Məhkəmə qərarları › İş №2(005)-4850/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-4850/2021

09.12.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-4850/2021 09.12.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əmirxanova Kəmalə Fərman qızının sədrliyi ilə, Eldarzadə Şirazi Elxan oğlunun katibliyi, İddiaçı və onun nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “birgə nikah dövründə yaranmış borcun bölünməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “birgə nikah dövründə yaranmış borcun bölünməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, birgə nikah dövründə X6 olan 52000 ABŞ dolları məbləğində borcun və Azərbaycan Beynəlxalq Bankının Nəsimi rayon filialına olan 9386 manat ümumi borcun cavabdehlə aralarında bölgüsü və hər ikisinin bu borcda payının ½ hissədə müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdeh onun keçmiş həyat yoldaşıdır. Nərimanov Rayon Məhkəməsinin 03.06.2021-ci il tarixli qətnaməsi ilə Cavabdeh ona qarşı nikahın pozulması, uşağın ananın yanında saxlanılması və alimentin tutulmasına dair iddiası təmin edilməklə aralarında bağlanmış nikah ləğv edilmiş, birgə nikahdan olan 29.12.2014-cü il təvəllüdlü Fatimə və 28.04.2017-ci il təvəllüdlü Ayla adlı uşaqların analarının öhdəsində qalmaqla uşaqların yetkinlik yaşına çatanadək saxlanılmaları üçün 02.02.2021-ci ildən başlayaraq hər uşağa 175 manat olmaqla, 2 uşağa görə 350 manat sabit pul məbləğində alimentin tutulması qət olunmuşdur. Cavabdeh hazırda uşaqlarla Azərbaycan Respublikasından kənarda, Almaniyada yaşayır və uşaqları bu dövlətə gətirmək fikrində deyildir. Bundan başqa o, hazırda həmin dövlətdə qaçqın kimi sığınacaq tapmaq üçün Azərbaycan Dövləti əleyhinə kampaniyalar aparır, müxalifətçi fikirlər səsləndirir və onun bu davranışı uşaqlarının inkişafına, onların mənfi ruhda böyüməsinə və tərbiyə almasına xidmət edir. 2019-cu ilin mart ayında tanışı Nəcəfov Kamal adlı şəxsə müraciət edərək ailə üzvləri ilə birlikdə Almaniyaya getdiyini, orada işləyərək həmin borcu qaytaracağını bildirmiş və 2019-cu ilin aprel ayının 2-də K.Nəcəfov ona 52000 ABŞ dolları məbləğində pul vermiş, həmin pul ilə ailə üzviləri ilə birlikdə Almaniyaya getmişdir. Borc aldığı pul vəsaiti ümumi məsrəflərə, xərclərə sərf olunmuş, hətta pulun bir hissəsini keçmiş həyat yoldaşı öz qohumlarına verərək guya onların Almaniyadan maşın alacağını və sataraq bu borcu qaytarmağa kömək edəcəklərini vəd etmiş, lakin bu yolla borc aldığı pul vəsaiti mənimsənmişdir. Borclu olduğu şəxs X1 Rayon Məhkəməsində ona qarşı iddia qaldırmış və məhkəmənin 20.09.2021-ci il tarixli 2(005)-3929/2021 saylı qətnaməsinə əsasən iddia təmin edilmiş və ondan 52000 ABŞ dolları məbləğində borcun tutulması qət olunmuşdur. Bundan başqa birgə. nikah dövründə 2019-cu ildə Azərbaycan Beynəlxalq Bankının Nəsimi filialından 6000 manat məbləğində kredit götürmüş və yekunda həmin kreditə görə 9386 manat banka pul qaytarmalı idi, lakin kredit borcundan ödənişlər olmamış və bu borc da onların ümumi borcuu hesab olunaraq cavabdehlə aralarında bölünməlidir. Məhkəmə iclasında İddiaçı və onun nümayəndəsi X3 iddia tələbini müdafiə edərək izahatında iddia ərizəsinin təmin edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişlər. Cavabdehə məhkəmə baxışı iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, işirak etməmiş və bu barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyərək, iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Belə ki, iş materiallarında olan; 151 saylı MKİS-in arayışından görünür ki, İddiaçı ünvan 1 ünvanında qeydiyyatdadır. DİN BPQMİ-nin MAPS şöbəsi tərəfindən verilmiş 28.09.2020-ci il tarixli arayışdan görünür ki, Cavabdeh ünvan 1 ünvanında qeydiyyatdadır. ünvan 2l tarixli qətnaməsindən görünür ki, İddiaçı 52000 ABŞ dolları məbləğində borc (ödəniş günü Azərbaycan Respublikası Mərkəzi Bankın müəyyən etdiyi qüvvədə olan məzənnə ilə manatla) və ödənilmiş 30 manat dövlət rüsumu tutularaq X4 xeyrinə ödənilməsi qət edilmişdir. "xxxx" ASC-nin Nəsimi filialının 03.04.2019-cu il tarixli Kredit müqaviləsinə 1 saylı Əlavənin surətindən görünür ki, İddiaçı 03.04.2019-cu il tarixdə 24 ay müddətinə 6000 manat məbləğində kredit verilmişdir. Məhkəmə iclasında müəyyən olunmuşdur ki, tərəflər arasında nikah məhkəmə qaydasında pozulmuş, nikah pozulduqdan sonra hazırda iddiaçı birgə nikah dövründə ailəsi ilə xaricə getmək üçün götürdüyü borcu və bankdan aldığı kredit borcunun bölünməsini xahiş edir. Məhkəmə iddia tələbi ilə bağlı gəldiyi nəticəni aşağıdakı hüquq normalarına əsasən əsaslı hesab edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 32.1-ci maddəsinə əsasən nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. 32.2-ci maddəsinə əsasən ər-arvadın ümumi birgə mülkiyyətinə: 32.2.1-ci maddəsinə əsasən onların hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri (şikəstlik, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və s.); 32.2.2-ci maddəsinə əsasən ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. 32.3-cü maddəsinə əsasən nikah dövründə ev təsərrüfatı ilə, uşaqlara qulluq etməklə məşğul olduğundan və ya digər üzürlü səbəblərə görə müstəqil qazancı olmayan ər (arvad) da ümumi əmlak üzərində hüquqa malikdir. 33.1-ci maddəsinə əsasən ər-arvadın ümumi əmlakı üzərində sahiblik, istifadə və sərəncam hüququ onların qarşılıqlı razılığı əsasında həyata keçirilir. 36.1-ci maddəsinə əsasən ər-arvadın ümumi əmlakının bölünməsi, nikah dövründə eləcə də onlardan birinin tələbi ilə nikah pozulduqdan sonra, habelə kreditor ödəməni ərarvadın ümumi əmlakında olan onlardan birinin payına yönəltmək üçün ümumi əmlakın bölünməsi tələbi barədə ərizə verdikdə, həyata keçirilir. 36.3-cü maddəsinə əsasən mübahisə olduqda, ər-arvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlakda ər-arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir. 37.1-ci maddəsinə əsasən ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. 37.2-ci maddəsinə əsasən ayrı-ayrı hallarda məhkəməyə yetkinlik yaşına çatmayan uşaqların mənafeyini və ərin diqqətəlayiq mənafeyini, o cümlədən ar-arvadın biri üzürsüz səbəbdən gəlir əldə etmədiyi və ya birgə mülkiyyəti ailənin mənafeyinə zidd olaraq sərf etdiyi hallarda nəzərə alıb onların birgə mülkiyyətinin bölünməsi zamanı payları bərabər bölməyə bilər. 37.3-ci maddəsinə əsasən ümumi əmlak bölünərkən ər-arvadın ümumi borcları onun payına uyğun olaraq müəyyən edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 225.1-ci maddəsinə əsasən ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. 213.2-ci maddəsinə əsasən əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. 213.5-ci maddəsinə əsasən birgə mülkiyyət iştirakçılarının razılaşması ilə, razılaşma əldə edilmədikdə isə, məhkəmənin qərarına əsasən ümumi əşyaya bu şəxslərin paylı mülkiyyəti müəyyənləşdirilə bilər. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin və Azərbaycan Respublikası Mülki Məcəlləsinin istinad edilən müddəalarına əsasən ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32 və 36-cı maddələri baxımından həmin Məcəllənin 37.3cü maddəsinin şərh edilməsinə dair 23 iyul 2021-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, Konstitusiya Məhkəməsinin Plenumu əvvəlki qərarlarında formalaşdırdığı hüquqi mövqeyinə uyğun olaraq vurğulayır ki, ər-arvadın bir-birinə qarşı ümumi öhdəliklər üzrə borcun bölünməsi tələbi ilə bağlı işlərə baxılarkən tərəflər çəkişmə prinsipinə uyğun olaraq tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidirlər. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz (“Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 2019-cu il 18 mart tarixli Qərar). Hər birinin öhdəliyi üzrə isə tərəflər yalnız öz əmlakları ilə kreditor qarşısında fərdi məsuliyyət daşıyırlar. Lakin ər-arvaddan birinin öhdəlikləri üzrə alınmış vəsaitin (məsələn, nikahdan əvvəl alınmış kredit məbləğinin və ya üçüncü şəxslərə zərər yetirilməsi nəticəsində əldə edilmiş vəsaitin və s.) ailə ehtiyacları üçün istifadə olunduğu məhkəmə tərəfindən müəyyən edilərsə, həmin ərin (arvadın) öhdəlikləri üzrə ödəmə onların ümumi əmlakına yönəldilir. Ailə Məcəlləsinin 37.3-cü maddəsinə müvafiq olaraq, ər-arvadın bir-birinə qarşı əmlak bölgüsü haqqında iddiasına baxılarkən ümumi öhdəliklər üzrə borclar ər-arvadın hər birinin mülkiyyət payına mütənasib olaraq bölünür. Lakin bu bölgü kreditor qarşısında ərarvadın birgə borclu olması halını aradan qaldırmır. Yuxarıda qeyd olunan qanunvericiliyin tələblərindən və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarındanda aydın olur ki, birgə nikah dövründə götürülmüş borc və ya kredit borcu ailənin ehtiyacları üçün istifadə olunubsa, ümumi borc olaraq ər-arvad arasında əmlakın bölgüsü halında hər birinin əmlakdakı payına uyğun bölünməlidir. Tərəflər arasında birgə nikah dövründə əldə olunmuş əmlakın bölgüsü və ya əmlakların üzərində payların müəyyən edilməsi olmamış, bu səbəbdən iddiaçı tərəfindən götürülmüş borcların bölgüsü aparıması qanunvericiliyin tələblərinə ziddir. Qeyd olunanlara əsasən məhkəmə belə bir qənaətə gəlir ki, İddiaçı Cavabdeh qarşı “birgə nikah dövründə yaranmış borcun bölünməsi” tələbinə dair iddiası təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edilmədiyindən, iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1.-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Adı çəkilən Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin və Ailə Məcəlləsinin müvafiq maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı “birgə nikah dövründə yaranmış borcun bölünməsi” tələbinə dair iddiası rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Kəmalə Əmirxanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar