zamanda “mülkiyyətçi”-nin söküntüsü nəzərdə tutulan binada mülkiyyətində olan 45.3 kv.m metrdən ibarət 1 otaqlı qeyri-yaşayış sahəsinin Dövlət Reyestrindən çıxarışda göstərilmiş ümumi sahəsinə 20% əlavə etməklə tikiləcək binanın qeyri-yaşayış sahəsində 65.0 kv.m metrdən ibarət 1-ci mərtəbədə, yerləşən qeyri-yaşayış sahəsini “mülkiyyətçi”-nin sərəncamına vermək öhdəliyi götürmüş, lakin müqavilə öhdəliyi bugünədək icra edilməmişdir. Hazırda müqavilə tərəfi öhdəliyin cavabdeh tərəfindən pozulduğunu, öhdəliyini yerinə yetirmədiyini bildirir, kirayə haqqının ödənilməsini və mənzilin tənvil verilməsini tələb edir. Göründüyü kimi, cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi vaxtında icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəmiş, lakin cavabdeh müqavilənin şərtlərini pozmuşdur. Buna görə də cavabdehin hərəkətsizliyi, müqavilə bağlandıqdan təxmini 2 ildən çox müddət ərzində qeyd olunan ərazidə hər hansı inşaat işləri aparılmaması öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməli, bu səbəbdən öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşımalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 405.1-ci maddəsinə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır; 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur; 423.2-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürülə bilər; 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir; 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. 759.1-ci maddəsinə əsasən Sifarişçi işlər qurtaranadək istənilən vaxt müqavilədən imtina edə bilər, lakin podratçıya yerinə yetirilmiş işin haqqını verməli və müqavilənin ləğvi ilə vurulan zərərin əvəzini ödəməlidir. 759.2-ci maddəsinə əsasən, Əgər sifarişçi tərəfindən müqaviləyə bilavasitə podratçının hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verən və ya həmin hərəkətlərlə bağlı olan səbəbə görə xitam verilərsə, podratçı yalnız yerinə yetirilmiş işin haqqını tələb edə bilər, bu şərtlə ki, sifarişçinin həmin işlərə hansısa marağı olsun. Göründüyü kimi, cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi ağlabatan müddətdə və vaxtında icra etməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. Buna görə də cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməli, onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, qeyri yaşamış sahəsinə iddiaçıya təhvil verməlidir. Digər tərəfdən, iddia tələbində iddiaçı «Təbriz küçəsinə baxan istiqamətdə» qeyri yaşamış sahəsinin verilməsini tələb etsə də, həmin müqavilədə göstərilmiş şərt öz əksini tapmamışdır. Müqavilənin sonunda müqavilə tərəfi İddiaçı rekvizitləri əks olunmuş hissədə «Təbriz küçəsinə baxan istiqamətdə» sözlərinin yazılması müqavilə şərti kimi sayıla bilməz. Buna görə də iddia tələbi - cavabdeh Çarbağ” MMC-yə sözügedən öhdəliyin icra edilməsi hissədə təmin olunmamalıdır. Belə ki, Azərbaycan Respublikası MM-nin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, cavabdeh qeyd edilən müqavilə əsasında iddiaçıdan mənzili təhvil almaq hüquqlarına malik olduğu kimi, eyni zamanda həmin müqavilə əsasında qeyd edilən 65 kv.m-dən ibarət olan, 1-ci mərtəbədə yerləşən qeyri-yaşayış sahəsini iddiaçıya təhvil verilməsinə dair vəzifələrin daşıyıcısı olmuşlar. Lakin, cavabdeh göstərilən müqavilə əsasında iddiaçının 45.3 kv.m metrdən ibarət 1 otaqlı qeyri-yaşayış sahəsini almalarına dair hüquqlarından istifadə etmiş, həmin əmlakı iddiaçıya təhvil verilməli olmalarına dair vəzifələrini isə icra etməyərək, müqavilə öhdəliklərini yerinə yetirməmişlər. Odur ki, cavabdeh qeyri-yaşayış sahəsini iddiaçıya təhvil vermədiyindən həmin vəzifəsinin cavabdehin üzərinə qoyulmasını tələb etməkdə haqlıdır. Buna görə də iddia tələbi təmin edilməlidir. İşin hallarından aydın olur ki, cavabdeh MMC iddiaçı ilə bağlanmış sözügedən müqavilə üzrə öhdəliyini yerinə yetirməyərək 2019-cu ildə təhvil verməli olduğu əmlakı ona verməmişdir. Müqavilənin 2.2.1-ci maddəsinə əsasən MMC hər ay iddiaçıya müvəqqəti yaşayış məqsədi ilə 800 manat məbləğində pul vəsaiti ödəməyi öhdəlik götürmüş, həmin məbləğ 2020-ci ilin may ayına kimi ödənilmiş, sonradan dayandırılmışdır, işin bu halı cavabdeh tərəfindən də etiraf olunmuşdur. bu baxımdan məhkəmə hesab edir ki, 2020-ci ilin iyun ayından 2021-ci ilin avqust ayına kimi ödənilməmiş kirayə pulunu (14x 800= 11200 manat) iddiaçıya ödəməlidir. Mülki qanunvericilikdə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsi baxımından öhdəliyin pozulması dedikdə öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsi, lazımınca icra edilməməsi dedikdə isə vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsinin 25.10.2010-cu il tarixli qərarında qeyd olunmuşdur ki, “...pay haqqının tam ödənilməsinə qədər kooperativ və onun üzvü arasında yaranan hüquq münasibətləri öhdəlik xarakterlidir. Bu öhdəliyin mahiyyəti ondan ibarətdir ki, kooperativin üzvü yaşayış və ya qeyriyaşayış sahəsinə mülkiyyət hüququnun əldə edilməsinə əsas verən pay haqqının tam ödənilməsi vəzifəsini, kooperativ isə həmin sahənin müəyyən olunmuş müddətdə kooperativ üzvünə təhvil verilməsi vəzifəsini daşıyır. Beləliklə, kooperativin üzvü tərəfindən kooperativə pay haqqının tam ödənilməsi onun dövlət qeydiyyatını həyata keçirən orqandan həmin əmlakın sahibi kimi mülkiyyət hüquqlarının, yəni sahiblik, istifadə və sərəncam hüquqlarının dövlət qeydiyyatına alınmasını tələb etmək hüququ yaradır...Kooperativin üzvü və pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka sahiblik və istifadə etmək hüququnu, daşınmaz əmlakın dövlət reyestrində qeydə alındıqdan sonra isə sərəncam vermək hüququnu əldə edirlər”. Məhkəmə ilk növbədə qeyd edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77-ci maddəsi (hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir) sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Sübutetmə vəzifəsinin ümumi qaydalara əsasən işdə iştirak edən tərəflərin üzərinə qoyulması mülki məhkəmə icraatında çəkişmə və tərəflərin bərabərliyi prinsipindən doğur. Çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyini müdafiə etmək üçün irəli sürdükləri tələb və etirazların əsaslarını sübut etmək vəzifələrini, bunun üçün sübutlar təqdim etmək, vəsatətlər vermək və başqa zəruri prosessual hərəkətləri etmək imkanını müəyyən edir. Çəkişmə prinsipi müəyyən edilmiş sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq işdə iştirak edən hər bir şəxs öz tələb və etirazlarını əsaslandırdığı halları sübut edir. məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. İddiaçının tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Zərərin əvəzinin ödənilməsinə munasibətdə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsi mərkəzi ümumi norma kimi çıxış edərək, zərərin əvəzinin odənilməsi ilə əlaqədar tələbin şərtlərini deyil, yalnız hüquqi nəticələrini tənzimləyir. Zərərin əvəzinin odənilməsi ucun iddia tələbinin əsasının özü isə digər hüquq sahələrində (məsələn, müqavilə hüququ, delikt hüququ və s.) axtarılmalıdır. Bu mənada, konkret mübahisəyə munasibətdə cavabdeh tərəfindən zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması müəyyən olunduğu təqdirdə zərərin əvəzinin ödənilməsi ücün iddia tələbinin əsası da məhz delikt hüququndan irəli gəlir. Bu baxımdan məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddiaçı cavabdeh tərəfindən hüquqi nəticə etibarı ilə ona qarşı mülki hüquq pozuntusunun (deliktin) törədildiyini və nəticədə ona cavabdeh "xxxx" MMC tərəfindən 4000 (dörd min) manat məbləğindən maddi ziyanın vurulduğunu iddia etsə də, zərərin cavabdehin qanunsuz hərəkəti nəticəsində vurulması müəyyən edilməmiş, bu tələbini təsdiq edən nəinki mötəbər, ümumiyyətlə hər hansı sübut təqdim edə bilməmişdir. Məhkəmə baxışı zamanı cavabdehin iddiaçıya qarşı hər hansı təqsirli, hüquqa zidd əməlin törədilməsi müəyyən edilməmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, iddiaçının “maddi ziyanın tutulması” tələbi əsasızdır və rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə itirak edən şəxslərə aid edilir; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, 31.07.2017-ci il tarixdə 1 nömrəli müqavilə üzrə 65 kv.m-dən ibarət olan, 1-ci mərtəbədə yerləşən qeyri-yaşayış sahəsini İddiaçı təhvil verilməsi öhdəliyi Cavabdeh "xxxx" MMC-nin üzərinə qoyulmalı, cavabdeh "xxxx" MMC-dən iddiaçının xeyrinə 2020ci ilin iyun ayından 2021-ci ilin avqust ayına kimi ödənilməmiş 11 200 manat kirayə pul haqqı və ödənilmiş 30 manat dövlət rüsumu tutulmalı, iddia qalan hissədə rədd edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin119-cu və 216-220-cim maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. 31.07.2017-ci il tarixdə 1 nömrəli müqavilə üzrə 65 kv.m-dən ibarət olan, 1-ci mərtəbədə yerləşən qeyri-yaşayış sahəsini İddiaçı təhvil verilməsi öhdəliyi cavabdeh "xxxx" MMC-nin üzərinə qoyulsun. 2020-ci ilin iyun ayından 2021-ci ilin avqust ayınadək ödənilməmiş kirayə haqqının əvəzi olaraq cəmi 11200 (on bir min iki yüz) manat məbləğində pul cavabdeh "xxxx" MMC tərəfindən tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Aytən Novruzova
Məhkəmə qərarları › İş №2(005)-4467/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-4467/2021
24.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kirayə müqaviləsi üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver