Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-582/2025 23.04.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ İddiaçı cavabdeh Respublika Xammal və Əmtəə Birjasının "xxxx" MMC-yə qarşı ("xxxx" ASC və Bakı şəhəri Binəqədi rayon icra şöbəsi müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) (açar sözlər: hərracın etibarsızlığı) Hakim Nuriyeva Səbinə Vidadi qızının sədrliyi, Məhkəmə iclas katibi Fətəlizadə Rufanə Xıdır qızının katibliyi ilə, İddiaçı cavabdeh Respublika Xammal və Əmtəə Birjasının "xxxx" MMC-yə qarşı ("xxxx" ASC və Bakı şəhəri Binəqədi rayon icra şöbəsi müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “hərracın nəticələrinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında (Bakı şəhəri, Əhməd bəy Ağaoğlu 34A) açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: I. İşin mahiyyəti: İddiaçı cavabdeh Respublika Xammal və Əmtəə Birjasının "xxxx" MMC-yə qarşı ("xxxx" ASC müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “hərracın nəticələrinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Külək" MMC tərəfindən keçirilmiş 18 noyabr 2020-ci il tarixli 47/04-03 nömrəli İpoteka saxlayana İpoteka predmetinin əldə edilməsi üçün Hərracın Yekunları barədə Protokolun və 18 noyabr 2020-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbini onunla əsaslandırılmışdır ki, Bakı Apellyasiva Məhkəməsinin 15 sentyabr 2022-ci il tarixli 2(103)-4820/2013 saylı. xx.xx.2013-cü il tarixli icra vərəqəsi Binəqədi rayon İcra və Probasiya Şöbəsinin 1768-6023/15K saylı. 23.092020-ci il tarixli hərracın keçirilməsi barədə sifariş məktubu və “Kapital Bank" ASC-nin 135000/4757 saylı. 18.11-ci il tarixli məktubu əsasında yeganə yaşayış yeri olan ünvan 1 ünvanında yerləşən 7 nömrəli mənzili xx.xx.2020-ci il tarixdə cavabdeh təşkilatda hərraca çıxarılmışdır. Lakin hərracın təşkili və keçirilməsi zamanı kobud qanun pozuntularına yol verilmişdir. Göründüyü kimi qanunverciliyin tələbinə əsasən hərrac təşilatçısı hərracın keçirilməsi barədə mülkiyyət sahibi kimi iddiaçıya bildiriş göndərməli olduğu halda bunu da etməmişdir. Ümumiyyətlə hərracın keçirilməsindən məlumatı 09 sentyabr 2024-cü il tarixdə Binəqədi rayon İcra Şöbəsinin 1768-661-15 nömrəli xx.xx.2024-cü il tarixli məktubu əsasında əldə etmişdir. Bundan əlavə bildirmək istəyir ki, paylı mülkiyyətində olan mənzilin hərrac keçirilən zaman real dəyəri 550.000 (beş yüz əlli min) manatdan artıq olsa da, fərdi yaşayış evi sonda 205.275 (iki yüz beş min iki yüz yetmiş beş) manata satılmışdır. Beləliklə də hesab edir ki, hərracın iştirakçısı ipoteka saxlayan “Kapital Bank" ASC cavabdeh təşkilatla qabaqcadan əlbir olaraq mənzili dəyərindən təqribən 345.000 (üç yüz qırx beş min) manat ucuz qiymətə almış və mülkiyyət sahibi olaraq ona xeyli miqdarda maddi ziyan vurulmuşdur. Yuxarıda qeyd olunanlardan aşkar surətdə görsənir ki “Külək" MMC-nin 18 noyabr 2020-ci il tarixdə təşkil etdiyi mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu Ə.Naxçıvani küçəsi ev 14 də yerləşən 7 nömrəli mənzillə əlaqədar açıq hərracın keçirilməsi qanun pozuntuları ilə baş tutmuş və hüquqları kobud surətdə pozulmuşdur. Beləliklə də, mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən yaşayış sahəni formal olaraq, qanını pozuntuları ilə baş tutmuş hərrac nəticəsində ilkin qiymətindən (322.000 manat) daha aşağı qiymətə (205.275) ipoteka saxlayan “Kapital Bank" ASC-nə satılmışdır. Yuxarıda qeyd olunanlardan açıq-aşkar görünür ki. təşkilatçı tərəfindən hərrac məqsədyönlü olaraq ipoteka saxlayanın mənafeyinə uyğun olaraq birtərəfli qaydada, tam şəkildə qanun pozuntusu ilə həyata keçirilmişdir. Mülkiyyətində olan əmlakın kimə satılacağı əvvəlcədən planlaşdırılmış, iddiaçıya hərracın keçirilmə vaxtı barədə qanunamüvafiq qaydada məlumat verilməmiş, hərrac şüurlu olaraq birtərəfli qaydada, gizli şəkildə keçirilmişdir. Eyni zamanda, hərrac zamanı mülkiyyət sahibi kimi, mülkiyyətində olan əmlakını qanuni qaydada əldə etməkdən məhrum edilmişdir. Məhkəmə araşdırması zamanı Bakı şəhəri Binəqədi rayon icra şöbəsi müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmişdir. II. Tərəflərin mövqeləri: Tərəflərə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, onlar məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun üzürlü səbəbi barədə məhkəməyə məlumat verməmişdirlər. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə mülki işə tərəflərin və üçüncü şəxslərin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. III. İşin faktiki halları: İş materiallarında olan: -Bakı Apellyasiya Məhkəməsinin 01 noyabr 2013-cü il tarixli, 2(103)-4820/2013 saylı icra vərəqəsindən görünür ki, 10 sentyabr 2009-cu il tarixli 286 saylı kredit müqaviləsi üzrə 55.650 manat əsas borc və 16.630 manat faiz borcu və iş üzrə ödənilmiş 20 manat məbləğində dövlət rüsumu İddiaçı tutularaq, "xxxx" ASC-nin hesabına keçirilməli, tutma ipoteka ilə yüklü edilmiş mülkiyyət hüququ ilə cavabdeh İddiaçı məxsus Bakı şəhəri, Binəqədi rayonu, Əcəmi Naxçıvani küçəsi 14 nömrəli binanın 7 nömrəli mənzilinə yönəldilməli və həmin mənzilin açıq hərracda satılmalı, satışdan əldə edilmiş vəsait hesabına borcun ödənilməli, artıq qalan hissənin cavabdehə qaytarılmalı, mənzil satıldıqdan sonra ən geci bir ay ərzində cavabdehin mənzildən çıxarılmalıdır. - Respublika Xammal və Əmtəə Birjasının "xxxx" MMC tərəfindən Binəqədi rayon İcra şöbəsinə, habelə “Kapital Bank" ASC və İddiaçı ünvanlanmış açıq hərracın keçirilməsinə dair xx.xx.2020-ci il tarixli 01 №-li bildirişdən görünür ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4820/2013 saylı xx.xx.2013-cü il tarixli icra vərəqəsinin, Binəqədi rayon İcra və Probasiya Şöbəsinin xx/xx-60623/15K saylı xx.xx.2020-ci il tarixli sifariş məktubu üzrə ipoteka qoyulan Bakı şəhəri, Binəqədi rayonu, Ə.Naxçıvani küçəsi 14 saylı evin 7 saylı mənzilinə dair ilkin satış qiyməti 322000 manat olmaqla hərracının keçirilməsi xx.xx.2020-ci il tarixə saat 11:00-17:00-dək təyin edilmişdir. - Respublika Xammal və Əmtəə Birjasının "xxxx" MMC tərəfindən Binəqədi rayon İcra şöbəsinə, habelə “Kapital Bank" ASC və İddiaçı ünvanlanmış açıq hərracın keçirilməsinə dair xx.xx.2020-ci il tarixli 02 №-li bildirişdən görünür ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4820/2013 saylı xx.xx.2013-cü il tarixli icra vərəqəsinin, Binəqədi rayon İcra və Probasiya Şöbəsinin xx/xx-60623/15K saylı xx.xx.2020-ci il tarixli sifariş məktubu üzrə ipoteka qoyulan Bakı şəhəri, Binəqədi rayonu, Ə.Naxçıvani küçəsi 14 saylı evin 7 saylı mənzilinə dair satış qiyməti 15% az olmaqla 273700 manat olmaqla hərracın keçirilməsi xx.xx.2020-ci il tarixə saat 11:00-17:00-dək təyin edilmişdir. - Respublika Xammal və Əmtəə Birjasının "xxxx" MMC tərəfindən “Kapital Bank" ASC və İddiaçı ünvanlanmış ipoteka predmetinin əldə olunmasına dair təklifdən görünür ki, ipoteka predmeti olan Bakı şəhəri, Binəqədi rayonu, Ə.Naxçıvani küçəsi 14 saylı evin 7 saylı mənzili təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə yəni 205275 manat olmaqla ipoteka saxlayana təklif olunmuşdur. - İpoteka saxlayana ipoteka predmetinin əldə edilməsi üçün hərracın yekunları barədə 47/04-03 №-li 18 noyabr 2020-ci il tarixli protokoldan görünür ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4820/2013 saylı xx.xx.2013-cü il tarixli icra vərəqəsinin, Binəqədi rayon İcra və Probasiya Şöbəsinin xx/xx-60623/13K saylı xx.xx.2020-ci il tarixli sifariş məktubunun və “Kapital Bank" ASC-nin 135000/4757 saylı xx.xx.2020-ci il tarixli məktubunun icrasına əsasən X1 məxsus Bakı şəhəri, Binəqədi rayonu, Ə.Naxçıvani küçəsi 14 saylı evin 7 saylı mənzili dəyəri 205275 manat olmaqla ipoteka saxlayan "xxxx" ASC tərəfindən əldə edilmişdir. - Bakı şəhəri Binəqədi rayon İcra şöbəsinin xx.xx.2024-cü il tarixli məktubu ilə müəyyən olunur ki, Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsinin icraatında olan Bakı şəhər Binəqədi Rayon Məhkəməsinin 2(103)-5458/2022 saylı xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən X6 və X7 yetkinlik yaşına çatmayan övladları xx.xx.2007-ci il təvəllüdlü X8 və 21 02.2013-cü il təvəllüdlü X9 ilə birlikdə "xxxx" ASC-nin mülkiyyətində olan Bakı şəhəri Binəqədi rayonu, Əcəmi Naxçıvani küçəsində yerləşən 14 saylı evin 7 saylı mənzilindən çıxarılmalıdır. Cavabdehlər İddiaçı, X6 və X7 yetkinlik yaşına çatmayan övladları xx.xx.2007-ci il təvəllüdlü X8 və xx.xx.2013-cü il təvəllüdlü X9 ilə birlikdə "xxxx" ASC-ın mülkiyyətində olan Bakı şəhəri Binəqədi rayonu, Əcəmi Naxçıvani küçəsində yerləşən 14 saylı evin 7 saylı mənzil üzərindəki istifadə hüquqlarına xitam verilməlidir. Bakı şəhər Binəqədi Rayon Məhkəməsinin 2(103)-5458/2022 saylı, 21 09.2021-ci il tarixli icra vərəqəsinin məcburi icrası hazırki vaxta qədər borclu İddiaçı tərəfindən könüllü qaydada icra edilmədiyi üçün 17 sentyabr 2024-cü il tarixə saat 11:00-a təyin edilmişdir. - Bakı şəhər Binəqədi Rayon Məhkəməsinin 2(001)-5458/2021 saylı xx.xx.2021-ci il tarixli icra vərəqəsindən görünür ki, cavabdehlər X6 və X7 yetkinlik yaşına çatmayan övladları xx.xx.2007-ci il təvəllüdlü X8 və xx.xx.2013-cü il təvəllüdlü X9 ilə birlikdə 'Kapital Bank” ASC-nin mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, Əcəmi Naxçıvani küçəsində yerləşən 14 saylı evin 7 saylı mənzilindən çıxarılmalı, mənzil tamamilə boşaldılaraq, mülkiyyətçi "xxxx" ASC-yə təhvil verilməli, cavabdehlər İddiaçı, X2, X3 və onun yetkinlik yaşına çatmayan övladları xx.xx.2007-ci il təvəllüdlü X4 və xx.xx.2013-cü il təvəllüdlü X5 "xxxx" ASC-nin mülkiyyətində olan Bakı şəhəri. Binəqədi rayonu, Əcəmi Naxçıvani küçəsində yerləşən 14 saylı evin 7 saylı mənzil üzərindəki istifadə hüquqlarına xitam verilməlidir. IV. Tətbiq edilən hüquq və Məhkəmənin mövqeyi: Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, məhkəmə araşdırması zamanı iş materiallarına əlavə olunmuş sənədlər ilə müəyyən olunmuşdur ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4820/2013 saylı xx.xx.2013-cü il tarixli icra vərəqəsinin icrası məqsədilə Binəqədi rayon İcra və Probasiya Şöbəsinin xx/xx-60623/15K saylı xx.xx.2020-ci il tarixli sifariş məktubuna əsasən cavabdeh Respublika Xammal və Əmtəə Birjasının "xxxx" MMC tərəfindən iddiaçıya məxsus olmuş Bakı şəhəri, Binəqədi rayonu, Ə.Naxçıvani küçəsi 14 saylı evin 7 saylı mənzili ilkin satış qiyməti 322000 manat olmaqla xx.xx.2020-ci il tarixdə ilkin hərracı keçirilmişdir. Bundan sonra satış qiyməti 273700 (15% daha az) manat olmaqla xx.xx.2020-ci il tarixdə təkrar hərrac keçirilmişdir. Qeyd olunan hərraclar baş tutmadığından əmlak Respublika Xammal və Əmtəə Birjasının "xxxx" MMC-nin ipoteka predmetinin əldə olunmasına dair xx.xx.2020-ci il tarixli təklif məktubu ilə təkrar hərracdakı ilkin satış qiymətindən 25 % az olmayan qiymətlə, yəni 205275 manat olmaqla ipoteka saxlayana - "xxxx" ASC -yə təklif olunmuşdur. Bundan sonra ipoteka predmetinin əldə edilməsi üçün hərracın yekunları barədə 47/04-03 №-li 18 noyabr 2020-ci il tarixli protokola əsasən, Bakı şəhəri, Binəqədi rayonu, Ə.Naxçıvani küçəsi 14 saylı evin 7 saylı mənzil dəyəri 205275 manat olmaqla ipoteka saxlayan "xxxx" ASC tərəfindən əldə edilmişdir. Bununla razılaşmayan İddiaçı keçirilmiş hərracın yekunları barədə protokolun və müqavilənin etibarsız hesab edilməsi ilə bağlı məhkəməyə müraciət etmişdir. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesində ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Bu mənada məhkəmənin qənaətinə görə, iddia üzrə iddiaçının irəli sürdüyü faktiki hallara onun iddia tələblərinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşıbuzlaşmamasına hüquqi qiymət verilməlidir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun: 36.1-ci maddəsinə əsasən, ipoteka saxlayan bu Qanunun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildirişi ipoteka qoyanın və ipoteka müqaviləsində qeyd olunan digər şəxsin ünvanına, bildirişin surətini isə ona məlum olan sonrakı ipoteka saxlayana, birgə ipoteka saxlayanlara, habelə “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilən yüklülük sahiblərinə sifarişli poçt göndərişi (məktubu) və elektron üsulla göndərir. Poçt göndərişi vasitəsilə ölkə daxilində göndərilmiş rəsmi bildiriş onun poçta təqdim edildiyi gündən 5 təqvim günü keçdikdən sonra, elektron üsulla göndərilmiş rəsmi bildiriş isə göndərildiyi gündən 3 təqvim günü keçdikdən sonra təqdim olunmuş sayılır. 39.3.3-cü maddəsinə əsasən, ipoteka predmetinin ilkin satış qiyməti. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir; “İpoteka haqqında” Qanunun 41.1-ci maddəsinə əsasən ipoteka müqaviləsinə əsasən tutma yönəldilən ipoteka predmeti açıq bazarda və ya hərracda, o cümlədən elektron qaydada keçirilən hərracda satıla bilər. “İpoteka haqqında” Qanunun 41.2, 41.3, 41.4 və 41.5-ci maddələrinə əsasən, Məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru icra məmuru tərəfindən “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. İcra məmuru ipoteka saxlayanın və ipoteka qoyanın qarşılıqlı razılığına əsasən seçilmiş beş ildən az olmayan daimi fəaliyyət göstərən ixtisaslaşdırılmış təşkilata (bundan sonra - hərracın təşkilatçısı) hərracın keçirilməsi barədə sifarişi verir. Bu razılıq 5 təqvim günü müddətində əldə edilmədikdə icra məmuru sifarişi “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq verir. Hərracın təşkilatçısına sifariş “İcra haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq qaydada tərtib olunur və hərraca çıxarılan ipoteka predmetinin ilkin satış qiymətini əks etdirir. Tərəflərin notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında məhkəməyə müraciət edilmədən tutma yönəldilən ipoteka predmeti satılarkən satış üsulu və satışı həyata keçirməli olan şəxs tərəflərin razılığı ilə müəyyən olunur. Razılığa əsasən ipoteka predmeti hərracda satıldıqda ipoteka saxlayan və ya ipoteka qoyan hərracın təşkilatçısına sifarişi verə bilərlər. Hərrac açıq auksion formasında keçirilir. Həmin Qanunun 42.1-ci maddəsinə əsasən, hərracın təşkilatçısı icra məmurundan sifarişi aldığı gündən 5 iş günü müddətində hərracın keçirilməsinə dair mediada və özünün rəsmi internet saytında elan dərc etdirir və bu barədə ipoteka saxlayana və ipoteka qoyana sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərir. Elan və bildiriş hərracın keçirilməsinə ən geci 20 təqvim günü qalmış verilir (göndərilir). Hərrac sifarişin alındığı gündən 30 təqvim günündən gec olmayaraq keçirilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, keçirilmə qaydası, satışa çıxarılan ipoteka predmetinin yerləşdiyi ərazi və təsviri, ilkin satış qiyməti, hərrac addımı (ilkin satış qiymətinin 3 faizindən artıq olmamaqla), hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Hərracın iştirakçısı hərracın predmetinin ilkin satış qiymətinin 5 faizi məbləğində beh ödəməlidir Həmin Qanunun 42.5 və 42.6-cı maddələrinə əsasən Ən yüksək qiymət təklif etmiş şəxs hərracı udmuş sayılır. Hərracı udmuş şəxs və hərracın təşkilatçısı auksionun keçirildiyi gün hərracın nəticələri haqqında müqavilə qüvvəsinə malik olan protokol imzalayırlar. Protokolun imzalanmasından imtina edilməsi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 415-ci maddəsində nəzərdə tutulmuş nəticələrə səbəb olur. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun: - 53.1-ci maddəsinin tələbinə görə üzərinə həbs qoyulmuş əmlak, qanunla dövriyyədən çıxarılmış və ya dövriyyəsi məhdudlaşdırılmış əmlak istisna olmaqla, həbsin səbəblərindən, əmlakın növündən və mənsubiyyətindən asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə başqa hal nəzərdə tutulmamışdırsa, tələbkara təklif olunur. Tələbkar imtina etdikdə həmin əmlak tələbkarın imtina etdiyi gündən üç ay müddətində satılmalıdır. - 53.2-ci maddəsinin tələbinə görə borclunun əmlakı, Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada əmtəə birjaları nəzdində yaradılan və bu cür əməliyyatlar aparmaq hüququna malik olan ixtisaslaşdırılmış müəssisələr tərəfindən hərrac yolu ilə satılır. - 53.3-cü maddəsinin tələbinə görə əmlak satılmadıqda həmin əmlak yenidən tələbkara təklif olunur. Tələbkar əmlakdan imtina etdikdə əmlak borcluya, icra sənədi isə icra sənədini vermiş məhkəmə və ya digər orqana qaytarılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 269.1-ci maddəsinə görə girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. - 317.1-ci maddəsinə görə borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. - 319.1-ci maddəsinə görə əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Borclunun ipoteka ilə təmin olunmuş öhdəliklərini yerinə yetirmədiyi və ya yerinə yetirilməsini gecikdirdiyi hallarda daşınmaz əmlaka mülkiyyət hüququnun bilavasitə kreditora keçməsi barədə razılaşma etibarsızdır. - 319.4-cü maddəsinə əsasən, açıq hərracdan satışa çıxarılan ipoteka predmetinin ilkin satış qiyməti “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müəyyən edilir. - 415.2-ci maddəsinə əsasən, qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci otuz gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Əgər hərracın predmeti müqavilə bağlamaq hüququdursa, qarşıdakı hərrac barəsində bildirişdə bunun üçün verilən müddət göstərilməlidir. - 416.1-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Mülki Məcəlləyə əsasən, qanunvericiliklə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Belə ki, İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, hərrac təşilatçısı hərracın keçirilməsi barədə mülkiyyət sahibi kimi iddiaçıya bildiriş göndərməli olduğu halda bunu da etməmişdir Məhkəmə qeyd edir ki, hərrac barədə tərəfin məlumatlandırılması qaydası “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Həmin Qanunun 42.1-ci maddəsinə görə, hərracın təşkilatçısı icra məmurundan sifarişi aldığı gündən 5 iş günü müddətində hərracın keçirilməsinə dair mediada və özünün rəsmi internet saytında elan dərc etdirir və bu barədə ipoteka saxlayana və ipoteka qoyana sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “F.Cavadov və V. Aslanovun şikayəti ilə əlaqədar” 30 dekabr 2008-ci il tarixli qərarında hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, Qanunun hərracın keçirilməsi qaydasını tənzimləyən 42-ci maddəsində təşkilatçının hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində elan dərc etdirməsi, ipoteka saxlayana və ipoteka qoyana verilməsini təsdiq etmə üsulu ilə bildiriş göndərməsi qeyd olunmaqla, elanların verilməsi müddətlərinə və s. dair müddəalar əks etdirilmiş, 43-cü və 44-cü maddələrində isə müvafiq olaraq hərracın baş tutmamış hesab edilməsinin və onun etibarsız sayılmasının nəticələri göstərilmişdir (bu Qanun 09 iyul 2005-ci il tarixdə qüvvəyə minmişdir)… bu maddənin məzmununda nəzərdə tutulan bildiriş ümumiyyətlə hüquqi təbiətinə görə birtərəfli əqd kimi qeyri-məhdud şəxslər dairəsinə ünvanlanan təklif (oferta) hesab edilir və bu maddədə hərracın keçirilməsini bildirişin yazılı surətdə bilavasitə borcluya, yaxud da tələbkara göndərilməsindən və onların məcburi iştirakından asılı edərək qadağa qoyulmur. Bundan əlavə, “İpoteka haqqında” Qanunun 36.1-ci maddəsinə əsasən poçt göndərişi vasitəsilə ölkə daxilində göndərilmiş rəsmi bildiriş onun poçta təqdim edildiyi gündən 5 təqvim günü keçdikdən sonra təqdim edilmiş sayılır. Göründüyü kimi qanunda məcburi qayda kimi bildirişin sifarişli poçt göndərişi (məktubu) ilə göndərilməsi və kütləvi informasiya vasitələrində, habelə hərrac təşkilatçısının rəsmi internet saytında elanın dərc olunması nəzərdə tutulmuşdur. Məhkəmə tərəfindən iş materialları ilə cavabdeh "xxxx" MMC tərəfindən ipoteka predmeti olan əmlaka dair hərracların keçirilməsi barədə bildirişlərin sifarişli poçt göndərişi (məktubu) ilə hərrac təşkilatçısı tərəfindən iddiaçının ünvanı üzrə göndərildiyi, hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində (Birja yenilikləri qəzeti 24 oktyabr 2020ci il tarixli 220 №-li və 11 noyabr 2020-ci il tarixli 223 №-li sayında) elan dərc etdirilməsi müəyyən olunmuşdur. Məhkəmə qeyd edir ki, qanunvericiliklə bu qəbildən olan işlər üzrə hərracın keçirilməsinə məsul olan hərrac təşkilatı (hazırki işdə cavabdeh Respublika Xammal və Əmtəə Birjasının "xxxx" MMC) hərrac iştirakçısının faktiki olaraq yaşadığı ünvanı axtarıb tapmaq və bildirişlərin borclunun bu ünvanına göndərmək, habelə onun özünü şəxsən tapıb, bildirişi şəxsən onun özünə təqdim etmək və ya hərrac barədə özündə məlumatları əks etdirən qəzetləri göndərmək öhdəliyi daşımamışdır. Qanunverici hərrac təşkilatının üzərinə sifarişi aldığı gündən 5 iş günü müddətində hərracın keçirilməsinə dair mediada və özünün rəsmi internet saytında elan dərc etdirməsi və bu barədə ipoteka saxlayana və ipoteka qoyana sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərməsi vəzifəsi qoymuşdur. Hərrac təşkilatı qeyd edilən şəxsə mənzilə dair keçirilmiş ilkin və təkrar hərraclara dair sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərməklə və qəzetlərdə elanlar dərc etdirməklə üzərinə qoyulmuş bu öhdəliyi yerinə yetirmişdir. Göründüyü kimi, işdə olan sübutlardan hərracın keçirilməsi ilə bağlı qanunvericiliyin tələblərinə (ilk və təkrar hərracın keçirilməsi, qəzetlərdə elanların verilməsi, bildirişlərin göndərilməsi, alqı-satqı müqaviləsinin bağlanması və s.) tam riayət olunması görünür. Odur ki, məhkəmə ipoteka predmeti üzrə hərrac təşkilatının hərəkətlərini qanunvericiliyə uyğun və əsaslı hesab edir. Yuxarıda qeyd olunan maddi hüquq normalarının ipmerativ şərtlərini iddia tələbinin verilməsinə əsas olmuş hallara, habelə tələbdə göstərilən hərracla bağlı nəticələrin hüquqi statusu ilə bağlı iddiaçının əldə etmək istədiyi nəticəyə tətbiqi zamanı həmin halların əsassız olduğu müəyyən edilir. Digər tərəfdən İddiaçı hərracın nəticələrinin etibarsız hesab edilməsi barədə tələbinin digər əsasını mənzilin ilkin satış qiymətindən daha aşağı qiymətə satılması təşkil edir. Bununla bağlı məhkəmə qeyd edir ki: “İcra haqqında” Azərbaycan Respublikası Qanununun: - 51.1-ci maddəsinə əsasən, borclunun əmlakının “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən tərəflərin razılığı ilə qiymətləndirildiyi, yaxud əmlakın qiymətinin məhkəmə qərarı ilə müəyyən edildiyi, habelə tənzimlənən qiymətlərin tətbiq olunduğu hallar istisna olmaqla, borclunun əmlakının qiymətləndirilməsi “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq qiymətləndirici tərəfindən həyata keçirilir. İcra məmuru qiymətləndirmə sahəsində ixtisaslaşmış və 5 ildən az olmayaraq fəaliyyət göstərən, ağır və ya xüsusilə ağır cinayətlərə, habelə korrupsiya cinayətləri və qulluq mənafeyi əleyhinə olan cinayətlərə və ya iqtisadi sahədə olan cinayətlərə görə məhkum edilməyən qiymətləndiricini dəvət etməlidir. - 61.1-ci və 61.2-ci maddələrinə əsasən, borclunun əmlakının satılması üzrə hərraclar, bu Qanunun 53.2-ci maddəsində göstərilən ixtisaslaşdırılmış müəssisələr tərəfindən müvafiq müqavilə əsasında təşkil edilir və keçirilir. İxtisaslaşdırılmış müəssisələr hərracı icra məmurunun sifarişi əsasında keçirirlər. Həmin sifarişdə hərraca qoyulan əmlakın ilkin qiyməti göstərilir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun: - 39.3.3. ipoteka predmetinin ilkin satış qiyməti. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. -43.4. İpoteka predmetinin ipoteka saxlayan tərəfindən alınması barədə bu Qanunun 43.3-cü maddəsində nəzərdə tutulmuş müqavilə baş tutmadıqda birinci hərracın keçirildiyi gündən bir 20 təqvim günündən gec olmayaraq təkrar hərrac keçirilir. -43.5. Təkrar hərrac bu Qanunun 42-ci maddəsində nəzərdə tutulmuş qaydada keçirilir. Hərracın təşkilatçısı ipoteka predmetini ilkin satış qiymət ilə, hərracın iştirakçısı olmadığına görə hərracın baş tutmadığı səbəbə görə isə ilkin satış qiymətindən 15 faiz aşağı qiymətlə hərraca çıxara bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hərracın keçirilməsi xərclərinin və hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini açıq hərracdan satan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun. -43.7. Bu Qanunun 43.1.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hərrac digər səbəblərə görə baş tutmamış elan edildikdə ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı satış qiymətindən 25 faiz az olmayan qiymətlə ala bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini satın alan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun. -43.7-1. Təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunması barədə ipoteka saxlayan və hərracın təşkilatçısı 30 təqvim günü ərzində protokol imzalayırlar; bu protokol müqavilə qüvvəsinə malikdir. Göründüyü kimi, qanunvericiliyə əsasən, borcluya məxsus əmlak yalnız tərəflərin razılığı və ya məhkəmənin qərarı ilə qiymətləndirilmədiyi halda icra məmuru borclunun əmlakının qiymətləndirilməsi üçün qərar qəbul edə bilər. Məhkəmə araşdırması zamanı hərracın keçirilməsi ilə bağlı icra işi materialları Bakı şəhəri Binəqədi rayon icra şöbəsindən tələb olunmuş və sonuncu tərəfindən məhkəməyə təqdim edilmişdir. İcra işi materialları ilə məhkəmə tərəfindən müəyyən olunmuşdur ki, İddiaçı kredit borcunun tutulması və tutmanın ipoteka predmetinə - Bakı şəhəri, Binəqədi rayonu, Əcəmi Naxçıvani küçəsi 14 nömrəli binanın 7 nömrəli mənzilinə yönəldilməsi qət edilmiş, bundan sonra qətnamə icra edilməsi üçün icra orqanına – Binəqədi rayon icra şöbəsinə göndərilmişdir. Daha sonra məhkəmə qətnaməsinin icrasını təmin etmək məqsədi ilə icra orqanı qanunvericiliklə üzərinə qoyulmuş vəzifələr üzrə ipoteka predmetinin ilkin satış qiymətini müəyyən etmək üçün (bununla bağlı razılıq olmadığından və mənzilin ilkin satış qiyməti məhkəmə tərəfindən müəyyən olunmadığından) xx.xx.2016-cı il tarixdə qiymətləndiricinin dəvət edilməsi barədə qərar qəbul edərək, mənzilin qiymətləndirilməsi üçün "xxxx" MMC-yə xx.xx.2016-cı il tarixli məktubla müraciət etmişdir. Əmlaka baxış keçirmək mümkün olmadığından iş icra olunmadan geri qaytarılmış, bundan sonra icra şöbəsinin xx.xx.2016-cı il tarixli qərarı və eyni tarixli məktubu ilə yenidən mənzilin qiymətləndirilməsi "xxxx" MMC-yə sifariş olunmuşdur. "xxxx" MMC-nin 09 dekabr 2016-cı il tarixli hesabatı ilə Bakı şəhəri, Binəqədi rayonu, Əcəmi Naxçıvani küçəsi 14 nömrəli binanın 7 nömrəli mənzilinin qiyməti 322000 (üç yüz iyirmi iki min) manat müəyyən edilmişdir. İcra şöbəsi əmlakın hərracını təşkil etmək üçün sifariş məktubu ilə hazırki iş üzrə cavabdeh Respublika Xammal və Əmtəə Birjasının "xxxx" MMC-yə müraciət edərək, əmlakın ilkin satış qiyməti 322000 manat olmaqla hərracının təşkil edilməsini sifariş etmişdir. Bundan sonra cavabdeh Respublika Xammal və Əmtəə Birjasının "xxxx" MMC tərəfindən ipoteka predmeti olan Bakı şəhəri, Binəqədi rayonu, Əcəmi Naxçıvani küçəsi 14 nömrəli binanın 7 nömrəli mənzilinə dair hərrac təşkil olunmuşdur. Məhkəmə qeyd edir ki, iddiaçı qeyd olunan mənzilin dəyərinin 550.000 (beş yüz əlli min) manatdan artıq olduğunu bildirsə də, məhkəməyə buna dair, habelə ilkin satış qiymətini müəyyən edən "xxxx" MMC-nin rəyini təkzib edən hər hansı bir mötəbər sübut (rəy, hesabat və s.) təqdim etməmişdir. Halbuki, iddiaçının bildirdiyi hallar bilavasitə onun sübutetmə yükü ilə bağlıdır və iddiaçı bu hallara dair sübutetmə vəzifəsi daşıyır. Digər tərəfdən məhkəmə iddiaçının “hərrac nəticəsində əmlakın ilkin qiymətindən (322.000 manat) daha aşağı qiymətə (205.275) ipoteka saxlayan “Kapital Bank" ASC-nə satılması” barədə dəlillərinə münasibətdə qeyd edir ki, qanunvericiliklə ipoteka predmeti olan əmlakın likvid qiymətlə satışa çıxarılması, ümumilikdə ilkin və təkrar olmaqla iki hərracın keçirilməsi imkanı, ilkin və təkrar hərrac baş tutmadığı halda əmlakın ilkin satış qiymətinin ardıcıl olaraq 15% və 25% azaldılması və təkrar hərracın baş tutmadığı halda ipoteka saxlayanın əmlakı 30 gün müddətində əldə etməsi imkanı nəzərdə tutulmuşdur. Hazırki mülki iş üzrə mübahisələndirilən - Bakı şəhəri, Binəqədi rayonu, Əcəmi Naxçıvani küçəsi 14 nömrəli binanın 7 nömrəli mənzili ilkin satış qiyməti "xxxx" MMC-nin rəyinə uyğun olaraq 322000 manat müəyyən olunmuşdur. İlkin hərrac baş tutmadığından əmlakın dəyəri 15% azaldılmaqla 273700 manat olmaqla 06 noyabr 2020-ci il tarixdə təkrar hərracı keçirilmişdir. Mənzilin keçirilmiş ilkin və təkrar açıq hərracda satılmaması – hərracın baş tutmaması səbəbindən məktubla mənzil sonuncu hərrac üzrə müəyyən edilmiş dəyəri qanunvericiliyə uyğun olaraq 25 % azaldılaraq 205275 manata tələbkara təklif olunmuşdur. xx.xx.2020-ci il tarixdə təkrar hərrac baş tutmamış elan edildikdən sonra qanunla müəyyən olunmuş müddət ərzində (30 təqvim günü) cavabdeh "xxxx" MMC tərəfindən 18 noyabr 2020-ci il tarixdə müvafiq protokol tərtib edilmiş, Bakı şəhəri, Binəqədi rayonu, Əcəmi Naxçıvani küçəsi 14 nömrəli binanın 7 nömrəli mənzili ipoteka saxlayan “Kapital Bank" ASC (nümayəndəsi X15) tərəfindən əldə edilmişdir. Göründüyü kimi, əmlakın hərrac təşkilatı tərəfindən ilkin olaraq 322000 manat ("xxxx" MMC-nin hesabatına) məbləğinə ilkin hərraca, ilkin hərraca baş tutmadığından ilkin satış qiymətindən 15 faiz aşağı qiymətlə (322000-15%=273700) təkrar hərraca çıxarılması, hərraclar baş tutmadığından ipoteka saxlayanın ipoteka predmetini təkrar hərracdakı satış qiymətindən 25 faiz məbləğlə (273700-25%=205275) alması qanunvericiliyin tələblərinə uyğun olmuşdur. Yuxarıda qeyd olunan maddi hüquq normalarının imperativ şərtlərini iddia tələbinin verilməsinə əsas olmuş hallara, habelə tələbdə göstərilən hərracla bağlı nəticələrin hüquqi statusu ilə bağlı iddiaçının əldə etmək istədiyi nəticəyə tətbiqi zamanı həmin halların əsassız olduğu müəyyən edilir. İddiaçı iddiasını əsaslı edən müvafiq sübutları məhkəməyə təqdim edə bilməmiş, mövcud sübutlar məhkəmədə araşdırılmış və qarşılıqlı tədqiq edilmiş işin faktiki halları ilə tam olaraq öz hüquqi təsdiqini tapmamışdır. Mülki prosessual qanunvericiliyin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə hesab edir ki, Bakı şəhəri, Binəqədi rayonu, Ə.Naxçıvani küçəsi 14 saylı evin 7 saylı mənzilinin açıq hərracdan satılması Respublika Xammal və Əmtəə Birjasının "xxxx" MMC tərəfindən hərraca dair qanunvericiliyin tələblərinə müvafiq olaraq keçirilmiş və hərrac mərkəzi hərracın keçirilməsində haqlı olmuşdur. Qeyd edilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, cavabdeh Respublika Xammal və Əmtəə Birjasının "xxxx" MMC tərəfindən mübahisə predmeti olan hərracın etibarsızlığına dəlalət edən və bunun nəticəsində bağlanmış müqavilənin və protokolun etibarsız hesab edilməsini şərtləndirən hər hansı qanunsuz hərəkətə yol verildiyi müəyyən edilmədiyindən, hərracın özü-özlüyündə etibarsız olması halı isə öz təsdiqini tapmadığından Respublika Xammal və Əmtəə Birjasının "xxxx" MMC-nin təşkilatçılığı ilə keçirilmiş hərracın nəticələrinin etibarsız hesab edilməsi üçün hər hansı hüquqi əsas yoxdur. Bu isə iddia tələbinin təmin edilməsini istisna edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. -124.2-ci maddəsinə əsasən, iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Məhkəmə hesab edir ki, hazırki iddia tələbi rədd edildiyindən iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu da iddiaçı tərəfə aid edilməlidir. Məhkəmə iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, İddiaçı cavabdeh Respublika Xammal və Əmtəə Birjasının "xxxx" MMC-yə qarşı ("xxxx" ASC və Bakı şəhəri Binəqədi rayon icra şöbəsi müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) ““Külək" MMC tərəfindən keçirilmiş 18 noyabr 2020-ci il tarixli 47/04-03 nömrəli İpoteka saxlayana İpoteka predmetinin əldə eilməsi üçün Hərracın Yekunları barədə Protokolun və 18 noyabr 2020-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair iddiası təmin edilməməli, iddia üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. V. Nəticə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 124, 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh Respublika Xammal və Əmtəə Birjasının "xxxx" MMC-yə qarşı ("xxxx" ASC və Bakı şəhəri Binəqədi rayon icra şöbəsi müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) ““Külək" MMC tərəfindən keçirilmiş 18 noyabr 2020ci il tarixli 47/04-03 nömrəli İpoteka saxlayana İpoteka predmetinin əldə eilməsi üçün Hərracın Yekunları barədə Protokolun və 18 noyabr 2020-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair iddiası təmin edilməsin. İddia üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov 540) apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Səbinə Nuriyeva
Məhkəmə qərarları › İş №2(005)-582/2025
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-582/2025
23.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver