Məhkəmə qərarları › İş №2(005)-450/2025

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-450/2025

14.04.2025 · Mənzil mübahisələri - Mənzilə köçürmə - Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-450/2025 14.04.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Nərgiz Nazim qızının sədrliyi, Məhkəmə iclas katibi Gülməmmədova Qumru Habil qızının katibliyi, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4, Сavabdehlər Cavabdeh1 və Cavabdeh2 nümayəndəsi və vəkili Nümayəndə iştirakları ilə, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı (Bakı Şəhəri Nərimanov Rayon İcra Hakimiyyəti və Nərimanov Rayon Mənzil Kommunal Təsərrüfat Birliyi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürülməyən üçüncü şəxs qismində cəlb edilməklə) hərəkətlərinin qanunsuz hesab edilməsi, mənzilə köçürülmə və maneələrin aradan qaldırılması tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərin İddiaçı1 qarşı mübahisəli mənzilə dair sənədlərin itirilməsi kimi tələblərinin qanunsuz hesab edilməsi, İddiaçı4, İddiaçı3, X1, İddiaçı2 Bakı şəhəri M.Arif küçəsində yerləşən 38 saylı evin, sahəsi 31 m2 olan 2 otaqlı mənzilə köçürülmələri, cavabdehlərə mərhum X3 övladları olan İddiaçı4, Əminə, Məhəmmədəliyə və İddiaçı2 ünvan 1 ünvanında yerləşən 1 mərtəbəli, köhnə həyət tipli, sahəsi 31 kv.m.olan 2 otaqlı mənzildən tam hüquqla istifadə etmələrinə süni maneələr yaratmalarının qadağan edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, X7 hələ 2018-ci ildə keçmiş yoldaşı ilə barışdığını, ona - İddiaçı1, Montindəki evi özəlləşdirmək istədiklərini bildirməklə onu həmin evə dəvət etdi. 3 qardaşla müqavilə bağlayıb. Müqavilə şərtinə əsasən nəticəsindən asılı olmayaraq, 150 manat ödənişlə işi aparmalı, mübahisə yaranarsa məhkəməlik olarsa, əlavə ödənişlə işi məhkəməyə hazırlayıb, zərurət olduqda digər ərizə və şikayətlərin tərtib edilməsi təmin ediləcəkdi. Müqavilə icra edildi, lakin yerli baxış olsa da imtina edildi. 2022ci ildə xeyli mübahisəli söhbətlərdən sonra X3 əvvəlcədən tanış etdiyi keçmiş həyat yoldaşı İddiaçı2 ona müraciət edərək bildirmişdir ki, Nəsrəddinin söz sahibi olmaması əsası ilə mənzildən istifadə edilməsinə maneələr yaradılması davam edir. xx.xx.2022-ci ildə poçt vasitəsilə iddia ərizəsi Nəsrəddin Vəliyevin də cavabdeh qoyulması ilə məhkəməyə göndərildi. Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə ərizə geri qaytarıldı. 4 fevral 2023-cü ildə cavabdeh Nəsrəddin vəfat etdi. Mübahisə ilə bağlı Nəsrəddinin uşaqlarının vəziyyətləri nəzərə alınaraq, 7 ay fasilə verildi. Lakin xx.xx.2023-cü ildə İddiaçı2lə görüşəndən sonra məlum oldu ki, atalarının ölməsinə baxmayaraq digər cavabdehlər xüsusən Cavabdeh1 nəinki mənzilə, heç mənzilin yaşayış otaqlarına aid olmayan eskizdə həyət kimi göstərilən sahəyə də daxil olmağa icazə verilmir. Hətta Cavabdeh1 məxsus mobil nömrəsi ilə vatsap yazışmalarında "Menden isder inci isder incime eminde deyir qeydiyyatdan çıxın haçar sizin olsun isder yaşayın isder satın isder donbalaq asın amma unutma atanın heç vaxt halalliqi bele yoxdu eve göre demirem ev sizindi mene maraqlı deyil" "Amma propiskadan cixilsin". Nəhayət xx.xx.2023cü ildə 1044 saylı poçt vasitəsilə İddiaçı2, Vəliyevə Əminə, İddiaçı4 göndərdiyi təklifdən sonra xx.xx.2024-cü ildə mediasiya sessiyası keçirilmiş, həmin sessiyada Cavabdeh1 İddiaçı1 də sənədləri itirdin kimi iradla çıxış etsə, hansı sənədlərdən söhbət getdiyi nə Ağamalıyevə, nə də Tağıyevaya aydın olmadı, bundan başqa mənzilə heç kəsi buraxmayacağını bəyan etdi. Araşdırma zamanı məlum olmuşdur ki, mübahisəli mənzillə bağlı cavabdehlər tərəfindən müraciət edilmişdir. Əlavə edilmiş ******* №-li Yaşayış yeri haqqinda arayışdan görünür ki, İddiaçı2 26 iyul 2007-ci ildən ünvan 2 ünvanında, onunla yanaşı xx.xx.2008-ci il təvəllüdlü Məhəmmədəli Nəsrəddin oğlu, Madinə Nəsrəddin qızı (xx.xx.2004). Əminə Nəsrəddin qızı (xx.xx.2002) Vəliyevlər də qeydiyyatdadırlar. Əlavə edilmiş arxiv çıxarışı Nərimanov rayon İcra Hakimiyyətinin 449 №li xx.xx.1992-ci il tarixli sərəncamından görünür ki, M.A.Ramazanovaya ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 31 m2 olan 2 otaqlı müvəqqəti mənzil sahəsi verilməsi barədədir, əlavə edilmiş tərtib edilən 2 ədəd fərqli eskizlərdən görünür ki, eskizin biri 2000-ci illərdə həyətlər göstərilən hissədə heç bir tikili yox, digərində xx.xx.2012-ci ildə tərtib edilmiş eskizdə isə artıq həyətlər kimi göstərilən hissələrdə tikililər mövcuddur, ayrı-ayrı girış-çıxışları mövcuddur. Əlavə edilmiş kommunal müqavilələrdən görünür ki, xx.xx.2023-cü il tarixdə Azəriqaz İB ilə İddiaçı4 arasında qazın satışı ilə bağlı, Azərsu ASC ilə isə xx.xx.2023-cü ildə əqdlər bağlanıb. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 nümayəndəsi və vəkili Nümayəndə məhkəməyə etiraz ərizəsi təqdim edərək qeyd etmişdir ki, məhkəmə sorğusu əsasında aydın olmuşdur ki, hazırda ünvan 4 ünvanındakı əmlaklar Bakı şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı Departamenti Nərimanov Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin balansında olmaqla dövlət mülkiyyətindədir. İş materiallarında olan Nərimanov rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1992-ci il tarixli 449 №-li sərəncamından görünür ki, ünvan 6 ünvanında yerləşən mənzil mərhum X5 müvəqqəti yaşayış üçün verilmişdir. İddiaçı2 keçmiş qaynanası X9 mübahisəli mənzilin mülkiyyətçisi olmamışdır. İşin faktiki halları ilə bağlı bildirilir ki, X4 Nəsrəddin Carullah oğlu xx.xx.2000-ci ildə İddiaçı2 ilə ailə qurmuş, bundan sonra sonuncu mübahisəli mənzildə yaşamağa başlamışdır. xx.xx.2007-ci il tarixdə İddiaçı2 həmin mənzilə qeydiyyata düşmüşdür. Elə həmin il İddiaçı2 və Nəsrəddin Vəliyev mübahisəli mənzili uşaqları ilə birlikdə tərk edib, ünvan 7 ünvanına getmişlər və orada yaşamışlar. İddiaçı2 məhkəmə iclasında verdiyi izahatından aydın olur ki, bir müddət sonra N.Vəliyev mübahisəli mənzilə geri qayıtsa da, o və indiki övladları (iddiaçılar) Sabunçu rayonu Bakıxanov qəsəbəsi Sülh küçəsi ev 14/2, mənzil 120 ünvanında qalmışlar. xx.xx.2014-cü il tarixdə Məryəm Ramazanova vəfat etmişdir. Digər iddiaçlar İddiaçı3 və İddiaçı4 isə mübahisəli mənzilə 2015-ci ilin yanvar və aprel ayında qeydiyyata düşmüşlər. Yuxarıda qeyd edilən məlumat məhkəmə sorğusu əsasında əldə edilmişdir. Həmin məktubda qeyd edilmişdir ki, İddiaçı2 xx.xx.2005-ci il tarixdən xx.xx.2007-ci il tarixə kimi ünvan 7 ünvanında qeydiyyatda olmuş, daha sonra ünvan 8 ünvanına qeydiyyata düşmüş, digər iddiaçılar İddiaçı3 və İddiaçı4 isə 2015-ci ildə ayında ünvan 8 ünvanına qeydiyyata düşmüşlər. xx.xx.2016-cı il tarixdə İddiaçı2 “nikahın pozulması və aliment tələbinə” dair iddia ilə Bakı şəhəri Sabunçu rayon Məhkəməsinə müraciət etmiş, iddia ilə məhkəməyə müraciət edərkən özünün ünvan 7 ünvanında yaşaması barədə arayış əlavə etmiş, iddiasında nikahlarının formal xarakter daşıdığını, birgə nikahından olan uşaqların onun himayəsində olduğunu göstərmiş, aralarında olan nikahın pozulmasını, uşaqların onun himayəsində saxlanılması və alimentin tutulmasını məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(008)-890/2016 saylı qətnaməsi ilə iddia təmin edilmiş, İddiaçı2 və Nəsrəddin Vəliyev arasında olan ailə münasibətləri rəsmi olaraq pozulmuş, uşaqların onun himayəsində qalması qət edilmişdir. Yəni rəsmi olaraq onların ailə münasibətlərinə xitam verilmişdir. Hazırda İddiaçı2 mülkiyyətində ünvan 9 var. Sonuncunun məhkəmə iclasında verdiyi izahatından aydın olur ki, həmin ünvanda 2 otaqlı, 1 mətbəxdən ibarət sahəsi təxminən 60 kv.metr olan ev var. O və iddiaçlar İddiaçı3 və İddiaçı4 2022-ci ildən halhazırkı vaxtdadək həmin ünvanda yaşayırlar. xx.xx.2023-cü il tarixdə X8 vəfat etmişdir. İddiaçı2 hazırkı iddia ilə bağlı hüquq münasibətləri 2001-ci ilin dekabr ayından yarandığından Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda göstərilən qərarı baxımından mübahisəyə Mülki Məcəllənin müddəaları tətbiq edilməlidir. Sözügedən mənzil Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti Nərimanov Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin balansında olmaqla dövlət mülkiyyətindədir. Həmin mənzil Nərimanov rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1992-ci il tarixli 449 №-li sərəncamı ilə iddiaçının keçmiş qaynanası, mərhum X5 müvəqqəti yaşayış üçün verilmişdir, yəni sonuncunun mülkiyyətində olmamışdır. Hazırkı mülki iş üzrə mənzilin mülkiyyətçisi fiziki şəxs deyil, dövlət olduğundan iddiaçılar mülkiyyətçinin ailə üzvü hesab edilmirlər. Digər tərəfdən iddiaçılar mülki işə mənzilə köçürülməyə razılığın verilməsi barədə mülkiyyətçi ilə yazılı bağlanmış notariat qaydasında təsdiqlənmiş razılaşma, mübahisəli mənzilə istifadə hüquqlarının olmasını və ya həmin mənzilə hər hansı bir mülkiyyət hüquqlarının olmasını təsdiq edən sübutlar təqdim etməmişlər. Həmin ünvana iddiaçılar İddiaçı2, İddiaçı3 və İddiaçı4 qeydiyyata alınmaları həmin yaşayış sahəsindən istifadə hüququnun yaranmasını ehtiva etmir. Beləliklə, göstərilənlərə əsasən belə nəticəyə gəlinir ki, iddiaçıların mübahisəli mənzilə hər hansı bir istifadə hüquqları yoxdur. Qanunvericilik istifadə hüququnun yaranması faktını şəxsin həmin mənzilə qeydiyyatının olub-olmamasından asılı etməmişdir. Qeydiyyatda olmaq həmin əmlaka məhdud əşya hüququ (istifadə hüququ olması) anlamına gəlmir. Həmçinin hazırda İddiaçı2 mülkiyyətində ünvan 9 var. O və iddiaçlar İddiaçı3 və İddiaçı4 2022-ci ildən hal-hazırkı vaxtdadək həmin ünvanda yaşayırlar. Yəni onların başqa bir ünvanda yaşayış yerinə ehtiyacları da yoxdur. Bundan başqa məhkəmənin nəzərinə çatdırılır ki, mübahisəyə Mülki Məcəllənin deyil, lap Mənzil Məcəlləsinin 53, 60 və 123-cü maddələrinin qaydaları tətbiq olunsa belə yenə də iddiaçılar İddiaçı2, İddiaçı3 və İddiaçı4 mübahisəli mənzilə hər hansı bir istifadə hüquqları mövcud olmadığı müəyyən olacaqdır. Qüvvədən düşmüş Mənzil Məcəlləsinin 51-ci maddəsinə görə dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsini icarə müqaviləsi yaşayış sahəsi orderi əsasında kirayədarla—mənzil-istismar təşkilatı (belə təşkilat olmadıqda isə müvafiq müəssisə, idarə, təşkilat) ilə icarədar — adına order verilmiş vətəndaş arasında yazılı şəkildə bağlanır. Qüvvədən düşmüş Mənzil Məcəlləsinin 53-cü maddəsinə görə icarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. İşin hallarından göründüyü kimi 2007-ci il tarixdən 17 ildən çoxdur ki, iddiaçılar mübahisəli mənzili tərk etmişlər. İlk əvvəl ünvan 7 ünvanında yaşamışlar, daha sonra isə İddiaçı2 mülkiyyətində olan ünvan 9 ünvanında hal-hazırkı tarixdə daxil olmaqla yaşayırlar. Bu dövrdə İddiaçı2 və Nəsrəddin Vəliyev arasında olan ailə münasibətlərinə rəsmi olaraq Məhkəmənin xx.xx.2016-ci il tarixli qətnaməsi ilə xitam verilmiş, hətta keçmiş ər Nəsrəddin Vəliyev xx.xx.2023-cü il tarixdə vəfat etmişdir. Beləliklə, etirazın əsaslandırılmasından və qeyd edilən normalardan göründüyü kimi iddiaçıların İddiaçı2, İddiaçı3 və İddiaçı4 mübahisəli mənzildə istifadə, yaşamaq hüquqları mövcud deyildir. İddiaçılar ərizələrində iddia tələbləri ilə bağlı hər hansı bir hüquq norması da göstərə bilməmişlər. Məhkəmə iclasında iştirak edən İddiaçı1 bildirmişdir ki, Lətafət xanımın keçmiş həyat yoldaşı X8 ilə dostluq münasibətləri olmuşdur. Onun yoldaşı ilə arasında əmlak ilə bağlı mübahisə olmuşdu. Hüquqi məsələlərdən çox anlayışlı olmadığı üçün ondan kömək istəmişdi. Onlar onu evə dəvət edərək, çıxarış almaq istədiklərini bildirmişdirlər. O da bununla bağlı ərizə yazmışdır. Daha sonra pul məsələsi olanda ondan imtina etdilər. Cavabdehlərdən Cavabdeh2, Lətafət xanımın qaynı, digər cavabdeh isə onun arvadıdır. Sonradan Lətafət xanım kömək üçün ona müraciət etmiş, o isə hüquqi yardım göstərmək məqsədilə cavabdehlərlə bigə mediasiya sessiyasında iştirak etmişdir. Bu zaman cavabdehlər ona qarşı böhtan ataraq sənədlərin əsillərini itirməkdə günahlandırmış və sənədlərin təqdim edilməsini ondan tələb etmişlər. Halbuki o, hər hansı bir sənədi itirməmişdir. Cavabdehlərin müvafiq hərəkətlərinin qanunsuz hesab edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı2 bildirmişdir ki, 2000-ci ildə sözügedən evə gəlin köçmüşdür. Həmin vaxt evdə qayınları, həyat yoldaşı və o yaşamışlar. Qayınatası,qayınanası rayonda yaşayırdı, qayınlarından biri də rayona gedib-gəlirdi. 7 il həmin evdə yaşamışdır. Onları o evdən çıxarmağa çalışırdılar. Mebellərini evdən çıxarıb, həyətə yığmışdılar. O, evin tək qızı olduğu üçün istəyirdilər ki, atası evinə köçsün. Qayınanası otaqları qayınları arasında bölmək istəyirdi. Buna görə münaqişələri olurdu. 2007-ci ilin dekabr ayında evdən çıxıb atası evinə köçdülər. Yoldaşı da bir müddət onlarla yaşadı. Lakin, bir müddət sonra geri qayıtdı. Həyat yoldaşıyla həmin vaxt ayrılmamışdılar. Həyat yoldaşıyla nikah 2016-cı ildə pozulub. Bu məsələ keçmiş həyat yoldaşının sağlığı dövründən var. O vaxtı Faiq xəstə olduğuna görə yoldaşı məsələni böyütmək istəmirdi. Onlara şərait yaratmırdılar ki, evdən istifadə etsinlər. Daha sonra atası evindən çıxıb Razində kirayə yaşamışlar. Lakin, sonradan kirayə haqqına imkanı çatmadığı üçün məcbur olub atasına məxsus bağ evinə köçüb. Hazırda onun adına Şüvəlanda torpaq sahəsi var. Torpağın kupçası onun adınadır. Həmin torpaq sahəsində atası 2004-cü ildə ev tikib. Ev 2 otaqlıdır. Evin şəraiti pis vəziyyətdədir. Sahəsi 60 kv metr olar. Pandemiyadan sonra həmin evə köçmüşdür. Onun qızı əmisi Cavabdeh2 yazaraq atasının yaşadığı evin açarını istəmişdi. Əmisi də razılaşıb və açarını götürməsini deyib. Lakin, digər cavabdeh, yazıb ki, “açarları bir şərtlə verərəm ki, qeydiyyatdan çıxasız”. Təqdim edilən yazışmalar da bununla bağlıdır. O və 3 övladı sözügedən evdə qeydiyyatdadırlar. Vərəsəlik şəhadətnaməsi yoxdur. Vərəsəlik işi açılmayıb. Lakin övladlarının həmin evdə haqqı var. Sənədlərin itirilməsindən isə məlumatı yoxdur. İddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı3 bildirmişdir ki, atasıyla münasibətləri yaxşı olub. Atası xəstə olan zaman o, universitetdə oxuyub, dərsdən sonra isə işləyirdi və vaxt məhdudiyyəti olduğundan atasını gecə saat 10-11 arası gedib görə bilirdi. Şüvələndakı bağ evi babasının olub və ögey nənəsi onlarla yaşamalarını istəmədiyi üçün bağ evini onlara verdi. Onlar evə köçən zaman tam təmirsiz idi, hətta pəncərələri belə yox idi. İddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı4 bildirmişdir ki, evdən nə zaman çıxdıqlarını xatırlamır. Yaşamaq üçün o evə qayıtmamışlar. Sadəcə atasını görmək üçün bəzən gedirdi. İddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 nümayəndəsi və vəkili Nümayəndə etiraz ərizəsinin məzmununa uyğun izahat verərək bildirmişdir ki, əmlak İcra Hakimiyyətinin balansındadır. Hazırki iş üzrə tərəflər mülkiyyətçi deyildirlər və əmlakla bağlı sərəncam da verə bilməzlər. Mərhum Məryəm xanımla da kirayə müqaviləsi bağlanılmamışdır. İddiaçı evdən zorla çıxarıldığını bildirirdi, lakin sonra məlum oldu ki onlar qaynanasını döymüş, buna görə də barələrində inzibati tənbeh tətbiq edilmişdir. Əlavə tikililərlə bağlı isə sübut təqdim edilməyib. Yerli baxış zamanı Faiq bildirdi ki, 2010-cu ildə sözügedən hissəni özü təmir etdirib. Sonra imkanı olmadığı üçün təmir yarımçıq qalıb. İddiaçının mərhum Nəsrəddinin ölümünə yaxın ona dəymək üçün evə gəlməsi və bu hala kiminsə şahid olması işin mahiyyəti üzrə əhəmiyyət kəsb etmir. İddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, iddia aşağıda qeyd edilənlərə əsasən təmin edilməməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Nərimanov Rayon İcra Hakimiyyəti Başçısının 449 saylı, xx.xx.1992-ci il tarixli sərəncamının surətindən görünür ki, M.Arif küçəsindəki 38 nömrəli evin 1 mərtəbəli, köhnə həyət tipli, sahəsi 31 kv.m. olan 2 otaqlı 10 nömrəli məhdud kommunal şəraitli mənzilin müvəqqəti olaraq növbəlilik qaydasında təmin olunana qədər (6 nəfər ailə tərkibində özü, əri, 4 uşağı) M.Ramazanovaya verilməsi, M.Ramazanova ilə mənzil kirayə müqaviləsinin bağlanmasının, kirayə haqqının alınmasının 55 №-li MİS-nin rəisi M.Orucova tapşırılması, 6 nəfər ailə tərkibində özü, əri, 4 uşağının yuxarıda göstərilən ünvana pasport qeydiyyatına alınmasının Nərimanov rayon DİŞ-nin pasport masa rəisinə tapşırılması, mənzil növbəsindən çıxarılması, həmin qərarın surətinin 55 №-li MİS-nə, M.Ramazanovaya və Nərimanov rayon DİŞ-nə göndərilməsi barədə sərəncam verilmişdir; - Mənzil Kommunal Təsərrüfatı Departamenti Nərimanov Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin 030560 saylı, 1998-ci il tarixli arayışının surətindən görünür ki, M.Arif küçəsindəki 38 saylı, 1 mərtəbəli, 31 kv.m sahəsi olan, 2 otaqlı, 10 saylı evin sahibi (kirayəşin) Ramazanova M.A-dır. Ailə 3 nəfərdən ibarətdir. X8, Cavabdeh2 Cərullah oğlu və X9 həmin evdə qeydiyyatdadırlar; - nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, X8 ilə İddiaçı2 nikahları xx.xx.2000-ci il tarixində bağlanmışdır; - ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X9 xx.xx.2014-cü il tarixdə vəfat etmişdir; - Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-890/2016 saylı, xx.xx.2016-cı il tarixli qətnaməsinin surətindən görünür ki, X8 ilə İddiaçı2 arasında xx.xx.2000-ci il tarixdə Bakı şəhəri Sabunçu rayon Qeydiyyat şöbəsində bağlanmış nikahın pozulması, nikah pozulduqdan sonra tərəflərin birgə nikahından doğulmuş xx.xx.2002-ci il təvəllüdlü İddiaçı3, xx.xx.2004-cü il təvəllüdlü İddiaçı4 və xx.xx.2008-ci il təvəllüdlü X1 anası İddiaçı2 himayəsində saxlanması və X2 xx.xx.2002-ci il təvəllüdlü İddiaçı3, xx.xx.2004-cü il təvəllüdlü İddiaçı4 və xx.xx.2008-ci il təvəllüdlü X1 yetkinlik yaşlarına çatanadək saxlanması üçün xx.xx.2016-cı il tarixdən başlayaraq, hər ay 110 manat, ümumilikdə 330 manat pulun İddiaçı2 xeyrinə tutulması qət edilmişdir; - nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, X8 ilə İddiaçı2 nikahları xx.xx.2016-cı il tarixdə pozulmuşdur; - ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X8 xx.xx.2023-cü il tarixdə vəfat etmişdir; - canlı şəxsin ekspertizası barədə aktın surətindən görünür ki, X5 xəsarətlər küt əşyalarla yetirilmişdir, müayinədən 2-3 gün əvvələ uyğun gəlir, sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir; - qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi İddiaçı4 arasında bağlanmış qazın alğı-satqısı barədə xx.xx.2023-cü il tarixli, AKX-05576xx/xx-2023 saylı müqavilənin surətindən görünür ki, “Paylayıcı” “Azəriqaz” İB Məmməd Arif ev 38, mənzil 10 B ünvanını keyfiyyətli qazla təmin etməyi öhdəsinə götürmüşdür; - su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə dair əhali qrupuna aid olan fiziki şəxslərlə bağlanan 47552067 saylı, xx.xx.2023-cü il tarixli müqavilənin surətindən görünür ki, "xxxx" ASC ilə Məmməd Arif küçəsi, ev 38, mənzil 10 B ünvanına xidmət göstərilməsi ilə bağlı İddiaçı4 arasında müqavilə imzalanmışdır; - ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, tərəflər mediasiya prosesini davam etdirməyə razılıq verməmişlər; - Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, xx.xx.1977-ci il təvəllüdlü İddiaçı2 xx.xx.2005-ci ildən xx.xx.2007-ci ilədək ünvan 11 ünvanında, xx.xx.2007-ci ildən Bakı şəhəri, M.Arif küçəsi, ev 38, mənzil 10 ünvanında, xx.xx.2002-ci il təvəllüdlü İddiaçı3 xx.xx.2015-ci ildən ünvan 13 ünvanında, xx.xx.2004-cü il təvəllüdlü İddiaçı4 oğlu xx.xx.2015-ci ildən ünvan 13 ünvanında yaşayış yeri üzrə qeydiyyatdadırlar; - Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin ərazi idarələrində mövcud arxiv materiallarına əsasən ünvan 14 ünvanında yerləşən 10 nömrəli mənzilin qeydiyyata alınmasına dair məlumat aşkar edilməmişdir; -Mənzil-Kommunal Təsərrüfatı Departamenti Nərimanov Rayon Mənzil-Kommunal Təsərüfatı Birliyinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, M.Arif küçəsi, ev 38 ünvanında yerləşən mənzil 10 ümumi həyət tipli ev və mənzillər Birliyin balansındadır; - 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli məktubunun surətindən görünür ki, İddiaçı2 adına Bakı şəhəri, Xəzər rayonu, Çöl-Şüvəlan qəsəbəsi 21B/5 saylı bağ sahəsi qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. İddiaçı3 və İddiaçı4 adlarına qeydiyyatdan keçmiş daşınmaz əmlak aşkar edilməmişdir; - Məhkəmə tərəfindən keçirilmiş xx.xx.2025-ci il tarixli yerli baxış protokolundan görünür ki, yaşayış evi zal, mətbəx və 3 yataq otağından ibarətdir. Evə daxil olduqda sağ tərəfdə otaq var, həmin otaqdan evin arxa hissəsinə qapı açılmışdır. Qapı bağlı vəziyyətdədir və istifadə edilmir. Həmin otağın arxa tərəfində üstü örtülmüş, əlavə yarımçıq tikili və əlavə tikilinin daxilində təmirsiz hamam vardır. Lakin hamam və tikilinin təmiri başa çatdırılmamışdır. Tikilinin daxilində istifadə edilməyən əşyalar vardır. Eyni zamanda hamamın yerləşdiyi həmin tikilidən arxa küçəyə dəmir qapı qoyulmuşdur. Evin sol tərəfində isə əlavə iç-içə formada yerləşən 2 otaq vardır. Həmin otaqlar təmirli vəziyyətdədir və yataq otağı kimi istifadə edilir; - Məhkəmə iclasında cavabdehlər tərəfindən şahid qismində dindirilmiş X17 bildirmişdir ki, o, cavabdehlərin qonşusudur. Əvvəllər evdə erməni qadın yaşayırdı. O gedəndə açarı atasına vermişdir. Həmin evi sonradan iş yerindən Məryəm xanıma vermişdilər. O da öz ailəsi ilə ora köçərək yaşamışdır. Lətafət də ora gəlin gəlib. 1 otağa gəlmişdi, ümumi zaldan da istifadə edirdi. Sonra aralarında mübahisə oldu və eşitdilər ki, Lətafət boşanıb gedib. Evdən gedən gün o, işdə olduğu üçün görə bilməyib. Qonşular deyib ki, Lətafət qaynanasını döyüb. Lətafətlə yoldaşı Məryəmi döymüşdülər. Lətafətin əşyalarının çölə atıldığını görməmişdir. Balaca tikili əvvəl həyət idi, Məryəm xanım sağlığında kredit götürmüşdür evi təmir etdirmək üçün,sonra yarımçıq qaldı. Təzə tikiliyə isə Ceyran gəlin gedib. - Məhkəmə iclasında cavabdehlər tərəfindən şahid qismində dindirilmiş X12 bildirmişdir ki, cavabdehlərlə eyni həyətdə yaşayırlar, 2003-cü ildən həmin yerdə yaşayırlar. Lətafət 2008-ci ildə həmin evdən gedib, dava etdiklərini görməmişdir. Lətafətin evdən getmə səbəbini bilmir. Nəsrəddin də Lətafətin arxasıyca getmişdi, əşyalarını da o aparmışdı. Lakin sonra tək qayıdıb gəlib. Nəsrəddin xəstə olanda Ceyranla Faiq ona qulluq ediblər. İddiaçılar bir daha evə qayıtmamışlar; - Məhkəmə iclasında iddiaçılar tərəfindən şahid qismində dindirilmiş X11 bildirmişdir ki, Lətafətin qaynatası onun qohumudur. Ailə problemləri hər zaman olub. Lətafətgilin toyunda olmuşdur, evlərində də olmuşdur. Toydan sonra otaqla ara bağlanıldı və arxa küçəyə qapı açıldı. Ceyran gəlin gəldikdən sonra o, ora getməmişdir. Nəsrəddin xəstə olan zaman Lətafəti görmək istədiyini deyib, o da onun yanında gedib. Faiq demişdi ki, ev satılsa, pul uşaqlarındır. Nəsrəddin hər zaman problemlərini ona deyirdi. Məryəm xanım Lətafəti və uşaqları evən çıxarıb. Nəsrəddin Lətafətlə barışmaq istəyirdi. Lakin alınmadı. Lətafət haqında o, mənfi söz eşitməmişdir. Onun, başqa tikili olduğu barədə məlumatı yoxdur. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, M.Arif küçəsində yerləşən 38 nömrəli ev Nərimanov Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1992-ci il tarixli sərəncamı ilə X5 (İddiaçı2 qaynanasına) çoxuşaqlı ana kimi mənzil şəraitinin yaxşılaşdırılması məqsədilə istifadə üçün verilmişdir. İddiaçı2 xx.xx.2000-ci il tarixdə X6 ilə ailə quraraq mübahisələndirilən fərdi yaşayış evinə gəlin köçmüş və bir müddət orada yaşamışdır. 2007-ci ildə qaynanası ilə mübahisə edərək uşaqları və əri ilə birlikdə evdən çıxaraq atası evində yaşamağa başlamışdır. Keçmiş əri bir müddət onlarla yaşadıqdan sonra anasına məxsus evə qayıtmış, iddiaçı isə 3 uşağı ilə birlikdə ata evində qalmış, daha sonra kirayə evə köçmüş, sonradan atasının ona bağışladığı bağ evində yaşamağa başlamışdır. 2016-ci ildə məhkəmə tərəfindən nikahları pozulmuşdur. İddiaçının qaynanası xx.xx.2014-cü il tarixdə, keçmiş əri isə xx.xx.2023-cü il tarixdə vəfat etmişdir. Cavabdehlər onun keçmiş ərinin qardaşı və onun arvadıdır. İddiaçı2 uşaqları ilə birlikdə mübahisələndirilən evdən 2007-ci ildə çıxıb getməsi və bir daha oraya yaşamaq üçün qayıtmaması işin mübahisələndirilməyən halıdır. Hazırda iddiaçı, özü və övladlarının Bakı şəhəri M.Arif küçəsində yerləşən 38 saylı evin gəlin gəldiyi otağına köçürülməsini və ondan istifadələrinə cavabdehlər tərəfindən hər hansı maneənin yaradılmasının qadağa edilməsini xahiş edir. Digər İddiaçı1 isə cavabdehlərin onu sənədlərin əslinin itirilməsi ilə günahlandırdıqlarını bildirərək, bu tələblərinin qanunsuz hesab edilməsini xahiş edir. Cavabdehlər isə iddiaçıların istifadə hüquqlarının itirildiyinə, Ağamaliyev Hakimlə hər hansı sənədlə bağlı mübahisələrinin olmadığına istinad edərək iddiaya etiraz edirlər. Məhkəmə İddiaçı1 cavabdehlərin sənədlərin itirilməsində onu günahlandırmalarının qanunsuz hesab edilməsi tələbi ilə bağlı qeyd edir ki, iddiaçı qeyd edilən halı təsdiq edən hər hansı bir sübutu məhkəməyə təqdim edə bilməmişdir. Həmçinin cavabdehlərin nümayəndəsi və vəkili də iddiaçının qeyd edilən tələbinin əsassız olduğunu, ona qarşı cavabdehlər tərəfindən hər hansı tələb irəli sürülmədiyini, mübahisələri olmadığını, iddiaçının bilərəkdən məhkəmə iclasında iştirak etmək məqsədilə müvafiq iddia verdiyini bildirmişdir. Mülki prosessual qanunvericilik hakimin üzərinə öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmaq öhdəliyi qoyur. Qanun tərəflər arasında sübutetmə yükünü müəyyən etməklə yanaşı, işdə olan sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxılması, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilməsi qaydasını müəyyən edir (MPM-in 9.3, 77.1 və 88-ci maddələri). Hazırki iş üzrə iddiaçının tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınarsa bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi xatırlatmışdır ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, “affirmanti, non neganti, incumbit probation” (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm-mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. Məhkəmə iddiaçılar İddiaçı2 və övladları İddiaçı4, İddiaçı3, X1 Bakı şəhəri M.Arif küçəsində yerləşən 38 saylı evin sahəsi 31 m2 olan 2 otaqlı mənzilinə köçürülmələri, cavabdehlərə ünvan 1 ünvanında yerləşən 1 mərtəbəli, köhnə həyət tipli sahəsi 31 kv.m.olan 2 otaqlı mənzildən tam hüquqla istifadə etmələrinə süni maneələr yaratmalarının qadağan edilməsi tələbləri ilə bağlı aşağıdakıları qeyd edir. İş materiallarından göründüyü kimi, iddiaçı keçmiş əri ilə xx.xx.2000-ci il tarixində rəsmi nikaha daxil olaraq ailə qurmuş və mübahisələndirilən mənzilə köçmüşdür. Məhkəmə qeyd edir ki, qanunvericilik mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarının tətbiq edilməsini nəzərdə tutduğundan və mübahisələndirilən fərdi yaşayış evi mənzil fonduna aid olduğundan, hazırkı mübahisə üzrə 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olmuş keçmiş Mənzil Məcəlləsi tətbiq olunmalıdır. Tərəflər arasındakı mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olmuş Mənzil Məcəlləsinin 53-cü maddəsinin 1-ci hissəsinə əsasən, kirayəçi ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini kirayə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Həmin Məcəllənin 53-cü maddəsinin 3-cü hissəsinə görə, kirayəçinin ailə üzvləri kirayəçinin arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Eyni Məcəllənin 60-cı maddəsinə görə, kirayəçi və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış sahəsi altı ay saxlanır. Şəxsin müəyyən edildiyindən artıq müddətə başqa yerə getməsi nəticəsində yaşayış sahəsindən istifadə hüququnu itirmiş hesab edilməsi kirayədarın və ya həmin sahədə yaşamağa qalmış digər daimi istifadəçilərin iddiası üzrə məhkəmə qaydasında həyata keçirilir. Məcəllənin 87-ci maddəsinə görə isə, kirayəçi və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə yaşayış sahəsinin kirayə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir. “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 mart 1999-cu il tarixli Qərarında qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinin İ hissəsi məhkəmələr tərəfindən tətbiq edilərkən nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 87-ci maddəsində və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarında göstərilən əsaslar müəyyən edilmədikdə, icarədar və ya onun ailə üzvlərinin müvəqqəti, o cümlədən altı ay və daha uzun müddətə başqa yerə getməsi həmin şəxsləri yaşayış sahəsinə olan hüquqlarından məhrum etmir. Göründüyü kimi, qanunvericilik, yaşayış sahəsinə əldə edilmiş istifadə hüququnun itirilməsini şəxsin daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getməsi və ya həmin yaşayış məntəqəsindən digər yaşayış sahəsinə köçməsi ilə şərtləndirir. Məhkəmə qeyd edir ki, İddiaçı2 hər bir halda mübahisələndirilən fərdi yaşayış evinə istifadə hüququ yaranmışdır. Hazırda araşdırılmalı olan məsələ iddiaçının həmin evə istifadə hüququnun qalıb-qalmaması ilə bağlıdır. Hər iki tərəfin bildirdiyinə görə İddiaçı2 2007-ci ildə qaynanası ilə dalaşdıqdan sonra evi tərk edərək ailəsi ilə birlikdə ata evində yaşamağa köçmüşdür. Həmin vaxt keçmiş əri də onlarla getmiş, bir müddət onlarla yaşadıqdan sonra evinə qayıtmış, iddiaçı isə uşaqları ilə birlikdə ata evində yaşamağa davam etmişdir. İddiaçının bildirdiyinə görə keçmiş əri öz evinə qayıtsa da bir neçə il ərarvad münasibətləri davam etmiş, sonra isə ailə problemlərinə görə münasibətləri soyumuş, 2016-cı ildə isə boşanmaq qərarına gəlmiş və iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Həmçinin işin hallarından görünür ki, iddiaçının qaynanası X9 xx.xx.2014-cü il tarixdə vəfat etmişdir. Buna baxmayaraq iddiaçı həmin evə köçməmiş, atası evində, sonra kirayə yaşamış, daha sonra isə atası tərəfindən ona verilmiş bağ evinə köçmüşdür. Hər bir halda iddiaçıların 2007-ci ildən mübahisələndirilən evdə yaşamadıqları müəyyən edilmişdir. Beləliklə, işdəki sübutların məcmusu iddiaçının mübahisəli mənzilə dair hüququnun itirilməsinə münasibətdə keçmiş Mənzil Məcəlləsinin 87-ci maddəsində göstərilən əsasların mövcud olduğunu təsdiq edir. Məhkəmənin qənaətinə görə, iddiaçıların fərdi yaşayış evinə qeydiyyata düşmələri də onların mübahisəli mənzilə dair hüquqlarının saxlanılmasına əsas vermir. Məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, şəxsin əvvəllər yaşadığı yaşayış sahəsini tərk edərək daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdiyi qənaətinə gəlmək üçün mütləq onun özünə məxsus yaşayış sahəsinə malik olması halının müəyyən olunmasına ehtiyac yoxdur. Burada əsas dəyərləndirilməli olan məqam şəxsin tərk etdiyi yaşayış sahəsi ilə bağlılığını nə qədər qoruyub saxladığı, oraya yaşamaq üçün qayıtmaq niyyətinin olub-olmadığı və ən əsası bununla bağlı real təşəbbüslər göstərib-göstərmədiyidir. Bu mənada məhkəmə hesab edir ki, iddiaçının 18 ildən çoxdur ki çıxıb getdiyi və bir daha qayıtmadığı evə hər hansı bağlılığının qalması ağlabatan deyildir. Hətta iddiaçının məcburiyyət qarşısında qalaraq evdən çıxdığı qəbul edilsə belə, o, qaynanası vəfat etdikdən sonra, yəni 2014-cü ildən sonra da həmin evə yaşamaq üçün qayıtmamışlar. İddiaçının bildirdiyinə görə, keçmiş əri onunla barışmağa cəhdlər etsə də barışmamışdır. Yəni bu hal ən azından tərəflər arasında gərgin münasibətlərin olmadığı və onların həmin evə qayıtmaq imkanlarının olduğu anlamına gəlir. Həmçinin nəzərə alınmalıdır ki, onun keçmiş əri ilə yaxşı münasibətlərdə olması, evdən onlara pay verəcəyinə dair söz verməsi qəbul edilsə belə, bu hal mövcud vəziyyəti dəyişdirmir. Bu baxımdan iddiaçının istinad etdiyi arqumentlər onun köçüb getdiyi vaxtdan itirilmiş hesab olunan istifadə hüququnun bərpasına əsas verə bilməz. Eləcə də iddiaçı birgə yaşadıqları dövrdə evin sol tərəfində tikinti apardıqlarını, sonradan həmin sahənin başqa şəxsə satıldığını, köçürülməsini istədiyi sahənin isə gəlin gəldiyi otaq olduğunu bildirmişdir. Tərəflərin izahatına əsasən iddiaçı toydan sonra evin 1 otağına gəlin gəlmişdir. İddiaçı keçmiş ərinin, onlar həmin evdən çıxıb getdikdən sonra qaynanasının verdiyi pul hesabına tikinti apardığını bildirmiş, cavabdeh isə həmin tikintinin onun və anasının hesabına aparıldığını qeyd etmişdir. Məhkəmə tərəfindən keçirilmiş yerli baxış zamanı evin sağ tərəfində yarımçıq tikinti aparılmış sahənin olduğu, lakin həmin sahənin yaşayış üçün yararlı olmadığı müəyyən edilmişdir, Hər bir halda iddiaçı həmin sahəni keçmiş əri ilə birgə vəsaitləri hesabına və birgə təsərrüfat apardıqları dövrdə inşa edildiyini sübuta yetirə bilməmişdir. Digər iddiaçılara münasibətdə isə qeyd olunmalıdır ki, 2007-ci ildə onlar evdən çıxarkən yetkinlik yaşına çatmamışdılar. 2016-ci ildə məhkəmə tərəfindən nikah pozularkən uşaqlar analarının himayəsinə verilmişdir. Atalarının ölümündən sonra vərəsəlik işi açılmamışdır. Uşaqların yaşayış yerinin himayəsində qaldıqları (evdən çıxdıqları dövrə münasibətdə) valideynlərinin yaşayış yeri olduğundan onların iddiaları da təmin edilə bilməz. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə uyğun olaraq məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı (Bakı Şəhəri Nərimanov Rayon İcra Hakimiyyəti və Nərimanov Rayon Mənzil Kommunal Təsərrüfat Birliyi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürülməyən üçüncü şəxs qismində cəlb edilməklə) hərəkətlərinin qanunsuz hesab edilməsi, mənzilə köçürülmə və maneələrin aradan qaldırılması tələbinə dair iddiaları təmin edilməməli və iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçılara aid edilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı (Bakı Şəhəri Nərimanov Rayon İcra Hakimiyyəti və Nərimanov Rayon Mənzil Kommunal Təsərrüfat Birliyi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürülməyən üçüncü şəxs qismində cəlb edilməklə) hərəkətlərinin qanunsuz hesab edilməsi, mənzilə köçürülmə və maneələrin aradan qaldırılması tələbinə dair iddiaları təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçılara aid edilsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunduğu gündən sonra bir ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nərgiz Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar