Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-577/2024 08.02.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi, Məhkəmə iclas katibi Məmmədova Təhminə Nizami qızının katibliyi, İddiaçı və Cavabdeh nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “müqavilə üzrə ödənişlərin edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təsviri hissə İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh müqavilə üzrə 5500 manat pul məbləğinin və ödənilmiş dövlət rüsumuna görə 75 manat pulun İddiaçı xeyrinə tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, xx.xx.2023-cü il tarixində Cavabdeh ilə aralarında mebel məhsullarının hazırlanması ilə bağlı bir neçə podrat müqaviləsi bağlanmışdır. Belə ki, həmin müqavilələrə əsasən cavabdeh üçün dəyəri 4500 manat, 3800 manat və 2700 manat, ümumilikdə isə 11.000 manat olan müxtəlif təyinatlı mebel məhsulları hazırlanaraq onun bildirdiyi ünvanda (Nərimanov rayonu, Tələt Şıxəliyev 14) yerləşən mənzildə quraşdırılmışdır. Mebel məhsullarının quraşdırılması zamanı cavabdehin evində təmir işləri aparıldığından və təmin tam başa çatmadığından mebel aksessuarlarının quraşdırılması bir neçə gün ləngimişdir. Lakin, bu ləngimənin səbəbi iddiaçıdan yox, cavabdehin ustalarının təmiri başa çatdırmamasından qaynaqlanmışdır. Cavabdeh aralarında bağlanmış müqavilə üzrə öz öhdəliklərini icra etməmiş və ödəməli olduğu 11.000 manatdan cəmi 5500 manat (150 manat ilkin ödəniş, 5350 manat sonradan ödəniş) manat ödəniş etmişdir. Qalan 5500 manat məbləğin ödənilməsindən isə imtina edərək pulu ödəməyəcəyini bildirmişdir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, Cavabdeh ona 5500 manat məbləğində borcu yaranmışdır və həmin məbləğ bu günədək ödənilməmişdir. Məhkəməyə müraciət etməzdən əvvəl cavabdehə pretenziya qaydasında müraciət edərək öhdəliyini icra etməsi tələb edilsə də müraciətinə Cavabdeh tərəfindən heç bir cavab verilməmişdir. Odur ki, göstərilənlərdən irəli gələrək hesab edir ki, Cavabdeh üzərinə İddiaçı olan 5500 manat məbləğində borcun ödənilməsi öhdəliyi məhkəmə tərəfindən qoyulmalıdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında İddiaçı tərəflər arasında bağlanmış müqavilə predmeti olan bütün mebellərin cavabdehin göstərdiyi ünvana quraşdırıldığını, lakin cavabdehin müqavilənin dəyini tam ödəmədiyini və onun tərəfindən göndərilmiş ustanı evdən məcbur çıxarması səbəbindən təhvil-təslim aktının imzalanmasının mümkün olmadığını, iddianın əsaslılığını təsdiq edən sübutlar təqdim etdiyini bildirərək iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi və vəkili Vəkil iddiaçı tərəfindən müqavilədə göstərilən mebellərin həqiqətən quraşdırılmış olmasını təsdiq edən sübutlar təqdim etməməsini əsas gətirərək iddianın rədd edilməsini xahiş etdi. Qeyd etmişdir ki, tərəflər arasında təhvil təslim aktı mövcud deyil, müqavilənin tərtib olunmasında qüsurlara yol verilmiş, müqavilədə «Hacıoğulları Mebel» qeyd edilmiş, lakin İddiaçı tərəfindən imzalanmışdır. Əsaslandırıcı hissə: a)Mülki işin materialları xx.xx.2023-cü il tarixdə “Hacıoğulları Mebel”in satıcısı İddiaçı və Cavabdeh arasında bağlanmış 3 fərqli podrat müqaviləsinə əsasən, mebel şirkəti tərəfindən müqavilələrdə göstərilmiş əşyaların quraşdırılması üçün 2700 manat, 3800 manat və 4500 manat olmaqla cəmi 11000 manat ödəniş edilməsi barədə razılıq əldə olunmuşdur. xx.xx.2023-cü il tarixli və xx.xx.2023-cü il tarixli ödəniş qəbzlərindən görünür ki, 150 manat və 5350 manat məbləğində ödənişlər edilmişdir. İddiaçı tərəfindən elektron daşıyıcıda məhkəməyə təqdim olunmuş “Whatsapp” sosial şəbəkəsi üzərindən aparılmış danışıqlardan, foto və video çəkilişlərdən aydın olur ki, Cavabdeh “Hacıoğulları Mebel” tərəfindən mebellerin quraşdırılmasının lazımi qaydada aparılmamasından və işlərin ləngiməsindən narazılığını bildirmiş və ödənişlərin edilməsini “Elsevər” adlı şəxslə danışacağını, ondan pul tələb edən şəxslərin də həmin “Elsevər” adlı şəxsə müraciət etmələrini və Elsevərin ondan pulu ödəməsini istədiyi vaxt məsələni onunla həll edəcəyini bildirmişdir. b)Məhkəmə tərəfindən müəyyən edilən hallar: Tərəflər arasında bağlanmış müqaviləyə əsasən iddiaçı cavabdehlə razılaşdırılmış əşyaları cavabdehin göstərdiyi ünvanda quraşdırmağı, cavabdeh isə müqavilənin qiymətini ödəməyi öz öhdəsinə götürmüşdür. Lakin mebellərin nöqsanlara yol verilməklə quraşdırılması və quraşdırma işlərinin ləngiməsini əsas gətirərək ödənişləri tam həyata keçirməkdən imtina etmişdir. c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; 462.1-ci maddəsinə görə dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir; 463.1-ci maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır; 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödəniməsini və öhdəliyin icrasını tələb edə bilər; İş materiallarından müəyyən olunur ki, tərəflər arasında bağlanmış müqavilə mahiyyət etibarı ilə podrat müqaviləsidir. Bu səbəbdən də hazırki münasibətlərin tənzimlənməsi həmin müqaviləyə və bu hüquqi fakta əsasən yaranmış hüquq münasibətlərinə dair qanunvericiliklə nəzərdə tutulmuş hüquq normaları ilə tətbiq edilməklə həyata keçirilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Göründüyü kimi iddiaçının icra etməli olduğu iş, müqavilədə göstərilmiş mebellərin quraşdırılması olmuşdur. Cavabdeh isə bunun müqabilində iddiaçıya müqavilədə razılaşdırılmış pul məbləğini ödəməli idi. Belə ki, həmin Məcəllənin 753.1-ci maddəsinə əsasən sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Hazırki halda isə cavabdeh müqavilə ilə ödənilməsi razılaşdırılmış pul məbləğini tam ödəməkdən imtina etməsinə əsas olaraq podratçı tərəfindən işlərin qüsurlu icra edilməsini göstərmişdir. Lakin nəzərə alınmalıdır ki, tərəflər arasında podrat müqaviləsindən irəli gələn münasibətlərin olması sübuta yetirildiyi (bu müqavilənin mövcudluğu cavabdeh tərəfindən qəbul olunmuş və mübahisələndirilməmişdir) halda podratçısının işi qüsurlu icra etdiyini bildirən tərəf bu halın mövcudluğunu sübutlarla təsdiq etməlidir. Bununla bağlı məhkəməyə cavabdeh tərəfindən mebellərin quraşdırılması zamanı bəzi mebellərlə otağın yan divarları arasında ara məsafəsinin qalmasını, o cümlədən bəzi mebel hissələrinin bir-birinə tam toxunmalı olduğu halda ara məsafəsinin qalmasını göstərən video çəkiliş təqdim olunmuşdur ki, həmin video çəkilişdə qüsur kimi göstərilən halların podratçı tərəfindən yol verilmiş qüsurlar və müqavilə üzrə öhdəliklərinin lazımi qaydada yerinə yetirilməməsini təsdiq edən sübutlar kimi qəbul olunması ağlabatan və əsaslı deyil. Belə ki, cavabdeh quraşdırılmış mebellərin özündə qüsurlar olduğunu bildirməmiş, məhz onların yerləşmə vəziyyətindən narazılığını bildirmişdir. Videodan da görünür ki, bu zaman həmin otaqda mebellərlə işləyən şəxs vardır və hətta cavabdehin mebellərin yerləşməsi ilə bağlı sualına cavab verir. Bu şəraitdə bu şəxsin mebellərin üzərində işləyən və podratçı tərəfindən göndərilmiş şəxs olmadığı, çəkiliş zamanı mebellərin üzərində işlərin görüldüyü və məhz yerləşmədə olan və cavabdeh tərəfindən qüsur kimi göstərilən halların bu işlərin görülməsi zamanı aradan qaldırılması imkanı da istisna edilmir. “Qavazov Bolqarıstana qarşı” iş üzrə xx.xx.2008-ci il tarixli Qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, məhkəmə sübutları qiymətləndirərkən, bir qayda olaraq ”əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir. Yəni bu video çəkiliş podratçısının işi qüsurla icra etməsinin birmənalı sübutu kimi qəbul oluna bilməz. Belə olan halda tərəflər arasında podrat müqaviləsinin olması, podratçı tərəfindən işləri görülməsi, lakin cavabdeh podratçıya razılaşdırılmış muzdu ödəməməsi sübuta yetirilmiş, lakin podratçının icranı qüsurla etməsi sübuta yetirilməmişdir. Digər tərəfdən, cavabdehin etirazının əsası kimi müqavilənin tərtibində qüsurların olmasını göstərsə də, məhkəmə bunu iddia tələbinin rədd olunması üçün əsas hesab etmir. Belə ki, işin mübahisəsiz halından görünür ki, tərəflər arasında müqavilə bağlandıqdan sonra , sifarişçi, yəni Cavabdeh tərəfindən 5500 manat ödəniş edilmişdir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2 aprel 2021-ci il tarixli qərarında qeyd olunur ki, mübahisə edilən əqdlər baxımından yalnız əlaqədar şəxsin (subyektin) onu mübahisləndirməsi hallarında etibarsızlığın nəticələri əmələ gəlir və Mülki Məcəlləyə görə əqdi mübahisələndirməyə hüququ olan şəxs bununla bağlı iradəsini digər tərəfə bildirdiyi anda həmin əqd mübahisələndirilmiş hesab olunur . Tərəfin iradə ifadəsinin zədələnmiş olduğu hallarda (hakimiyyətdən sui-istifadə, aldatma, zorakılıq, hədə, vacib əhəmiyyətli yanılma və s. nəticəsində) əqdlər mübahisələndirilməklə etibarsız hala gəlir. İradə ifadəsi zədələnmiş şəxsin əqdi mübahisələndirməsinə qədər həmin əqd etibarlı əqd kimi qəbul edilir və müvafiq hüquqi nəticələrə səbəb olur. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsız hesab edilir. Tərəflər arasında əqdin etibarsızlığı ilə bağlı mübahisə yaranarsa, məhkəmə qərarı əsasında əqdin etibarsızlığı halının mövcud olub-olmadığı müəyyən edilə bilər. Qərarda həmçinin qeyd olunur ki, mülki qanunvericiliyə nəzər yetirdikdə məlum olur ki, əqdin etibarsızlığına səbəb olan hallar yalnız əhəmiyyətsizlik və mübahisə edilən hallardan ibarət deyildir. Bəzi hallarda mütləq tələb olunan razılığın olmaması səbəbilə etibarsız halda olan əqdin sonradan ağlabatan müddət ərzində müvafiq şəxs tərəfindən bəyənilməsi ilə etibarlı hala gətirilməsinin mümkün olduğu qanunvericilk tərəfindən tənzimlənmişdir. Belə hallarda əqd başlanğıcda etibarsız olsa da, sonradan bu etibarsızlıq halı aradan qaldırılmaqla həmin əqdi etibarlı hala gətirmək hüquqi baxımdan mümkün olur. Mülki prosessual qanunvericiliyin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi, maddə 14.2, 77.1 və 88 maddələri). Məhkəmə qeyd edir ki, iş materialları ilə iddia tələblərinin qanuni əsası yəni, podrat müqaviləsinin mövcudluğu, podratçı tərəfindən müqavilədə nəzərdə tutulmuş işlərin icra edilməsi və cavabdeh tərəfindən müqavilə üzrə muzdun tam həcmdə ödənilməməsi sübuta yetirildiyindən, iddia təmin edilməli, Cavabdeh müqavilə üzrə 5500 manat pul məbləği İddiaçı xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə itirak edən şəxslərə aid edilir; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən və iddiaçı ödənilmiş dövlət rüsumunu cavabdehdən tələb etdiyindən Cavabdeh ödənilmiş dövlət rüsumuna görə 75 manat pulu İddiaçı xeyrinə tutulmalıdır. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119-cu, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh müqavilə üzrə 5500 manat pul məbləği və ödənilmiş dövlət rüsumuna görə 75 manat pul İddiaçı xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində elektron məhkəmə informasiya sistemində yaradılmış elektron kabinetdən Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Aytən Novruzova
Məhkəmə qərarları › İş №2(005)-577/2024
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-577/2024
08.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Podrat müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver