Məhkəmə qərarları › İş №2(005)-591/2023

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-591/2023

09.01.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-591/2023 09.01.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əfəndizadə Mehriban Xalid qızının sədrliyi, Məhkəmə iclas katibi Qurbanova Səkinə Nadir qızının katibliyi, Tərəflərin iştirakı olmadan, İddiaçı Cavabdeh qarşı “alimentin tutulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı alimentin tutulması tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, İddiaçı və Cavabdeh arasında xx.xx.2017-ci ildə Bakı şəhəri, Səadət sarayının (Bakı Nikah evi) 793 №li qeydi ilə rəsmiləşən birgə nikahdan doğulmuş yetkinlik yaşına çatmayan xx.xx.2019-cu il təvəllüdlü X3 və xx.xx.2022-ci il təvəllüdlü X1 yetkinlik yaşlarına çatana qədər saxlanmaları üçün Ailə Məcəlləsinin 76.1.2-ci maddəsinin tələblərinə əsasən hər ay cavabdehin qazancının (başqa gəlirlərinin) üçdə bir hissəsi miqdarında alimentin cavabdehdən tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.2017-ci ildə Bakı şəhəri, Səadət sarayının (Bakı Nikah evi) 793 №li qeydi ilə rəsmiləşən nikahla Cavabdeh ilə ailə qurmuşdur. Həmin nikahdan xx.xx.2019-cu il təvəllüdlü İsazadə Akif adlı oğlu və xx.xx.2022-ci il təvəllüdlü İsazadə Tamerlan adlı oğlumuz dünyaya gəlmişdir. Cavabdehlə əvvəllər münasibətləri yaxşı olsa da son zamanlar pisləşmişdir. Son dövrlərdə ailədə baş verən mübahisələrə görə cavabdehlə aralarında olan münasibətlər pozulmuşdur. Halhazırda cavabdehlə ayrı yaşayır. Uşaqlar hal-hazırda İddiaçı yanında qalır və onların bütün maddi və mənəvi tələbatlarını təkbaşına ödəyir, cavahdeh uşaqların saxlanması üçün İddiaçı hər hansı məbləğdə maddi vəsait ödəmir. Cavabdeh uşaqlara çəkilən xərclərdən kənarda qalır, övladlarının ana nəvazişindən başqa, digər maddi məsrəflərə də ehtiyacı vardır. Hal-hazırda analıq məzuniyyətində olduğundan heç yerdən gəliri yoxdur, eyni zamanda himayəsində azyaşlı uşaq olduğundan işləməyi də mümkün deyildir. Təkbaşına ailənin saxlanılması olduqca çətindir. Hal-hazırda qardaşının evində qalır. Uşaqların maddi xərclərini valideynləri qarşılayır. Belə vəziyyətdə bütün xərclərin ödənilməsini təkbaşına edə bilməz. Bu səbəbdən də birgə nikahdan doğulmuş uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün alimentin təyin olunması barədə məhkəməyə müraciət etmişdir. Uşaqları saxlamaq İddiaçı üçün maddi cəhətdən çətin olduğundan məhkəmə qaydasında alimentin təyin olunması zərurəti yaranmışdır. Cavabdeh Dövlət Gömrük Komitəsində işləyir və rəsmi iş yeri mövcuddur. Hesab edir ki, uşaqların və mənim diqqətəlayiq mənafeyini nəzərə alaraq, eləcə də qanunvericiliyin tələblərinə uyğun olaraq, cavabdeh uşaqların saxlanması xərclərini ödəməlidir. Başqa sözlə, cavabdehdən uşaqların saxlanması üçün məhkəmə qaydasında alimentin tutulması tam qanunauyğundur. İddiaçı xx.xx.2023-cü il tarixdə məhkəməyə yazılı vəsatət təqdim edərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əvvəlki məhkəmə iclaslarında iştirak edən cavabdeh İsayev X5 Gömrük Komitəsində işlədiyini, daimi aylıq maaş aldığını, lakin borcları olduğuna görə aliment ödəmək imkanı olmadığını bildirərək iddianın təmin edilməməsini xahi etdi. Məhkəmə tərəflərin izahatlarını, cavabdehin etirafını təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan; Səadət Sarayı (Bakı Nikah Evi) tərəfindən xx.xx.2017-ci il tarixdə verilmiş AZ-İİ 228956 nömrəli nikah haqqında şəhadətnamədən görünür ki, Cavabdeh və İddiaçı xx.xx.2017-ci il tarixdə nikaha daxil olmuşlar və bu nikah həmin tarixdə akt qeydləri kitabında 793 nömrəli qeyd aparılmaqla rəsmiləşdirilmişdir. 2 saylı Bakı “Asan xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən xx.xx.2019-cu il tarixdə verilmiş AZ-İV 248742 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X4 xx.xx.2019-cu il tarixdə Bakı şəhərində doğulmuşdur. Atası Cavabdeh¸ anası İddiaçıdır. 2 saylı Bakı “Asan xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş AZ-İV 715399 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X2 xx.xx.2022ci il tarixdə Bakı şəhərində doğulmuşdur. Atası Cavabdeh¸ anası İddiaçıdır. 0345 nömrəli xidməti vəsiqədən görünür ki, İsayev X5 Gömrük Komitəsi Gömrük orqanlarının qanunvericilik təminati şöbəsində baş inspektor vəzifəsində işləyir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin (bundan sonra Ailə Məcəlləsinin) 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Ailə Məcəlləsinin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqları saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Ailə Məcəlləsinin 76-cı maddəsinə əsasən Aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay 2 uşağa görə qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi miqdarda aliment tutulur. Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancının (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alarsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Məhkəmə ilk olaraq qeyd edir ki, qanunvericiliyin sadalanan normalarının mənasına görə aliment institutunun təyinatı ilk növbədə uşaqların mənafelərinin təmin edilməsindən, uşaqların saxlanmasında könüllü iştirak etməyən valideynlərin onların saxlanmasına məcburi cəlb olunmasından ibarətdir. Ailə qanunvericiliyi alimentin tutulması zamanı tərəflərin maddi və ailə vəziyyətini, diqqətəlayiq olan digər halları nəzərə alır, lakin bu zaman həlledici amil kimi uşağın əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyənləşdirir. Bununla yanaşı, hər il ölkə üzrə bir uşağın saxlanması üçün tələb olunan yaşayış minimumu müəyyən edilir və həmin məbləğ qanunla tənzimlənir. Məhkəmə həmçinin qeyd edir ki, qanunvericiliyə görə aliment 2 formada tutula bilər: qazancın və başqa gəlirlərin müəyyən hissəsi kimi və sabit pul məbləğində. Mülki iş materiallarında cavabdehin dövlət orqanında işləməsi və özünün də etiraf etdiyi kimi müntəzəm aylıq maaş alması sübuta yetirildiyindən məhkəmə alimentin onun qazancının və (və ya) başqa gəlirlərinin 1/3 hissəsi məbləğində tutulmasını məqbul hesab edir. Məhkəmə toplanmış sübutlara hüquqi qiymət verərək, yuxarıda göstərilən əsaslara görə hesab edir ki, iddia təmin edilməli, İddiaçı Cavabdeh ilə birgə nikahından olan xx.xx.2019-cu il təvəllüdlü X3 və xx.xx.2022-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh hər ay onun qazancının və (və ya) başqa gəlirlərinin 1/3 hissəsi həcmində aliment tutularaq İddiaçı verilməlidir. Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən, aliment məhkəməyə müraciət edilən vaxtdan tutulur. Məhkəmə hesab edir ki, Mülki Prosessual Məcəllənin 234.2.1-ci maddəsinə əsasən qətnamə dərhal icra edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. xx.xx.2022-ci il tarixdən başlayaraq xx.xx.2019-cu il təvəllüdlü X3 və xx.xx.2022-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh hər ay onun qazancının və (və ya) başqa gəlirlərinin 1/3 hissəsi həcmində aliment tutularaq İddiaçı verilsin. Qətnamə dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Mehriban Əfəndizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar