Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-598/2023 16.01.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Nərgiz Nazim qızının sədrliyi, Əliyeva Nurlana Sahib qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, övladlarının yetkinlik yaşına çatanadək hər ay 300 manat alimentin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə verərək, xx.xx.2010-cü il təvəllüdlü X6 və xx.xx.2012-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər uşağa 220 manat olmaqla, cəmi 440 manat sabit pul məbləğində alimentin Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, xx.xx.2020-ci il tarixdən Cavabdeh öz atalıq borcunu yerinə yetirməyərək, övladlarına nə mənəvi, nə də maddi dəstək göstərmir. 17 ildir ADPU universitetində laborant işləyir və 2022-ci ilin yanvar ayından 410 manat əmək haqqı alır. Anası və qardaşı ilə birlikdə yaşayır. Cavabdeh uşaqlar qarşısında öz öhdəliyini yerinə yetirməlidir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verərək bildirmişdir ki, onlar arasında nikah pozulmasa da bir neçə ildir ki ayrı yaşayır və birgə təsərrüfat aparmırlar, uşaqlar onunla qalır və cavabdeh uşaqların saxlanması üçün ona yardım göstərmir. Bu səbəbdən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumunun 220 manatadək artmasından məlumatı olduğunu bildirmiş və məsələni məhkəmənin mülahizəsinə buraxdığını qeyd etmişdir. Məhkəmə iş materiallarını tədqiq edərək aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Bakı Nikah Evi tərəfindən verilmiş AZ-İ 520807 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X1 xx.xx.2009-cu il tarixdə nikahları bağlanmışdır. Bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 2047 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra arvada “Əskərli” soyadı verilmişdir; Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, tərəflərin birgə nikahından xx.xx.2010-cu il təvəllüdlü X6 doğulmuşdur. Ata qrafasında Cavabdeh, ana qrafasında X2 qeyd edilmişdir; Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, tərəflərin birgə nikahından xx.xx.2012-ci il təvəllüdlü X7 doğulmuşdur. Ata qrafasında Cavabdeh, ana qrafasında X2 qeyd edilmişdir; İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, Cavabdeh xx.xx.2022-ci il tarixdə keçirilmiş ilkin mediasiya sessiyasında iştirak etməmişdir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, İddiaçı ilə Cavabdeh xx.xx.2009-cu il tarixdə rəsmi nikaha daxil olmuşlar və onların birgə nikahlarından xx.xx.2010-cu il təvəllüdlü X6 və xx.xx.2012-ci il təvəllüdlü X7 anadan olmuşdur. Tərəflər arasında nikah pozulmasa da bir neçə ildir ki ayrı yaşayır və birgə təsərrüfat aparmırlar. İddiaçı cavabdehin uşaqların saxlanılmasında iştirak etmədiyini əsas gətirərək Cavabdeh hər uşağa görə 220 manat olmaqla 440 manat məbləğində aliment ödənilməsini tələb edir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin 2-ci hissəsinə görə uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Ailə Məcəlləsinin 60.3, 75.1, 75.2 və 75.4-cü maddələrinə müvafiq olaraq uşaqların tərbiyə və təhsilinə aid olan bütün məsələlər uşaqların hüquq və mənafeləri, onların rəyi nəzərə alınmaqla, valideynlərin qarşılıqlı razılığı əsasında həll olunur. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 22.2.2-ci maddəsinə əsasən məhkəmə uşaqlar üçün alimentin hansı valideyndən və hansı miqdarda tutulduğunu müəyyən etməlidir. Ailə Məcəlləsinin 78-ci maddəsinə uyğun olaraq, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Göründüyü kimi, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, alimentin valideyinin gəlirinin bir hissəsi kimi deyil, sabit pul məbləğində tutulması yuxarıda qeyd edilən şərtlərdən birinin mövcud olduğu halda mümkündür. Bundan başqa, həmin maddənin məzmununa görə alimentin sabit pul məbləğində tutulması qanunla nəzərdə tutulmuş hallarda uşağın saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi olduqda mümkündür. “Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq 2022-ci il üçün minimum yaşayış həddi uşaqlar üçün 193 manat məbləğində müəyyən edilmişdir. “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq 2023-cü il üçün minimum yaşayış həddi uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2016-cı il tarixli Qərarında qeyd olunmuşdur ki, nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas ola bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Beləliklə, məhkəmə cavabdehin rəsmi iş yeri və ya daimi gəliri barədə hər hansı bir sübut təqdim olunmamasını, bu səbəbdən alimentin qazancdan müəyyən hissə kimi tutulmasının mümkünsüz olduğunu, 2022 və 2023-cü illər üzrə uşaqlar üçün yaşayış minimumunun məbləğini nəzərə alaraq, alimentin hər ay hər uşağa görə xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan dövr üzrə 193 manat sabit pul məbləğində, xx.xx.2023-cü il tarixdən uşaqların yetkinlik yaşına çatanadək 220 manat sabit pul məbləğində təyin edilməsini məqbul hesab edir. Həmçinin məhkəmə qeyd edir ki, ödənilən aliment məbləğinin Azərbaycan Respublikasının qanunvericiliyi ilə uşaq üçün müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olması uşağın mənafeyinin pozulması ilə nəticələnə bilər. Belə ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Məhkəmə hesab edir ki, alimentin tutulması xx.xx.2022-ci il tarixdən başlayaraq hesablanmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2 və 217.4-cü maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 234.2-ci maddəsinə müvafiq olaraq şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Beləliklə, məhkəmə işdə olan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, xx.xx.2010-cü il təvəllüdlü X6 və xx.xx.2012-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək hər ay hər uşağa görə 193 manat olmaqla, cəmi 386 manat sabit pul məbləğində aliment, xx.xx.2023-cü il tarixdən isə hər ay hər uşağa görə 220 manat olmaqla, cəmi 440 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməlidir. Yuxarıda göstərilənlərə əsaslanaraq və Mülki Prosessual Məcəllənin 216-220, 234, 358 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. xx.xx.2010-cü il təvəllüdlü X6 və xx.xx.2012-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək hər ay hər uşağa görə 193 manat olmaqla, cəmi 386 (üç yüz səksən altı) manat sabit pul məbləğində aliment, xx.xx.2023-cü il tarixdən hər ay hər uşağa görə 220 manat olmaqla, cəmi 440 (dörd yüz qırx) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. Qətnamə dərhal icra olunsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada veridiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nərgiz Tağıyeva
Məhkəmə qərarları › İş №2(005)-598/2023
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-598/2023
16.01.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver