Məhkəmə qərarları › İş №2(005)-521/2023

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-521/2023

17.01.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-521/2023 17.01.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi, Məmmədova Təhminə Nizami qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “əşyaların mənzildən çıxarılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Çıxarışa əsasən tam mülkiyyət hüququ ilə ona məxsus olan ünvan 3 (yeni qaydalarla:AZ 1072, ünvan 1 ünvanında yerləşən mənzildən Cavabdeh məxsus əşyaların çıxarılması öhdəliyinin onun üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsini onunla əsaslandırmışdır ki, ünvan 3 (Yeni qaydalarla : AZ1072, ünvan 1 ünvanında yerləşən mənzil Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Çıxarışa əsasən tam mülkiyyət hüququ ilə iddiaçıya məxsusdur. İşin faktiki halları ondan ibarətdir ki, Cavabdeh ilə qardaşı X4 ilə 02 may 2013-cü il tarixdə nikaha daxil olmuşlar. Bu barədə 1 saylı Bakı “Asan Xidmət” X1 02 may 2013-cü il tarixli, 252 nömrəli akt qeydi aparılmışdır. Nikahda olduqları müddətdə cavabdeh onun xüsusi mülkiyyətində olan ünvan 3 ünvanına köçmüş və qardaşı X4 ilə birlikdə həmin mənzildə yaşamışdırlar. Bakı Şəhər Nərimanov Rayon Məhkəməsinin 02 may 2017-ci il tarixli, 2(005)- 439/2017 saylı qətnaməsi ilə cavabdehlə qardaşı X4 arasında 02 may 2013-cü il tarixdə 1 saylı Bakı “Asan Xidmət” X1 252 nömrəli akt qeydi ilə bağlanmış nikahın pozulması qət edilmişdir. 13 iyun 2017-ci il tarixdə Nərimanov rayon Qeydiyyat Şöbəsi tərəfindən nikah ləğv edilərək bu barədə akt qeydləri kitabında 07 iyun 2017-ci il tarixli, 240 nömrəli qeyd aparılmışdır. Nikah pozulduqdan sonra və ailə münasibətlərinə xitam verilməsinə baxmayaraq, onun tərəfindən özünə məxsus əşyalar mənzilindən çıxarılmamışdır. Cavabdehə bununla bağlı tərəfindən dəfələrlə xəbərdarlıq edilmiş, lakin cavabdeh xəbərdarlıqlara məhəl qoymamışdır. Beləliklə, cavabdeh tərəfindən özünə məxsus olan əşyaları iddiaçının mənzilindən çıxarılmamışdır. Cavabdehə bununla bağlı dəfələrlə xəbərdarlıq edilmiş, lakin cavabdeh xəbərdarlıqlara məhəl qoymamışdır. Beləliklə, cavabdeh tərəfindən onun əşyalarının iddiaçıya məxsus mənzildən çıxarılmaması səbəbi ilə əlaqədar iddiaçı öz mülkiyyətinə sərbəst surətdə sahiblik və istifadə hüququnu həyata keçirməsi mümkün deyil və nəticədə onun mülkiyyət hüququ pozulmaqdadır. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi ilə bağlı məhkəməyə ərizə təqdim edərək, bildirmişdir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Çıxarışa əsasən tam mülkiyyət hüququ ilə ona məxsus olan ünvan 3 (yeni qaydalarla:AZ 1072, ünvan 1 ünvanında yerləşən mənzildən Cavabdeh məxsus yataq mebel dəsti (altı qapılı şifoner, taxt, iki qapılı, üç siyirtməli və güzgülü kamod şkafları ilə birlikdə), 2 (iki) ədəd qorka (bir ədədi dörd qapılı, digəri ikiqapılı olmaqla), dördqapılı, üç siyirtməli 1 ədəd güzgülü kamod, 2 ədəd nalçanın, 1 ədəd yuxayayan, iki ədəd tort çəngəli, 1 ədəd elektrik samovarının çayniki və limon qaşığı dəstinin çıxarılması barədə qətnamə qəbul edilməsinin məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia ərizəsini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə hər hansı məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə digər cavabdehin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə tərəfin izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətinə əsasən ünvan 3 (Yeni qaydalarla: AZ 1072, ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 67.90 kv.m olan mənzil mülkiyyət hüququ kimi İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəsi ilə xx.xx.2020-ci il tarixdə qeydiyyata alınmışdır; Bakı Şəhər Nərimanov Rayon Məhkəməsinin 2(005)-439/2017 saylı, xx.xx.2017-ci il tarixli qətnaməsinə əsasən, X4 ilə Miriyeva (Abbaslı) Gülqədəm Rasim qızı arasında 02 may 2013-cü il tarixdə 1 saylı Bakı “Asan Xidmət” X1 252 nömrəli akt qeydi ilə bağlanmış nikah pozulmuşdur. 07 yanvar 2014-cü il təvəllüdlü X3 və 24 noyabr 2015-ci il təvəllüdlü X5 anası Miriyeva (Abbaslı) Gülqədəm Rasim qızının yanında saxlanılması qət edilmişdir. Nərimanov Rayon Qeydiyyat Şöbəsinin xx.xx.2017-ci il tarixli, AZ-İ seriyalı, 270618 nömrəli nikahın pozulması haqqında şəhadətnaməyə əsasən X4 ilə X2 arasında bağlanmış nikah pozulmuşdur. İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışın məzmunundan görünür ki, İddiaçı 50 manat məbləğində mediasiya xərci ödəmişdir. xx.xx.2022-ci il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı məhkəmədə iddia qaldırmaq üçün 50 manat məbləğində dövlət rüsumu ödəmişdir. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinin İ və İİ bəndlərinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur; 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın; 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər; 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun F.Ə.Hüseynov və A.Ə.Qasımovun şikayətləri ilə əlaqədar məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 19 noyabr 2004-cü il tarixli Qərarında qeyd edilir ki: -Mülkiyyət hüququnun tam həcmdə müdafiəsi hüquqi dövlətə xas alan ali dəyərlərdən biri kimi qiymətləndirilir. Azərbaycan Respublikası Konstitusiyası bu hüququ təsbit etməklə onun effektiv vasitələrlə təmin olunmasına zəmanət verir. Məhz buna görə də mülkiyyət hüququ əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında göstərilmişdir. -Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir (Konstitusiyanın 13 və 29-cu maddələri). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu R.Ağalarovun şikayəti üzrə 26 sentyabr 2007-ci il tarixli Qərarında göstərilir: “Mülkiyyət hüququ, nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələblərinin təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həmdə qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan mənafelərini pozmadan, mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə 3-cü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətləridir”. Azərbaycan Respublikasının qanunvericiliyi də mülkiyyətin toxunulmazlığına və onun dövlət tərəfindən qorunmasına dair konstitusion prinsip və müddəaları inkişaf etdirərək, bu hüququn əldə edilməsi, həyata keçirilməsi və müdafiəsi mexanizmlərini dəqiqləşdirir. Bu mənada, Konstitusiyanın mülkiyyət hüququna dair müddəalarını inkişaf etdirən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsində təsbit edilmişdir ki, mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Məhkəmə qeyd edir ki, hər hansı hər hansı hüquqi əsas olmadan Cavabdeh əşyalarını iddiaçıya məxsus mənzildə saxlaması iddiaçının öz mülkiyyətinə istədiyi kimi sahib olmaq, ondan istifadə etmək hüququnu qanunsuz məhdudlaşdırmaqla mülkiyyət hüququnu kobud şəkildə pozur. Bu səbəbdən iddiaçıların mülkiyyət hüququnun qorunması və bərpa edilməsi, onun mülkiyyət hüquqlarının məhdudlaşdırılmasına yönəlmiş qanunsuz hərəkətlərin qarşısının alınması üçün cavabdehin həmin əmlakdan qanunsuz istifadəsinə son qoyulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Beləliklə, iddia ərizəsi üzrə mülki işin araşdırılmış hallarından müəyyən olunur ki, ünvan 3 (Yeni qaydalarla : AZ1072, ünvan 1 İddiaçı adına xx.xx.2020-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmişdir. Hazırda müvafiq mənzildə Cavabdeh məxsus əşyalar qalmaqdadır. Bu səbəbdən İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, cavabdehin özünə məxsus əşyalarının evdən çıxarılmasını tələb edir. Bu səbəbdən məhkəmə belə qənaətə gəlir ki, cavabdehin əşyaları müvafiq mənzildən çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddiaçınun Cavabdeh qarşı “əşyaların mənzildən çıxarılması” tələbinə dair iddia ərizəsi təmin edilsin. Cavabdeh məxsus yataq mebel dəsti (altı qapılı şifoner, taxt, iki qapılı, üç siyirtməli və güzgülü kamod şkafları ilə birlikdə), 2 (iki) ədəd qorka (bir ədədi dörd qapılı, digəri ikiqapılı olmaqla), dördqapılı, üç siyirtməli 1 ədəd güzgülü kamod, 2 ədəd nalçanın, 1 ədəd yuxayayan, iki ədəd tort çəngəli, 1 ədəd elektrik samovarının çayniki və limon qaşığı dəstindən ibarət əşyaları ünvan 3 (Yeni qaydalarla : AZ1072, ünvan 1-dən çıxarılsın. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Aytən Novruzova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar