Məhkəmə qərarları › İş №2(005)-58/2024

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-58/2024

24.12.2024 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-58/2024 24.12.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı iş üzrə (açar sözlər: pul tələbi; podrat müqaviləsi; öhdəliklərin icra edilməməsi) Hakim Əfəndizadə Mehriban Xalid qızının sədrliyi, Mayılzadə Gülzadə Çingiz qızının katibliyi, İddiaçı Hökməli qızının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı X1 Cavabdeh MMC-ə qarşı “müqavilənin ləğvi, pul tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin faktiki halları Podratçı Cavabdeh MMC ilə sifarişçi İddiaçı arasında bağlanmış xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən sifarişçinin sifarişi əsasında podratçı Nərimanov rayonu, M.Sənani küçəsində inşa etdiyi 5 girişli, 16 mərtəbəli yaşayış evinin giriş 5, mərtəbə 8, ümumi sahəsi 138.4 kv.m olan izolə olunmuş 3 otaqdan ibarət 211 saylı mənzilini tikib təhvil verməyi öhdəsinə götürmüşdür. Podratçı Cavabdeh MMC ilə sifarişçi İddiaçı arasında bağlanmış xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən sifarişçinin sifarişi əsasında podratçı Nərimanov rayonu, M.Sənani küçəsində inşa olunan 5 girişli, 16 mərtəbəli yaşayış evinin giriş 5, mərtəbə 6, ümumi sahəsi 138.4 kv.m olan izolə olunmuş 3 otaqdan barət 219 saylı mənzilini tikib təhvil verməyi öhdəsinə götürmüşdür. Cavabdeh MMC-nin xx.xx.2022-ci il tarixli maliyyə arayışına əsasən 219 saylı mənzilin tam dəyəri üzrə İddiaçı "xxxx" MMC-yə borcu yoxdur. 6. xx.xx.2022-ci il tarixli pretenziya məktubundan görünür ki, tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli müqavilə üzrə Cavabdeh MMC tərəfindən öhdəliklər 10 gün müddətində yerinə yetirilmədikdə, məhkəməyə müraciət olunacağı barədə İddiaçı tərəfindən xəbərdar edilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(005)- 940/2023 saylı qətnaməsi ilə İddiaçı iddiası əmin edilmiş, Cavabdeh MMC ilə sifarişçi İddiaçı arasında bağlanmış xx.xx.2022-ci il tarixli müqavilə şərtlərinə əsasən Nərimanov rayonu, M.Sənani küçəsində inşa olunan 5 girişli, 16 mərtəbəli yaşayış evinin giriş 5, mərtəbə 6, ümumi sahəsi 138.4 kv.m olan izolə olunmuş 3 otaqdan ibarət 219 saylı mənzilin verilməsi öhdəliyinin «Evrostroy-S.S” MMCnin üzərinə qoyulması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-658/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(005)940/2023 nömrəli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilməklə, iddiaçının Cavabdeh MMCyə qarşı “öhdəliyin yerinə yetirilməsi və mənzilin təvhil verilməsi” tələbinə dair iddia tələbinun təmin edilməməsi, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləğinin cavabdehin özünə aid edilməsi, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyərini təşkil edən 138 manatın Cavabdeh MMC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməsi qət edilmişdir. AR Ali Məhkməsinin Mülki Kollegiyasının 2(102)-3165/2024 saylı, xx.xx.2024-cü il tarixli Qərarı ilə İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 22 may 2024-cü il tarixli 2(103)- 658/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İddia ərizəsinin və ona etirazın dəlilləri: a) İddia ərizəsinin dəlilləri İddiaçı X1 Cavabdeh MMC-ə qarşı “müqavilənin ləğvi, pul tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı X1 iddia tələbi onunla əsaslandırılmışdır ki, mənzil şəraiti pis olduğundan o, xx.xx.2019-cu il tarixində "SİPARK” Yaşayış Kompleksi "EVROSTROY-S.S” MMC-nin direktoru X6 ilə müqavilə bağlayaraq şirkətin inşa etdiyi Bakı şəhəri, Nərimanov rayonu, M.Sənani küçəsində inşa olunan 5 girişli, 16 mərtəbəli yaşayış evinin giriş 5, mərtəbə 8, ümumi sahəsi 138.4 kv.m olan izolə olunmuş 3 otaqdan ibarət 211 saylı mənzili almışdır. Mənzilin dəyərini tam ödəmişdir. Mənzilin dəyərini tam ödəməsi barədə ona xx.xx.2019-cu il tarixində arayış verilmişdir. Mənzilin dəyərinin tam ödənilməsi şirkətlə bağlanmış xx.xx.2019-cu il tarixli müqavilədə də öz əksini tapmışdır. O, tez-tez mənzilə baş çəkmişdir. Təxminən 2022-ci ilin əvvəllərində o, mənzili təmir etmək üçün müraciət etdikdə ona bildirmişlər ki, həmin mənzil ondan sonra başqa şəxsə satılmışdır və həmin mənzili ona verə bilməzlər. Bildirmişlər ki, ondan sonra başqa şəxsə satılmış 211 saylı mənzilin əvəzinə həmin binada yəni, Nərimanov rayonu, M.Sənani küçəsində inşa olunan 5 girişli, 16 mərtəbəli yaşayış evinin giriş 5, mərtəbə 6, ümumi sahəsi 138.4 kv.m olan izolə olunmuş 3 otaqdan ibarət 219 saylı mənzili ona verirlər. xx.xx.2022-ci il tarixində "xxxx" MMC- nin direktoru X2 ilə aralarında 219 sayl mənzilin ona verilməsinə dair 489 saylı müqavilə bağlanmışdır. xx.xx.2022-ci il tarixində ona maliyyə arayışı verilmişdir ki, Bakı şəhəri, Nərimanov rayonu, M.Sənani küçəsində "EVROSTROY-S.S” MMC tərəfindən inşa olunan 5 girişli, 16 mərtəbəli yaşayış evinin giriş 5, mərtəbə 6, ümumi sahəsi 138.4 kv.m olan izolə olunmuş 3 otaqdan ibarət 219 saylı mənzilin tam dəyəri ödənilmiş, İddiaçı "EVROSTROY- S.S” MMC-yə borcu yoxdur. Onu da qeyd edir ki, həmin mənzillə bağlı işıq, su, qaz sayğaclarının qoyulması üçün ondan 2000 manat pul almışlar. Avqust 2022-ci il tarixində isə evinə baxmağa gedərkən ona bildirdilər ki, 219 saylı mənzil də başqasına satılmışdır. Ona təklif etmişlər ki, sənə 3-cü mərtəbədə eyni kvadrat metrlik mənzil veririk, təmir et, gir yaşa, amma səninlə müqavilə bağlamayacağıq. Məlum oldu ki, "xxxx" MMC-nin rəhbəri ondan 166.080 manat pul almış, aldatmış və ona satdığı evləri başqa şəxslərə vermişdir. O pulunu tələb etdikdə isə onlar pulu geri qaytarmaqdan imtina etmişlər. O, "EVROSTROY- S.S” MMC-nin rəhbərliyinə prezentasiya göndərərk aralarındakı müqavilələrin ləğv edilməsini, 166.080 manat pulumun xx.xx.2022-ci il tarixinədək geri qaytarılmasını tələb etmişdir, lakin MMC-nin rəhbərliyindən heç bir cavab almamış və məhkəməyə müraciət etməyi qərara almışdır. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim etmiş və cavabdeh “EVROSTROY-S.S" MMC-dən müqavilə üzrə ödədiyi 166.080 manat pulun və sayğaclara görə ödədiyi 2000 manat məbləğində pulun tutulmasını tələb etmişdir. b) Cavabdehin iddia ərizəsinə etirazının dəlilləri Cavabdeh iddia ərizəsinə etirazını yazılı şəkildə məhkəməyə təqdim etməmişdir. Məhkəmə iclasında verilən izahatlar İddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianı müdafiə etdi və iddianın təmin edilməsini xahiş etdi. O qeyd etdi ki, iddiaçının cavabdehə qarşı “mənzilin təhvil verilməsi” barədə iddia tələbi birinci instansiya məhkəməsi tərəfindən təmin edilsə də, apellyasiya instansiyası məhkəməsi tərəfindən ləğv edilmiş; iddia rədd edilmiş; sözügedən qətnamə AR Ali Məhkəməsinin Mülki Kollegiyası tərəfindən dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Eyni zamanda həmin mülki iş üzrə icraat zamanı ekspertiza keçirilmiş, iddiaçıya məxsus müqavilə maliyyə arayışındakı imza və möhürlərin saxta olmaması təsbit edilmişdir. İddiaçının ona dəymiş maddi ziyanı – müqavilə üzrə ödədiyi pulu tələb etmək hüququ tanınmışdır. İddianın təmin edilməsini məhkəmədən xahiş edirlər. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Mülki işin materialları - xx.xx.2019-cu il tarixli 292 saylı müqavilənin surətindən görünür ki, müqavilədə “sifarişçi” qismində iştirak edən İddiaçı Hökməli qızı və digər tərəfdən “podratçı” qismində iştirak edən Cavabdeh MMC aşağıda göstərilənl qaydada razılaşmışlar: 1.1.“Sifarişçi” müqavilədə göstərilmiş məbləği “Podratçı”-ya tam ödəməklə Nərmanov rayonu, M.Sənani küçəsində inşa olunan 5 girişli, 16 mərtəbəli yaşayış evinin giriş 5, mərtəbə 8, ümumi sahəsi 138,4 m2 olan izolə olunmuş 3 otaqdan ibarət 211 saylı mənzilin tikintisini “Podratçı”-ya həvalə edir. 1.2.“Podratçı” binanın bütün dəmir-beton və hörgü işləri, binanın daxili divar və arakəsmələrinin hörülməsi, Daxili elektrik, elektron avtomat,telefon,televiziya sistemi xətlərinin çəkilməsi, binaya xarici elektrik xətlərinin çəkilməsi və avtonom transformator mərkəzinin quraşdırılması, binanın fasadındakı pəncərə və eyvan qapılarının plastikdən alman texnologiyası ilə hazırlanması, mənzillərin giriş qapılarının metal materialdan hazırlanması və qıfılların qoyulması, binanın daxili su kəməri və kanalizasiya xətlərinin (stayaklann) quraşdırılması və sınananması, xarici su kəməri, kanalizasiya xətlərinin quraşdırılması və magistral şəbəkəyə qoşulması, məhəllənin mühafizə zolağının yaradılması, ərazinin abadlaşdırılması, bir sərnişin və bir ədəd yük liftlərinin quraşdırılması, binaya təbii qaz xəttinin çəkilişi və təbii qazın təminatını öhdəliyini üzərinə götürür. 3.1. “Sifarişçi” sifariş verdiyi 3 otaqlı, tam sahəsi eyvanla birlikdə 138,4 kv.m. olan mənzillərin sahəsinin hər m2-i üçün 1200 AZN olmaqla cəmi 166 080 AZN (bundan sonra Müqavilə qiyməti) manat ödəməyi öhdəsinə götürür. Müqavilə qiyməti tam ödənildikdə 3.2 - 3.4 bəndlər nəzərə alınmır, (mənzilin sahəsi mənzilə daxil olan divarların mərkəzindən mərkəzinə ölçülür). 3.2. «Sifarişçi» Müqavilənin imzalanması ilə bir vaxtda müqavilənin qiymətinin tam hissəsi olan 166 080 AZN ödəyir. - Cavabdeh MMC tərəfindən təqdim edilmiş xx.xx.2019-cu il tarixli maliyyə arayışından görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, M.Sənani küçəsində Cavabdeh MMC tərəfindən inşa edilən 16 mərtəbəli yaşayış binasının 5-ci giriş, 8-ci mərtəbəsində ümumi sahəsi 138,4 m2-dən ibarət olan, 211 saylı üç otaqlı mənzilin tam dəyəri üzrə X1 Cavabdeh MMC-yə borcu yoxdur. - xx.xx.2022-ci il tarixli 489 saylı müqavilənin surətindən görünür ki, müqavilədə “sifarişçi” qismində iştirak edən İddiaçı Hökməli qızı və digər tərəfdən “podratçı” qismində iştirak edən Cavabdeh MMC Nərimanov rayonu, M.Sənani küçəsində inşa olunan 5 girişli, 16 mərtəbəli yaşayış evinin giriş 5, mərtəbə 6, ümumi sahəsi 138,4 m2 olan izolə olunmuş 03 otaqdan ibarət 219 saylı mənzilin tikintisini “Podratçı”-ya həvalə edərək qalan müddəalarda xx.xx.2019-cu il tarixli 292 saylı müqavilə üzrə qeyd edilən bəndlərdəki öhdəlik və əzifələrlə eyni məzmunda razılığa gəlmişlər. - Cavabdeh MMC tərəfindən təqdim edilmiş xx.xx.2022-ci il tarixli maliyyə arayışından görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, M.Sənani küçəsində Cavabdeh MMC tərəfindən inşa edilən 16 mərtəbəli yaşayış binasının 5-ci giriş, 6-cı mərtəbəsində ümumi sahəsi 138,5 m2-dən ibarət olan, 219 saylı üç otaqlı mənzilin tam dəyəri üzrə X1 Cavabdeh MMC-yə borcu yoxdur. - İddiaçı X1 Cavabdeh MMC-yə ünvanlandığı pretenziya məktubunun surətindən görünür ki, iddiaçı cavabdehdən alqı-satqı ilə bağlı ödədiyi 166080 manat pulun geri qaytarılmasını tələb edərək xx.xx.2022-ci il tarixədək cavab almayacağı təqdirdə məhkəməyə müraciət edəcəyini bildirmişdir. - Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024- cü il tarixli qərardadı ilə təyin edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli 4/196-5/162 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş X4 adına olan xx.xx.2022-ci il tarixli; X7 adına olan xx.xx.2023-cü il tarixli etibarnamələrin; “28 iyun 2022-ci il tarixli, 489 nömrəli müqavilənin və 28 iyun 2022-ci il tarixli maliyyə arayışının üzərlərində olan “AZƏRBAYCAN RESPUBLİKASİ Məhdud Məsuliyyətli Cəmiyyəti EVROSTROY-S.S" məzmunlu möhür əksi relyef klişedən sənədlərin üzərlərinə birbaşa vurulmuşdurlar. Təqdim edilmiş X4 adına olan xx.xx.2022-ci il tarixli; X7 adına olan xx.xx.2023-cü il tarixli etibarnamələrin; “28 iyun 2022-ci il tarixli, 489 nömrəli müqavilənin və 28 iyun 2022-ci il tarixli maliyyə arayışının üzərlərində olan "AZƏRBAYCAN RESPUBLİKASİ Məhdud Məsuliyyətli Cəmiyyəti EVROSTROY-S.S” məzmunlu möhür əksləri öz aralarında eynilik təşkil edirlər. Təqdim edilmiş X4 adına olan xx.xx.2022-ci il tarixli; X7 adına olan xx.xx.2023-cü il tarixli etibarnamələrin; “28 iyun 2022-ci il tarixli, 489 nömrəli müqavilənin və 28 iyun 2022-ci il tarixli maliyyə arayışın üzərlərindəki “Direktor:” qrafasındakı imzalar sənədlərin üzərinə faksimile klişe vasitəsilə əks olunmuşdur. Mülki işə tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 178.8. Tikintisi başa çatmayan binanın tərkib hissəsini əldə etmək istəyən şəxslə binanın yerləşdiyi torpaq sahəsinin mülkiyyətçisi (satıcı) arasında bu Məcəllənin 39cu fəsli ilə nəzərdə tutulan podrat münasibətləri əmələ gəlir və belə münasibətlərdə torpaq sahəsinin mülkiyyətçisi (satıcı) podratçı, tikintisi başa çatmayan binanın tərkib hissəsini əldə etmək istəyən şəxs isə sifarişçi hesab edilir. Bu zaman digər öhdəliklərlə yanaşı, satıcı (podratçı) bu Məcəllənin 144-1.4-cü maddəsində nəzərdə tutulan müqavilədə müəyyənləşdirilən müddətdə binanın tikintisini başa çatdırmaq və istismarına icazə almaq, tərkib hissəni əldə etmək istəyən şəxs (sifarişçi) isə razılaşdırılmış məbləği hissə-hissə vaxtında satıcıya ödəmək vəzifəsi daşıyır. Tikintisi başa çatmayan binanın yerləşdiyi torpaq sahəsinin mülkiyyətçisinin (satıcının, podratçının) və (və ya) həmin binanın tərkib hissəsini əldə etmək istəyən şəxsin dəyişməsi onlar arasında yaranan münasibətlərə bu Məcəllənin 39-cu fəslində nəzərdə tutulan podrat münasibətlərinin tətbiqini istisna etməməlidir. Maddə 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Maddə 445.2.1. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi cavabdehin icranı gecikdirməsi sayılır. Maddə 452.1. Fərdi-müəyyən əşyanı kreditorun mülkiyyətinə və ya əvəzli istifadəsinə vermək öhdəliyi icra edilmədikdə kreditor həmin əmlakın borclunun əlindən alınmasını və öhdəlikdə nəzərdə tutulan şərtlərlə ona verilməsini tələb edə bilər. Bu hüquq əmlakın üçüncü şəxsə mülkiyyət hüququ ilə verildiyi halda aradan qalxır. Əgər əmlak hələ verilməmişsə, öhdəlik hansı kreditorun xeyrinə daha əvvəl əmələ gəlmişsə, üstünlük o kreditorundur, bunu müəyyənləşdirmək mümkün olmadıqda isə daha əvvəl iddia irəli sürənindir. Maddə 452.2. Kreditor öhdəliyin predmeti olan əmlakın ona verilməsini tələb etmək əvəzinə zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Maddə 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Maddə 762.1. Podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun. Maddə 096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). İşə baxan məhkəmənin mövqeyi: Beləliklə mülki işin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı Hökməli qızı ilə Cavabdeh MMC arasında Nərimanov rayonu, M.Sənani küçəsində inşa olunan 5 girişli, 16 mərtəbəli yaşayış evinin giriş 5, mərtəbə 8, ümumi sahəsi 138.4 kv.m olan izolə olunmuş 3 otaqdan ibarət 211 saylı mənzillə bağlı xx.xx.2019-cu il tarixli 292 saylı podrat müqaviləsi, xx.xx.2022-ci 11 tarixində Nərimanov rayonu, M.Sənani küçəsində inşa olunan 5 girişli, 16 mərtəbəli yaşayış evinin giriş 5, mərtəbə 6, ümumi sahəsi 138.4 kv.m olan izolə olunmuş 3 otaqdan ibarət 219 saylı mənzilə dair müqavilə imzalanmışdır. Müqaviləyə əsasən podratçı Cavabdeh MMC iddiaçını əvvəlcə Nərimanov rayonu, M.Sənani küçəsində inşa olunan 5 girişli, 16 mərtəbəli yaşayış evinin giriş 5, mərtəbə 8, ümumi sahəsi 138.4 kv.m olan izolə olunmuş 3 otaqdan ibarət 211 saylı mənzillə daha sonra bağlanmış müqaviləyə əsasən isə Nərimanov rayonu, M.Sənani küçəsində inşa olunan 5 girişli, 16 mərtəbəli yaşayış evinin giriş 5, mərtəbə 6, ümumi sahəsi 138.4 kv.m olan izolə olunmuş 3 otaqdan ibarət 219 saylı mənzillə təmin etməyi öhdəsinə götürmüşdür. İddiaçı tərəfindən cavabdehə 166080 manat məbləğində pul ödənilmiş, lakin cavabdeh həmin pulu aldığı halda, müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri icra etməmişdir. Məhkəmə yuxarıda istinad edilən qanunun normalarını nəzərə alaraq, belə qənaətə gəlir ki, cavabdeh podrat müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi icra etməmiş, iddiaçını mənzillə təmin etməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. Buna görə də sonuncu onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öhdəliyin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşımalı, tərəflər arasında imzalanmış podrat müqaviləsi ləğv edilməlidir. Digər tərəfdən İddiaçı Hökməli qızına iddiaçı tərəfində müqavilə üzrəniə düşən öhdəlik yerinə yetirilərək cavabdehə 166080 manat ödəniş edildiyini nəzərə alaraq, məhkəmə belə qənaətə gəlir ki, 166080 manat məbləğində pul cavabdehdən tutularaq iddiaçıya qaytarılmalıdır. Məhkəmə onu da qeyd edir ki, iddiaçının cavabdehə qarşı pul tələbinin əsaslılığı mülki qanunvericiliyin normaları ilə yanaşı, əvvəlki məhkəmə prosesləri (“mənzil” tələbi üzrə) zamanı qəbul edilmiş və qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilə də müəyyən edilmişdir. Belə ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 22 may 2024-cü il tarixli 2(103)- 658/2024 nömrəli qətnaməsində qeyd edilir: “...Göründüyü kimi, ekspert rəyi ilə iddiaçının Nərimanov rayonu, M.Sənani küçəsində inşa olunan 5 girişli, 16 mərtəbəli yaşayış evinin giriş 5, mərtəbə 6, ümumi sahəsi 138.4 kv.m olan izolə olunmuş 3 otaqdan barət 219 saylı mənzilə dair müqavilənin və maliyyə arayışının saxta olmadığı müəyyən edilir. Belə ki, həmin sənədlərdə olan möhür və imzalar cavabdeh tərəfindən öz nümayəndə və vəkillərinə verilmiş etibarnamələrdə əks olunan möhür və imzalarla, onların icra üsulları ilə eynilik təşkil edir (32-ci bəndi) “Beləliklə müəyyən edilir ki, mübahisəli mənzilə dair üçüncü şəxs X3 cavabdeh MMC arasında daha əvvəl müqavilə bağlanılmış, mənzil üçüncü şəxsə təhvil verilmiş, o da həmin mənzili təmir etdirmiş, kommunal xidmətlərə dair müqavilələr bağlamış, nəticə etibarı ilə həmin mənzilə faktiki sahiblənmişdir (38-ci bənd). “Odur ki, yuxarıda istinad olunan Mülki Məcəllənin 452-ci maddəsinin tələblərinə görə mənzil üçüncü şəxsin sahibliyinə və istifadəsinə verildiyindən iddiaçının həmin mənzili tələb hüququ aradan qalxmış olur. İddiaçı isə cavabdeh ilə bağladığı müqavilə üzrə ona dəymiş zərərin əvəzinin ödənilməsini cavabdehdən tələb edə bilər” (39-cu bənd). AR Ali Məhkəməsi Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2(102)-3165/2024 saylı Qərarının 41-ci bəndində qeyd edilir ki, Apellyasiya instansiyası məhkəməsinin qeyd etdiyi kimi iddiaçı cavabdeh ilə bağladığı müqavilə üzrə ona dəymiş zərərin əvəzinin ödənilməsini cavabdehdən tələb edə bilər. Məhkəmə qeyd edilənlərə istinad edərək hesab edir ki, iddia tələbi 166.080 manat pulun cavabdehdən iddiaçının xeyrinə tutulması hissəsində əsaslıdır və təmin edilməlidir. Məhkəmə iddianın cavabdehin işıq, su, qaz sayğaclarının qoyulması üçün ondan 2000 manat alınması səbəbi ilə 2000 manat məbləğində pul vəsaitinin iddiaçının xeyrinə tutulması hissəsinə qiymət verərək belə qənaətə gəlir ki, iddia həmin hissəsinə dair məhkəməyə sübut təqdim edilmədiyindən əsassız hesab edilərək rədd edilməlidir. Belə ki, mülki iş materiallarında olan maliyyə arayışlarından İddiaçı Hökməli qızının müqavilə üzrə üzərinə götürdüyü 166080 manat məbləğin tam icra edildiyi görünsə də iş materiallarına qeyd edilən işıq, su, qaz sayğaclarının qoyulması üçün 2000 manat pul vəsaitinin ödənilməsinə dair heç bir sübut əlavə edilməmişdir. Halbuki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Avropa Məhkəməsinin Mahmudov Rusiyaya qarşı iş üzrə 26 iyul 2007-ci il tarixli qərarına istinadən, məhkəmə qeyd edir ki, məhkəmə araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm-mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. Eyni zamanda, Qavazov Bolqarıstana qarşı iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi mövqeyini ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq, «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, tərəflər arasında imzalanmış podrat müqaviləsi ləğv olunmalı və Cavabdeh MMC-dən İddiaçı Hökməli qızının xeyrinə 166080 manat məbləğində pul vəsaiti tutulmalıdır. İddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1. maddəsinin tələbinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin qeyd olunan maddəsinin tələbini nəzərə alaraq hesab edir ki, 460 manat məbləğində dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.Belə ki, Azərbaycan Respublikası MM-nin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Digər tərəfdən, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinın 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh MMC-dən müqavilə üzrə ödənilən 166080 (yüz altmış altı manat səksən qəpik) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilsin . İddia tələbi qalan hissədə təmin edilməsin. Cavabdeh MMC-dən ödənilmiş dövlət rüsumuna görə 452 (dörd yüz altmış) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilsin, qalan hissədə iddiaçıya aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Mehriban Əfəndizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar