Məhkəmə qərarları › İş №2(005)-5512/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-5512/2021

22.12.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-5512/2021 22.12.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi, Əhmədzadə Əhməd Elman oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh MMC-nin nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı “mənəvi zərərə görə kompensasiyanın tutulması” tələbinə dair ərizəsi üzrə mülki işə dair iddiası üzrə mülki işə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı “mənəvi zərərə görə kompensasiyanın tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən iddiaçının xeyrinə 3.000.000 (üç milyon) manat mənəvi zərərə görə kompensasiyanın tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddianı onunla əsaslandırmışdır ki, X21 tikintidə işlərin aparılması zamanı təhlükəsizlik qaydalarını pozması nəticədə ehtiyatsızlıqdan bir nəfər zərər çəkmiş şəxsin ölümünə səbəb olmuşdur. Belə ki, "Kayalar İnşaat“ MMC-nin direktorunun 03 aprel 2013-cü il tarixli 11 saylı və həmin tarixli 12 saylı əmrləri ilə "xxxx" MMC-nin təhlükəsizlik texnikası üzrə məsul şəxsi və sahə rəisi kimi yeni qazılmış xəndəyin divarlarının uçmasının qarşısının alınması üçün bərkidilmədən özü və fəhlə X12 xəndəyin kənarında durduğuna, sonuncuya bu barədə xəbərdarlıq etmədiyi və xəndəyin kənarından Uzaqlaşdırmadığına görə, onun tərəfindən 3 nömrəli "Sex rəisinin (sahə rəisinin) təlimatf'nın tələbləri pozulmuş, yəni işçilərin əməyin mühafizəsi, təhlükəsizlik texnikasının norma və qaydalarına riayət etməsinə nəzarət etməmiş, nəticədə onun ehtiyatsızlığından özü və "xxxx" MMC-də fəhlə işləyən Ə.C.Dadaşov 30 aprel 2013-cü il tarixində saat 00:30 radələrində qazılmış xəndəyə düşərək qopmuş torpaq və asfalt hissələrinin altında qalmış, özü sağlamlığa zərər vurmadığı üçün dərəcəsi təyin olunmayan sol budun ön səthinin qançırı xəsarəti almış, fəhlə O.C.Dadaşov isə dərəcəsinə görə sağlamlığa ağır zərər vurmaya aid açıq kəllə beyin travması. sol gicgah sümüyü və alın sümüyünün sol hissəsinin basılmış qəlpəli yerdəyişən sınığı, kəllə əsası sümüklərinin xətti sınığı, beyin qişalarına və maddəsinə qansızına, baş beyin əzilməsi, başın yumşaq toxumalarının dərialtı hematoması, sol gicgah, sol qaşüstü, sol almacıq və burun tağının sol hissəsinin əzilmiş-cırılmış yaraları, sifətin sağ və sol hissələrinin sıyrılmış yaraları, almacıq və burun sümüklərinin qapalı sınıqları, sol bud sümüyünün aşağı 1/3-nin qapalı yerdəyişən sınığı xəsarətləri alaraq hadisə yerində ölmüşdür. Abşeron Rayon Məhkəməsinin 23 avqust 2013-cü il tarixli. 1(012)-185/2013 nömrəli hökmünə əsasən təqsirləndirilən şəxs X21 Azərbaycan Respublikası CM-in 162.2-ci maddəsi ilə təqsirli bilinərək 3 (üç) il müddətə dövlət orqanlarında və yerli özünüidaretmə orqanlarında rəhbər vəzifə tutmaq hüququndan məhrum edilməklə 2(iki) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Bu baş vermiş hadisə ilə əlaqədar Azərbaycan Respublikası CM-nin 162.2-ci maddəsi ilə cinayət işinin ibtidai istintaqı aparılmış və cinayət işi məhkəməyə göndərilmiş, iş üzrə hökm çıxarılmış və qanuni qüvvəsini almışdır. Cinayət işindən görünür ki. hadisə "xxxx" MMC-də sahə rəisinin - yəni hüquqi şəxsin əməkdaşının təqsiri ucbatından baş vermişdir. Məhkumun cinayət əməlində təqsiri tam sübuta yetirilmiş, zərərçəkmiş şəxsin hüquqi varisinin və şahidlərin ifadələri, ekspertiza rəyləri və işin bütün materialları ilə tam təsdiq olunmuşdur. Cavabdeh orqanın məsul vəzifədə çalışan əməkdaşının qanunsuz və hüquqazidd cinayət xarakterli hərəkətləri və baş verən hadisə nəticəsində ona mənəvi ziyan dəymişdir. Baş vermiş cinayət hadisəsi nəticəsində atasının ölməsi ilə bağlı onun mənəvi sarsıntı keçirməyi mübahisəsizdir və bu hadisə nəticəsində və ondan sonrakı prosesslər zamanı yaşanan streslər, əzab və əziyyətlər ilə bağlı vurulmuş mənəvi ziyanın ödənilməsini tələb etməkdə haqlıdır. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil1 iddia tələbini müdafiə edib, iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək, iddianın təmin edilməsini xahiş etdi. CavabdehMMC-nin nümayəndəsi və vəkili Vəkil2 iddia tələbini qəbul etmədiklərini bildirərək, iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etdi. Eyni zamanda Cavabdeh MMC-nin nümayəndəsi və vəkili Vəkil2 yazılı etiraz təqdim edərək, bildirmişdir ki, iddiaçının atası cavabdehin işçisi olmuş mərhum X12 30 aprel 2013-cü il tarixdə baş vermiş bədbəxt hadisə nəticəsində vəfat etmişdir. Adət və əxlaq normalarına müvafiq olaraq cavabdeh tərəfindən mərhumun yas mərasimində iştirak edilmiş, bütün zəruri xərclər çəkilmişdir. Daha sonra mərhumla birlikdə yaşayan yaxın ailə üzvləri müəyyən edilmiş, danışıqlardan sonra anası X3, arvadı X10 və oğlu X9 zərər əvəzi olaraq cəmi 18000 (on səkkiz min) manat vəsait 02.07.2013-cü il tarixində bank köçürməsi ilə rəsmi qaydada ödənilmişdir. Bu barədə 02.07.2013-cu il tarixli müqavilə bağlanmışdır. Müqavilə şərtlərinə əsasən: X6 ölümü ilə əlaqədar onun ailə üzvlərinə yəni ailə başçısının ölümü nəticəsində zərər çəkmiş şəxslərə qəti və yekun şəkildə 18.000 (on səkkiz min) AZN məbləğində zərər əvəzi ödənilir. Bu məbləğ həm zərərin əvəzinin ödənilməsi üzrə ödənişi həm də dəfn xərclərinin əvəzinin ödənilməsi üzrə ödənişi ehtiva edir, qəti məbləğdir və şəxslərin ərizəsinə əsasən birdəfəyə ödənilir; göstərilmiş məbləğ X2 adına Azərbaycan Respublikasında fəaliyyət göstərən banklardan birində açılmış bank hesabına nağdsız şəkildə köçürülür, pul vəsaiti bank hesabına daxil olduğu andan X6 ölümü ilə bağlı ailə başçısının ölümü nəticəsində zərər çəkmiş şəxslər qarşısında öhdəliklərini tam icra etmiş sayılır; X6 ölümü ilə əlaqədar həm zərərin əvəzinin ödənilməsi həm də dəfn xərclərinin əvəzinin ödənilməsi üzrə istinad edilməsi, hər hansı bir səbəb ilə əlaqədar zərərin əvəzinin ödənilməsi miqdarının artırılması ilə bağlı tələblər irəli sürülməsi bu müqaviləyə əsasən istisna edilir. barışıq ilə əlaqədar cavabdehin və onun hər hansı bir işçisinin mənafeləri üçün rəsmi orqanlar qarşısında müvafiq addımlar (məktub, ərizə, vəsatət veriləcək və s.) atılacaqdır. X1, X15 və oğlu X8 hər biri bütün səlahiyyətli və məsul orqanlara ünvanlanmış və notarial qaydada təsdiq edilmiş ərizələr vermiş və orada qeyd edilmişdir ki, mərhumun ölümü ilə əlaqədar zərərin əvəzinin ödənilməsi üzrə ödənişi və dəfn xərclərinin əvəzinin ödənilməsi üzrə ödənişi qəti və yekun şəkildə 18.000 (on səkkiz min) AZN məbləğində birdəfəyə X2 adına olan bank hesabına ödənilməsi xahiş edilir, qəti və yekun məbləğ hesab etdikləri həmin məbləğin birdəfəyə ödənilməsi halında Cavabdeh MMC-yə və onun hər hansı bir işçisinə qarşı və ziyanına mərhumun ölümü ilə əlaqədar həm zərərin əvəzinin ödənilməsi həm də dəfn xərclərinin əvəzinin ödənilməsi üzrə istinad edilməyəcək, hər hansı bir səbəb ilə əlaqədar zərərin əvəzinin ödənilməsi miqdarının artırılması ilə bağlı tələblər irəli sürülməyəcək, qəti və yekun məbləğ hesab etdikləri həmin məbləğin birdəfəyə ödənilməsi halında zərərin ödənilməsi üzrə barışıq ilə əlaqədar Cavabdeh MMC-nin və onun hər hansı bir işçisinin mənafeləri üçün rəsmi orqanlar qarşısında müvafiq addımlar (məktub, ərizə, vəsatət veriləcək və s.) atılacağına zəmanət verilir. Bundan əlavə Cavabdeh MMC-nin işçisi X16 Azərbaycan Respublikası CM-nin 162.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair 1(012)-185/2013 saylı cinayət işi üzrə mərhumun oğlu X13 zərər çəkmiş şəxsin hüquqi varisi qismində iştirak etmiş, Abşeron rayon Məhkəməsinin hakimi İlham Kərimliyə ünvanlanmış və notarial qaydada təsdiq edilmiş ərizəsində qeyd etmişdir ki, mərhum atamın iş yoldaşı olmuş X21 hadisələrin təsadüfi axarı zəminində baş vermiş və özünün də xəsarət aldığı hadisədən bilavasitə sonra atama yardım göstərməyə, zərərçəkmiş şəxs kimi ailəmizlə barışıq əldə etməyə çalışmış, hadisənin araşdırılmasına fəal kömək göstərmiş, bundan əlavə hadisə nəticəsində ailə başçımızın itirilməsi ilə bağlı dəymiş maddi və mənəvi zərər ödənilərək aradan qaldırılmışdır. Göründüyü kimi 8 il bundan öncə baş vermiş hadisə ilə bağlı mərhumun yaxın ailə üzvləri ilə barışıq əldə edilmişdir. İddiaçı o zaman artıq ailə həyatı quraraq mərhumla birlikdə yaşamadığından ailə üzvlərinin özləri tərəfindən proseslərə cəlb edilməmiş, ailəni cinayət işi cərçivəsində mərhumun oğlu X13 zərər çəkmiş şəxsin hüquqi varisi qismində təmsil etmişdir. İddiaçı həmin dövrdə ailə həyatı quraraq mərhum ilə birilkdə yaşamadığından bu proseslərdə iştirak etməmiş, hər hansı bir etiraz, irad və şikayət bildirməmişdir. İşin faktiki hallarından görünür ki, mərhumun ölümü ilə bağlı məsələlər 8 il öncə öz həllini tapmış, maddi və mənəvi zərər ödənilmiş, zərər çəkmiş şəxsin hüquqi varisi qismində mərhumun oğlu X13 məhkəməyə ünvanlanan notarial ərizəsində bunu özü qeyd etmişdir. Hazırkı iddia üzrə iddiaçı o zaman proseslərdə iştirak istəyini bildirməmiş, zərər çəkmiş şəxsin hüquqi varisi isə dəymiş maddi və mənəvi zərərin ödənilərək aradan qaldırılması barədə məhkəməyə notarial ərizə təqdim etmişdir. Məhkəmə həmin xüsusata hüquqi qiymət verərək hökm çıxarmışdır. Əgər mərhumun ölümündən sonra cavabdehin davranışı, onun ödədiyi kompensasiya, işin cinayət mühakimə icraatı çərçivəsində araşdırılması və iddiham hökmünün çıxarılması həqiqətən də iddiaçının mənəvi sarsıntısının unutdurulmasına, yaşama sevincindəki azalma və mənəvi hüzursuzluğun aradan qaldırılmasına xidmət etməmişdirsə, iddiaçı 8 ildir harada idi və hansı səbəbdən elə o zaman proseslərə müdaxilə etmir və məsələn rəsmi prosedur çərçivəsində cinayət işi üzrə özü zərər çəkmiş şəxsin hüquqi varisi qismində iştirak etmirdi?! İş üzrə sonradan mübahisələndirilməmiş hökmün olması və bu hökmün həm də zərər çəkmiş şəxsin hüquqi varisi qismində mərhumun oğlunun məhkəməyə ünvanlanan dəymiş maddi və mənəvi zərərin ödənilərək aradan qaldırılması barədə notarial ərizəssinə əsaslanması qohumlar arasından zərər çəkmiş şəxsin hüquqi varisinin seçilməsində mübahisə olmadığını birmənalı şəkildə sübut edir. Hazırda iddiaçının 8 il sonra bu iddianı verməsi öncəki razılaşmalardan fürsətci şəkildə yan keçmək cəhdi, hüquqdan suiistifadədir. İddiaçı öz iddia ərizəsində iddia tələblərinin əsasını lazımi qaydada əsaslandırmır, mənəvi sarsıntının məzmunu ümumiyyətlə açılmır. İddianın yeganə və müstəsna əsası mərhumun ölüm faktı və iddiaçının mərhum ilə genetik qohumluq əlaqəsi təşkil edir. Hazırkı iddia ərizəsindən zərərçəkənin mənəvi sarsıntıya məruz qalmasının konkret nədə ifadə olunmasını, zərərçəkən şəxsin hansı mənəvi sarsıntıları keçirməsini, mənəvi sarsıntıların xarakteri və ağırlığını, yaşama sevinci və arzusunun itirilməsi, mənəvi hüzursuzluq, mənəvi tarazlığın pozulması, mərhum ilə doğmalıq və sevgi hislərinin, mütəmadi və sıx ünsiyyətlərinin olub-olmaması kimi məqamlar müəyyən edilmir, zərərçəkənin mənəvi zərərin əvəzi kimi qiymətləndirdiyi məbləği necə əsaslandırmasını və bu tələbin 8 il sonra verilməsinin tuxarıda göstərilənlərlə necə müxabirləşməsini aydınlaşdırmaq mümkün deyil. İş üzrə güclü emosional hisslər deyil, mənəvi sarsıntı sübuta yetirilməlidir. Mərhumun ölümü ilə bağlı zərər 8 il öncə ödənildiyindən, həmçinin hökm ilə məsələyə hüquqi qiymət verildiyindən, bunlar mərhum ilə birlikdə yaşayan yaxın ailə üzvlərinin keçirdiyi sarsıntının yumşaldılmasına, pozulan mənəvi tarazlığın bərpa edilməsinə yönəlmiş, bununla yaxınının itirilməsi nəticəsində keçirdiyi sarsıntının unutdurulması, yaşama sevincindəki azalma və mənəvi hüzursuzluğun aradan qaldırılması baş tutmuşdur. Təsadüfi deyil ki, məsələ 8 il heç bir etiraz doğurmamışdır. Məhkəmə tərəfin izahatını, iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: "xxxx" MMC-nin 10.01.2013-cü il tarixli T/01 əmrindən görünür ki, "xxxx" MMC-nin bütün struktur vahidlərinin rəhbərləri rəhbəri olduqları iş sahələrinə və tabeliklərindəki işçilərə ümumi, iş sahələrində çalışan iş icraçıları və sahə rəisləri isə fərdi qaydada tabeliklərində çalışan işçilərin texniki təhlükəsizliyinə birbaşa cavabdeh şəxslər təyin olunmuş, əmrin icrasına nəzarət sahə rəisi X19 həvalə edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X5 48 saylı rəyində qeyd edilir: Dadaşov Əhməd Cənnət oğlunun meyitinin məhkəmə tibbi ekspertizası zamanı aşağıdakılar aşkar olunmuşdur.Həyat ilə bir araya sığmayan açıq kəllə beyin travması sol gicgah sümüyü və alın sümüyünün sol sarsılmış qəlpəli yer dəyişən sınığı kəllə əsası sümüklərinin əsas sınığı, baş beyin əzilməsi, başın yumsa dərialtı hemotaması, sol gicgah, sol qaşüstü, sol almacıq və burun hissəsinin əzilmiş cırılmış yaraları, sifətinin sağ və sol hissələrinin sıyrılmış və yarımçıq burun sümüklərinin qapalı sınıqları, sol bud sümüyünün aşağı 1/3- yerdəyişən sınığı. Bu xəsarətlər birlikdə həyatidirlər, bərk küt əşyaların nəticəsində əmələ gəlmişdir, qərarın təsviri hissəsində göstərilən vaxt və tarixi 30.04.2013-cü il tarixində iş zamanı yıxılaraq xəndəyə düşməsindən əmələ gəlməsi mümkündür. Dərəcəsinə görə həyatı üçün təhlükə törədərək ölümünə səbəb olduğundan sağlamlığa ağır zərər vurmanın əlamətlərinə malikdirlər. X6 ölümünə səbəb həyat ilə bir sığmayan xəsarətlər açıq-kəllə beyin travması, baş beynin əzilməsi bein maddəsinə qansızma olmuşdur. Sumqayıt şəhər qeydiyyat şöbəsinin AZ-İ № 628206 saylı doğum ölüm haqqında şəhadətnaməsinin surətindən görünür ki, X12 30 aprel 2013-cü il tarixdə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 22.05.2013-cü il tarixdə 745 № ilə qeyd edilmişdir. № 290917 saylı doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X14 31 noyabr 1986-cı il tarixdə anadan olmuş,atası Dadaşov Əhməd Cənnət oğlu, anası X11r. Abşeron Rayon Məhkəməsinin Azərbaycan Respublikası adından 1(012)-185/2013 saylı 13 sentyabr 2013-cü il tarixli Hökmündən görünür ki, X21 Abaycan Respublikası Cinayət Məcəlləsinin 162.2-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinməsi və 3 il müddətinə dövlət orqanlarında və yerli özünüidarə orqanlarında rəhbər vəzifə tutmaq hüququndan məhrum edilməklə iki il müddətinə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi hökm edilmişdir. Sözügedən hökm ilə müəyyən edilmişdir ki, X21 tikintidə işlərin aparılması zamanı təhlükəsizlik qaydalarını pozması nəticəsində ehtiyatsızlıqdan bir nəfər (Dadaşov Əhməd Cənnət oğlu) zərər çəkmiş şəxsin ölümünə və digərinin isə sağlamlağına az ağır zərə vurmaya səbəb olmuşdur. İddianın əsası cavabdehin işçisinin hüquqa zidd əməli nəticəsində Dadaşov Əhməd Cənnət oğlunun vəfat etməsi nəticəsində qızı İddiaçı stress, narahatlıq, mənəvi sarsıntı keçirməsi səbəbindən ona mənəvi zərər dəydiyindən pul təzminatı ödənilməsi ilə bağlıdır. Azərbaycan Respublikası MPM-in 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. 82.4-cü maddəsinə əsasən, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və iqtisadi mübahisəyə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Məhkəmə qeyd edir ki, Abşeron Rayon Məhkəməsinin Azərbaycan Respublikası adından 1(012)-185/2013 saylı 13 sentyabr 2013-cü il tarixli hökmünə əsasən Cavabdeh MMC-də sahə rəisi vəzifəsində çalışan X16 əməli öz təsdiqini tapmış və onun təqsirli bilinməsinə dair qərar çıxarılmışdır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. İstinad olunan maddənin mənasından göründüyü kimi sübut etmə vəzifəsi ifadəsi mülki prosessual hüquq üçün xarakterik olan mənada işlədilir. Ona görə də burada sanksiya ilə təmin olunan lazımi davranış qaydasından yox, tərəflərin və digər maraqlı şəxslərin öz mövqeyini təsdiq etmək üçün fəaliyyət göstərməli olduqlarını bildirən dispozitiv xarakterli tələbdən gedir. Qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. İşin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qətnaməsinin qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Mülki məhkəmə icraatında tərəfləri sübutetmə üzrə aktiv prosessual fəaliyyətə sövq edən əsas hərəkətverici stimul kimi onların öz mənafeyinə uyğun qərarın qəbul edilməsinə olan marağı çıxış edir. İşin nəticəsində maraqlı olan hər bir şəxs bilməlidir ki, sübutetmədə passivlik onun üçün uğursuz qərarın çıxarılmasına gətirib çıxara bilər. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehdən 1000 manat məbləğində pul iddiaçının xeyrinə tutulmalıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair 24 aprel 2020-ci il tarixli qərarında aşağıdakı nəticəyə gəlinmişdir: -Mülki Məcəllənin 23-cü maddəsi şəxsin hüquqa zidd hərəkətlər nəticəsində öldüyü və ya sağlamlığına zərər vurulduğu halda onun yaxınlarının, o cümlədən ailə üzvlərinin keçirdikləri mənəvi sarsıntı və iztiraba görə təzminat almaq hüququnu ehtiva edir; - ölmüş və ya sağlamlığına zərər vurulmuş şəxsin yaxınları, o cümlədən ailə üzvləri keçirdikləri mənəvi sarsıntı və iztirabın dərəcəsinə, zərərçəkmiş şəxsə yaxınlıq dərəcəsinə və s. amillərə müvafiq olaraq birgə və ya ayrı-ayrılıqda təzminat almaq hüququna malikdirlər; - ölmüş və ya sağlamlığına zərər vurulmuş şəxsin yaxınlarından, o cümlədən ailə üzvlərindən birinin mənəvi zərərə görə təzminat almış olduğu halda, digərlərinin təzminat tələbi bu Qərarın təsviri-əsaslandırıcı hissəsində göstərilən mütənasiblik və ədalətlilik meyarlarına uyğun olaraq işə baxan məhkəmə tərəfindən həll edilməlidir; - məhkəmələr tərəfindən mənəvi zərərə görə təzminatın miqdarı müəyyən edilərkən hüquqa zidd əməlin növü, dərəcəsi, davam etdiyi müddət, hansı şəraitdə, mühitdə baş verməsi və digər amillər nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, hazırki mübahisəyə baxılarkən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun mövqeyi vahid məhkəmə təcrübəsinin formalaşması baxımından mühüm əhəmiyyət kəsb edir. Ona görə də məhkəmə yuxarıda qeyd olunanları nəzərə alaraq qeyd etməyi zəruri hesab edir ki, hüquqi dövlət üçün insan hüquq və azadlıqlarının layiqincə təmin edilməsi əsas göstərici amildir. Konstitusiyanın 12-ci maddəsi ilə insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi dövlətin ali məqsədi elan edilərək, hər kəsin həyat və sağlamlığının, şərəf və ləyaqətinin müdafiəsinə təminat verilir. Konstitusiyanın 24-cü maddəsinə əsasən, insan ləyaqəti qorunur və ona hörmət edilir. Hər kəsin doğulduğu andan toxunulmaz, pozulmaz və ayrılmaz hüquqları və azadlıqları vardır. Hüquqlar və azadlıqlar hər kəsin cəmiyyət və başqa şəxslər qarşısında məsuliyyətini və vəzifələrini də əhatə edir. Hüquqlardan sui-istifadəyə yol verilmir. Konstitusiyanın 26-cı maddəsinə görə, hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Konstitusiyanın 68-ci maddəsinin İİ hissəsi cinayət, habelə hakimiyyətdən sui-istifadə nəticəsində zərər çəkmiş şəxsin hüquqlarının qanunla qorunmasını bəyan edir və zərər çəkmiş şəxsin ədalət mühakiməsinin həyata keçirilməsində iştirak etmək və ona vurulmuş zərərin ödənilməsini tələb etmək hüququnu müəyyən edir. Həmin maddənin İV hissəsində qeyd edilir ki, dövlət, dövlət qulluqçuları ilə birlikdə, dövlət qulluqçularının qanuna zidd hərəkətləri və hərəkətsizliyi nəticəsində insan hüquq və azadlıqlarına dəymiş ziyana görə və onların təminatının pozulmasına görə mülki məsuliyyət daşıyır. Konstitusiyanın bu norması insan hüquq və azadlıqlarının pozulduğu təqdirdə zərərçəkmiş şəxsə dəymiş ziyana görə kompensasiyanın ödənilməsini ədalətli sayaraq bu öhdəliyin yerinə yetirilməsində dövlətin də məsuliyyətini müəyyən edir. Mənəvi zərər insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir və yaxın şəxsin itirilməsi, fəal ictimai həyatın davam etdirilməsinin qeyri-mümkünlüyü, əmək qabiliyyətinin itirilməsi, ailə və şəxsi həyat sirrinin ictimailəşməsi, şərəf və ləyaqəti alçaldan məlumatların yayılması, müəyyən hüquq və azadlıqların qanunsuz məhdudlaşdırılması, fiziki əzab, sağlamlığa zərər vurulması və s. nəticəsində yarana bilər. Mənəvi təzminat isə hüquqa zidd əməl ilə zərərçəkənin mənəvi və ya fiziki bütövlüyünə edilən təcavüz nəticəsində meydana gələn ağrı və iztirabın, mənəvi sarsıntının unudulması, yaşama sevinci və arzusunun təkrar qazanılması, pozulan mənəvi tarazlığın yenidən bərpa edilməsi üçün bərabərləşdirmə vasitəsidir. Mənəvi zərərin əvəzinin ödənilməsi tələbi maddi zərərin ödənilməsi tələbindən fərqləndirilməlidir. Maddi zərərin həcmi vurulmuş ziyanın həcmi ilə şərtlənsə də, mənəvi zərərin həcmi zərərçəkmiş şəxsin mülahizəsinə əsasən iddiada müəyyən edilir və məhkəmələr tərəfindən mənəvi zərərin həcmi (miqdarı) ədalətlilik və mütənasiblik meyarları baxımından qiymətləndirilməlidir. Belə ki, Mülki Məcəllənin 21-ci maddəsinə müvafiq olaraq, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 23-cü maddəsinə uyğun olaraq, fiziki şəxs onun şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən, şəxsi və ailə həyatının sirrini və ya şəxsi və ailə toxunulmazlığını pozan məlumatların məhkəmə qaydasında təkzib olunmasını tələb edə bilər, bu şərtlə ki, həmin məlumatları yaymış şəxs onların həqiqətə uyğun olduğunu sübuta yetirməsin. Faktiki məlumatlar natamam dərc edildikdə də, əgər bununla şəxsin şərəfinə, ləyaqətinə və ya işgüzar nüfuzuna toxunulursa, eyni qayda tətbiq edilir. Marağı olan şəxslərin tələbi ilə fiziki şəxsin şərəf və ləyaqətinin müdafiəsinə onun ölümündən sonra da yol verilir. Əgər fiziki şəxsin şərəfini, ləyaqətini, işgüzar nüfuzunu ləkələyən və ya şəxsi və ailə həyatının sirrinə qəsd edən məlumatlar kütləvi informasiya vasitələrində yayılmışdırsa, həmin kütləvi informasiya vasitələrində də təkzib edilməlidir. Əgər göstərilən məlumatlar rəsmi sənədə daxil edilmişdirsə, həmin sənəd dəyişdirilməli və bu barədə marağı olan şəxslərə məlumat verilməlidir. Digər hallarda təkzib qaydasını məhkəmə müəyyənləşdirir. Kütləvi informasiya vasitələrində hüquqlarına və ya qanunla qorunan mənafelərinə toxunan məlumatlar dərc edilmiş fiziki şəxsin həmin kütləvi informasiya vasitələrində öz cavabının dərc edilməsi hüququ vardır. Şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən məlumatlar yayılmış fiziki şəxsin həmin məlumatların təkzibi ilə yanaşı, onların yayılması nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ vardır. Əgər fiziki şəxsin şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən məlumatları yaymış şəxsi müəyyənləşdirmək mümkün deyildirsə, barəsində bu cür məlumatlar yayılmış şəxsin ixtiyarı var ki, həmin məlumatların həqiqətə uyğun olmayan məlumatlar sayılmasını tələb etsin. Bu maddənin fiziki şəxsin işgüzar nüfuzunun müdafiəsinə dair qaydaları müvafiq olaraq hüquqi şəxsin işgüzar nüfuzunun müdafiəsinə də tətbiq edilir. Mülki Məcəllənin mülki hüquq pozuntusunun anlayışını müəyyən edən 1096-cı maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki Məcəllənin 1097.1 və 1097.3-cü maddələrinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. Məcəllənin 1099-cu maddəsinə müvafiq olaraq, hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. Bu Məcəllənin 59cu fəslində nəzərdə tutulan qaydalara tətbiqən, işçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun. Məcəllənin 1114.1-ci maddəsinə müvafiq olaraq, başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Göründüyü kimi, mülki qanunvericiliyin qeyd edilən normaları ilə hüquqa zidd hərəkət nəticəsində vurulmuş zərərə görə mülki məsuliyyət müəyyən edilmişdir. Mülki Məcəllənin 21-ci maddəsi ilə isə hüquqa zidd əməl nəticəsində yaranan maddi zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ yaranırsa, həmin Məcəllənin 23-cü maddəsinə uyğun olaraq şəxs mənəvi zərərin ödənilməsini tələb edə bilər Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 2002-ci il 31 may tarixli Qərarında göstərilmişdir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər fərdin hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O, həm vurulmuş əmlak zərəri ilə birlikdə, həm də əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair 24 aprel 2020-ci il tarixli qərarında qeyd olunur ki, şəxsin yaxınlarının, o cümlədən ailə üzvlərinin ölməsi və ya sağlamlığına zərər vurulması halında mənəvi zərərə görə ödənilən təzminat şəxsin keçirdiyi sarsıntı və iztirabın müəyyən dərəcədə yumşaldılmasına, pozulan mənəvi tarazlığın bərpa edilməsinə yönəlmiş olur. Belə halda zərərçəkmiş şəxsi müəyyən miqdarda təzminat ilə təmin etməklə yaxınının itirilməsi nəticəsində keçirdiyi sarsıntı və iztirabın unutdurulması, yaşama sevincindəki azalma və mənəvi hüzursuzluğun aradan qaldırılması məqsədi ilə ona mənəvi cəhətdən dəstək olunmasına xidmət edilmiş olur. Mənəvi təzminatın həcmi (miqdarı, məbləği) müəyyən edilərkən iddia irəli sürən insanla ölən və ya sağlamlığına zərər vurulmuş şəxs arasındakı şəfqət və mənəvi bağlılığının möhkəmliyi, keçirilmiş iztirabın və sarsıntının dərəcəsi, onların birlikdə və ya ayrı yaşamaları, ər-arvad olduqları təqdirdə, həmçinin evlilik həyatının müddəti və s. amillər nəzərə alınmalıdır. Ana və atanın uşaqlarının, nənə və babanın nəvələrinin ölümü və ya sağlamlığına zərər vurulması səbəbi ilə mənəvi təzminat tələblərində zərərçəkmişin tək uşaq (nəvə) olması, valideynlərin yenidən uşaq dünyaya gətirəcək yaşda olub-olmamaları kimi amillər də diqqətə alınmalıdır. Uşaqların ana və atalarının ölümü və ya sağlamlığına zərər vurulması səbəbi ilə mənəvi təzminat tələblərində onların ata və analarına möhtac yaşda olmaları, fiziki və ya əqli məhdudiyyətli olmaları əsas götürülməlidir. Hüquqa zidd hərəkətdən zərərçəkmiş qardaş və ya bacıların mənəvi təzminat tələbinə baxılarkən onlar arasında doğmalıq və sevgi hislərinin, mütəmadi və sıx ünsiyyətlərinin olub-olmaması kimi məqamlar nəzərdən keçirilməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra – Avropa Məhkəməsi) “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 41-ci maddəsinə, habelə digər normalarına əsaslanaraq mənəvi zərərin müəyyən edilməsinə dair müvafiq təcrübə formalaşdırmışdır. Avropa Məhkəməsi mənəvi zərəri “nigarançılıq, ruhi sarsıntı və iztirab”, “həyəcan, acizlik və sarsıntı”, “məyusluq, ədalətsizlik hissi və uzunmüddətli qeyri-müəyyənlik” kimi səciyyələndirmişdir (Luluyev və digərləri Rusiyaya qarşı iş üzrə 2006-cı il 9 noyabr tarixli, Pelipenko Rusiyaya qarşı iş üzrə 2014-cü il 16 yanvar tarixli, Şiborş və Kuzmina Rusiyaya qarşı iş üzrə 2014-cü il 16 yanvar tarixli Qərarlar). Avropa Məhkəməsi Varnava və digərləri Türkiyəyə qarşı iş üzrə 2009-cu il 18 sentyabr tarixli Qərarında mənəvi zərəri şəxsin fiziki və ya psixoloji ağrı və əzabı, sıxıntı, narahatlıq, məyusluq, ədalətsizlik və ya alçalma hissi, uzun müddət davam edən qeyri-müəyyənlik, həyatın pozulması və ya real imkansızlıqdan əziyyət çəkən vəziyyəti kimi müəyyən etmiş və qeyd etmişdir ki, maddi zərərin müəyyən edilməsi zamanı məhkəmənin əsaslandığı obyektiv hallardan fərqli olaraq, mənəvi zərərin müəyyən edilməsində subyektiv və hissi ünsürlərə əsaslanaraq qərar qəbul edildiyindən məhkəmə təcrübəsi baxımından nəzərə alınmalı olan ümumi qiymətləndirmə meyarlarının müəyyən edilməsi vacibdir. Mənəvi zərər müəyyən edildikdə məhkəmələr tərəfindən hüquqa zidd əməlin növü, dərəcəsi, şiddəti, davam etdiyi müddət nəzərə alınmalıdır. Bu zaman hüquqa zidd hərəkətin hansı şəraitdə, mühitdə baş verməsinin müəyyən edilməsi də zəruridir. Avropa Məhkəməsinin yuxarıda qeyd olunan Luluyev və digərləri Rusiyaya qarşı iş üzrə Qərarında, həmçinin göstərilmişdir ki, şəxslərin mənəvi iztirablarının dərəcəsinin müəyyən edilməsi üçün qohumluq əlaqələrinin yaxınlıq dərəcəsi, qohumluq münasibətlərinin spesifikası, qohumun hadisənin şahidi olub-olmaması və s. faktorların müəyyən edilməsi əhəmiyyət kəsb edir. Avropa Məhkəməsi Maksimov Rusiyaya qarşı iş üzrə 2010-cu il 18 mart tarixli Qərarında qeyd etmişdir ki, kompensasiyanın hesablanması qaydası mürəkkəbdir. Fiziki və ya mənəvi iztirablara dair işlərə baxılarkən bu proses daha da çətinləşir. Ağrı və əzab, fiziki narahatlıq və əqli sıxıntı və iztirabın pul ilə ölçülə biləcəyi standart mövcud deyildir. Məhkəmələr dəymiş mənəvi zərərə görə ərizəçiyə təyin etdiyi kompensasiyanın həcmini qərarlarında kifayət qədər əsaslandırmalıdırlar. Əsaslandırmanın olmaması ərizəçiyə qeyri-mütənasib, az kompensasiyanın təyin edilməsi, pozuntunun adekvat və effektiv şəkildə aradan qaldırılması prinsipinə uyğun olmayaraq həll edilməsi ilə nəticələnə bilər. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2008-ci il 3 noyabr tarixli qərarının 8-ci bəndinə əsasən, məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Beləliklə, mənəvi zərərin vurulmasının sübut edilməsinin kifayət qədər mürəkkəb olması mübahisəsizdir. Bu növ iddialarda şəxs maddi deyil, mənəvi aləmində, şüurunda baş vermiş mənfi halları, sarsıntını, yaşamaq eşqinin azalmasını və s. məhkəmə qarşısında sübut etməlidir. Bu baxımdan Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair 24 aprel 2020-ci il tarixli qərarında qeyd edilmişdir ki, məhkəmədə mənəvi zərərlə bağlı işə baxılarkən zərərçəkmiş şəxsin mənəvi və fiziki iztirablar keçirməsi ilə əlaqədar zərərin hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində vurulması, zərər vuranın təqsirinin dərəcəsi və mübahisənin həlli üçün əhəmiyyət kəsb edən digər hallar ətraflı araşdırılaraq müəyyən edilməlidir. Vurulmuş mənəvi zərərə görə təzminatın məbləğinin hesablanması zamanı məhkəmələr cavabdehin maddi durumunu nəzərə almalıdır. Həmçinin məhkəmələr tərəfindən nəzərə alınmalıdır ki, şəxsin ölümü və ya sağlamlığına vurulmuş zərər təkcə qohumlarının deyil, həm də onun dostlarının, tanışlarının da mənəvi sarsıntı, məyusluq hisləri keçirməsinə səbəb ola bilər. Lakin məhkəmələr hüquq pozuntusu nəticəsində yaranan mənəvi zərərə görə şəxsin məsuliyyətini müəyyən edərkən güclü emosional hislərlə ağır mənəvi sarsıntı və iztirab hislərini fərqləndirməlidirlər. Beləliklə məhkəmə araşdırması zamanı sübuta yetir ki, Dadaşov Əhməd Cənnət oğlu Cavabdeh MMC-yə məxsus binanın tikintisi zamanı almış olduğu xəsarətə görə ölmüşdür. Məhkəmə araşdırması zaman ilə müəyyən edilir ki, Dadaşov Əhməd Cənnət oğlunun Cavabdeh MMC-də fəhlə işləməsi, Cavabdeh MMC-nin sahə rəisi olan X16 tikintidə təhlükəsizlik qaydalarına riayət etməməsi nəticəsində Dadaşov Əhməd Cənnət oğlunun ağır xəsarət alaraq vəfat etməsi işin mübahisəsiz hallarıdır. Bu baxımdan qeyd olunmalıdır ki, iddiaçıya atasının ölümü ilə əlaqədar sarsıntılar keçirməsi, onlar arasında doğmalıq və sevgi hislərinin, mütəmadi və sıx ünsiyyətlərinin olub-olmaması kimi məqamlar istisna edilmir. Məhkəmə bu kimi halları, həmçinin Abşeron Rayon Məhkəməsinin Azərbaycan Respublikası adından 1(012)-185/2013 saylı 13 sentyabr 2013-cü il tarixli Hökmünün təsviri hissəsində qeyd olunan zərəçəkmiş şəxsin hüquqi varisi X8 X16 onlara 18000 manat məbləğində pul ödədiyinə dair 02.07.2013-cü il tarixli müqaviləni nəzərə alıb hesab edir ki, cavabdehdən iddiaçının xeyrinə 1000 manat məbləğində mənəvi zərər kimi kompensasiya tutulmasını əsaslı və qanunidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1.-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1.-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh MMC-dən 1000 (min) manat məbləğində pul İddiaçı xeyrinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Solmaz Ədilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar