Məhkəmə qərarları › İş №2(005)-4768/2025

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-4768/2025

26.12.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-4768/2025 26.12.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Nərgiz Nazim qızının sədrliyi, Məhkəmə iclas katibi Gülməmmədova Qumru Habil qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin azaldılması tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5090/2018 nömrəli xx.xx.2018-ci il tarixli qətnaməsi ilə təyin edilmiş xx.xx.2016-cı il təvəllüdlü X2 və xx.xx.2017-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay hər uşaq üçün 154 manat məbləğində tutulan alimentin azaldılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi haqda ərizə ilə müraciət edərək, alimentin miqdarının azaldılaraq, hər ay, hər uşağa görə ölkə üzrə müəyyən edilmiş minumum əmək haqqının 0,62 misli həddində təyin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, o, 04 aprel 2014-cü il tarixində Cavabdeh ilə ailə qurmuş, nikah həmin tarixdə rəsmi qaydada Bakı şəhəri Səadət Sarayında qeydə alınmışdır. Birgə nikahdan xx.xx.2016-cı il təvəllüdlü X4 və xx.xx.2017-ci il təvəllüdlü X3 doğulmuşdur. Yasamal Rayon Məhkəməsinin 2(004)-5090/2018 saylı xx.xx.2018-ci il tarixli qətnaməsinə əsasən nikah pozulmuş, birgə nikahdan doğulan övladları Cavabdeh yanında saxlanılmış və onların saxlanılması üçün hər ay hər uşağa görə 154 manat olmaqla, cəmi 308 manat sabit pul məbləğində aliment təyin olunmuşdur. Daha sonra Cavabdeh Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət edərək Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 8(004)-422/2025 nömrəli xx.xx.2025 tarixli qətnaməsi ilə təyin edilmiş aliment məbləğinin 2025-ci il üçün indeksasiya edilməsi ilə bağlı müraciət etmişdir. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 8(004)-422/2025 nömrəli xx.xx.2025 tarixli qərardadı ilə cavabdehin ərizəsi təmin edilmişdir. O, hazırda işsiz olduğu üçün təyin olunacaq aliment məbləğini ödəməkdə çətinlik çəkəcəkdir. Məhkəmənin mübahisəli qərardadı onun yaxşı olmayan maddi vəziyyətini daha da çətinləşdirəcəkdir. Əvvəl təyin olunmuş aliment məbləğini hər ay vaxtı-vaxtında ödəmiş, lakin hazırki qərara əsasən aliment məbləği hər uşağa 472 manat təşkil edəcəkdir. Həmin məbləği ödəmək iqtidarında deyildir. Hazırda təyin olunmuş 472 manat məbləğ qat-qat yüksəkdir və onun maddi imkanı xaricindədir. İndeksasiya ilə bağlı qərardadların qəbul olunmasında dövlətin məqsədi ondan ibarət olmuşdur ki, ölkə üzrə uşaqlar üçün müəyyən olunmuş 246 manat aliment məbləği, minimum əmək haqqına olan nisbəti olaraq, 0.60 misli həddində müəyyən edilsin ki, hər il vətəndaşlar məhkəməyə artımla bağlı müraciət etmək məcburiyyətində qalmasınlar. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil1 iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, iddia aşağıda qeyd edilənlərə əsasən təmin edilməməlidir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(004)-5090/2018 saylı qətnaməsindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında xx.xx.2014-cü il tarixdə Bakı Nikah evində 436 nömrə ilə qeydə alınmış nikahın ləğv edilməsi, boşanmadan sonra xx.xx.2016-cı il təvəllüdlü X2 və xx.xx.2017-ci il təvəllüdlü X1 anaları Cavabdeh yanında qalmaları müəyyən edilməsi, cavabdeh İddiaçı xx.xx.2016-cı il təvəllüdlü X2 və xx.xx.2017ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək, saxlanılmaları üçün hər ay, hər uşağa görə 154 manat olmaqla, cəmi 308 manat sabit pul məbləğində alimentin tutularaq, iddiaçı Cavabdeh ödənilməsi qət edilmişdir; Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(004)-422/2025 saylı qərardadından görünür ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(004)-5090/2018 nömrəli qətnaməsi ilə xx.xx.2016-cı il təvəllüdlü X2 ve xx.xx.2017ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay hər uşaq üçün 154 manat məbləğində tutulan alimentin məbləğinin sonrakı artımlar nəzərə alınmaqla hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 1,18 misli həddində indeksasiya olunması qərara alınmışdır; İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, Cavabdeh xx.xx.2025-ci il tarixdə keçirilmiş ilkin mediasiya sessiyasında iştirak etməmişdir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi ilə cavabdeh İddiaçı xx.xx.2016-cı il təvəllüdlü X2 və xx.xx.2017-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək, saxlanılmaları üçün hər ay, hər uşağa görə 154 manat olmaqla, cəmi 308 manat sabit pul məbləğində alimentin tutularaq, iddiaçı Cavabdeh ödənilməsi qət edilmişdir. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(004)-5090/2018 nömrəli qətnaməsi ilə tutulmuş alimentin məbləği indeksasiya edilərək, hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 1,18 misli həddində müəyyən edilmişdir. Hazırda iddiaçı hər uşaq üçün nəzərdə tutulmuş alimentin ölkə üzrə müəyyən edilmiş uşaqların yaşayış minimumundan xeyli artıq olduğunu və onu ödəməkdə çətinlik çəkdiyini əsas gətirərək, alimentin məbləğinin hər uşaq üçün ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqının 0,62 misli həddində müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin 2-ci hissəsinə görə uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. BMT Baş Məclisinin 20 noyabr 1989-cu il tarixdə qəbul etdiyi “Uşaq hüquqları haqqında” Konvensiyanın 3-cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunun 19-cu maddəsinə əsasən uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi təlabatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizə edilməsi valideynlərin vəzifələridir. Ailə Məcəlləsinin 56.1 və 58.2-ci maddəsinə əsasən, valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Valideynlər uşaqlarının tərbiyəsinə, sağlamlığına və onların psixi, fiziki, mənəvi inkişafına görə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 60.1, 60.2 və 75.1-ci maddələrinə müvafiq olaraq valideynlik hüquqları uşaqların mənafeyinə zidd həyata keçirilə bilməz. Valideynlik hüquqlarını həyata keçirərkən valideynlər uşaqların mənəvi inkişafına, fiziki və psixi sağlamlığına xələl yetirməməlidirlər. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. Hazırki iddia tələbinin qanuni əsası kimi nəzərdən keçirilən Ailə Məcəlləsinin 112.1-ci maddəsinin tələblərinə görə aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2016-cı il tarixli Qərarına əsasən, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın təminat səviyyəsinə və aliment ödəyənin maddi vəziyyətinə təsirini nəzərə almalıdır. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 28 mart 2016-cı il tarixli 8-2/2016 nömrəli Qərarının 8.2-ci bəndinə görə, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Həmin Qərarın 8.4-1, 8.7 və 8.13-cü bəndlərinə əsasən Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər. Aliment ödəyən şəxsin məhkəmə qətnaməsi ilə aliment tutulmayan digər övladlarının olması, eləcə də onun digər əlavə xərclərə məruz qalması alimentin azaldılması üçün mütləq əsas kimi qəbul edilməməlidir. Alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Göstərilən normaların məzmunundan göründüyü kimi, təyin ediləcək alimentin miqdarı yetkinlik yaşına çatmayan uşaqların hüquq və mənafelərinə, o cümlədən onların psixi və fiziki inkişafına uyğun həddə təyin edilməli, uşaqların hüquq və mənafeləri birinci gözlənilməlidir. Eyni zamanda təyin ediləcək alimentin miqdarı aliment ödəmək vəzifəsi qoyulan valideynin hüquq və mənafelərini zərbə altında qoymamalı, onların hüquqlarını pozmamalıdır. Hər bir halda alimentin təyin edilməsi məsələsi uşaqların hüquq və mənafeləri nəzərə alınmaqla həyata keçirilməlidir. Bu zaman uşaqların mənəvi inkişafına, fiziki və psixi sağlamlığına xələl yetirən hərəkətlərə yol verilməməli, məsələyə uşağın mənafeyinin daha yaxşı təmin edilməsi nöqteyi nəzərindən yanaşılmalıdır. Qeyd edilməlidir ki, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə alimentin indeksasiyası həyata keçirilmiş və hər uşaq üçün minimum əmək haqqının 1.18 misli həddində müəyyən edilmişdir. Lakin nəzərə alınmalıdır ki, 2025-ci il üzrə uşaqlar üçün yaşayış minimumu 246 manat, əmək haqqı isə 400 manat olaraq müəyyən edilmişdir. Göründüyü kimi hazırda təyin edilmiş alimentin məbləği (iki uşaq üçün 944 manat) uşaqlar üçün yaşayış minimumundan kifayət qədər yüksəkdir. Hazırda məhkəmə cavabdehin iş yeri və aylıq gəlirəri barədə məlumatın olmamasını, tərəflərin maddi vəziyyətini, eləcə də uşaqların əvvəlki təminat səviyyəsini əsas tutaraq və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda istinad olunan Qərarını nəzərə alaraq cavabdehdən tutulan alimentin miqdarının azaldılaraq, hər ay hər uşaq üçün 2025-ci il üzrə müəyyən edilmiş minimum aylıq əmək haqqı məbləğinin 0,62 misli həddində (400 x 0.62 = 248 manat) müəyyən edilməsini ağlabatan və ədalətli hesab edir. Həmçinin qeyd edilməlidir ki, məhkəmə bildirişləri cavabdehə çatdırılsa da, o, məhkəmə iclaslarına gəlməmiş və ya məhkəməyə iddia tələblərinə dair etiraz ərizəsi təqdim etməmişdir. Mülki Prosessual Məcəllənin 14.2 və 77.1-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məcəllənin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(004)-5090/2018 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləği azaldılmalı, xx.xx.2016-cı il təvəllüdlü X2 və xx.xx.2017-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün cavabdeh İddiaçı sonrakı artımlar nəzərə alınmaqla hər ay hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,62 misli həddində aliment tutularaq, iddiaçı Cavabdeh ödənilməlidir. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(004)-5090/2018 saylı qətnaməsi ilə müəyyən edilmiş (Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(004)-422/2025 saylı qərardadı ilə indeksasiya olunmuş) alimentin məbləği azaldılsın. xx.xx.2016-cı il təvəllüdlü X2 və xx.xx.2017-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün cavabdeh İddiaçı sonrakı artımlar nəzərə alınmaqla hər ay hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,62 misli həddində aliment tutularaq, iddiaçı Cavabdeh ödənilsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən sonra 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollgiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nərgiz Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar