Məhkəmə qərarları › İş №2(005)-490/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-490/2021

16.02.2021 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-490/2021 16.02.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, Məhkəmə iclas katibi X1, Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı “icra qeydinin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi üzrə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı “icra qeydinin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri 36 nömrəli notariat ofisinin notariusu X4 tərəfindən verilmiş xx xxxxxx 2019-cu il tarixli icra qeydinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri 36 nömrəli notariat ofisinin notariusu X4 tərəfindən verilmiş xx xxxxxx 2019-cu il tarixli icra qeydinə əsasən Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ondan 10162,94 (on min bir yüz altmış iki manat doxsan dörd qəpik) manat məbləğində ödənilməmiş borc vəsaitinin və 20 (iyirmi) manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması müəyyən edilmişdir. O, müvafiq tələblə razı deyildir və hesab edir ki, icra qeydi çıxarılan tarixə onun öhdəliyi tələb olunan həcmdə olmamışdır və bu səbəbdən də Cavabdeh Açıq Səhmdar Cəmiyyəti ondan bu həcmdə borc tələb edə bilməzdi. Məhkəməyə təqdim edəcəyi sübutlardan da göründüyü kimi borc məbləği Cavabdeh Açıq Səhmdar Cəmiyyəti tərəfindən şişirdilmişdir. O, dəfələrlə Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə müraciət edərək real məbləğin çıxardılması və hissə-hissə ödəniş üçün ona müvafiq şəraitin yaradılmasını xahiş etsə də, onun bu xahişi təmin edilməmişdir. Belə olan halda pozulmuş hüquqlarının bərpa edilməsi üçün məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Hesab edir ki, iddia tələbi tam əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə iclasında Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X3 məhkəmə iclasında ərizə ilə müraciət edərək, İddiaçı iştirakı olmadan mülki işə mahiyyəti üzrə baxılmasını və yekun qərar çıxarılmasını, eyni zamanda verdiyi izahatında iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.4-cü maddəsinə əsasən işə İddiaçı iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X2 izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi rədd edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki: Tələbkar Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin borclu İddiaçı ünvanladığı xx xxxxxxx 2019cu il tarixli “icra qeydinin aparılacağı barədə tələbkar tərəfindən borclu şəxsə göndərilən bildiriş”in surətindən və məzmunundan görünür ki, borclu İddiaçı barəsində xx xxxxxx 2015-ci il tarixli, RV/07624/55/4 nömrəli borcun (pul məbləği və ya əmlakın) mübahisəsiz olduğunu təsdiq edən sənəd(lər) mövcuddur. Həmin sənədə görə 84 (səksən dörd) ay müddətinə, illik 25,76 faiz olmaqla 6.333,56 (altı min üç yüz otuz üç manat əlli altı qəpik) manat məbləğində kredit götürmüş və bununla bağlı müvafiq öhdəlikləri yaranmışdır. xx xxxxx 2019-cu il tarixdən etibarən qeyd edilən sənədlə müəyyən edilmiş öhdəliyin lazımınca icra edilməməsi nəticəsində xx xxxxxxx 2019-cu il tarixə xx xxxxxx 2015-ci il tarixli RV/07624/55/4 nömrəli sənəddən irəli gələrək 5.853,25 (beş min səkkiz yüz əlli üç manat iyirmi beş qəpik) manat məbləğində əsas və 4.087,62 (dörd min səksən yeddi manat altmış iki qəpik) manat məbləğində faiz borcu onun tərəfindən ödənilməlidir. Borc 20 (iyirmi) gün müddətində ödənilmədiyi halda “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinin tələblərinə əsasən tələbkar qarşısında icra edilməmiş öhdəliyin icrasını təmin etmək üçün yaranmış borc məbləği və verilməli əmlak (ipoteka predmeti istisna olmaqla) barəsində notarius tərəfindən icra qeydi aparılacağı barədə borclu İddiaçı xəbərdar edilmişdir; Bakı şəhəri 36 nömrəli notariat ofisinin xüsusi notariusu X4 tərəfindən verilmiş xx xxxxxx 2019-cu il tarixli icra qeydinin surətindən və məzmunundan görünür ki, RV/07624/5 nömrəli müqaviləyə əsasən vaxtında ödənilməmiş 10.162,94 (on min bir yüz altmış iki manat doxsan dörd qəpik) manat məbləğində borc vəsaiti və müvafiq qeydin verilməsi üçün ödənilmiş 20 (iyirmi) manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 10.182,94 (on min bir yüz səksən iki manat doxsan dörd qəpik) manat məbləğində pul vəsaitinin borclu İddiaçı tələbkar Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması müəyyən edilmişdir; xx xxxxxxx 2020-ci il tarixli 89909 nömrəli qəbzdən görünür ki, müvafiq iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün İddiaçı tərəfindən 30 (otuz) manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə ilk növbədə iddia tələbinə mülki və mülki prosessual qanunvericiliyin tələblərinə uyğun hüquqi qiymət verilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Mülki prosessual qanunvericiliyə görə sübut hüququ öz daxilində ümumən işə baxan hakim tərəfindən ardıcıl bir neçə prosessual hərəkətlərin edilməsini nəzərdə tutur. Həmin ardıcıllığa uyğun olaraq hakim ilk növbədə nə vaxt sübutun tələb edilməli olduğunu müəyyən etməli, bundan sonra sübutetmə yükünün bölüşdürülməsinə uyğun olaraq tələb olunan sübutun kimin tərəfindən təqdim edilməli olduğunu aydınlaşdırmalı, daha sonra sübutetmənin hansı qaydada həyata keçirilməli olduğunu tərəflərə izah etməli və nəhayət, təqdim edilmiş sübutları qiymətləndirməlidir. Məhkəmənin bütün bu prosessual hərəkətləri sözsüz ki, iddianın predmeti və irəli sürülən tələbin xüsusiyyətləri nəzərə alınmaqla həyata keçirilməlidir. Mülki prosessual qanunvericilikdə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs biləvasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 77.3, 78.1, 78.2, 80, 88-ci maddələri). Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 405.1-ci maddəsinə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır; 421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, Cavabdeh Açıq Səhmdar Cəmiyyəti ilə İddiaçı arasında bağlanmış xx xxxxxx 2015-ci il tarixli RV/07624/55/4 nömrəli kredit müqaviləsinə əsasən borclu şəxs 84 (səksən dörd) ay müddətinə, illik 25,76 faiz olmaqla 6.333,56 (altı min üç yüz otuz üç manat əlli altı qəpik) manat məbləğində kredit götürmüş və xx xxxxx 2019-cu il tarixdən etibarən qeyd edilən müqavilə ilə müəyyən edilmiş öhdəliyin lazımınca icra edilməməsi nəticəsində xx xxxxxxx 2019-cu il tarixə 5.853,25 (beş min səkkiz yüz əlli üç manat iyirmi beş qəpik) manat məbləğində əsas və 4.087,62 (dörd min səksən yeddi manat altmış iki qəpik) manat məbləğində faiz borcu yaranmışdır. Müvafiq borcun ödənilməsi ilə bağlı tələbkar Cavabdeh Açıq Səhmdar Cəmiyyəti borclu İddiaçı xx xxxxxxx 2019-cu il tarixli “icra qeydinin aparılacağı barədə tələbkar tərəfindən borclu şəxsə göndərilən bildiriş”lə müraciət edərək, qeyd edilən borcun 20 (iyirmi) gün müddətində ödənilmədiyi halda “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinin tələblərinə əsasən tələbkar qarşısında icra edilməmiş öhdəliyin icrasını təmin etmək üçün yaranmış borc məbləği və verilməli əmlak (ipoteka predmeti istisna olmaqla) barəsində notarius tərəfindən icra qeydi aparılacağı barədə sonuncunu xəbərdar etmişdir. Bakı şəhəri 36 nömrəli notariat ofisinin xüsusi notariusu X4 tərəfindən verilmiş xx xxxxxx 2019-cu il tarixli icra qeydinə əsasən xx xxxxxx 2015-ci il tarixli RV/07624/5 nömrəli müqaviləyə əsasən vaxtında ödənilməmiş 10.162,94 (on min bir yüz altmış iki manat doxsan dörd qəpik) manat məbləğində borc vəsaiti və müvafiq qeydin verilməsi üçün ödənilmiş 20 (iyirmi) manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 10.182,94 (on min bir yüz səksən iki manat doxsan dörd qəpik) manat məbləğində pul vəsaitinin borclu İddiaçı tələbkar Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması müəyyən edilmişdir. İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı “icra qeydinin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, Bakı şəhəri 36 nömrəli notariat ofisinin notariusu X4 tərəfindən verilmiş xx xxxxxx 2019-cu il tarixli icra qeydinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Müvafiq iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün İddiaçı tərəfindən 30 (otuz) manat məbləğində dövlət rüsumu ödənilmişdir. “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinə əsasən: -borcludan pul məbləğlərini tutmaq və ya əmlakı tələb edib almaq üçün borclunun olduğu yer üzrə notarius borcu müəyyən edən sənədlərdə icra qeydləri aparmalıdır; -icra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq etdiyi və bu maddənin üçüncü hissəsində nəzərdə tutulan müddət keçmədiyi halda aparılır; -barəsində icra qeydi aparılan tələb üçün qanunla başqa müddət müəyyən edilməmişdirsə, icra qeydi tələb etmək hüququnun yarandığı gündən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsi ilə müəyyən edilmiş müvafiq iddia müddətləri keçənədək aparılır; -icra qeydinin aparılması üçün dövlət orqanları, habelə hüquqi və fiziki şəxslər “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron imzadan istifadə etməklə elektron formada müraciət edə bilərlər; -fiziki şəxslər yazılı qaydada da notariat ofisilərınə müraciət edə bilərlər; -tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 (iyirmi) gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərməlidir. Bildirişin forması Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. İpoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin göndərilməsi qaydası və bu bildirişdən sonra notarius tərəfindən icra qeydinin aparılması müddəti “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Bildiriş, onun borcluya çatdırıldığını təsdiq edən sənəd, borclunun cavab məktubu (cavab məktubu olduğu halda) və borcu müəyyən edən sənədlər icra qeydinin aparılması ilə bağlı ərizəyə əlavə olunur; -elektron formada müraciət olunduqda, ərizəyə əlavə olunan sənədlər skan edilərək və ya elektron sənəd formasında ona qoşma kimi əlavə olunur. Skan edilmiş sənədlərin həqiqiliyi ilə bağlı hər hansı şübhələrin yarandığı hallarda tələbkardan həmin sənədlərin əsillərinin təqdim edilməsi tələb olunur; -icra qeydi aparılmış tələb borclu tərəfindən məhkəmə qaydasında mübahisələndirilə bilər; -borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin siyahısını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Araşdırma zamanı iddiaçı şəxs İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyəti ilə bağladığı xx xxxxxx 2015-ci il tarixli RV/07624/5 nömrəli kredit müqaviləsi əsasında tələbkar bank tərəfindən edilmiş müraciət əsasında Bakı şəhəri 36 nömrəli notariat ofisinin notariusu X4 tərəfindən verilmiş xx xxxxxx 2019-cu il tarixli icra qeydinin ləğv edilməsi üçün qanuni əsasın olması məhkəmə tərəfindən müəyyən edilməmişdir. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, İddiaçı hazırkı iddiası əsassızdır, iddiaçı iddiasını əsaslı edən müvafiq sübutlarını məhkəməyə təqdim edə bilməmiş, müvafiq sübutlar məhkəmədə araşdırılmış və qarşılıqlı tədqiq edilmiş işin faktiki halları ilə tam olaraq öz təsdiqini tapmamışdır. Məhkəmə İddiaçı xx xxxxxx 2019-cu il tarixli icra qeydinin ləğv edilməsi tələbi ilə bağlı qeyd edir ki, həmin icra qeydi bağlanarkən mülki qanunvericiliyin müəyyənləşdirilmiş şərtləri pozulmamış və həmin icra qeydinin ləğv edilməsi üçün hər hansı əsas olmadığından iddia rədd edilməlidir. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, İddiaçı tərəfindən ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu iddia ərizəsi rədd edildiyindən iddiaçı şəxsə aid edilməlidir. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı “icra qeydinin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Gültəkin Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar