Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-541/2021 09.02.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi İmaməliyev Hüseyn Qeyrət oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “yaşayış evinə köçürmə, yaşayış evindən istifadəyə yaradılmış maneələrin aradan qaldırılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “yaşayış evinə köçürmə, yaşayış evindən istifadəyə yaradılmış maneələrin aradan qaldırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X2 qeydiyyatda olmaqla aldığı ünvan 1 ünvanında yerləşən iki otaqlı fərdi yaşayış evinə köçürülməsi, həmin yaşayış evindən istifadəsinə cavabdehlər Cavabdeh3, Cavabdeh1, Cavabdeh2 tərəfindən yaradılmış maneələrin aradan qaldırılması, gələcəkdə hər hansı bir maneələrin yaradılmasının cavabdehlərə qadağan olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələblərini onunla əsaslandırmışdır ki, o və həyat yoldaşı X1 böyüyüb başa çatdıqlarına və həyət evində yaşamağı xoşladıqlarına görə Bakı şəhərində münasib yerdə fərdi yaşayış evi almaqdan ötrü 2019-cu ilin yayından başlayaraq soraqlaşma işi ilə məşğul olurdular. Nəhayət, tanışlardan eşitdilər ki, Bakı şəhərinin Nərimanov rayonu, Daş Karxanası küçəsindəki 34V ünvanındakı fərdi yaşayış evi satılır. Ona görə də 2019-cu ilin dekabr ayının ortalarına yaxın həmin ünvana gəldilər və evin giriş qapısını döydükdən sonra özünü Cavabdeh1 kimi təqdim edən şəxs qarşılarına çıxdı və onları həmin evin həyətinə, sonra da evə dəvət edərək məqsədlərini bildikdən sonra bu evin ona məxsus olduğunu bildirərək həmin evi real alıcısı olduğu təqdirdə satacağını qeyd etdi. Onunla həmin fərdi yaşayış evinin həm kiçik həyətinə, dəhlizinə, qonaq otağına , zal adlandırılan 2-ci otağa, mətbəx, sanitar-qovşaq hissəsinə, kiçik dükan hissəsinə baxdıqdan sonra bu evi Cavabdeh1 ona 48.500 (qırx səkkiz min beş yüz) manata satacağı ilə şifahi olaraq razılaşdılar. Razılığa əsasən Cavabdeh1 evin çıxarışının olmamasına baxmayaraq, evin sənədləşməsinin özü tərəfindən aparılacağını bildirməklə, onun qeydiyyatını həmin evin ünvanına saldıracağını, özünün isə qısa müddətdə (2-3 günə) həmin evin qeydiyyatından çıxacağını və nəticədə evi ona ailəsi ilə köçüb yaşamaqlarından ötrü açarları ilə birgə təhvil verəcəyini dedi. Bundan bir neçə gün sonra, yəni razılaşdıqları kimi xx.xx.2019-cu il tarixdə o tanışları X13, X5 ilə birgə alacaqları həmin ünvandakı evə gəlmişlər və orada ev sahibi Cavabdeh1 bizi qarşılayaraq evə dəvət etdi və evdə "Asan" Xidmət mərkəzindən aldığı arayışları ona göstərərək onun artıq həmin evə qeydiyyata salındığını göstərdi. Ona görə o da Aqilə inanaraq onunla razılaşdıqları bu evin satınalınma qiyməti olan 48500 manat pulu yuxarıda adlarını qeyd etdiyi şəxslərin yanında sayaraq Cavabdeh1 verdi. Həmin vaxt Aqil ona dedi ki, 2-3 gün ərzində o, bu evdəki əşyalarını toplayıb başqa bir yerə aparacaq və özü də bu evin qeydiyyatından çıxıb gedəcəkdir. Onun istədiyi bu möhlət müddətini ona verməyini dönə-dönə xahiş etdi və evin giriş qapsının açarlarını da həmin gün ev ilə birgə ona təhvil vercəyini bildirib əlavə etdi ki, iki gündən sonra gəlib açarları ondan təhvil alaraq evə köçüb yaşamağa başlaya bilərlər. Bundan iki gün keçdikdən sonra həmin ünvana gəldilər ki, Aqil ilə görüşüb ondan evin açarlarını götürüb evə köçsünlər və burada yaşamağa başlasınlar. Lakin nə həmin vaxt, nə də ki, ondan sonrakı vaxtlarda, yəni bu günədək (xx.xx.2020-ci il tarixinədək) olan dövrdə dəfələrlə sözügedən ünvana getməyinə, evin açarlarını Aqili tapıb ondan almaq istəməyinə və aldığı evə köçüb rahat yaşamaq istəməyinə baxmayaraq, Cavabdeh1 tapa bilmir, onun özlərini Cavabdeh1 dayıları kimi təqdim edən şəxslər: Cavabdeh2 Məhəmmmədəli oğlu və Cavabdeh3 adlı şəxslər isə həmin evdə yaşamamalarına, bu evin onlara heç bir aidiyyətinin olmamasına baxmayaraq, onun həmin yaşayış evinə köçməyinə imkan vermirlər, evin açarlarını da ona verməkdən imtina edirlər. Bir sözlə özbaşınalıq edərək onun hüquqlarını pozurlar. Halbuki, onların hər biri həm qeydiyyat baxımından, həm də faktiki olaraq başqa-başqa evlərdə yaşayırlar və hər bir həyət evinin özünün də ayrı giriş-çıxışı vardır. Belə ki, Cavabdeh2 oradakı 33 saylı evə, Mirəli isə 31B saylı evə qeydiyyatdadır. Onun qeyd etdiklərini həyat yoldaşı, adlarını qeyd etdiyi şəxslər və ərazinin MKİS-nin rəisi Y.N.İbrahimovda təsdiq edə bilər. Bütün bunlar isə cavabdehlər tərəfindən edilən qanunsuzluq və özbaşınalıq, qanunlara, onun hüquqlarına hörmətsizlikdir. Daha ədalətli olardı ki, ailə ilə birgə bu evə köçürülsün, onun həmin evdə yaşamağına, bu evdən istifadəsinə yaradılmış maneələr aradan qaldırılsın və onun həmin evdə yaşamağına, ondan istifadə etməyinə cavabdehlər tərəfindən yaradılacaq hər hansı bir maneələr cavabdehlərə qadağan edilsin. Bu haqda müvafiq qətnamənin qəbul edilməsini daha ədalətli hesab edir və bunu istəyir. Çünki cavabdehlər onu sözügedən yaşayış evində yaşamağa imkan vermir, şərait yaratmır və onu həyətə belə buraxmırlar. İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək, iddia ərizəsi ilə eyni məzmunlu izahat verib iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə cavabdehlərin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid X8 ifadəsində bildirmişdir ki, İddiaçı onun həyat yoldaşıdır. O, həyat yoldaşı İddiaçı ilə birlikdə 2019-cu ilin dekabr ayında ünvan 3 ünvanında yerləşən iki otaqlı yaşayış evini almaq məqsədilə həmin evə baxmağa getmişdi. Evə baxış zamanı xoşu gəldi və qərara gəldilər ki, həmin evi satın alsınlar. Həmin evi onlara, özünü evin mülkiyyətçisi kimi təqdim edən Aqil adlı şəxs iki nəfər şahidin iştirakı ilə 48500 manat məbləğində pul vəsaitinə satdı. Alqı-satqı zamanı evdə Aqildən başqa həmin evdə yaşayan görməyib. Həmin ev orta təmirli, 2 otaqdan ibarətdir. Darvazadan girən kimi sol tərəfdə bir otaq var, sağ tərəfdə isə sanitar qovşağı yerləşir. Evdən bir az kənarda istifadə olunmayan kiçik köşk yerləşir. Alqı-satqı baş tutduqdan sonra Aqil adlı şəxs evi tam təhvil vermək üçün 2 (iki) gün vaxt istədi və onlar da öz növbəsində razılaşmışlar. Eyni zamanda Aqil adlı şəxsin dayısı Nurəli adlı şəxsdən halallıq alıblar. Aqil adlı şəxsin dayısı Nurəli isə biz öz növbəsində onun evinə açılan pəncərənin götürülməsini xahiş etdi və onlar da razı olublar. Alqı-satqı zamanı pulu Aqil adlı şəxsə təqdim edəndə, heç bir rəsmiləşdirmə edilməmişdir və ya hər hansı sənəddə yazılmayıb. Həmin evi, Aqil adlı şəxsin qonşuları vasitəsilə tapmışdır. Evin alqı-satqısı zamanı sənəd tələb etməmə səbəbi ondan ibarətdir ki, ASAN Xidmət vasitəsilə həyat yoldaşını həmin evdə qeydiyyata salmışdı. Hal hazırda həmin evə bizi Aqilin dayısı Mirzəli Əliyev buraxmır. Məhkəmə iclasında şahid X13 ifadəsində bildirmişdir ki, İddiaçı ilə uzaq qohumluq münasibətləri var. Məhkəmə iclasında şahid X6 ifadəsinə uyğun ifadə verərək göstərdiklərini təsdiq etmişdir. Məhkəmə iclasında şahid X5 ifadəsində bildirmişdir ki, İddiaçı onun qohumudur. Məhkəmə iclasında şahid X6 ifadəsinə uyğun ifadə verərək göstərdiklərini təsdiq etmişdir. Məhkəmə iddiaçının izahatını, şahidlərin ifadələrini dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli arayışın surətindən görünür ki, Cavabdeh1 xx xxxx 2019-cu il tarixdən ünvan 4 ünvanında qeydiyyatdadır. İş materiallarında olan Yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli arayışın surətindən görünür ki, İddiaçı xx xxxxxx 2019-cu il tarixdən ünvan 1 ünvanında qeydiyyatdadır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili işlər Nazirliyi Bakı Şəhəri Nərimanov Rayon Rayon Polis İdarəsinin xx.xx.2020-ci il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” qərarının surətindən görünür ki, toplanmış HK- 1/1078 saylı araşdırma materialı üzrə cinayət işinin başlanması Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinin tələblərinə əsasən rədd edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 180.1-ci maddəsinə əsasən, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. 180.2-ci maddəsinə əsasən, özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, ünvan 4 ünvanında yerləşən mübahisəli fərdi yaşayış evi özbaşına tikilidir, rəsmi dövlət qeydiyyatına alınmamışdır. İddiaçı həmin mənzili Cavabdeh1 48.500 (qırx səkkiz min beş yüz) manat məbləğində pul ödəməklə aldığını iddia edir. Bildirir ki, Cavabdeh1 "Asan" Xidmət mərkəzindən aldığı arayışları ona göstərərək onun həmin evə qeydiyyata salındığını göstərmiş, bundan sonra onda inam yaranmışdır. Daha sonra Cavabdeh2 və Cavabdeh3 adlı şəxslər həmin evdə yaşamamalarına, bu evin onlara heç bir aidiyyətinin olmamasına baxmayaraq, onun həmin yaşayış evinə köçməyinə imkan vermirlər, evin açarlarını da ona verməkdən imtina edirlər. Cavabdeh1 isə razılaşdıqları kimi evin açarlarını ona təhvil vermədən pulu götürərək çıxıb getdiyindən iddiaçı onu bugünədək tapa bilmir. Məhkəmə hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “yaşayış evinə köçürmə, yaşayış evindən istifadəyə yaradılmış maneələrin aradan qaldırılması” dair iddia qaldırsa da, belə bir tələblə iddia qaldırmağa subyektiv hüququnun olmasını təsdiq edəcək sübutları məhkəməyə təqdim edə bilməmişdir. Belə ki, iddiaçının ünvan 3 ünvanına mülkiyyət hüququnun ( o cümlədən istifadə hüququnun) yaranmadığı müəyyən edilir. Belə olan halda məhkəmə iddiaçının qeyd olunan tələbi ilə bağlı müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırarkən müəyyən etmişdir ki, Bakı şəhəri, Nərimanov rayonu, Daş Karxanası 34Vnömrəli mənzil özbaşına tikilidir. Subyektiv hüququn həyata keçirilməsi, onun hüdudlarının qanunvericilik səviyyəsində tənzimlənməsi hüquqi müəyyənlik və hüquqi təmin olunma prinsiplərinə xidmət edir. Bu, həmçinin hüququn təmin olunması üçün məhkəmə müdafiə mexanizmlərindən istifadə zamanı ədalət mühakiməsinin obyektiv meyarlarından faydalanmaq imkanı yaradır. Son dərəcə əhəmiyyətli hal isə ondan ibarətdir ki, maraqlı şəxslər məhkəmədə qanunun tələblərinin düzgün tətbiq edildiyini güman etməyə haqlıdırlar. M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının xx xxx 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2008-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququn yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, iddiaçının belə bir tələb ilə məhkəməyə müraciət etməsinə subyektiv hüququ olmamışdır. Belə ki, iddiaçı tərəfindən ev üzərində hüquqlarının olduğunu təsdiq edən sübutlar məhkəməyə təqdim edilməmişdir. Belə olan halda məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin 1-ci hissəsində qeyd olunub: “Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz”. Normanın mənası ondan ibarətdir ki, hüquqi dövlətdə bütün məhrumetmələrin əsasında qanun dayanmalıdır. Odur ki, mənzilə və digər bu kimi yerlərə köçürülmə barədə iddialar həll edilərkən ilk növbədə 3 hal aydınlaşdırılmalıdır: 1) şəxs köçmək istədiyi yerdə yaşayıbmı; 2) şəxs yaşadığı yerdən məhrum edilibmi; 3) məhrum edilmə qanunidirmi. Hazırkı işdə 1-ci və 2-ci hallar mövcud deyil, yəni iddiaçı köçmək istədiyi evdə yaşamayıb və yaşadığı evdən məhrum edilməyib. Digər tərəfdən məhkəmə hesab edir ki, yuxarıda sadalanan hallardan ikisi mövcud deyildirsə 3-cü halın yoxlanılması zərurəti də mövcud deyildir. Qeyd olunduğu kimi mübahisə predmeti olan ev özbaşına tikilidir və iddiaçı məhkəmə iclaslarında verdiyi izahatlarında həmin mübahisəli evin ona aid olmasını və onun tərəfindən Cavabdeh1 48.500 manat məbləğində pul ödənilməklə əldə edildiyini bildirsə də, bununla əlaqədar məhkəməyə hər hansı bir mötəbər sübut təqdim etməmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, istinad olunan maddənin mənasından göründüyü kimi sübutetmə vəzifəsi ifadəsi mülki prosessual hüquq üçün xarakterik olan mənada işlədilir. Ona görə də burada sanksiya ilə təmin olunan lazımi davranış qaydasından yox, tərəflərin və digər maraqlı şəxslərin öz mövqeyini təsdiq etmək üçün fəaliyyət göstərməli olduqlarını bildirən dispozitiv xarakterli tələbdən gedir. Qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. İşin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qətnaməsinin qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Mülki məhkəmə icraatında tərəfləri sübutetmə üzrə aktiv prosessual fəaliyyətə sövq edən əsas hərəkətverici stimul kimi onların öz mənafeyinə uyğun qərarın qəbul edilməsinə olan marağı çıxış edir. İşin nəticəsində maraqlı olan hər bir şəxs bilməlidir ki, sübutetmədə passivlik onun üçün uğursuz qərarın çıxarılmasına gətirib çıxara bilər. X12 Məhkəməsi «X4» qarşı xx xxxx 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). İş materiallarından göründüyü kimi, iddiaçı tərəfindən iddia tələbinin əsası kimi istinad etdiyi hallara dair sübutlar məhkəməyə təqdim edilməmişdir. Məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “yaşayış evinə köçürmə, yaşayış evindən istifadəyə yaradılmış maneələrin aradan qaldırılması” tələbinə dair iddiası təmin edilməməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair xx xxxxxx 2006-cı il tarixli qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 81-ci maddəsində göstərilir ki, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Mülki məhkəmə icraatı zamanı geniş istifadə olunan sübutetmə vasitələrindən biri də şahid ifadələridir. Şahid ifadələri işin nəticəsində hüquqi baxımdan maraqlı olmayan şəxslərin baxılan iş üzrə əhəmiyyətli olan hallar barədə bilavasitə qavradığı və ya başqa məlum mənbələrdən aldığı və qanunvericilikdə müəyyənləşdirilmiş prosessual formaya riayət olunmaqla dindirilmə zamanı verdiyi məlumatlardır. Şahid işin gedişi ilə hüquqi baxımdan maraqlı olmayan və işə dair məlumatı olan fiziki şəxsdir. İşin nəticəsində başqa cür maraqlı olmaları (iş üzrə tərəflərdən biri ilə dostluq, bir yerdə işləmək, qonşu olmaq, yaxud əksinə, qərəzçilik münasibətləri) şahidə aid olan vəzifələrin yerinə yetirilməsinə mane ola bilməz, lakin bu hallar onların ifadələrinin qiymətləndirilməsi zamanı məhkəmə tərəfindən nəzərə alınmalıdır. Məhkəmə dindirilmiş şahidlər X6, X9 və X3 ifadələrinə hüquqi qiymət verərək bildirir ki, hazırki mülki iş üzrə şahid ifadələri birbaşa sübut olmamaqla iddiaçının iddia etdiyi hallar şahid ifadələri ilə müəyyən edilməmişdir. Bu baxımdan məhkəmə qeyd edir ki, AR MPM-in 88-ci maddəsinə əsasən, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Belə olan halda iddiaçı özbaşına tikilini alqı-satqı məbləğini ödəməklə əldə etməsinə istinad etməklə, həmin tikiliyə köçürülməsini, o cümlədən cavabdehlər tərəfindən yaşayış evindən istifadəyə yaradılmış maneələrin aradan qaldırılmasını tələb etməkdə haqlı olmamışdır. Belə ki, iddiaçı tələbində istinad etdiyi bu hala dair məhkəməyə mötəbər sübutlar təqdim etməli və bu halı sübuta yetirməlidir. Məhz bu halla bağlı yalnız onun izahatı və təqdim etdiyi şahid ifadələri mövcuddur. Onun izahatı və şahid ifadələri isə işdə olan digər sübutlarla yanaşı yoxlanılmalıdır ki, onun tərəfindən də belə bir sübut təqdim edilməmişdir. Məhkəmə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək, yuxarıda sadalananları əsas götürərək hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, iddia tələbi təmin edilmədiyindən iddia tələbi üzrə ödənilmiş 10 manat məbləğində dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “yaşayış evinə köçürmə, yaşayış evindən istifadəyə yaradılmış maneələrin aradan qaldırılması”na dair iddia tələbi təmin edilməsin. Mülki iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Solmaz Ədilova
Məhkəmə qərarları › İş №2(005)-541/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-541/2021
09.02.2021 · Mənzil mübahisələri - Mənzilə köçürmə - Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver