Məhkəmə qərarları › İş №2(005)-5439/2025

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-5439/2025

12.02.2026 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-5439/2025 12.02.2026 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Nərgiz Nazim qızının sədrliyi, Məhkəmə iclas katibi Gülməmmədova Qumru Habil qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı alimentin azaldılması tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iki övladı üçün ödədiyi 504 alimentin əmək haqqının üçdə bir hissəsi həddində müəyyən olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı məhkəməyə iddia ərizəsinə əlavə ilə müraciət edərək, iki uşağa görə alimentin məbləğinin 2026-cı il üçün ölkədə müəyyən olunmuş minimum aliment məbləğində müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, o, Nərimanov Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli qətnaməsi ilə müəyyən olunmuş alimenti (2 övladı üçün) vaxtlıvaxtında Cavabdeh ödəmişdir (hər uşaq üçün 108 manat). Lakin Nərimanov Rayon Məhkəməsinin qərarı ilə həmin məbləğ ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 1.02 misli həddində artırılmışdır. O, “X7” MMC-də sürücü işləyir və aylıq maaşı 504 manat təşkil edir. Bundan əlavə heç bir gəliri yoxdur. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verərək, əmək haqqının az olduğunu, əlavə gəlirlərinin olmadığını bildirərək, alimentin əmək haqqının üçdə bir hissəsi həddində müəyyən olunmadığı təqdirdə, uşaq üçün ölkə üzrə təyin edilmiş minimum aliment məbləğində müəyyən edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddiaya etiraz edərək uşağın xərclərinin çox olduğunu bildirmiş və iddianın təmin edilməməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, iddia aşağıda qeyd edilənlərə əsasən qismən təmin edilməlidir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: - “X7” MMC ilə İddiaçı arasında bağlanmış əmək müqaviləsinin surətindən görünür ki, İddiaçı “sürücü” vəzifəsinə işə qəbul edilmiş və əmək haqqı 504 manat təşkil edir; - Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(005)- 417/2015 saylı qətnaməsi ilə xx.xx.2012-ci il təvəllüdlü X3 və xx.xx.2014-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün X1 hər ay hər uşaq üçün 108 manat olmaqla, cəmi 216 manat məbləğində alimentin tutulması qət edilmişdir; - Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(005)- 540/2025 saylı qərardadından görünür ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(005)-417/2015 nömrəli qətnaməsi ilə xx.xx.2012-ci il təvəllüdlü X3 və xx.xx.2014-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün tutulan alimentin məbləğinin hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 1.02 misli həddində indeksasiya olunması qərara alınmışdır; - İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, Cavabdeh xx.xx.2025-ci il tarixdə keçirilmiş ilkin mediasiya sessiyasında iştirak etməmişdir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli qətnaməsi ilə cavabdeh İddiaçı xx.xx.2012-ci il təvəllüdlü X3 və xx.xx.2014-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay, hər uşağa görə 108 manat olmaqla, cəmi 216 manat sabit pul məbləğində alimentin tutularaq iddiaçı Cavabdeh ödənilməsi qət edilmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(005)-417/2015 nömrəli qətnaməsi ilə tutulmuş alimentin məbləği indeksasiya edilərək, hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 1.02 misli həddində müəyyən edilmişdir. Hazırda iddiaçı hər uşaq üçün nəzərdə tutulmuş alimentin ölkə üzrə müəyyən edilmiş uşaqların yaşayış minimumundan xeyli artıq olduğunu və onu ödəməkdə çətinlik çəkdiyini əsas gətirərək, alimentin məbləğinin əmək haqqının üçdə bir hissəsi şəklində müəyyən edilməsi, bu mümkün olmazsa ölkə üzrə uşaqlar üçün müəyyən edilmiş minimum əmək haqqına uyğunlaşdırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə ilk növbədə iddia tələbinin alimentin qazancın müəyyən hissəsi (üçdə bir) şəklində müəyyən edilməsinə münasibət bildirərək qeyd edir ki, iddiaçı müntəzəm qazanca malik olsa da, onun əmək haqqı 504 manat təşkil edir. Alimentin hissə şəklində tutulması uşaqların hüquqlarının pozulmasına, onların minimum dolanacaq xərclərindən məhrum olmasına səbəb ola bilər. Bu səbəbdən aliment ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının misli həddində sabit pul məbləğində tutulmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin 2-ci hissəsinə görə uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunun 19-cu maddəsinə əsasən uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi təlabatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizə edilməsi valideynlərin vəzifələridir. Ailə Məcəlləsinin 56.1 və 58.2-ci maddəsinə əsasən, valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Valideynlər uşaqlarının tərbiyəsinə, sağlamlığına və onların psixi, fiziki, mənəvi inkişafına görə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 60.1, 60.2 və 75.1-ci maddələrinə müvafiq olaraq valideynlik hüquqları uşaqların mənafeyinə zidd həyata keçirilə bilməz. Valideynlik hüquqlarını həyata keçirərkən valideynlər uşaqların mənəvi inkişafına, fiziki və psixi sağlamlığına xələl yetirməməlidirlər. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. Hazırki iddia tələbinin qanuni əsası kimi nəzərdən keçirilən Ailə Məcəlləsinin 112.1-ci maddəsinin tələblərinə görə aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2016-cı il tarixli Qərarına əsasən, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın təminat səviyyəsinə və aliment ödəyənin maddi vəziyyətinə təsirini nəzərə almalıdır. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 28 mart 2016-cı il tarixli 8-2/2016 nömrəli Qərarının 8.2-ci bəndinə görə, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Həmin Qərarın 8.4-1, 8.7 və 8.13-cü bəndlərinə əsasən Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər. Aliment ödəyən şəxsin məhkəmə qətnaməsi ilə aliment tutulmayan digər övladlarının olması, eləcə də onun digər əlavə xərclərə məruz qalması alimentin azaldılması üçün mütləq əsas kimi qəbul edilməməlidir. Alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Göstərilən normaların məzmunundan göründüyü kimi, təyin ediləcək alimentin miqdarı yetkinlik yaşına çatmayan uşaqların hüquq və mənafelərinə, o cümlədən onların psixi və fiziki inkişafına uyğun həddə təyin edilməli, uşaqların hüquq və mənafeləri birinci növbədə gözlənilməlidir. Eyni zamanda təyin ediləcək alimentin miqdarı aliment ödəmək vəzifəsi qoyulan valideynin hüquq və mənafelərini zərbə altında qoymamalı, onların hüquqlarını pozmamalıdır. Hər bir halda alimentin təyin edilməsi məsələsi uşaqların hüquq və mənafeləri nəzərə alınmaqla həyata keçirilməlidir. Bu zaman uşaqların mənəvi inkişafına, fiziki və psixi sağlamlığına xələl yetirən hərəkətlərə yol verilməməli, məsələyə uşağın mənafeyinin daha yaxşı təmin edilməsi nöqteyi nəzərindən yanaşılmalıdır. Qeyd edilməlidir ki, hazırki iş üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə alimentin indeksasiyası həyata keçirilmiş və hər uşaq üçün minimum əmək haqqının 1.02 misli həddində müəyyən edilmişdir. Lakin nəzərə alınmalıdır ki, 2026-cı il üzrə uşaqlar üçün yaşayış minimumu 260 manat, minimum əmək haqqı isə 400 manat olaraq müəyyən edilmişdir. Göründüyü kimi hazırda təyin edilmiş alimentin məbləği (iki uşaq üçün 816 manat) uşaqlar üçün yaşayış minimumundan kifayət qədər yüksəkdir. Hazırda məhkəmə tərəflərin maddi vəziyyətini, eləcə də uşaqların əvvəlki təminat səviyyəsini əsas tutaraq, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda istinad olunan Qərarını və cavabdehin gəlirlərini, ödəmə qabiliyyətini nəzərə alaraq, cavabdehdən tutulan alimentin miqdarının azaldılaraq, hər ay hər uşaq üçün 2026-cı il üzrə müəyyən edilmiş minimum aylıq əmək haqqı məbləğinin 0,65 misli həddində (400 x 0.65 = 260 manat) müəyyən edilməsini ağlabatan və ədalətli hesab edir. Mülki Prosessual Məcəllənin 14.2 və 77.1-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məcəllənin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(005)-417/2015 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləği azaldılmalı, xx.xx.2012-ci il təvəllüdlü X3 və xx.xx.2014-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün cavabdeh İddiaçı sonrakı artımlar nəzərə alınmaqla hər ay hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,65 misli həddində aliment tutularaq Cavabdeh ödənilməlidir. İddia qalan hissədə təmin edilməməlidir. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(005)-417/2015 saylı qətnaməsi ilə müəyyən edilmiş (Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(005)-540/2025 saylı qərardadı ilə indeksasiya olunmuş) alimentin məbləği azaldılsın. xx.xx.2012-ci il təvəllüdlü X3 və xx.xx.2014-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün cavabdeh İddiaçı sonrakı artımlar nəzərə alınmaqla hər ay hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,65 misli həddində aliment tutularaq Cavabdeh ödənilsin. İddia qalan hissədə təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən sonra 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollgiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nərgiz Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar