Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-582/2024 14.02.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Ramin Nizaməddin oğlunun sədrliyi, Cəfərov Davud Rauf oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh MMC-nə qarşı ödənilməmiş əmək haqqının və ödənilməmiş əmək haqqıya görə faizin tutulması tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MMC-nə qarşı ödənilməmiş əmək haqqının və ödənilməmiş əmək haqqıya görə faizin tutulması tələbinə dair iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh MMC-dən ona ödənilməmiş əmək haqqısına görə 14100 manat, gecikdirilmiş əmək haqqısına görə 24840 (gündəlik 1%) manat, mənəvi zərərə görə 50000 manat, mediyasiya rüsumu üçün ödənilmiş 50 manat olmaqla, cəmi 93940 manatın tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh MMC ilə arasında bağlanmış əmək müqaviləsinə əsasən ona aylıq 2450 manat əmək haqqı ödənilməli idi. Lakin 2021-ci ilin sentyabr ayından 2022-ci ilin fevral ayı da daxil olmaqla əmək haqqı ödənilməmişdir. Cavabdeh tərəfindən ödənilməmiş əmək haqqı 14100 manat təşkil edir. Gecikdirilmiş əmək haqqıya görə 24840 manat ödənilməlidir. Əmək haqqı verilmədiyi üçün ailənin dolanışığını təmin etmək məqsədilə məcbur qalıb evinin əşyalarını dəyərindən qatqat aşağı satmalı olmuşdur ki, bununla bağlı stress və sarsıntı keşirmişdir. Əgər əmək haqqı verilsə idi evinin əşyalarını satmayacaqdır və steress-sarsıntı keçirməyəckdir. Daha sonra iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə verərək, Cavabdeh MMCdən ona ödənilməmiş əmək haqqının və gecikdirilmiş əmək haqqıya görə gündəlik 1% ödənişin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-in 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə iddiaçının izahatını dinləyərək, onun izahatını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək, belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, Cavabdeh MMC-nin nümayəndəsi xx.xx.2023-cü il tarixdə keçirilmiş ilkin mediasiya sessiyasında iştirak etməmişdir. İlkin mediasiya xərci 50 manat İddiaçı tərəfindən ödənilmişdir; İddiaçı tərəfindən xx.xx.2023-cü il tarixdə Cavabdeh MMC-yə ünvanlanmış pretenziya məktubundan görünür ki, əmək haqqı və sair ödənişlərin ödənilməsi tələb edilmişdir; Sosial arayışdan görünür ki, İddiaçı xx.xx.2022-ci il tarixədək Cavabdeh MMC-də “layihə rəhbərinin köməkçisi” vəzifəsində işləmiş və əmək haqqısı 2245 manat təşkil etmişdir; Əmək kitabçasının surətindən görünür ki, İddiaçı xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası ƏM-nin 68.2-ci maddəsinin “a” bəndinə əsasən Cavabdeh MMC-də tutduğu vəzifədən azad edilmişdir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, İddiaçı Cavabdeh MMC-yə “layihə rəhbərinin köməkçisi” vəzifəsinə işə qəbul edilmiş və xx.xx.2022-ci il tarixdə tutduğu vəzifədən Azərbaycan Respublikası ƏM-nin 68.2-ci maddəsinin “a” bəndinə əsasən azad olunmuşdur. Aylıq əmək haqqı hər ay 2245 manat təşkil etmişdir. Hazırda iddiaçı ödənilməmiş əmək haqqının və əmək haqqının ödənilmədiyi hər gecikdirilmiş gün üçün əmək haqqının bir faizi məbləğində ödəniş gününə qədər hesablanmaqla dəbbə pulunun ödənilməsini tələb edir. Məhkəmə qeyd edir ki, iddiaçı iddia ərizəsində 2021-ci ilin sentyabr ayından 2022-ci ilin fevral ayı da daxil olmaqla ödənilməmiş əmək haqqını tələb etsə də, lakin iş materiallarından görünür ki, iddiaçı ilə bağlnamış əmək müqaviləsinə xx.xx.2022-ci il tarixdə xitam verilmişdir. Odur ki, iddia tələbi 2022-ci ilin fevral ayının tam yox, 16-na kimi təmin edilməlidir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 154.1-ci maddəsinə əsasən əmək haqqı - müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur. 83-cü maddəsinin 2-ci hissəsinin tələblərinə görə əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. 172-ci maddəsinin 4-cü hissəsinə əsasən işçi işdən çıxarkən ona düşən bütün ödənclər tam məbləğdə işdən çıxdığı gündə verilir. Məhkəmə iddia tələbinin “əmək haqqı ödəmədiyi üçün hər gecikdirilmiş gün üçün əmək haqqının bir faizi məbləğində ödəncin ödəniş gününə qədər hesablanmaqla cavabdehdən alınaraq iddiaçıya ödənilməsi” hissəsində qeyd edir ki, iddia həmin hissədə də təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsinə görə Əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsinin şərh edilməsinə dair” 11 aprel 2023-cü il tarixli Qərarına görə əmək münasibətlərinin subyektlərin hüquq və mənafelərinin bərabərliyi prinsipi əsasında nizamlanmasını nəzərə alaraq, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsində nəzərdə tutulmuş “hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir” müddəası fərdi əmək mübahisəsinin yarandığı hala da şamil edilir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, 2021-ci ilin sentyabr ayından 2022-ci ilin 16 fevralına kimi ödənilməmiş əmək haqqı məbləği hesablanaraq Cavabdeh MMC-dən İddiaçı xeyrinə tutulmalıdır. Bundan başqa əmək haqqı ödəmədiyi üçün hər gecikdirilmiş gün üçün əmək haqqının bir faizi məbləğində ödəncin ödəniş gününə qədər hesablanmaqla Cavabdeh MMC-dən alınaraq İddiaçı ödənilməlidir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinin tələblərinə görə “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Mediasiya xərci kimi ödənilmiş 50 manat məbləğində pul Cavabdeh MMC-dən tutularaq İddiaçı ödənilməlidir. Mülki Prosessual Məcəllənin 14.2 və 77.1-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məcəllənin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə tərəflərin təqdim etdikləri sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, 2021-ci ilin sentyabr ayından (sentyabr ayı daxil olmaqla) xx.xx.2022-ci il tarixədək ödənilməmiş əmək haqqı və əmək haqqı ödəmədiyi hər gecikdirilmiş gün üçün əmək haqqının bir faizi məbləğində ödəncin ödəniş gününə qədər hesablanmaqla Cavabdeh MMC-dən alınaraq İddiaçı ödənilməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ İddia qismən təmin edilsin. 2021-ci ilin sentyabr ayından (sentyabr ayı daxil olmaqla) xx.xx.2022-ci il tarixədək ödənilməmiş əmək haqqı hesablanaraq Cavabdeh MMC-dən İddiaçı xeyrinə tutulsun. Əmək haqqı ödəmədiyi hər gecikdirilmiş gün üçün əmək haqqının bir faizi məbləğində ödəncin ödəniş gününə qədər hesablanmaqla Cavabdeh MMC-dən alınaraq İddiaçı ödənilsin. Mediasiya xərci kimi ödənilmiş 50 manat məbləğində pul Cavabdeh MMC-dən tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ramin Quliyev
Məhkəmə qərarları › İş №2(005)-582/2024
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-582/2024
14.02.2024 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver