Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-483/2023 31.01.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi, Əkbərli Samiq Sadiq oğlunun katibliyi, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 nümayəndəsi və vəkili Vəkil1, İddiaçı5, Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 Cavabdeh MMC-nə qarşı “əmək haqqlarının hesablanaraq ödənilməsi” tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 Cavabdeh MMC-nə qarşı “əmək haqqlarının hesablanaraq ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən ödənilməmiş və düzgün hesablanmamış əmək haqqlarının alınaraq onlara ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçılar iddia ərizəsini onunla əsaslandırmışlar ki, iddiaçılar olan İddiaçı1, İddiaçı5, İddiaçı3, İddiaçı2 və İddiaçı4 və digərləri ilə, ümumi 10 nəfərdən ibarət briqada olmaqla, cavabdeh "xxxx" MMC-nin Nərimanov rayonu ərazisində inşa etdiyi çoxmərtəbəli yaşayış binasında fəhlə kimi işlərə cəlb olunmuş və işləmişlər. Bu zaman İddiaçı1, İddiaçı2 ilə əmək müqaviləsi bağlanmış, İddiaçı4, İddiaçı5 və İddiaçı3 ilə isə əmək müqaviləsi bağlanmadan işlərə cəlb edilmişdir. "xxxx" MMC-nin inşa etdiyi binalarda tərəflərindən daş yunuyla izolyasiya, pəncərə kənarlarına termo aqlay vurulması, içəri balkonlara dekorativ mata vurulması, balkon kənarları karnizlərin işlənməsi və s. kimi işlər görülmüşdür. Lakin onlarla danışılan əmək haqqı ödənilməmişdir. Hazırda cavabdehin onlara bütün işçilərə 39000 (otuz doqquz min) manat ödənilməmiş əmək haqqı borcu vardır. Bununla bağlı tərəflərindən Əmək Müfəttişliyinə, Baş Prokurorluğa, Azərbaycan Həmkarlar İttifaqları Konfiderasiyasına şikayətlər, çoxsaylı müraciətlər edilmişdir. X9 Xidmətinin Bakı şəhər İdarəsində aparılan araşdırmalar zamanı müəyyən olunmuşdur ki, İddiaçı5 və İddiaçı4 2020-ci ilin oktyabr ayından 2021-ci ilin 05 sentyabr ayınadək onunla əmək müqaviləsi bağlanmadan və əmək müqaviləsi hüquqi qüvvəyə minmədən "xxxx" MMC-də işlərin (xidmətlərin) görülməsinə cəlb edildiyi, İddiaçı1 və İddiaçı2 isə əmək haqqları düzgün hesablanaraq ödənilməmişdir. Nəticə olaraq, X9 Xidmətinin Bakı şəhər İdarəsində "xxxx" MMC-nin direktoru X2 Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 44 və 49-cu maddələrinin tələblərini pozaraq əmək müqaviləsi bağlamadan İddiaçı5 və İddiaçı4 işlərin (xidmətlərin) görülməsinə cəlb etdiyi üçün, həmçinin İddiaçı1 və İddiaçı2 isə əmək haqqlarının düzgün ödənilməməsi səbəbindən barəsində AR İnzibati Xətalar Məcəlləsinin 192.1 və 192.4-cü maddələrinə əsasən MN ******* saylı, xx.xx.2021-ci il tarixli protokol, həmçinin AR İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinə əsasən MN ******* saylı, xx.xx.2021-ci il tarixli qərar və "xxxx" MMC barəsində xx.xx.2021-ci il tarixli MN ******* saylı protokol tərtib edilmişdir. Bundan əlavə, X9 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən "xxxx" MMC-nin barəsində əmək qanunvericiliyinin pozulmasına görə xx.xx.2021-ci il tarixli MN ******* saylı və xx.xx.2021-ci il tarixli MN 01111256 saylı inzibati xəta haqqında protokollar da tərtib edilmiş və baxılması üçün Nəsimi Rayon Məhkəməsinə göndərilmişdir. Tərəflər arasında xx.xx.2022 və xx.xx.2022-ci il tarixlərdə keçirilən mediasiya iclasları bir nəticə verməmişdir. Daha sonra iddiaçılar məhkəməyə iddia ərizəsinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, cavabdeh "xxxx" MMC-dən ödənilməmiş və düzgün hesablanmamış əmək ödənişlərinin əvəzi olaraq, 2020-ci ilin oktyabr ayından 2021-ci ilin sentyabr ayına kimi olan dövr (11 ay) üzrə ödənilməmiş əmək haqqı olan 3300 manat, məhkəmə və mediasiya xərclərinin əvəzi olaraq 200 manat, ümumi 3500 manat vəsaitin alınaraq İddiaçı1, 3300 manat və məhkəmə xərclərinin əvəzi olaraq 50 manat, ümumi 3350 manat vəsaitin İddiaçı2, 3300 manat və məhkəmə xərclərinin əvəzi olaraq 50 manat, ümumi 3350 manat vəsaitin İddiaçı5, 3300 manat və məhkəmə xərclərinin əvəzi olaraq 50 manat, ümumi 3350 manat vəsaitin İddiaçı4 və 3300 manat və məhkəmə xərclərinin əvəzi olaraq 50 manat, ümumi 3350 manat vəsaitin İddiaçı3 ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 nümayəndəsi və vəkili Vəkil1 iddia tələbini müdafiə etdi, iddia ərizəsi ilə eyni məzmunlu izahat verib əlavə olaraq bildirdi ki, cavabdeh tərəfindən iddiaçılara əmək müqaviləsi üzrə hər ay 300 manat əmək haqqı ödənilməli idi. Lakin 2020-ci ilin oktyabr ayından 2021-ci ilin sentyabr ayınadək olan 11 ay ərzində cavabdeh tərəfindən əmək haqqları ödənilməmişdir. Qeyd olunanlara əsasən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında İddiaçı5 iddia tələbini müdafiə etdi, iddia ərizəsi ilə eyni məzmunlu izahat verib iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iddia tələbini etiraf etmədi və məhkəməyə iddia müddətinin tətbiq edilməsinə dair ərizə təqdim edərək ərizəni onunla əsaslandırdı ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 ilə əmək müqaviləsi bağlanaraq elektron informasiya sisteminə yerləşdirilmiş, digər iddiaçılarla isə əmək müqaviləsi yalnız kağız daşıyıcıda bağlanmışdır. Əmək müqavilələrində əmək haqqı 300 manat göstərilmişdir. Lakin iddia ərizəsindən də göründüyü kimi, iddiaçılar tərəfindən 2020-ci ilin oktyabr ayından 2021-ci ilin sentyabr ayınadək olan əmək haqqı məbləğləri cavabdehdən tələb edilsə də, iddiaçılar üzrsüz səbəbdən iddia müddətini ötürərək, 2022-ci ilin sentyabrında mediasiyaya, xx.xx.2022-ci il tarixdə isə məhkəməyə müraciət etmişlər. Göründüyü kimi, iddiaçılar hüquqlarının pozulmasını aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət etməli olduqları halda, 1 ildən də artıq müddətdən keçdikdən sonra məhkəməyə müraciət etmişlər. Göstərilənlərə əsasən iddia müddəti tətbiq edilməklə iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 nümayəndəsi və vəkili Vəkil1 iddia müddətinin tətbiq edilməsi barədə ərizəyə yazılı etiraz təqdim etdi və etirazını onunla əsaslandırdı ki, iddia ərizəsi və əlavə olunan sənədlərdən, həmçinin cavabdeh tərəfin özünün də məhkəməyə verdiyi izahatlardan və təqdim etdiyi "iddia müddətinin tətbiqinə dair" ərizənin məzmunundan müəyyən olunur ki, iddiaçılar 2021-ci ilin 05 sentyabr ayına kimi cavabdeh üçün işləyiblər, yəni aralarında əmək və digər münasibətlər davam edib və iddiaçılar cavabdehdən 2020-ci ilin oktyabr ayından 2021-ci il 05 sentyabra kimi olan dövr üzrə hesabalanmalı və ödənilməli olan əmək haqqı məbləğinə ekvivalent olan pul məbləğini tələb edirlər. İddiaçılar əmək müfəttişliyinə müraciət etdiyi zaman, Cavabdeh MTK bildirmişdir ki, onlarla olan əmək müqavilələrinə xitam verilmişdir. Lakin bununla bağlı iddiaçılara heç bir sənəd (əmək kitabçası, əmrin surəti və s.) nə də son haqq-hesab təqdim edilməmişdir. Bu günə kimi iddiaçılara "xxxx" MTK tərəfindən heç bir sənəd təqdim edilməmişdir. İddiaçılar İddiaçı1 və İddiaçı2 ilə Cavabdeh MTK arasında əmək müqaviləsi bağlanmış, lakin əmək müqavilələrinə xitam verilməsi və bununla bağlı əmək qanunvericiliyinin tələb etdiyi sənədlər (əmək kitabçası, müvafiq əmrin surəti və s.) sonunculara təqdim edilmədiyi üçün iddia müddətinin axımı ümumiyyətlə başlamamışdır. Digər iddiaçılar – İddiaçı5, İddiaçı4 və İddiaçı3 ilə isə ümumiyyətlə əmək müqaviləsi bağlansa da, Əmək Məcəlləsinin 7-ci və 47-ci maddələrinin tələbləri kobud formada pozularaq rəsmiləşdirilməmiş və bu səbəbdən əmək münasibətləri yaranmamışdır. Belə olan halda, həmin iddiaçıların tələbi əmək-mülki xarakterli olduğu üçün tələb birbaşa pul tələbidir və burada iddia müddəti ən azı üç ildir. Göründüyü kimi iddiaçılar tərəfindən iddia müddəti ötürülməmişdir. Qeyd olunanlara əsasən hazırkı iddiaya iddia müddətinin tətbiq edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyərək, onun izahatını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək, belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən qismən təmin olunmalıdır. Azərbaycan Respublikası MPM-in 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: MN ******* nömrəli, xx.xx.2021-ci il tarixli inzibati xəta haqqında protokolun surətindən görünür ki, X8, İddiaçı5, İddiaçı4 əmək müqaviləsi hüquqi qüvvəyə minmədən "xxxx" MMC tərəfindən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmişdir. AR Əmək Məcəlləsinin 49-cu maddəsinin tələbləri pozulmuşdur. Nəticədə "xxxx" MMC tərəfindən AR İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. MN ******* nömrəli, xx.xx.2021-ci il tarixli inzibati xəta haqqında protokolun surətindən görünür ki, X8, İddiaçı5, İddiaçı4 əmək müqaviləsi hüquqi qüvvəyə minmədən "xxxx" MMC tərəfindən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmişdir. İddiaçı1, İddiaçı2, X3 əmək haqqı ödənilməmişdir. X1 tərəfindən AR İXM-nin 192.1 və 192.4-cü maddələrində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. xx.xx.2022-ci il tarixli qəbzdən görünür ki, İddiaçı1 tərəfindən Bakı 4 saylı Mediasiya Təşkilatına 50 manat mediasiya xərci ödənilmişdir. İlkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə 02024 nömrəli, xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, tərəflər ilkin mediasiya sessiyasından sonra prosesi davam etdirmək barədə qərar qəbul etməmişlər. MN ******* nömrəli, xx.xx.2021-ci il tarixli inzibati tənabeh vermə haqqında qərarın surətindən görünür ki, X8, İddiaçı5, İddiaçı4 əmək müqaviləsi hüquqi qüvvəyə minmədən "xxxx" MMC tərəfindən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmişlər. Nəticədə MMC-nin direktoru X5 AR İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş və barəsində 4000 manat məbləğində inzibati cərimə tənbeh növü tətbiq edilmişdir. xx.xx.2022-ci il tarixli qəbzin surətindən görünür ki, İddiaçı1 tərəfindən Bakı şəhəri 6 saylı Vəkil Bürosunun hesabına 150 manat hüquqi yardım haqqı ödənilmişdir. xx.xx.2022-ci il tarixli qəbzin surətindən görünür ki, İddiaçı5 tərəfindən 50 manat mediasiya xərci ödənilmişdir. X9 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən İddiaçı1 ünvanlanmış məktubun məzmunundan görünür ki, İddiaçı5, İddiaçı4 2020-ci ilin oktyabr ayından xx.xx.2021-ci il tarixədək əmək müqaviləsi bağlanmadan və əmək müqaviləsi hüquqi qüvvəyə minmədən "xxxx" MMC-də işlərin (xidmətlərin) görülməsinə cəlb olunmuşdur. Həmçinin, İddiaçı1 və İddiaçı2 əmək haqqı "xxxx" MMC tərəfindən düzgün ödənilməmişdir. Məhkəmə iddia ərizəsinə hüquqi qiymət verərkən aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının: 12-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi dövlətin ali məqsədidir. Bu Konstitusiyada sadalanan insan və vətəndaş hüquqları və azadlıqları Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun tətbiq edilir; 35-ci maddəsinə əsasən hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək, heç bir ayrı-seçkilik qoyulmadan öz işinə görə dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqı miqdarından az olmayan haqq almaq hüququ vardır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 154.1-ci maddəsinə əsasən, əmək haqqı - müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur. 157.1-ci maddəsinə əsasən, işçilərin əməyi vaxtamuzd, işəmuzd və əməyin ödənilməsinin digər sistemləri ilə ödənilir. Əməyin ödənilməsi işin fərdi və kollektiv nəticələrinə görə aparıla bilər. 157.3-cü maddəsinə əsasən, əmək haqqının tərkibinə aylıq tarif (vəzifə) maaşı, əlavələr və mükafatlar daxildir. 172-ci maddəsinin 4-cü bəndinə əsasən işçi işdən çıxarkən ona düşən bütün ödənclər tam məbləğdə işdən çıxdığı gün verilir. 296.3-cü maddəsinə əsasən, hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. 296.4-cü maddəsinə əsasən, pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. İşçilərin həyatına və sağlamlığına vurulmuş zərərin ödənilməsi haqqında tələblərə iddia müddəti şamil edilmir. İşin mübahisəsiz halları ondan ibarətdir ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 ilə Cavabdeh MMC arasında əmək müqavilələri qanunvericliyin tələblərinə uyğun olaraq bağlansa da, digər iddiaçılar İddiaçı3, İddiaçı4 və İddiaçı5 ilə əmək müqavilələri yalnız kağız daşıyıcıda bağlanmış, bununla da əmək qanunvericiliyinin tələbləri pozulmuşdur. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 7-ci maddəsinin 2-ci hissəsinə əsasən bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək münasibətləri elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra yaranır. 49-cu maddəsinin 1-ci hissəsinə əsasən bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi və bu maddənin 1-2-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, hazırkı mübahisəyə iddiaçılar İddiaçı1 və İddiaçı2 münasibətdə əmək qanunvericiliyinin normalarına əsasən hüquqi qiymət verilməlidir. Cavabdeh MMC ilə digər iddiaçılar İddiaçı3, İddiaçı4 və İddiaçı5 arasında əmək münasibətləri yaranmadığından, sonunculara aid hissədə mübahisə mülki qanunvericiliyin normalarına əsasən həll olunmalıdır. İşin faktiki hallarından görünür ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 2020-ci ilin oktyabr ayından xx.xx.2021-ci il tarixədək əmək müqaviləsi əsasında Cavabdeh MMC-də işləmiş, müqaviləyə əsasən əmək haqqı 300 manat müəyyən edilmişdir. Lakin iddiaçılar İddiaçı1 və İddiaçı2 ilə əmək müqavilələrinə xitam verilsə də, Cavabdeh MMC-də işlədikləri 11 ay ərzində onlara əmək haqqı ödənilməmişdir. Qeyd edilməlidir ki, bu kateqoriya mübahisələrdə iddiaçının irəli sürdüyü tələblərin əksini sübutetmə yükü iqtisadi baxımdan işçidən daha güclü mövqedə olan işəgötürənin üzərinə düşür, digər tərəfdən əmək və icra intizamı ilə əlaqədar bütün sənədləşdirmələr işəgötürən tərəfindən aparıldığı üçün müvafiq sənədlər də onda olur. Hazırki iş materiallarından göründüyü kimi iddiaçılar İddiaçı1 və İddiaçı2 əmək haqqlarının ödənilməməsi iddiasına qarşı cavabdeh tərəfindən bu halı təkzib edən hər hansı mötəbər sübutlar mövcud deyil, iddiaçılara müvafiq qaydada əmək haqqı hesablanaraq ödənilməsini təsdiq edən hər hansı sübut məhkəməyə təqdim olunmamışdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 301-ci maddəsinin 1-ci bəndinə əsasən fərdi əmək mübahisəsinin həlli barədə məhkəmə qərarı, onun məzmununda başqa hal nəzərdə tutulmayıbsa, bu qərar qanuni qüvvəyə mindiyi gündə dərhal icra edilməlidir. Əmək Məcəlləsinin 301-ci maddəsinin 2-ci bəndinə əsasən məhkəmənin fərdi əmək mübahisəsinin həlli barədə çıxardığı qərar cavabdeh tərəfindən icra edilmədikdə, yaxud icraya müvafiq vəzifəli şəxs və digər fiziki şəxs tərəfindən mane olunduqda bununla əlaqədar işçiyə dəyən maddi ziyanın ödənilməsi barədə və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanması üçün hakim tərəfindən tədbirlər görülməlidir. Qeyd olunanlara əsasən məhkəmə, 2020-ci ilin oktyabr ayından 2021-ci ilin sentyabr ayına kimi olan dövr (11 ay) üzrə ödənilməmiş əmək haqqı olan 3300 manat pulun Cavabdeh MMC-dən tutularaq iddiaçılar İddiaçı1 və İddiaçı2 ödənilməsini qanuni və əsaslı hesab edir. Məhkəmə, iddiaçılar İddiaçı3, İddiaçı4 və İddiaçı5 iddia tələbləri üzrə aşağıdakıları qeyd edir. Yuxarıda qeyd edildiyi kimi, İddiaçı3, İddiaçı4 və İddiaçı5 ilə Cavabdeh MMC arasında əmək müqavilələri yalnız kağız daşıyıcıda bağlanmış, əmək müqaviləsi bildirişləri elektron informasiya sistemində qeydiyyata alınmamış, bununla da əmək müqavilələri hüquqi qüvvəyə minməmişdir. Göründüyü kimi, İddiaçı3, İddiaçı4 və İddiaçı5 ilə Cavabdeh MMC arasında əmək münasibətləri yaranmamışdır. Lakin işin mübahisəsiz hallarına əsasən İddiaçı3, İddiaçı4 və İddiaçı5 Cavabdeh MMC-də 2020-ci ilin oktyabr ayından 2021-ci ilin sentyabr ayına kimi işlərin görülməsinə (xidmətlərin göstərilməsinə) cəlb olunmuş, görülən işlərin müqabilində isə kağız daşıyıcıda bağlanmış əmək müqaviləsində göstərilən aylıq 300 manat onlara ödənilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, 2020-ci ilin oktyabr ayından 2021ci ilin sentyabr ayına kimi olan dövr (11 ay) üzrə 3300 manat maddi ziyan Cavabdeh MMCdən tutularaq iddiaçılar İddiaçı3, İddiaçı4 və İddiaçı5 ödənilməlidir. Məhkəmə cavabdeh tərəfin iddia müddətinin ötürülməsi ilə bağlı ərizəyə münasibətdə aşağıdakıları qeyd edir. Əmək Məcəlləsinin 296.2 və 296.3-cü maddələrinə əsasən bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Hüququnun pozulmasının aşkar edildiyi gün işçiyə müvafiq əmrin (sərəncamın, qərarın), əmək kitabçasının, haqqhesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. Məhkəmə qeyd edir ki, işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Hüququnun pozulmasının aşkar edildiyi gün - işçiyə müvafiq əmrin (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. Eyni zamanda, qanunvericiliklə hüququnun pozulmasının aşkar edildiyi gün - işçiyə müvafiq əmrin (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi gün hesab edilir. Qeyd olunan qanunun mənasına görə də hər üç halın hamısı eyni zamanda mövcud olmalıdır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, əmək müqaviləsinə xitam verilməsi barədə əmrin surəti, əmək kitabçası və son haqq-hesab İddiaçı1 və İddiaçı2 rəsmi qaydada təqdim olunmamışdır. Bundan başqa, məhkəmə araşdırması zamanı digər iddiaçılar İddiaçı3, İddiaçı4 və İddiaçı5 ümumiyyətlə əmək müqaviləsi bağlanmadan işlərin (xidmətlərin) görülməsinə cəlb edilmələri müəyyən edilmiş, bununla da sonuncularla "xxxx" MMC arasında ümumiyyətlə əmək münasibətləri yaranmamışdır. Ona görə də məhkəmə hesab edir ki, "xxxx" MMC-nin nümayəndəsi və vəkili Vəkil2 iddia müddətinin tətbiqi ilə bağlı ərizəsi təmin olunmamalıdır. Məhkəmə eyni zamanda qeyd edir ki, ƏM-nin 288-ci maddəsində fərdi əmək mübahisələrinə (bundan sonra FƏM) 16 hal aid edilmişdir. Həmin hallardan biri də d) əmək haqqının, habelə digər ödəmələrin müəyyən edilməsi və hesablanması, yaxud ödənilməsidir. Habelə qanunverici 296-cı maddənin adında birbaşa “fərdi əmək mübahisələrində iddia müddətləri” başlığını qeyd etmişdir. Deməli, həmin maddədəki bütün müddəalar sırf FƏM-nə tətbiq edilən iddia müddətlərini tənzimləyir. Göründüyü kimi qanunverici FƏM-nin bir qismi üçün qısaldılmış iddia müddəti müəyyən etsə də, pul və digər əmlak tələbləri ilə əlaqədar 1 illik iddia müddəti təyin etmişdir. Ona görə də məhkəmə, cavabdehin nümayəndəsinin hazırki əmək haqqı tələbinin fərdi əmək mübahisəsi olduğundan (ƏM 288-ci maddənin d bəndinə istinadən) iddia müddətinin məhz 1 təqvim ay (ƏM 296-cı maddənin 2-ci bəndini əsas gətirməklə) olması ilə bağlı gətirdiyi dəlillərini əsassız hesab edir. Çünki müəyyən olunduğu kimi, fərdi əmək münasibətlərinə tətbiq olunan iddia müddətinə yalnız ƏM 296-cı maddəsinin 2-ci bəndindəki deyil, həmçinin də həmin maddənin 4-cü bəndindəki müddəa aiddir. Azərbaycan Respublikası MPM-nın 14.2, 77.1 və 88-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikası MPM-nin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. İş materiallarından görünür ki, İddiaçı1 tərəfindən, İddiaçı5 tərəfindən isə 50 manat mediasiya xərci ödənilmişdir. Məhkəmə hesab edir ki, "xxxx" MMC-dən 50 manat mediasiya xərci və 150 manat hüquqi yardım haqqı olmaqla, cəmi 200 manat pul tutularaq İddiaçı1, 50 manat mediasiya xərci isə tutularaq İddiaçı5 ödənilməlidir. Eyni zamanda məhkəmə hesab edir ki, iddiaçılar İddiaçı2, İddiaçı3, İddiaçı4 "xxxx" MMC-dən 50 manat mediasiya xərcinin tutularaq onlara ödənilməsini tələb etsələr də, bu barədə məhkəməyə sübut təqdim etməmişlər. Ona görə də məhkəmə həmin hissələrdə iddia tələbini əsassız hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360cı maddələrini rəhbər tutaraq məhkəmə, Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh "xxxx" MMC-dən 2020-ci ilin oktyabr ayından 2021-ci ilin sentyabr ayına kimi olan dövr (11 ay) üzrə ödənilməmiş 3300 manat məbləğində əmək haqqı, 50 manat mediasiya xərci və 150 manat hüquqi xidmət haqqı olmaqla, cəmi 3500 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı1 ödənilsin. Cavabdeh "xxxx" MMC-dən 2020-ci ilin oktyabr ayından 2021-ci ilin sentyabr ayına kimi olan dövr (11 ay) üzrə ödənilməmiş 3300 manat məbləğində əmək haqqı tutularaq İddiaçı2 ödənilsin. Cavabdeh "xxxx" MMC-dən 3300 manat məbləğində maddi ziyan tutularaq İddiaçı3 ödənilsin. Cavabdeh "xxxx" MMC-dən 3300 manat məbləğində maddi ziyan tutularaq İddiaçı4 ödənilsin. Cavabdeh "xxxx" MMC-dən 3300 manat məbləğində maddi ziyan, 50 manat mediasiya xərci olmaqla, cəmi 3350 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı5 ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Solmaz Ədilova
Məhkəmə qərarları › İş №2(005)-483/2023
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-483/2023
31.01.2023 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver