Məhkəmə qərarları › İş №2(005)-5018/2025

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-5018/2025

07.01.2026 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-5018/2025 07.01.2026 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Nərgiz Nazim qızının sədrliyi, Məhkəmə iclas katibi Gülməmmədova Qumru Habil qızının katibliyi ilə, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh, uşaqların saxlanmasına görə hər uşaq üçün 246 manat olmaqla, cəmi 492 manat sabit pul məbləğində alimentin və Bakı 11 saylı Mediasiya Təşkilatına ödənilmiş 60 manat rüsumun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Cavabdeh ilə xx.xx.2010-cu il tarixində nikah bağlamışlar. Birgə nikahdan xx.xx.2010-cu təvəllüdlü Nəbizadə Ruqəyyəxanım İddiaçı qızı və xx.xx.2012-ci il təvəllüdlü Nəbizadə Elşən İddiaçı oğlu dünyaya gəlmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-3746/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsi ilə Nəbiyev İddiaçı xx.xx.2010-cu il təvəllüdlü Nəbizadə Ruqəyyaxanım İddiaçı qızı və Nəbizadə Elşən İddiaçı oğlunun yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün xx.xx.2018-ci il tarixindən başlayaraq hər ay hər uşaq üçün 154 manat olmaqla, cəmi 308 manat sabit pul məbləğində alimentin Cavabdeh xeyirinə tutulması qət edilmişdir. Bakı şəhəri, Suraxanı Rayon Məhkəməsinin 2(010)-276/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə, tərəflər arasındakı nikahın pozulması, xx.xx.2010-cu il təvəllüdlü Nəbizadə Ruqəyyaxanım İddiaçı qızı və xx.xx.2012-ci il təvəllüdlü Nəbizadə Elşən İddiaçı oğlunun boşanmadan sonra anaları Cavabdeh yanında qalması qət edilmişdir. Bakı şəhəri, Nərimanov Rayon Məhkəməsinin 2(005)-494/2021-saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə Nəbiyev İddiaçı övladları xx.xx.2010-cu il təvədllüdlü Nəbizadə Ruqəyyəxanım İddiaçı qızı və xx.xx.2012-ci il təvəlüdlü Nəbizadə Elşən İddiaçı oğlu ilə ayda iki dəfə olmaqla hər ayın ikinci və dördüncü həftəsinin bazar günü saat 10.00-dan 18.00-dək uşaqlarla ünsiyyətdə olmaq üçün görüş verilməsi qət edilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1849/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsi ilə, qətnamə qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq, Nəbiyev İddiaçı Bağırova Aydın qızının xeyrinə xx.xx.2010-cu il təvəlüdllü Nəbizadə Ruqəyyəxanım İddiaçı qızı və xx.xx.2012-cı il təvəllüdlü Nəbizadə Elşən İddiaçı oğlunun yetkinlik yaşına çatanadək saxlanması üçün tutulan alimentin məbləğinin dəyişdirilərək hər ay hər uşaq üçün 193 manat müəyyən edilməsi qət edilmişdir. O, iddia ərizəsi ilə məhkəməyə mürəciət edərək, yetkinlik yaşına çatmayan xx.xx.2010-cu il təvəllüdlü Nəbizadə Ruqəyyəxanım İddiaçı qızı və xx.xx.2012cı il təvəllüdlü Nəbizadə Elşən İddiaçı oğlunun onun himayəsində qalması və yetkinlik yaşına çatmayan xx.xx.2010-cu il təvəllüdlü Nəbizadə Ruqəyyəxanım İddiaçı qızı və xx.xx.2012-ci il tarixli Nəbizadə Elşən İddiaçı oğlunun onun himəyəsində olduğu üçün Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(005)-1849/2022 saylı qətnaməsi ilə yaranmış aliment borcunun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Uşaqların ona bağlılığı və 10 yaşlarını keçdiyi üçün öz fikirlərini bildirməyə qadir olduqlarından onlar 2022-ci ilin sentyabr ayının 14-dən, cavabdehin də razılığı ilə, onunla yaşamaq qərarına gəlmişlər. Övladları artıq qeyd olunan tarixdən onun himayəsindədir. Uşaqların onun himayəsində qalması onların gələcəyi, sağlamlığı və tərbiyəsi üçün daha məqsədə uyğundur. Artıq faktiki olaraq ər-arvad kimi yaşamır və birgə təsərrüfat aparmırlar. 2022-ci ilin sentyabr ayının 14-dən hazırki vaxtadək uşaqların bütün maddi və mənəvi təlabatlarını tək başına ödəyir. Qeyd olunan tarixdən heç bir aliment borcu yoxdur. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-294/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, iddiaçının Nərimanov Rayon Məhkəməsinin 2(005)-1849/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə xx.xx.2010-cu il təvəllüdlü Nəbizadə Ruqəyyəxanım İddiaçı qızı və xx.xx.2012-ci il təvəllüdlü Nəbizadə Elşən İddiaçı oğlunun yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün 193 manat olmaqla, cəmi 386 manat sabit pul məbləğində alimentin ödənilməsindən xx.xx.2022-ci il tarixindən azad edilməsi, xx.xx.2010-cu il təvəllüdlü Nəbizadə Ruqəyyəxanım İddiaçı qızı və xx.xx.2012-ci il təvəllüdlü Nəbizadə Elşən İddiaçı oğlunun yanında qalmasının müəyyən edilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Lakin, 2022-ci ilin sentyabr ayının 14-dən hazırki vaxtadək, cavabdeh heç bir mövzuda (təhsil, tərbiyə, sağlamlıq, yaşayış tərzi, psixologiya və s.) maraqlanmamış, arada-bir telefonla əlaqə saxlamış və onu da uşağın psixologiyasına mənfi təsir edərək mübahisələrlə nəticələndirmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirmişdir ki, artıq 4 ildir ki uşaqlar onun himayəsindədir, cavabdeh isə uşaqların saxlanmasında iştirak etmir. İddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh bildirmişdir ki, uşaqların 5 il müddətinə onun himayəsində qaldığı dövrdə iddiaçı yalnız aylıq 300 manat aliment ödəmişdir. Halbuki o, həmin dövrdə uşaqlarla ünsiyyətinə maneə olmamışdır. Lakin hazırda iddiaçı onun uşaqlarla ünsiyyətinə maneə törətməklə ondan gizlədir. Belə olan halda isə heç bir aliment ödəməli deyildir. Onun aliment ödəmək imkanı da yoxdur. 400 manata yaxın maaş alır. Onu da alimentə versə özünün gündəlik xərclərin təmin etmək imkanından məhrum olacaqdır. İddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyərək, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia aşağıda qeyd olunanlara əsasən qismən təmin edilməlidir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: - Şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, tərəflərin birgə nikahından xx.xx.2010cu il təvəllüdlü Nəbizadə Ruqəyyəxanım İddiaçı qızı doğulmuşdur. Atası Nəbiyev İddiaçı, anası Nəbiyeva (Bağırova) Gülnarə Aydın qızıdır; - Şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, tərəflərin birgə nikahından xx.xx.2012ci il təvəllüdlü Nəbizadə Elşən İddiaçı oğlu doğulmuşdur. Atası Nəbiyev İddiaçı, anası Nəbiyeva (Bağırova) Gülnarə Aydın qızıdır; - Bakı şəhəri, Suraxanı Rayon Məhkəməsinin 2(010)-276/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə, tərəflər arasındakı nikahın pozulması, xx.xx.2010-cu il təvəllüdlü Nəbizadə Ruqəyyəxanım İddiaçı qızı və xx.xx.2012-ci il təvəllüdlü Nəbizadə Elşən İddiaçı oğlunun boşanmadan sonra anaları X1 yanında qalması qət edilmişdir; - Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-294/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə Nəbiyev İddiaçı iddiası qismən təmin edilərək, iddiaçının Nərimanov Rayon Məhkəməsinin 2(005)-1849/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə xx.xx.2010-cu il təvəllüdlü Nəbizadə Ruqəyyəxanım İddiaçı qızı və xx.xx.2012-ci il təvəllüdlü Nəbizadə Elşən İddiaçı oğlunun yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün 193 manat olmaqla, cəmi 386 manat sabit pul məbləğində alimentin ödənilməsindən xx.xx.2022-ci il tarixdən azad edilməsi, xx.xx.2010-cu il təvəllüdlü Nəbizadə Ruqəyyəxanım İddiaçı qızı və xx.xx.2012-ci il təvəllüdi Nəbizadə Elşən İddiaçı oğlunun yanında qalmasının müəyyən edilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir; - Baki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2327/2024 nömrəli, 19 avqust 2024-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır; - Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-3943/2024 saylı,xx.xx.2024-cü il tarixli qərarı ilə Cavabdeh kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 19 avqust 2024-cü il tarixli, 2(103)-2327/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır; - ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, Cavabdeh mediasiya prosesində iştirak etməmişdir. Beləliklə, işin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, tərəflər xx.xx.2010-cu il tarixində rəsmi nikaha daxil olmuş, onların birgə nikahından iki övladları doğulmuşdur. Tərəflərin nikahı pozulmuşdur. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə uşaqlar atanın himayəsinə verilmişdir. Hazırda iddiaçı cavabdehin uşaqların saxlanmasında iştirak etməməsinə əsaslanaraq, alimentin tutulmasını xahiş edir. Cavabdeh isə uşaqları görmədiyini, iddiaçının uşaqları ondan gizlətdiyini və əmək haqqının az olduğunu bildirərək, iddia tələbinə etiraz edir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin 2-ci hissəsinə görə uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 56.1 və 58.2-ci maddələrinə əsasən, valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Valideynlər uşaqlarının tərbiyəsinə, sağlamlığına və onların psixi, fiziki, mənəvi inkişafına görə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 60.1, 60.2, 75.1 və 75.4-cü maddələrinə müvafiq olaraq valideynlik hüquqları uşaqların mənafeyinə zidd həyata keçirilə bilməz. Valideynlik hüquqlarını həyata keçirərkən valideynlər uşaqların mənəvi inkişafına, fiziki və psixi sağlamlığına xələl yetirməməlidirlər. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. BMT Baş Məclisinin 20 noyabr 1989-cu il tarixdə qəbul etdiyi “Uşaq hüquqları haqqında” Konvensiyanın 3-cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 5 və 19-cu maddələrinə uyğun olaraq, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Uşağın maddi və mənəvi tələbatlarının təmin edilməsi valideynlərin əsas vəzifələrindəndir. Nəzərə alınmalıdır ki, hər bir uşağın layiqli həyat tərzində yaşamaq hüququ vardır və uşağın inkişafı üçün valideynlərin maddi və mənəvi dəstək olmaları onların vəzifəsi və borcudur. Mövcud qanunvericilik normaları istənilən yaranmış vəziyyətdə uşağın mənafelərinin daha üstün tutulmasını imperativ olaraq göstərir. Uşaqlar üçün məhkəmə qaydasında alimentin tutulma qaydasını və miqdarını müəyyənləşdirən Ailə Məcəlləsinin 76-78-ci maddələrinin məzmunundan görünür ki, alimentin sabit pul məbləğində və ya hissə şəklində tutulması tələbini irəli sürmək bir qayda olaraq iddiaçının seçimindən asılıdır. Ailə Məcəlləsinin 78.1 və 78.2-ci maddələrinə görə, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 76.1.2-ci maddəsinə əsasən aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay 2 və daha çox uşağa görə-qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi miqdarında aliment tutulur. Ailə Məcəlləsinin 76.2-ci maddəsinə uyğun olaraq, bu payların miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli, 8-2/2016 saylı qərarının 8.3 və 8.4-cü bəndlərinə görə, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən edilərkən uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas meyar olmalı və yalnız bir tərəfin deyil, hər iki tərəfin ailə və maddi vəziyyəti öyrənilməlidir. Bu zaman məhkəmələr uşağın valideynlərinin birgə yaşadıqları dövrdə ailənin maddi vəziyyəti və yaxud ayrı yaşadıqları dövrdə uşağın saxlanmasına valideynlərdən biri tərəfindən könüllü qaydada vəsait ödənilməsini və uşağın bu ödəmənin dayandırıldığı vaxtadək olan dövrdəki təminat səviyyəsini nəzərə almalıdırlar. Məhkəmə alimenti ödəyicinin qazancının (gəlirinin) müəyyən hissəsi kimi deyil, sabit pul məbləğində tutarsa bunu qətnamədə əsaslandırmalıdır. Həmin qərarın 8.6-cı bəndinə görə, daimi iş yeri (gəlir mənbəyi) olan şəxsdən qazancın (gəlirin) müəyyən hissəsi kimi alimentin tutulması tərəflərdən birinin mənafeyini əhəmiyyətli dərəcədə pozarsa (məsələn, xeyrinə aliment tutulan şəxsin əlil olması, əmək fəaliyyəti ilə məşğul olmasını istisna edən xəstəlikdən əziyyət çəkməsi, yaxud himayəsində belə şəxslərin olması və s.) məhkəmə alimenti sabit pul məbləğində müəyyən edə bilər. Bu zaman əmək haqqının aşağı olmasına baxmayaraq həmin şəxsin bu əmək haqqının həddini aşan daha çox vəsait xərcləməsi (məsələn, şəxsin hər ay banka kredit müqaviləsi üzrə əmək haqqından qat-qat yüksək həddə kredit borcunu ödəməsi, yaxud nikah pozulduqdan sonra aliment tələbi irəli sürülənədək uşağın saxlanması üçün əmək haqqından yüksək miqdarda vəsait verməsi) və s. kimi hallar nəzərə alınır. Məhkəmə cavabdehin müntəzəm qazanca malik olduğunu, onun maddi vəziyyətini, əlavə gəlirlərinin olmasına dair hər hansı sübut təqdim edilməməsini, sabit pul məbləğində aliment tutulması üçün qanunvericiliklə müəyyən edilmiş əsasların olmamasını nəzərə alaraq alimentin cavabdehin qazancının müəyyən hissəsi kimi tutulmasını məqsədəmüvafiq hesab edir. Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Bu baxımdan, alimentin tutulması ərizə verildiyi vaxtdan, xx.xx.2025-ci il tarixindən başlayaraq hesablanmalıdır. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinin tələblərinə görə “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Hazırki iş materiallarından görünür ki, cavabdeh mediasiya sessiyasında iştirak etməmişdir və iddiaçı 60 manat mediasiya xərci ödəmişdir. Bu səbəbdən həmin xərc cavabdehdən tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2 və 217.4-cü maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, xx.xx.2010-cu il təvəllüdlü Nəbizadə Ruqəyyəxanım İddiaçı qızı və xx.xx.2012-ci il təvəllüdlü Nəbizadə Elşən İddiaçı oğlunun yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh xx.xx.2025-ci il tarixdən başlayaraq hər ay qazancının və başqa gəlirlərinin üçdə bir hissəsi miqdarında aliment və mediasiya xərcinə görə 60 manat məbləğində pul tutularaq İddiaçı ödənilməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233-234 və 360-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. xx.xx.2010-cu il təvəllüdlü Nəbizadə Ruqəyyəxanım İddiaçı qızı və xx.xx.2012-ci il təvəllüdlü Nəbizadə Elşən İddiaçı oğlunun yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh xx.xx.2025-ci il tarixdən başlayaraq hər ay qazancının və başqa gəlirlərinin üçdə bir hissəsi miqdarında aliment və mediasiya xərcinə görə 60 (altmış) manat məbləğində pul tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamə alimentin tutulması hissəsində dərhal icra olunsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən sonra bir ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nərgiz Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar