Məhkəmə qərarları › İş №2(005)-500/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-500/2021

06.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-500/2021 06.04.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, Məhkəmə iclas katibi İbrahimova Ramilə Namiq qızının katibliyi, Cavabdeh nümayəndəsi X2, Cavabdehin tərəfində müstəqil tələb irəli sürməyən üçün şəxs “xxxx” Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı Cavabdehnə və cavabdehin tərəfində müstəqil tələb irəli sürməyən üçün şəxslər Bakı şəhəri Səbail Rayon İcra və Probasiya Şöbəsinə, “X1 Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinə və “xxxx” Açıq Səhmdar Cəmiyyətinə qarşı “əmlakın qiymətləndirilməsi barədə hesabatın ləğv edilməsi” tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə və cavabdehin tərəfində müstəqil tələb irəli sürməyən üçün şəxslər Bakı şəhəri Səbail Rayon İcra və Probasiya Şöbəsinə və “X1 Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “əmlakın qiymətləndirilməsi barədə hesabatın ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh xx xxx 2018-ci il tarixli 074/18 nömrəli qiymətləndirmə hesabatının ləğv edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o ailəsinin yaşayış şəraitinin yaxşıllaşdırılması məqsədilə mənzilin əldə edilməsi qərarına gəlmişdir. Amma münasib mənzil almaq üçün ailənin büdcəsi buna imkan verməmişdir. Bununla əlaqədar olaraq, mənzil şəraitinin yaradılması üçün əlindən gələn bütün imkanları toplayaraq gələcəkdə mənzil probleminin olmadığı üçün imkan daxilində mümkün qədər çox bahalı olmayan mənzilin əldə edilməsi məqsədilə ipoteka ilə onun götürülməsinə qərar vermişdir. Bunun üçün o ailəsinə xoşuna gələn satılmaqda olan mənzil tapmış və əvvəlcədən hənin mənzilin ipoteka ilə yüklü olunması üçün həm satıcı, həm də “xxxx” Açıq Səhmdar Cəmiyyəti ilə ümumi razılığa gəldilər. Daha sonra özündə olan 26.000 (iyirmi altı min) manat məbləğində pul vəsaitinə əlavə olaraq “xxxx” Açıq Səhmdar Cəmiyyəti ilə **********25514 nömrəli xx xxx 2014-cü il tarixli kredit müqaviləsi imzalayaraq ümumi şərtlərə əsasən mənzilin ümumi dəyərinin 56.000 (əlli altı min) manat hissəsində ipoteka ilə yüklü edilmişdir. Lakin 2017-ci ilin sonunda həyatında baş vermiş bir sıra problem səbəbindən onun maddi imkanları əhəmiyyətli şəkildə dəyişilmiş və o təxmini olaraq 4 (dörd) ay müddətində demək olar ki, heç bir ödəniş edə bilməmişdir. Buna səbəb isə əvvəllər işlədiyi “SOCAR” müəssisəsindən işdən çıxağırılmağı olmuşdur. O, işini itirdikdən sonra təbii ki, maddi imkanı demək olar ki, sıfıra enmişdir və bu səbəbdən də, üzərinə düşən kredit öhdəliyi bir neçə ay müddətində icra olunmamışdır. Nəticə etibarı ilə tələbkar bank ona qarşı iddia irəli sürərək aralarında olan kredit müqaviləsinə əsasən ipoteka ilə yüklü edilmiş mənzilin hərracda satılması yolu ilə onun tərəfindən icra olunmamış pul öhdəliyinin hissəsinə yönəldilməsi, həmin mənzildən ailəsinin bütün üzvlərinin çıxarılması və digər tələblər üzrə müvafiq qətnamənin çıxarılmasını məhkəmədən xahiş etmişdir. Əfsuslar olsun ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-794/2018 nömrəli xx xxxx 2018ci il tarixli qətnaməsi ilə “xxxx” Açıq Səhmdar Cəmiyyətinin iddia tələbləri qismən təmin edilmişdir. Həmçinin, qətnamə ilə hazırki iş üzrə cavabdeh təşkilatın xx xxx 2018-ci il tarixli, 074/18 nömrəli hesabatı əsas götürərək açıq hərrac yola ilə məcburi satılmalı olan ipoteka predmeti olan Bakı şəhəri, Səbail rayonu, X11 küçəsi, ev 2 ünvanında yerləşən müvafiq mənzilin ilkin satış qiyməti 77.500 (yetmiş yeddi min beş yüz) manat məbləğində müəyyən edilmişdir. Bu qətnamədən verdiyi apelyasiya və daha sonra kassasiya şikayətləri də təmin olunmamış, iş üzrə çıxarılmış rayon məhkəməsinin qətnaməsi qanuni qüvvəsini almışdır. Hesab edir ki, müəyyənləşdirilmiş satış qiyməti aktuallığını itirib və ona görə də həmin hesabat ləğv olunmalıdır. Qeyd edilməlidir ki, cavabdeh təşkilatın hesabatında qeyd olunmuşdur ki, mənzilin likvid dəyəri 77.500 (yetmiş yeddi min beş yüz) manat, bazar dəyəri isə 80.500 (səksən min beş yüz) manatdır. Belə ki, mənzilin satış qiyməti məhz onun o dövrdəki olan real bazar dəyərinin əsasında müəyyənləşdirilməlidir. Amma nədənsə cavabdeh təşkilat bazar dəyəri ilə yanaşı, həm təcrübədə, həm də “Qiymətləndirmə haqqında” Azərbaycan Respublikası Qanununda nəzərdə tutulmamış maddi hüquq nomrasına əsaslanaraq hesabatda bazar qiymətindən başqa likvid dəyərini də göstərmişdir. Bununla da işə baxan məhkəmələri çaşdırmışdır. Eyni zamanda qeyd edilməlidir ki, bu hesabat xx xxx 2018-ci il tarixdə tərtib olunmuşdur. Yəni 2 (iki) ildən artıq vaxt keçmiş və bu günlərdə həmin hesabatın aktuallığı böyük şübhə altındadır. Nəzərə alınsa ki, hazırki satış qiyməti hesabatın bazar qiyməti ilə yox, məhz mənzilin guya likvid dəyəri ilə müəyyənləşdirildiyindən, hesab edir ki, bu qiymət həqiqətə uyğun deyil və mənzilin satış qiyməti likvid dəyərinin əvəzinə hazırki bazar dəyəri ilə müəyyən olunmalıdır. Ona məlumdur ki, mənzilinin hazırki bazar dəyəri cavabdeh təşkilatın hazırladığı hesabatındakı qiymətdən xeyli yüksəkdir. Belə ki, mənzil paytaxtın mərkəz nöqtəsində yerləşir və arxitektura binasında yerləşir. Ona məlumdur ki, hazırda mənzilin yerləşdiyi yerin hər kv.metrin bazar qiyməti ən azı 4.000 (dörd min) manatdır. Bu da ümumi bazar qiymətinin təxmini olaraq 126.000 (bir yüz iyirmi altı min) manat məbləğində təşkil edir. Belə olduğu təqdirdə bu hesabat ləğv olunmalı və mənzilin daha ədalətli satış qiyməti müəyyənləşdirilməlidir. Nəzərə alınsa ki, mənzilinin açıq hərracda satılması məqsədilə Bakı şəhəri Səbail Rayon İcra və Probasiya Şöbəsi tərəfindən icra sənədinin icrası ilə əlaqədar mənzilin 77.500 (yetmiş yeddi min beş yüz) manat ilkin satış qiyməti olaraq “X1 Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinə göndərilmişdir. Ona görə də daha aşağı və hazırki real bazar qiymətinə uyğun olmayan qiymətə mənzilin satılması qanunsuzdur, bununla da onun və eləcə də ailəsinin hüquqlarının kobud surətdə pozulmasına gətiribçıxaracaqdır. “xxxx” Açıq Səhmdar Cəmiyyəti mülki iş üzrə cavabdehin tərəfində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmişdir. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi X4 iddia ərizəsini qəbul etməyərək, iddiaçı şəxsin iştirakı olmadan iddia ərizəsinə mahiyyəti üzrə baxıb, onun təmin edilməməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin tərəfində müstəqil tələb irəli sürməyən üçün şəxs “xxxx” Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X6 iddia ərizəsini qəbul etmədiyini bildirmişdir. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.4-cü maddəsinə əsasən işə İddiaçı iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdehin tərəfində müstəqil tələb irəli sürməyən üçün şəxs Bakı şəhəri Səbail Rayon İcra və Probasiya Şöbəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehlərə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin tərəfində müstəqil tələb irəli sürməyən üçün şəxs Bakı şəhəri Səbail Rayon İcra və Probasiya Şöbəsinin nümayəndəsinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi rədd edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki: Cavabdeh xx xxx 2018-ci il tarixli 074/18 nömrəli qiymətləndirmə hesabatın məzmunundan görünür ki, Bakı şəhəri, Səbail rayonu, X11 küçəsi, 2 nömrəli evin 47 nömrəli mənzilinin həmin dövrə olan orta bazar qiyməti 80.500 (səksən min beş yüz) manat, likvid dəyəri isə 77.500 (yetmiş yeddi min beş yüz) manat məbləğində müəyyən edilmişdir; Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-794/2018 nömrəli, xx xxxx 2018-ci il tarixli icra sənədinin məzmunundan görünür ki, İddiaçı xx xxx 2014-cü il tarixli **********25514 nömrəli kredit müqaviləsi üzrə 53.584,15 (əlli üç min beş yüz səksən dörd manat on beş qəpik) manat məbləğində əsas, 3.241,31 (üç min iki yüz qırx bir manat otuz bir qəpik) manat məbləğində faiz və 0,55 (əlli beş qəpik) manat məbləğində cərimə borcu, ödənilmiş 60 (altmış) manat məbləğində dövlət rüsumu, 22 (iyirmi iki) manat məbləğində xidmət haqqı olmaqla, cəmi 56.908,04 (əlli altı min doqquz yüz səkkiz manat dörd qəpik) manat məbləğində borcun ipoteka predmeti olan Bakı şəhəri, Səbail rayonu, X11 küçəsi, 2 nömrəli evin 47 nömrəli mənzilinə yönəldilməli, Bakı şəhəri, Səbail rayonu, X11 küçəsi, 2 nömrəli evin 47 nömrəli mənzilinin ilkin satış qiyməti 77.500 (yetmiş yeddi min beş yüz) manat məbləğində müəyyən edilməklə, həmin mənzil açıq hərracdan satılmalı, satışdan eldə edilən vəsait hesabına İddiaçı 56.908,04 (əlli altı min doqquz yüz səkkiz manat dörd qəpik) manat məbləğində borc “xxxx” Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir. Bakı şəhəri, Səbail rayonu, X11 küçəsi, 2 nömrəli evin 47 nömrəli mənzilə tutma yönəldikdən və o satıldıqdan sonra 1 (bir) ay müddətində İddiaçı, X7 və X5 həmin mənzildən çıxarılmalı, “xxxx” Açıq Səhmdar Cəmiyyətinə olan borc ödənildikdən sonra ipoteka predmetinin hərracda satışından əldə olunmuş pul vəsaitinn qalan hissəsi İddiaçı qaytarılmalıdır; xx xxxxxxx 2020-ci il tarixli 64608 nömrəli qəbzdən görünür ki, müvafiq iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün İddiaçı tərəfindən 10 (on) manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə ilk növbədə iddia tələbinə mülki və mülki prosessual qanunvericiliyin tələblərinə uyğun hüquqi qiymət verilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Mülki prosessual qanunvericiliyə görə sübut hüququ öz daxilində ümumən işə baxan hakim tərəfindən ardıcıl bir neçə prosessual hərəkətlərin edilməsini nəzərdə tutur. Həmin ardıcıllığa uyğun olaraq hakim ilk növbədə nə vaxt sübutun tələb edilməli olduğunu müəyyən etməli, bundan sonra sübutetmə yükünün bölüşdürülməsinə uyğun olaraq tələb olunan sübutun kimin tərəfindən təqdim edilməli olduğunu aydınlaşdırmalı, daha sonra sübutetmənin hansı qaydada həyata keçirilməli olduğunu tərəflərə izah etməli və nəhayət, təqdim edilmiş sübutları qiymətləndirməlidir. Məhkəmənin bütün bu prosessual hərəkətləri sözsüz ki, iddianın predmeti və irəli sürülən tələbin xüsusiyyətləri nəzərə alınmaqla həyata keçirilməlidir. Mülki prosessual qanunvericilikdə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs biləvasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 77.3, 78.1, 78.2, 80, 88-ci maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. “Qiymətləndirmə fəaliyyəti haqqında” Qanunun: 7-ci maddəsinə əsasən qiymətləndirmənin nəticələri haqqında hesabatların tərtib olunma qaydalarını müvafiq icra hakimiyyəti orqanı müəyyənləşdirir. Qiymətləndirmənin nəticələri haqqında hesabatda əmlakın bazar və ya digər dəyərlərinin yekun göstəricisi məhkəmə qaydasında ləğv edilmədikdə, həqiqi sayılır (“Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanına əsasən bu Qanunun 7-ci maddəsinin birinci hissəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir.); 10-cu maddəsinin tələbindən isə görünür ki, qiymətləndirmə fəaliyyətini həyata keçirərkən Azərbaycan Respublikasının qiymətləndirmə haqqında qanunvericiliyinə riayət etmək qiymətləndiricinin vəzifəsidir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, Bakı şəhəri, Səbail rayonu, X11 küçəsi, 2 nömrəli evin 47 nömrəli mənzilinin ilkin satış qiyməti Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-794/2018 nömrəli, xx xxxx 2018-ci il tarixli qətnaməsi ilə 77.500 (yetmiş yeddi min beş yüz) manat məbləğində müəyyən olunmuşdur. Məhkəmə qətnaməsi əsasında müəyyən olunmuş əmlakın satış dəyərinin yenidən müəyyən olunması yolverilməzdir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Göstərilən prosessual normanın tələbləri baxımından məhkəmə qeyd edir ki, mülki işin icraatı zamanı preyudisial (əvvəlki hal) faktlar da sübut olunmur. Sübutetmə predmetinə daxil olan tədqiq olunan və məhkəmənin yekun aktında əks edilən faktlar, bu akt qanunla müəyyən edilən qaydada ləğv edilənə və ya dəyişdirilənə qədər həqiqilik və qətilik keyfiyyəti əldə edir. Məcburiliyi baxımından bütün digər orqanlar, vəzifəli şəxslər, təşkilatlar, vətəndaşlar bu aktın məzmunu ilə razılaşmalıdırlar. Artıq qüvvəyə minmiş qətnamənin faktiki əsasını təşkil edən hallar yeni mübahisə üçün də hüquqi əhəmiyyət kəsb etdikdə preyudisiya əlaqəsi yaranmış olur. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun C.İsmayılzadənin şikayətinə dair xx xxxxxx 2007-ci il trixli qərarında qeyd olunmuşdur ki, qanuni qüvvəyə minmiş məhkəmə aktı özündə mübahisələndirilən maddi hüququn, yaxud belə hüquqa əsaslanan faktın mövcud olub-olmamasını qəti surətdə müəyyənləşdirir və səlahiyyətli şəxsin tələbi ilə hər hansı qeyd-şərt qoyulmadan onların həyata keçirilməsini ehtiva edir. Məhz bu baxımdan prosessual qanunvericilikdə nəzərdə tutulmuş bütün müdafiə vasitələri istifadə edildikdən sonra qanuni qüvvəyə minmiş məhkəmə aktı təkzib olunmazlıq, müstəsnalıq və məcburilik kimi hüquqi xassələrə malikdir. Avropa Məhkəməsinin “Brumareski Rumıniyaya qarşı” xx xxxxxxx 1999-cu il tarixli qərarında göstərilmişdir ki, hüququn aliliyinin əsas aspektlərindən biri olan hüquqi müəyyənlik prinsipi digərləri ilə yanaşı tələb edir ki, məhkəmələr tərəfindən tamamilə həll edilmiş iş üzrə qəbul olunan yekun qərar şübhə doğurmamalıdır. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, İddiaçı hazırkı iddiasının heç bir hüquqi əsası yoxdur, iddiaçı şəxs iddiasını əsaslı edən müvafiq sübutlarını məhkəməyə təqdim edə bilməmiş, mövcud sübutlar məhkəmədə araşdırılmış və qarşılıqlı tədqiq edilmiş işin faktiki halları ilə tam olaraq öz hüquqi təsdiqini tapmamışdır. Məhkəmə hesab edir ki, İddiaçı Cavabdehnə və cavabdehin tərəfində müstəqil tələb irəli sürməyən üçün şəxslər Bakı şəhəri Səbail Rayon İcra və Probasiya Şöbəsinə, “X1 Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinə və “xxxx” Açıq Səhmdar Cəmiyyətinə qarşı “əmlakın qiymətləndirilməsi barədə hesabatın ləğv edilməsi” tələbinə dair iddiası təmin edilməməlidir. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu iddia tələbi rədd edildiyindən İddiaçı aid edilməlidir. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdehnə və cavabdehin tərəfində müstəqil tələb irəli sürməyən üçün şəxslər Bakı şəhəri Səbail Rayon İcra və Probasiya Şöbəsinə, “X1 Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinə və “xxxx” Açıq Səhmdar Cəmiyyətinə qarşı “əmlakın qiymətləndirilməsi barədə hesabatın ləğv edilməsi” tələbinə dair iddia ərizəsi təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Gültəkin Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar