Məhkəmə qərarları › İş №2(005)-4833/2025

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-4833/2025

19.12.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-4833/2025 19.12.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Nərgiz Nazim qızının sədrliyi, Məhkəmə iclas katibi Gülməmmədova Qumru Habil qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, övladı xx.xx.2018-ci il təvəllüdlü X6 və xx.xx.2023-cü il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanması üçün sonrakı artımlar nəzərə alınmaqla hər ay müəyyən olunmuş minimum əmək haqqı məbləğinin 0,78 mislinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi, azyaşlı övladı xx.xx.2018-ci il təvəllüdlü X6 xəstəliyinə görə mualicələri nəzərə alaraq əlavə olaraq 100 manat məbləğində pulun cavabdehdən tutularaq ona ödənilməsi, Mediasiya Təşkilatına ödədiyi 60 manat məbləğində dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Cavabdeh ilə xx.xx.2017-ci il tarixində rəsmi nikaha daxil olmuşdur, həmin nikahdan xx.xx.2018-ci il təvəllüdlü X11 və xx.xx.2023-cü il təvəllüdlü X7 dünyaya gəlmişdir. Bir müddət sonra münasibətləri pozulmağa başlamış və iddiaçı qarşı tərəflə artıq birlikdə yaşamır, cavabdeh övladlarına baxmır və onlara maddi dəstək etmir. Övladı X1 ilə problemi var, sinir-psixi işkşafı yaşına uyğun deyil, nitqi qüsurludur və digər problemləri də vardır. Onu da əlavə edir ki, özü ünvan 1 ünvanında övladları ilə birlikdə yaşayır. Övladı Əli də Bakı şəhər, Nərimanov rayonunda 1 nömrəli X4 müalicə alır. Tək övladlarına baxmaqda çətinlik çəkir və aliment tələbi ilə məhkəməyə müraciət etmək zəruriyyəti yaranmışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa müvafiq izahat verərək bildirmişdir ki, cavabdehlə aralarında olan nikah pozulmamışdır, birlikdə yaşayırlar. Lakin cavabdeh uşaqların saxlanmasında iştirak etmir. Ümumiyyətlə ev üçün heç bir alış-veriş etmir. Övladı Əli serebral iflic xəstəsidir. 3-cü qrup əlildir. Uşağa görə hər ay 300 manat pensiya alır. Hər ay 400 manata yaxın xəstəliyinə görə pul xərclənir. Cavabdeh uşağın xəstəliklə bağlı xərclərində ümumiyyətlə iştirak etmək istəmir və bildirir ki, onsuz da uşaq sağalmayacaq, ona xərc çəkmək mənasızdır. Lakin uşağın müalicəsini dayandırmaq mümkün deyildir. İddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə iddiaçı tərəfin izahatını dinləyərək və iş materiallarını tədqiq edərək hesab edir ki, iddia aşağıda qeyd olunanlara əsasən qismən təmin edilməlidir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: - İsmayıllı rayon Qeydiyyat şöbəsi tərəfindən qeydə alınmış AZ-İİ saylı, 231661 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X3 nikahları xx.xx.2017-ci il tarixdə bağlanmışdır. Bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 176 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra arvada “Kazımova” soyadı verilmişdir; - 1 saylı Bakı “Asan xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İV saylı, 184301 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X11 xx.xx.2018-ci il tarixdə Bakı şəhərində doğulmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır; - 1 saylı Sumqayıt “Asan xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İV saylı, 889839 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X7 xx.xx.2023-cü il tarixdə Bakı şəhərində doğulmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır; - İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, Cavabdeh mediasiya prosesində iştirak etməmişdir; - Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin 712 nömrəli ambulator reabilitasiya kartasından çıxarışın surətindən görünür ki, xx.xx.2018-ci il təvəllüdlü X9 “Hemiplegik spastik serebral iflic G80.2” diaqnozu qoyulmuşdur; - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 2 nömrəli klinik psixiatriya xəstəxanasının 1729 nömrəli xx.xx.2025-ci il tarixli həkim psixiatr komissiyasının rəyinin surətindən görünür ki, xx.xx.2018-ci il təvəllüdlü X8 “yüngül kəmağıllılıq, qulluq və müalicə tələb edən ciddi nitq və davranış pozuntusu ilə yanaşı, hemiplegik spastik serebral iflic, simptomatin epilepsiya” olması müəyyən edilmişdir; - “X13”in dərmanlar üçün resept blanklarından görünür ki, xx.xx.2025, xx.xx.2025, xx.xx.2025-ci il tarixlərində X9 müalicə üçün dərmanlar yazılmışdır. Beləliklə, işin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, tərəflər xx.xx.2017-ci il tarixində rəsmi nikaha daxil olmuş, birgə nikahdan xx.xx.2018-ci il təvəllüdlü X11 və xx.xx.2023-cü il təvəllüdlü X7 doğulmuşdur. Tərəflərin nikahı pozulmamışdır. İddiaçı cavabdehin uşaqların saxlanmasında iştirak etməməsinə əsaslanaraq, alimentin məhkəmə qaydasında tutulmasını xahiş edir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin 2-ci hissəsinə görə uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Birləşmiş Millətlər Təşkilatının “Uşaq hüquqları haqqında” Konvensiyasının 3-cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən görülsün. Konvensiyanın 27-ci maddəsinin 2-ci bəndinə əsasən valideynlər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 56.1 və 58.2-ci maddələrinə əsasən, valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Valideynlər uşaqlarının tərbiyəsinə, sağlamlığına və onların psixi, fiziki, mənəvi inkişafına görə məsuliyyət daşıyırlar. Ailə Məcəlləsinin 60.1, 60.2, 75.1 və 75.4-cü maddələrinə müvafiq olaraq valideynlik hüquqları uşaqların mənafeyinə zidd həyata keçirilə bilməz. Valideynlik hüquqlarını həyata keçirərkən valideynlər uşaqların mənəvi inkişafına, fiziki və psixi sağlamlığına xələl yetirməməlidirlər. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1 və 78.2-ci maddələrinə uyğun olaraq, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Maddələrin məzmunundan göründüyü kimi, valideynlər arasında yetkinlik yaşına çatmayan uşağa aliment ödənilməsi barədə saziş yoxdursa, alimentin valideynin gəlirinin bir hissəsi kimi deyil, sabit pul məbləğində tutulması yuxarıda qeyd edilən şərtlərdən birinin mövcud olduğu halda mümkündür. Bundan başqa, həmin maddənin məzmununa görə alimentin sabit pul məbləğində tutulması qanunla nəzərdə tutulmuş hallarda uşağın saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi olduqda mümkündür. Məhkəmə xüsusilə qeyd edir ki, aliment məbləği müəyyən edilən zaman diqqət edilməli olan mühüm məsələlərdən biri uşaqların əvvəlki təminatlarının, həyat səviyyələrinin qorunub saxlanmasıdır. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli, 8-2/2016 saylı qərarının 8.4-1-ci bəndində göstərilmişdir ki, Ailə Məcəlləsinin 110.2ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər. Hazırda məhkəmə alimentin məbləğini müəyyən edərkən uşaqlar üçün 2025-ci il üzrə yaşayış minimumunun 246 manat, minimum əmək haqqının isə 400 manat olmasını, tərəflərin maddi və ailə vəziyyətini, cavabdehin iş yeri və aylıq gəlirəri barədə məlumatın olmamasını, uşaqların azyaşlı olmasını, diqqətəlayiq olan digər halları, eləcə də uşaqların əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanması imkanlarını əsas tutaraq və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda istinad olunan Qərarını nəzərə alaraq cavabdehdən tutulan alimentin miqdarının hər ay hər uşaq üçün 2025-ci il üzrə müəyyən edilmiş minimum aylıq əmək haqqı məbləğinin 0,62 misli həddində (400 x 0.62 = 248 manat) müəyyən edilməsini ağlabatan və ədalətli hesab edir. Həmçinin qeyd edilməlidir ki, məhkəmə bildirişləri cavabdehə çatdırılsa da, o, məhkəmə iclaslarına gəlməmiş və ya məhkəməyə iddia tələblərinə dair etiraz ərizəsi təqdim etməmişdir. Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. İddiaçı ərizə ilə məhkəməyə xx.xx.2025-ci il tarixdə müraciət etdiyindən alimentin tutulması həmin tarixdən hesablanmalıdır. Məhkəmə tələbin xx.xx.2018-ci il təvəllüdlü X6 xəstəliyi ilə bağlı çəkilən xərclərdə iştiraka cavabdehin cəlb edilməsi və sonuncudan hər ay 100 manat alimentin tutulması hissəsinə münasibətdə aşağıdakıların qeyd edilməsini zəruri hesab edir: Ailə Məcəlləsinin 81.1-81.3-cü maddələrinə əsasən alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, əlilliyi olan uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. Valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur. Məhkəmə valideynləri faktiki çəkilmiş əlavə xərclərə, eləcə də gələcəkdə çəkilməsi zəruri olan xərclərə cəlb edə bilər. İş üzrə təqdim edilmiş sənədlərdən və xəstəlik kağızlarından müəyyən edilir ki, tərəflərin birgə nikahından anadan olmuş xx.xx.2018-ci il təvəllüdlü X9 “Hemiplegik spastik serebral ifli G80.2” diaqnozu qoyulmuşdur və o, 3-cü qrup əlildir. İddiaçı bildirir ki, uşağın əlilliyi ilə bağlı hər ay 300 manat pensiya alır və uşağın xəstəliyi ilə əlaqədar aylıq xərcləri 400 manata yaxındır. Məhkəmə işin müəyyən edilmiş hallarını, tərəflərin maddi imkanlarını, Ailə Məcəlləsinin göstərilən müddəalarının tələblərini və cavabdehin xəstə uşağın əlavə xərclərində iştirak etməməsini, xərclərin məbləği və cavabdehin gəliri ilə bağlı sübut təqdim olunmamasını, həmçinin uşağa görə ödənilən pensiyanın və ödəniləcək alimentin miqdarını nəzərə alaraq, belə qənaətə gəlir ki, uşağın əlavə xərcləri üçün hər ay 50 manat miqdarında pul cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməlidir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinin tələblərinə görə “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Hazırki iş materiallarından görünür ki, iddiaçı tərəfindən işsizliklə bağlı arayış təqdim edilmiş və mediasiya xərci ödənilməmişdir. Bu səbəbdən mediasiya xərcinin cavabdehdən tutulması hissəsində iddia təmin edilməməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh xx.xx.2018-ci il təvəllüdlü X6 və xx.xx.2023-cü il təvəllüdlü X5 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün Cavabdeh xx.xx.2025-ci il tarixdən başlayaraq sonrakı artımlar nəzərə alınmaqla hər ay hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqı məbləğinin 0,62 misli həddində aliment tutularaq İddiaçı ödənilməlidir. Cavabdeh xx.xx.2018-ci il təvəllüdlü X6 xəstəliyi ilə əlaqədar əlavə xərclərə görə hər ay 50 manat məbləğində pul tutularaq, İddiaçı ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233-234 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. xx.xx.2018-ci il təvəllüdlü X6 və xx.xx.2023-cü il təvəllüdlü X5 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün Cavabdeh xx.xx.2025-ci il tarixdən başlayaraq sonrakı artımlar nəzərə alınmaqla hər ay hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqı məbləğinin 0,62 misli həddində aliment tutularaq, İddiaçı ödənilsin. Cavabdeh xx.xx.2018-ci il təvəllüdlü X6 xəstəliyi ilə əlaqədar əlavə xərclərə görə hər ay 50 (əlli) manat məbləğində pul tutularaq, İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamə alimentin tutulması hissəsində dərhal icra olunsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən sonra bir ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nərgiz Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar