Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-474/2021 23.02.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi, Məhkəmə iclasının katibi X1, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı (Suraxanı rayon İcra və Probasiya şöbəsi və X5 mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər qismində işə cəlb edilməklə) “ekspert rəyinin etibarsız hesab edilməsi” tələbinə dair mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-nin xx.xx.2020-ci il tarixli, 83 saylı Əmlakın Qiymətləndirilməsi barədə hesabatını etibarsız hesab edərək, yenidən qiymətləndirilməyə göndərilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Suraxanı rayon İcra və Probasiya Şöbəsi 18-153265/16-14 saylı, xx.xx.2020-ci il tarixli məktubla, ona borclu olan X4 məxsus "Toyota Gamry" minik markalı, **-BT-*** dövlət qeydiyyat nişanlı avtomobili Respublika Xammal və Əmtəə Birjası "Cavabdeh" MMC-yə xx.xx.2020-ci il tarixli məktubla Suraxanı Rayon Məhkəməsinin 2(010)- 1367/2013 saylı, xx.xx.2013-cü il tarixli icra vərəqəsinə əsasən Qiymətləndirilməsi üçün müraciət etmişdir. Lakin "Cavabdeh" MMC, 2008-ci il buraxılışı olan minik avtomobilini 23000 (iyirmi üç min) manata qiymətləndirmişdir. Avtomobilin qiyməti bilərəkdən artrılmışdır ki, o hərracda satılmasın. İddiaçı xx.xx.2020-ci il tarixli ərizə ilə Azərbaycan Respublikası "xxxx" MMC-yə müraciət edərək, minik avtomobilinin təkrar qiymətləndirilməsini xahiş etmişdir. Həmin MMC-nin ekspertləri xx.xx.2020-ci il tarixli, 112 saylı məktubla 2008-ci il buraxılışı olan "Toyota Gamry" minik markalı, **- BT-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin tələblə təklifin qarşılıqlı təsiri nəticəsində təşəkkül tapan qiyməti: 15000 (on beş min) – 16000 (on altı min) AZN dəyərində qiymətləndirmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbinin dəlillərinə uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikası Respublika Xammal və Əmtəə Birjası Cavabdeh MMC məhkəməyə yazılı ərizə təqdim edərək, məhkəmə iclaslarını onların iştirakı olmadan keçirilməsini xahiş etmiş, Cavabdeh MMC tərəfindən tərtib olunmuş 83 saylı xx.xx.2020-ci il tarixli X4 məxsus «Toyota Camry» markalı, **-BT-*** dövlət nömrə nişanlı avtomobilin qiymətləndirilməsi barədə hesabat qüvvədə olan qanunvericilik tələbinə tam uyğun olaraq və qiymətləndirmə fəaliyyəti həyata keçirilən zaman tədbiq edilən metod hesablamalar nəzərə alınmaqla tərtib edildiyini bildirmişdir; Mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər Suraxanı rayon İcra və Probasiya şöbəsinə və X4 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, qeyd edilən üçüncü şəxslər məhkəmə iclasında iştirak etməmişlər. Bu səbəbdən məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci və 185.6-cı maddələrinə əsasən işə bu cavabdehin və mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslərin (onların nümayəndələrinin) iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, mülki işin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Suraxanı Rayon Məhkəməsinin 2(010)-1367/2013 saylı, xx.xx.2013-cü il tarixli icra vərəqəsinin surətinə əsasən cavabdehlər X2 və X3 cəmi 13000 (on üç min) ABŞ dolları məbləğində pul vəsaiti ödəniş aparılan tarixə Azərbaycan manatının məzənnəsi ilə alınması və İddiaçı verilməsi qət edilmişdir; Azərbaycan Respublikası Respublika Xammal və Əmtəə Birjası Cavabdeh MMC-nin xx.xx.2020-ci il tarixli, 83 saylı “Əmlakın qiymətləndirilməsi barədə hesabat”ının surətindən görünür ki, Suraxanı rayon İcra və Probasiya Şöbəsinin 18-153265/16-14 saylı, xx.xx.2020-ci il tarixli sifariş məktubuna və Suraxan Rayon Məhkəməsinin 2(010)-1367/2013 saylı xx.xx.2013-cü il tarixli icra vərəqəsinə əsasən əmlakın qiymətləndirilməsi işini həyata keçirən Cavabdeh MMC tərəfindən X4 məxsus “Toyota Camry” minik markalı, **-BT-*** dövlət qeydiyyat nişanlı avtomobilin tələblə təklifin qarşılıqlı təsiri nəticəsində təşəkkül tapan qiyməti: 23.000 manat təşkil edir; Azərbaycan Respublikası "xxxx” MMC-nin xx.xx.2020-ci il tarixli, 112 saylı İddiaçı ünvanlanmış məktubuna əsasən “xxxx” MMC-nin qiymətləndirici ekspertləri tərəfindən buraxılış ili 2008-ci il olan “TOYOTA CAMRY” minik markalı, **-BT-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin tələblə təklifin qarşılıqlı təsiri nəticəsində təşəkkül tapan qiymətinin müəyyən edilməsi işini həyata keçirmişdir. Ekspert qarşısında qoyulmuş suala uyğun olaraq buraxılış ili 2008-ci il olan “TOYOTA CAMRY” minik markalı **-BT-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin bazar dəyərini müəyyən etmək məqsədilə qiymətləndirmə işi aparılmışdır. Qiymətləndirmə işi hüquqi sənədlərə istinadən icra edilmişdir. Avtomobilin uyğun bazar dəyərini müəyyən etmək üçün ekspertlər tərəfindən Bakı şəhərinin müvafiq avtosalonları və ikinci əl avtomobil satışı bazarları üzrə monitorinq aparılmışdır. Aparılmış monitorinqin nəticəsinə əsasən bu sahədə fəaliyyət göstərən internet resurslarına, (www.avtomobil.az www.turbo.az www.tap.az və s.) avtomobil bazarındakı vəziyyəti xarakterizə edən operativ bazar məlumatlarına, həmçinin etimad doğuran açıq mənbələrdən alman məlumatlara istinad olunmuşdur. Tələblə təklifin qarşılıqlı təsiri nəticəsində təşəkkül tapan qiyməti: 15000 (on beş min) – 16000 (on altı min) AZN dəyərində olmuşdur; “X8” MMC-nin xx.xx.2021-ci il tarixli, ƏEM/Y 21-021/120 nömrəli ekspet rəyinin nəticə hissəsindən müəyyən olunur ki, aparılmış hesablamalara və təkliflərə əsasən X4 məxsus (2008-ci il buraxılışlı, sedan) “Toyota Camry” minik markalı, **-BT-*** dövlət qeydiyyat nişanlı avtomaşının xx.xx.2021-ci il tarixinə bazar qiyməti 17.000 manat təşkil edir. Əmlakın qiymətləndirilməsi üzrə göstərilən xidmətin dəyəri 100 manat təşkil edir; xx.xx.2020-ci il tarixli ödəniş qəbzinə əsasən İddiaçı Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsində iddia qaldırmaq üçün 20 manat məbləğində dövlət rüsumu ödəmişdir. “İcra haqqında” Qanunun 51.1-ci maddəsinə əsasən borclunun əmlakının qiymətləndirilməsi, tənzimlənən qiymətlərin tətbiq olunduğu hallar istisna olmaqla, “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq qiymətləndirici tərəfindən həyata keçirilir. Qiymətləndirici icra məmuru tərəfindən dəvət olunur. “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununun: 3-cü maddəsinə əsasən qiymətləndirilməsi mülki qanunvericiliklə nəzərdə tutulan və ya sifarişçi tərəfindən zəruri hesab edilən hər cür əmlak qiymətləndirmə fəaliyyətinin obyektidir; 7-ci maddəsinə əsasən qiymətləndirmənin nəticələri haqqında hesabatların tərtib olunma qaydalarını müvafiq icra hakimiyyəti orqanı müəyyənləşdirir. Qiymətləndirmənin nəticələri haqqında hesabatda əmlakın bazar və ya digər dəyərlərinin yekun göstəricisi məhkəmə qaydasında ləğv edilmədikdə, həqiqi sayılır (“Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanına əsasən bu Qanunun 7-ci maddəsinin birinci hissəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir.); 10-cu maddəsinə əsasən qiymətləndirmə fəaliyyətini həyata keçirərkən Azərbaycan Respublikasının qiymətləndirmə haqqında qanunvericiliyinə riayət etmək qiymətləndiricinin vəzifəsidir. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, Suraxanı Rayon Məhkəməsinin 2(010)-1367/2013 saylı, xx.xx.2013-cü il tarixli icra vərəqəsinin surətinə əsasən cavabdehlər X2 və X3 cəmi 13000 (on üç min) ABŞ dolları məbləğində pul vəsaiti ödəniş aparılan tarixə Azərbaycan manatının məzənnəsi ilə alınması və İddiaçı verilməsi qət edilmişdir. Qətnamənin icrasını təmin etmək məqsədi ilə Suraxanı rayon İcra və Probasiya Şöbəsinin 18- 153265/16-14 saylı, xx.xx.2020-ci il tarixli sifariş məktubuna və Suraxan Rayon Məhkəməsinin 2(010)-1367/2013 saylı xx.xx.2013-cü il tarixli icra vərəqəsinə əsasən Cavabdeh MMC tərəfindən X4 məxsus “Toyota Camry” minik markalı, **-BT-*** dövlət qeydiyyat nişanlı avtomobilin tələblə təklifin qarşılıqlı təsiri nəticəsində (likvid qiymət nəzərə alınmaqla) təşəkkül tapan qiyməti: 23.000 manat dəyərində qiymətləndirilmişdir. “X8” MMC-nin 2xx.xx.2021-ci il tarixli, ƏEM/Y 21-021/120 nömrəli ekspet rəyinə əsasən aparılmış hesablamalara və təkliflərə əsasən X4 məxsus “Toyota Camry” minik markalı, **-BT-*** dövlət qeydiyyat nişanlı avtomobilin tələblə təklifin qarşılıqlı təsiri nəticəsində təşəkkül tapan qiymətinin 23.000 manat təşkil etdiyi göstərilmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, “X8” MMC-nin xx.xx.2021-ci il tarixli, ƏEM/Y 21- 021/120 nömrəli ekspet rəyində əmlakın təsviri, təmiri haqqında məlumat verilmiş, müxtəlif profillərdən şəkilləri çəkilmiş, obyektə uyğun satış və təkliflər tapılaraq təhlil olunmuşdur. Araşdırılmış qiymətlər arasındakı fərq faiz nisbəti ilə müəyyənləşdirilmiş, bazar qiyməti müəyyən edilmişdir. Qiymətləndirmə zamanı həmin qiymətləndirmə obyektinə dair qiymətin hansı meyarlara əsasən təyin olunduğu göstərilmişdir. Mübahisələndirilən Azərbaycan Respublikası Respublika Xammal və Əmtəə Birjası Cavabdeh MMC-nin xx.xx.2020-ci il tarixli, 83 saylı və “X8” MMC-nin xx.xx.2021-ci il tarixli, ƏEM/Y 21-021/120 nömrəli ekspet rəyi ilə əmlaka dair qiymətlər arasında 6 min manat məbləğində fərq mövcuddur. Göründüyü kimi, mübahisələndirilən hesabatda göstərilmiş qiymətlərin açıq-aşkar əsassız olduğunu təsdiq edən sübutlar məhkəmə baxışı zamanı iddiaçı tərəfindən təqdim edilməmişdir. Məhkəmə hər iki ekspert rəyi ilə müəyyən edilmiş qiymətləri müqayisəli şəkildə təhlil edib belə qənaətə gəlir ki, Cavabdeh MMC tərəfindən iddiaçının əmlakı qiymətləndirilərkən, fərdi yaşayış evinin texniki göstəricilərinə dair düzgün məlumatlar yazılmış və əmlakın bazar dəyəri təyin edilərkən ekspert rəyləri ilə müəyyən edilmiş qiymətlər arasında fərqlər digər rəyin əsassız və ya qeyri-obyektiv olması üçün əsas yaratmır. “Qiymətləndirmə fəaliyyəti haqqında” Qanunun 8-ci maddəsinə əsasən qiymətləndiricinin hesabatında qiymətləndirilən obyektin bazar və digər dəyərinin həqiqiliyi ilə əlaqədar mübahisələrə məhkəmə tərəfindən baxılır. Bu halda mübahisəni baxılmaq üçün qəbul etmiş məhkəmənin mövcud prosessual qanunvericiliyin və bu Qanunun müddəalarını nəzərə alaraq qiymətləndirilən obyektin yenidən ekspert qiymətləndirilməsini təyin etmək hüququ vardır; Məhkəmənin mövqeyinə görə “Qiymətləndirmə fəaliyyəti haqqında” Qanunda əmlakın dəyərini müəyyənləşdirən qiymətləndiricinin hesabatının məhkəmə qaydasında mübahisələndirilməsi imkanının nəzərdə tutulması istənilən halda qiymətləndiricinin hesabatının ləğv edilməli olması kimi başa düşülə bilməz. Həmin qiymətləndirmə hesabatı yalnız tərəfin hüququnun pozuntusunun yarandığı güman edilən real vəziyyətlərdə ləğv oluna bilər. İcra icraatı zamanı isə tələbkarın hüququnun pozuntusunun yarandığı an qiymətləndirmənin aparılaraq hər hansı bir qiymətin müəyyən edildiyi an deyildir. Həmin an müəyyən edilmiş qiymətləndirmə əsasında əmlakın tələbkara təklif olunaraq onun tərəfindən qəbul edildiyi və yaxud yenə müəyyən edilmiş qiymətləndirmə əsasında icra məmurunun sifarişi üzrə hərracın keçirilməsi nəticəsində əmlakın satıldığı andır. Bu baxımdan, əgər digər növbəti icra hərəkətləri aparılmışdırsa, həmin icra hərəkətləri mübahisələndirilmədən yalnız əmlakın qiymətləndirilməsi faktına dair mübahisə açılması hüquq və azadlıqların məhkəmə təminatına imkan verə bilməz. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə itirak edən şəxslərə aid edilir; 217.4. maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, İddiaçı Cavabdeh MMC-yə qarşı (Suraxanı rayon İcra və Probasiya şöbəsi və X5 mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər qismində işə cəlb edilməklə) “ekspert rəyinin etibarsız hesab edilməsi” tələbinə dair iddiası rədd edilməli, ödənilmiş dövlət rüsumu tələb edilmədiyindən iddiaçıya aid edilməlidir. Qiymətləndirmə xidmətinin dəyərini təşkil edən 100 (yüz) manat məbləğində pul vəsaiti İddiaçı alınaraq “X8” MMC-yə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119-cu və 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh MMC-yə qarşı (Suraxanı rayon İcra və Probasiya şöbəsi və X5 mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər qismində işə cəlb edilməklə) “ekspert rəyinin etibarsız hesab edilməsi” tələbinə dair iddiası rədd edilsin. Ekspertiza tədqiqatının dəyərini təşkil edən 100 (yüz) manat məbləğində pul vəsaiti İddiaçı tutularaq “X8” MMC-yə ödənilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Aytən Novruzova
Məhkəmə qərarları › İş №2(005)-474/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-474/2021
23.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver