Məhkəmə qərarları › İş №2(005)-524/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-524/2021

02.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-524/2021 02.04.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Əmirxanova Kəmalə Fərman qızının sədrliyi, Məmmədova Nigar Ülfət qızının katibliyi, İddiaçı Gülməmmədova İddiaçı nümayəndəsi və vəkili X1, Cavabdeh2-nin qanuni təmsilçilik hüququna malik direktoru X6 və üçüncü şəxs Maraqlı şəxs1 iştirakı ilə, İddiaçı Gülməmmədova İddiaçı cavabdehlər Cavabdeh1 MMC, Cavabdeh2-yə qarşı, üçüncü şəxslər Maraqlı şəxs1, Maraqlı şəxs2 və Maraqlı şəxs3 cəlb edilməklə əmlakın qiymətləndirilməsi barədə hesabatın ləğv edilməsi tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Gülməmmədova İddiaçı cavabdehlər Cavabdeh1 MMC, Cavabdeh2-yə qarşı, üçüncü şəxslər Maraqlı şəxs1, Maraqlı şəxs2 və Maraqlı şəxs3 cəlb edilməklə əmlakın qiymətləndirilməsi barədə hesabatın ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia tələblərini onunla əsaslandırmışdır ki, Yasamal rayon məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi ilə iddiaçı Maraqlı şəxs1 ilə cavabdeh Gülməmmədova İddiaçı ümumi paylı mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, Y.Yasamal yaşayış massivi, Bünyadzadə küçəsi, ev 2, 34 saylı, 2 otaqlı mənzilinin açıq hərraca çıxarılaraq satılması, mənzilin satışından əldə olunmuş pul əmlakdakı bərabər hissədə olan paylara mütənasib surətdə iddiaçı və cavabdehin arasında bölünməsi, ekspertiza dəyərinin cavabdehdən tutulması qət edilmişdir. Həmin qətnamə qanuni qüvvəsini aldıqdan sonra icra vərəqəsi verilmiş və qətnamənin icrası Yasamal rayon İcra Şöbəsinə həvalə edilmişdir. Bundan sonra Yasamal rayon icra Şöbəsinin xx/xx-1265xx/xx- 19271 saylı, xx.xx.2020-ci il tarixli sifariş məktubu əsasında Cavabdeh1 MMC tərəfindən paylı mülkiyyətdə olan Bakı şəhəri, Yasamal rayonu, Y.Yasamal yaşayış massivi, Bünyadzadə küçəsi, ev 2, 34 saylı mənzilin qiymətləndirməsi aparılmış və həmin əmlak xx.xx.2020-ci il tarixli, ES-45/2020 saylı hesabat ilə 70 000 manat dəyərində qiymətləndirilmişdir. Məhkəmənin nəzərinə çatdırmaq istəyir ki, qeyd edilən mənzilə qiymət qoyan şirkət evə baxış keçirməmişdir, işin ekspertizaya verilməsi barədə nə icra şöbəsi nə də ki, ekspert onunla əlaqə saxlamamışdır. Mənzil tam təmirlidir, ayrıca 2 otaq və ayrıca mətbəxdən ibarətdir. Əmlakın real bazar qiyməti 120000 manatdan artıqdır. Cavabdeh2 tərəfindən paylı mülkiyyətdə olan həmin mənzilin göstərilən məbləğdə qiymətləndirilməsi, həmin əmlakın hazırkı real bazar qiymətini əks etdirməyərək reallığa uyğun olmayan məbləğə qiymətləndirilmişdir. Sözügedən hesabat əsasında Yasamal icra və probasiya şöbəsi əmlakın hərracdan satılması üçün “X5” MMC-yə göndərmiş, “xxxx” MMC tərəfindən hərracın keçirilməsi xx.xx.2020-ci il tarixə təyin edilmişdir. Hesab edir ki, qiymətləndirmənin rəyi ləğv olunmalıdır. Əmlakın qiymətləndirilməsi, satılması üçün hərraca göndərilməsi barədə icra məmuru idiaçıya məlumat verməmiş, eyni zamanda hərracdan da ona məktub xx.xx.2020-ci il tarixdə gəlmişdir. Qeyd edilənləri nəzərə alaraq, Cavabdeh1 MMC tərəfindən Bakı şəhəri, Yasamal rayonu, Y.Yasamal yaşayış massivi, Bünyadzadə küçəsi, ev 2, 34 saylı mənzilin qiymətləndirilməsinə dair olan xx.xx.2020-ci il tarixli, ES-45/2020 saylı «əmlakın qiymətləndirilməsinin nəticələri haqqında hesabat»ın ləğv edilməsi barədə qətnamə edilməsini xahiş etmişdir. İddiaçı Gülməmmədova İddiaçı nümayəndəsi və vəkili X2 məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh2-nin qanuni təmsilçilik hüququna malik direktoru X6 məhkəmə iclasında izahat verərək iddia tələbinin əsassız olduğunu bildirərək rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etdi. Eyni zamanda xx.xx.2020-ci il tarixli məhkəmə iclasında Cavabdeh2-nin nümayəndəsi X4 iddia ərizəsinə etiraz təqdim edərək etirazında bildirmişdir ki, iddiaçı iddia tələbində Cavabdeh2 tərəfindən paylı mülkiyyətdə olan mənzilin göstərilən məbləğdə qiymətləndirilməsi, həmin əmlakın hazırki real bazar qiymətini əks etdirməyərək reallığa uyğun olmayan məbləğə qiymətləndirilmişdir” və “hərracdan da onlara məktub xx.xx.2020-ci il tarixdə gəlmişdir” sözlərini ifadə etməsi əsassızdır və heç bir həqiqətə uyğun deyildir. Bununla əlaqədar aşağıdakı faktları məhkəmənin diqqətinə çatdırılmasını zəruri hesab edir: Cavabdeh2 hərrac təşkilatı olaraq sadəcə əmlakların açıq hərracda satışını təşkil edir və icra və probasiya şöbələrinin və ya hər hansı əmlakın qiymətləndirilməsi mərkəzlərinin səlahiyyətlərini həyata keçirmir. Bir qayda olaraq əmlaklar qiymətləndirildikdən sonra hərraca yönəldilir. Bakı Şəhəri Maraqlı şəxs3 xx.xx.2020-ci il tarixli 126592/31 nömrəli sifariş məktubu əsasında Cavabdeh2 tərəfindən Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, Bünyadzadə küçəsi 2 saylı evin 34 nömrəli mənzili sifariş məktubunda ilkin qiymət 70 000 manat göstərilməklə hərraca çıxarılmış« ır, lakin xx.xx.2020-ci il tarixdə həmin qiymətə alıcı olmadığından əmlakın satılması qeyri-mümkün olmuşdur, qanuna müvafiq olaraq 10% endirimlə təkrar hərracın keçirilməsi xx xxxxxx 2020-ci il tarixə müəyyən edilmişdir. Göründüyü kimi, mübahisə predmeti olan əmlaka satış qiyməti icra məmurunun sifariş məktubu əsasında müəyyən edilmiş və həmin qiymətə hərrac keçirilmişdir. Məlumat üçün məhkəmənin diqqətinə çatdırılır ki, hərracın keçirilməsi ilə bağlı 268 nömrəli bildiriş xx xxxxxxx 2020-ci il tarixdə X3 ünvanına göndərilmişdir. Həmçinin, xx.xx.2020-ci il tarixli “Kaspi” qəzetində keçirilən hərracla bağlı müvafiq elan yerləşdirilmişdir. “Cavabdeh2s” MMC tərəfindən hərracın keçirilməsi ilə bağlı qanunvericiliklə nəzərdə tutulmuş bütün prosessual hərəkətlər həyata keçirilmiş, qanunvericiliyin heç bir tələbi pozulmamışdır. Göründüyü kimi, iddiaçının məhkəməyə təqdim etdiyi iddia ərizəsi əsassızdır və heç hir həqiqətə uyğun deyildir. Qeyd olunan halların nəzərə alaraq, məhkəmədən iddia tələbinin əsassız hesab olunaraq, rədd olunması barədə qətnamə çıxarılmasını xahiş edir. Üçüncü şəxs Maraqlı şəxs1 məhkəmə iclasında izahat verərək iddia tələbinin əsassız olduğunu bildirdi və rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclaslarının yeri və vaxtı barədə digər cavabdeh və digər üçüncü şəxsə məlumat verilməsinə baxmayaraq onlar heç bir səbəb təqdim etmədən məhkəmə iclaslarında iştirak etməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələblərinə əsasən mülki işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları araşdırıb, mülki işin materiallarını tədqiq edib hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. İş materiallarında olan Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-691/2018 saylı xx.xx.2018-ci il tarixli qətnaməsindən görünür ki, iddiaçı Maraqlı şəxs1 iddiası təmin edilməmiş, iddiaçı Maraqlı şəxs1 ilə cavabdeh Gülməmmədova İddiaçı ümumi paylı mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, Bünyadzadə küçəsi, 2 saylı evin 34 nömrəli mənzili açıq hərracdan satılması, satışdan əldə olunan pul mülkiyyətçilərin paylarına mütənasib, yəni ½ hissəsi iddiaçı Maraqlı şəxs1, digər ½ hissəsi isə cavabdeh Gülməmmədova İddiaçı verilməsi, məhkəmə tikinti-texniki ekspertizasının dəyəri qismində 50 (əlli) manat məbləğində pul vəsaiti cavabdeh Gülməmmədova İddiaçı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xeyrinə tutulması qətnamə edilmşdir. İş materiallarında olan Cavabdeh1 MMC-nin xx.xx.2020-ci il tarixli, ES-45/2020 saylı əmlakın qiymətləndirilməsi haqqında hesabatından görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, Bünyadzadə küçəsi, ev 2, mənzil 34 yerləşən 1 otaqlı mənzilin xx.xx.2020-ci il tarixə olan dəyəri 70000 manat müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş “X9 Mərkəzi” MMC-nin xx.xx.2020-ci il tarixli, YD 099 №-li əmlakın qiymətləndirilməsi haqqında hesabatından görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, Bünyadzadə küçəsi, ev 2, mənzil 34 yerləşən 1 otaqlı mənzilin xx.xx.2020-ci il tarixə olan dəyəri 115000 manat müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2020-ci il tarixli bildirişdən görünür ki, Cavabdeh2 tərəfindən tərəflərə açıq hərracın keçirilməsinə dair 268-1№-li bildirişlə məlumat verilmişdir. Görünüyü kimi iddiaçı Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, Bünyadzadə küçəsi, ev 2, mənzil 34 yerləşən 1 otaqlı mənzilin Cavabdeh1 MMC tərəfindən müəyyən edilmiş bazar qiyməti ilə razı olmadığını bildirmişdir. Qiymətləndirici tərəfindən mənzilin olduğundan aşağı məbləğə dəyərləndirildiyini iddia edir. Bu səbəbdən qiymətləndirmə hesabatının ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. «Qiymətləndirmə fəaliyyəti haqqında» Qanunun 7-ci maddəsinin 1-ci hissəsinə əsasən qiymətləndirmə nəticələri haqqında hesabatların tərtib olunma qaydalarını müvafiq icra hakimiyyəti orqanı müəyyənləşdirir. Qiymətləndirmənin nəticələri haqqında hesabatda əmlakın bazar və ya digər dəyərlərinin yekun göstəricisi məhkəmə qaydasında ləğv edilmədikdə həqiqi sayılır. Həmin Qanunun 7-ci maddəsinin 2-ci hissəsinə əsasən, qiymətləndirmə obyektinin qiymətləndirici tərəfindən müəyyən edilmiş bazar və ya digər dəyəri haqqında hesabat məhkəmə tərəfindən müvafiq mübahisələrə baxıldığı bütün hallarda nəzərə alına bilər. Həmin Qanunun 8-ci maddəsinin 1-ci hissəsinə əsasən, qiymətləndirici hesabatında qiymətləndirilən obyektin bazar və digər dəyərinin həqiqiliyi ilə əlaqədar mübahisələrə məhkəmə tərəfindən baxılır. Həmin Qanunun 8-ci maddəsinin 2-ci hissəsinə əsasən bu halda mübahisəni baxılmaq üçün qəbul etmiş məhkəmənin mövcud prosessual qanunvericiliyin və bu Qanunun müddəalarını nəzərə alaraq qiymətləndirilən obyektin ekspert qiymətləndirilməsini təyin etmək hüququ vardır. Mülki iş üzrə tədqiq edilmiş sübutlara məcmu halında qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, Cavabdeh1 MMC tərəfindən xx.xx.2020-ci il tarixli, ES-45/2020 saylı əmlakın qiymətləndirilməsi barədə hesabatda və məhkəmə tərəfindən təyin edilmiş qiymətləndirmə ekspertizasının xx.xx.2020-ci il tarixli, YD 099 №-li “X9 Mərkəzi”MMC-nin rəyində mübahisəli mənzilə müəyyən edilmiş qiymətlər arasında əhəmiyyətli dərəcədə fərq müşahidə edildiyindən, ləğv edilməsi xahiş edilən hesabat həqiqətə uyğun olmadığından qüvvədə qala bilməz. Qeyd edilənləri nəzərə alaraq, məhkəmə belə qənaətə gəlir ki, Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, Bünyadzadə küçəsi, ev 2, mənzil 34 yerləşən 1 otaqlı mənzilin qiymətləndirilməsi üçün Cavabdeh1 MMC tərəfindən tərtib və təsdiq edilmiş əmlakın qiymətləndirilməsi barədə xx.xx.2020-ci il tarixli, ES-45/2020 saylı hesabat ləğv edilməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edildiyindən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, Bünyadzadə küçəsi, ev 2, mənzil 34 yerləşən 1 otaqlı mənzilin qiymətləndirilməsi üçün Cavabdeh1 MMC tərəfindən tərtib və təsdiq edilmiş əmlakın qiymətləndirilməsi barədə xx.xx.2020-ci il tarixli, ES-45/2020 saylı hesabatı ləğv edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Kəmalə Əmirxanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar