Məhkəmə qərarları › İş №2(005)-4492/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-4492/2021

05.10.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-4492/2021 05.10.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi Məhkəmə iclasının katibi X3, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçının Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh qazancının və başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında mənim xeyrimə aliment tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı X4 iddia tələbinin dəqiqləşdirilməsi barədə yazılı ərizə təqdim edərək, alimentin sabit olaraq 250 manat tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, keçmiş həyat yoldaşı Cavabdeh iddiaçı qismində “nigahın pozulması və aliment" tələbi ilə qeydiyyatda olduğu ərazi aidiyyatı üzrə Nərimanov Rayon Məhkəməsinə müraciət etmişdir. Nərimanov Rayon Məhkəməsi 2(001)- 908/2014 saylı 01.07.2014-ci il tarixli qətnaməsi ilə iddianı təmin etmiş və oğlu 11 noyabr 2005-ci il təvəllüdlü X5 və qızı 27 iyul 2006-cı il təvəllüdlü X2 anaları ilə birgə qalmasını qət etmişdir.Bildirilir ki, Nərimanov Rayon Məhkəməsi 2(005)-145/2021 saylı 01.04.2021 -ci il tarixli qətnaməsi ilə iddiaçının oğlu Məmmədli Eldarı onun himayəmə verilməsini qət etmişdir.Məhkəməyə uşaqlarla ünsiyyət hüququnun bərpası tələbi ilə iddia ərizəsi ilə müraciət etmişdir və barışıq sazişi əsasında Nərimanov Rayon Məhkəməsi 2(005)-4642/14 saylı 10.12.2014-cü il tarixli qərardad qəbul etmişdir. Həmin qərardadla uşaqlarla görüş vaxtı müəyyən edilmiş və hər bir uşaq üçün cavabdehin xeyrinə 250 manat iddiaçıdan aliment tutulması qət edilmişdir.Cavabdeh yenidən ailə qurmuşdur. Ailə qurduqdan bir müddət sonra oğlu X7 anası ilə qalmaqdan imtina etmiş və artıq uzun müddətdir ki, iddiaçıyla Bakı şəhəri Binəqədi rayonu Naxçıvanı küç. ev 24. m. 102 yaşayır.Məhkəmə uşaqlarımın saxlanması üçün 17 fevral 2014-cü il tarixindən başlayaraq ondan cavabdehin xeyrinə hər ay hər bir uşaq üçün 250 manat miqdarında alimen tutulmasını qət etmişdir. Cavabdeh dövlət xəstəxanasında həkim işləyir. AR Ailə Məcəlləsinin 76-cı maddəsinin müvafiq bəndinə əsasən aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay 1 uşağa görə—qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında aliment tutulur. Qanunun tələbinə əsasən cavabdehdən əmək haqqının dörddə bir hissəsi miqdarında aliment tutulmalıdır. Məhkəmə iclasında İddiaçı iddia tələbinin dəlillərinə uyğun şəkildə izahat verərək, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh tərəfindən məhkəməyə dəftərxana vasitəsi ilə daxil olmuş etirazında bildirilmişdir ki, “aliment” tələbinə dair iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Cavabdehə məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclaslarına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Məhkəmə elektron sistemindən əldə olunmuş məlumata görə, Cavabdeh MOM-də şüa diaqnostikası üzrə həkim işləyir, 448,50 manat əmək haqqı alır. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 01.04.2021-ci il tarixli, 2(005)-145/2021 nömrəli qətnamədən görünür ki, 11.11.2005-ci il təvəllüdlü X7 atası İddiaçı himayəsinə verilmiş, İddiaçı Cavabdeh uşağın saxlanılması üçün aliment ödəməkdən azad edilmişdir. Beləliklə, məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, iddiaçı ilə cavabdehin nikahı məhkəmə qətnaməsi ilə pozulmuş, birgə nikahdan 11.11.2005-ci il təvəllüdlü X7 anadan olmuşdur. Uşaq hazırda iddiaçının himayəsindədir. İddiaçı hazırda uşağın saxlanılması üçün cavabdehdən hər ay 250 manat sabit pul məbləğində aliment tələb edir. İddia ərizəsi məhkəməyə 02.09.2021-ci il tarixdə daxil olmuşdur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar; 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur; 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı qeyrimüntəzəm, dəyişən olarsa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını xahiş edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər; 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun: 13–cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır; 19-cu maddəsinə əsasən uşağın maddi və mənəvi tələbatlarının təmin edilməsi valideyinlərin əsas vəzifəsidir. Məhkəmə hesab edir ki, qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutan sabit pul məbləğində hər ay 175 manat məbləğində aliment tutulması ağlabatan və ədalətlidir. Nəzərə alınmalıdır ki, iddiaçı uşağın saxlanılması üçün məhz sabit pul məbləğində aliment ödənilməsini tələb etmişdir. Alimentin məbləği ilə bağlı olaraq ilk növbədə nəzərə alınmalıdır ki, Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. “Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında” Qanuna görə yaşayış minimumu uşaqlar üçün 175 manat məbləğində müəyyən edilmişdir. “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə əsasən isə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Beləliklə, qanunvericiliyin sadalanan müddəaları alimentin məbləğinin müəyyənləşdirilməsi zamanı əsas meyar kimi uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyən etmişdir. Bu zaman tərəflərin maddi və ailə vəziyyətləri, eləcə də hər bir konkret hal üzrə müəyyən olunmuş digər diqqətəlayiq hallar da nəzərə alınmalıdır. Ölkə üzrə uşaqlar üçün müəyyən olunmuş yaşayış minimumu özlüyündə müəyyən meyar kimi çıxış etməklə, minimum təminat səviyyəsini nəzərdə tutur. Göründüyü kimi, iddiaçı ilə cavabdeh arasında yetkinlik yaşına çatmayan uşaqlara alimentin ödənilməsi barədə saziş yoxdur, iddiaçı uşağın saxlanılması üçün aliment miqdarını hər ay ödənilməli olan sabit pul məbləğində tələb edir. Bununla əlaqədar məhkəmə hesab edir ki, 11.11.2005-ci il təvəllüdlü X1 üçün İddiaçı tərəfindən Cavabdeh tələb edilən alimentin miqdarı sabit pul məbləğində müəyyən edilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun: 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 500 manatdan çox olduqda 30 manat miqdarında dövlət rüsumu ödənilir; 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumunu ödəməkdən azad olunurlar; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 112.1.3-cü maddəsinə əsasən iddianın qiyməti aliment alınması haqqındakı iddialarda - bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir; 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır; 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə istinad edilən maddi hüquq normalarının tələblərini rəhbər tutub, iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verib belə qənaətə gəlir ki, iddia təmin edilməli, 11.11.2005-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 175 (bir yüz yetmiş beş) manat sabit pul məbləğində aliment İddiaçının xeyrinə tutulmalı, aliment məbləği məhkəməyə müraciət etdiyi vaxtdan, yəni 02.09.2021-ci il tarixdən hesablanmalıdır. Məhkəmə hesab edir ki, hazırki mülki iş üzrə tutulacaq aliment məbləğinin məcmusu (iddia qiyməti) 500 manatdan çox olduğundan, ödənilməli olan dövlət rüsumu 30 manat məbləğində müəyyən edilməli və bu qəbildən olan iddialar üzrə iddiaçılar dövlət rüsumunu ödəməkdən azad olunduğundan həmin məbləğ Cavabdeh tutularaq dövlət gəlirlərinə alınmalıdır. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119-cu, 124-cü, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. 11.11.2005-ci il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh İddiaçının xeyrinə hər ay 175 (bir yüz yetmiş beş) manat sabit pul məbləğində aliment tutulsun. Aliment məbləği 02.09.2021-ci il tarixdən etibarən hesablansın. Qətnamə dərhal icra edilsin. İddiaçının ödəməkdən azad edildiyi 30 (otuz) manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq dövlət gəlirlərinə alınsın. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Aytən Novruzova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar