Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-655/2024 22.08.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi, Əliyeva Səmimə Elşad qızının katibliyi, İddiaçı, Cavabdeh Meqa Sığorta» ASC-nin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair mülki iş üzrə iddia ərizəsinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, DAF yük markalı 07BE027 dövlət qeydiyyat nişanlı avtomobil sürücüsünün təqsiri üzündən baş vermiş yol nəqliyyat hadisəsi zamanı iddiaçıya məxsus **-ND-*** dövlət qeydiyat nişanlı Mersedes Benz E320 minik markalı avtomobilə dəymiş 1930 (min doqquz yüz otuz) manat məbləğində zərərin, ziyan aktının tərtib olunması üçün ödədiyi 70 manat rüsumu və 40 man məhkəmə rüsumu olmaqla, ümumi olaraq 2040 (iki min qırx) manat məbləğin cavabdeh "xxxx" ASC tərəfindən tutularaq iddiaçıya ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı bildirir ki, 25 oktyabr 2023-cü il tarixdə Qusar rayonu SDK qəsəbəsi ərazisində 07BE027 dövlət qeydiyat nişanlı DAF yük markalı və ona məxsus 99ND614 dövlət qetdiyat nişanlı Mercedes Benz E320 minik markalı avtomobillərin iştirakı ilə yol nəqliyyat hadisəsi baş vermişdir. Qeyd edir ki, baş vermiş yol nəqliyyat hadisəsi 07BE027 dövlət qeydiyyat nişanlı DAF Yük markalı avtomobilin sürücüsünün təqsiri üzündən baş vermişdir. Yol nəqliyyat hadisəsi nəticəsində iddiaçının avtomobilinə 1930 (min doqquz yüz otuz) manat dəyərində zərər dəymişdir. Bu zərər məbləği hadisədən sonra Quba şəhərində fəaliyyət göstərən avtotəmir stansiyasının ustaları tərəfindən avtomobilə baxış keçirərək müəyyən olunmuş və bu barədə ziyan aktı tərtib edilmişdir. Hadisədən bir neçə gün sonradan sığorta şirkətinin əməkdaşları tərəfindən iddiaçının avtomobilinə dəymiş zərərin 900 manat məbləğində qiymətləndirildiyi barədə iddiaçının mobil telefonuna zəng olunub. O qiymətləndirilən bu məbləğə etirazını bildirmiş və avtomobilinə dəymiş zərərin tam şəkildə ödənilməsini xahiş etmişdir. İddiaçı bildirir ki, bir neçə gün sonra qiymətləndirmədən razı qalmadığına görə avtomobilinə müstəqil ekspertin baxış keçirməsini təklif etdilər və ekspert avtomobilə baxış keçirdi, dəymiş zərəri 780 manat məbləğində qiymətləndirdi. O, yenə bu məbləğlə razılaşmadığını qaynar xətt vasitəsilə şirkət əməkdaşlarına bildirmişdir. Onlar isə yenə iddiaçının avtomobilinin təmir olunması üçün 900 manat ayıracaqlarını və onun halda razılaşmayacağı məhkəməyə müraciət edə biləcəyini bildirmişdilər. İddiaçı bildirir ki, bu günə qədər şirkətdən dəfələrlə onun ünvanına rəsmi olaraq qiymətləndirilən məbləğ barədə məktub və tərtib olunmuş zərər aktını tələb etsə də, şirkət tərəfindən ona heç bir rəsmi məlumat göndərilməmişdir. İddiaçı məcburiyyət qarşısında qalaraq məhkəməyə müraciət edərək haqqını tələb etməyə qərar verdiyini bildirir. Məhkəmə iclasında İddiaçı qızı iddia tələbini müdafiə edərək iddia ərizəsi ilə eyniməzmunlu izahat verib, əlavə olaraq bildirdi ki avtomobil hazırda təmirlidir, avtomobilə tərəfindən çəkilən xərclər daha artıq miqdarda olmuşdur. Avtomobilin təmiri üçün tələb olunan ayrı-ayrı hissələri yaxın şəxslərdən şifahi tapşırıq əsasında əldə etdiyindən çəkdiyi xərclərə dair sübut təqdim edə bilmir. Məhkəmə iclasında iştirak edən cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X7 iddia tələbini qismən qəbul edərək, avtomobilə dəymiş maddi ziyana görə 900 manat həcmində iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iddiaçı tərəfin izahatını dinləyərək, onun izahatını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək, belə hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən qismən təmin olunmalıdır. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunubolunmadığını müəyyən edir. Prosessual qanunvericiliyin “iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edilməsi”, “nə kimi halların müəyyən edilməməsi”, “tərəflərin hansı hüquq münasibətində olmaları” barədə tələblərinə riayət olunması üçün ilkin olaraq iş üzrə toplanmış sübutlar qiymətləndirilməlidir. Sübutların qiymətləndirilmısini tənzimləyən MPM-nin 88-ci maddəsi müəyyən edir ki, Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Belə ki, iş materiallarında olan "xxxx" ASC tərəfindən tərtib olunan xx.xx.2023-cü il tarixli qüsur aktından görünür ki, “Mersedes Benz E320" markalı ** ND *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər 900,00 manat müəyyən edilmişdir. İş materiallarında olan PME********** nömrəli, xx.xx.2023-cü il tarixli icbari sığorta müqaviləsinin surətindən müəyyən olunur ki, “Mersedes Benz E320" markalı ** ND *** dövlət qeydiyyat nişanlı avtomobil "xxxx" ASC-də standart sığorta növündə sığortalanmışdır. İş materiallarında olan “Təbriz” firmasına məxsus avtotexniki təmir stansiyasının ustaları tərəfindən tərtib olunan xx.xx.2023-cü il tarixli qüsur aktından görünür ki, “Mersedes Benz E320" markalı ** ND *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər 1930,00 manat müəyyən edilmişdir. İş materiallarında olan Bakı şəhər DYPİ tərəfindən tərtib edilmiş İXP ******* nömrəli, xx.xx.2023-cÜ il tarixli inzibati tənbeh vermə haqqında protokolun surətindən görünür ki, xx.xx.2022-ci il tarixdə “DAF” yük markalı, 07BE027 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X8 hərəkət edərkən yol-hərəkəti qaydalarını pozmuşdur. Bununla əlaqədar avtomobili idarə etmiş X8 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə təqsirli bilinmişdir. İş materiallarında olan xx.xx.2019-cu il tarixdə verilmiş AD 637924 №-li nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “Mersedes Benz E320" markalı ** ND *** dövlət qeydiyyat nişanlı avtomobil İddiaçı məxsusdur. İş materiallarında olan xx.xx.2019-cu il tarixdə verilmiş BD 222144 №-li nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “DAF" yük markalı ** BE *** dövlət qeydiyyat nişanlı avtomobil X5 məxsusdur. İş materiallarında olan MS 041104 nömrəli, xx.xx.2023-cü tarixli Müstəqil Ekspert rəyindən görünür ki, “Mersedes Benz E320" markalı ** ND *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyan 780,00 manat müəyyən olunmuşdur. İş materiallarında olan "xxxx" ASC tərəfindən İddiaçı ünvanlanan xx.xx.2023-cü il tarixli məktubun surətindən müəyyən olunur ki, “Mersedes Benz E320" markalı ** ND *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər 780 manat müəyyən olunmuşdur və avtomobilə dəymiş zərər müstəqil ekspert tərəfindən yenidən hesablana bilər. İş materiallarında olan "xxxx" ASC tərəfindən xx.xx.2023-cü il tarixdə tərtib edilmiş qüsur aktından görünür ki, “Mersedes Benz E320" markalı ** ND *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər 900,00 manat müəyyən olunmuşdur. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-655/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadı ilə təyin edilmiş təkrar məhkəmə-əmtəəşünaslıq ekspertizası üzrə məhkəməyə daxil olmuş Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli ekspert rəyindən görünür ki, nəzəri hesablama yolu ilə, 1. Nəzəri hesablama hesablama yolu ilə, iş materialında olan “Təbriz firması” tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli qüsur aktında baş vermiş yol-nəqliyyat hadisə nəticəsində 2000-ci il buraxılışlı, gümüşü metallik rəngli, "Mercedes Benz E320 minik" markalı, **-ND-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci təxminən 1930,0 müəyyən edilir. O cümlədən: Dəyişilməli hissələrin qiyməti - 990,00 manat; Təmir- bərpa işlərinin qiyməti - 940,00 manat.
2. Nəzəri hesablama yolu ilə, iş materialında olan "xxxx" ASC tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli qüsur aktında baş vermiş yol-nəqliyyat hadisə nəticəsində 2000-ci il buraxılışlı, gümüşü metallik rəngli, “Mercedes Benz E320 minik” markalı, **-ND-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci təxminən 900 müəyyən edilir. O cümlədən: Dəyişilməli hissələrin qiyməti - 290,00 manat; Təmir- bərpa işlərinin qiyməti - 610,00 manat. Məhkəmə hesab edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Beləliklə mülki işin materiallarında öz əksini tapan sənədlərdən və iddiaçının izahatından müəyyən edilən işin mübahisəsiz halı ondan ibarətdir ki, xx.xx.2023-cü il tarixdə X8 idarə etdiyi “DAF” yük markalı, 07BE027 dövlət qeydiyyat nişanlı avtomobillə iddiaçının idarə etdiyi “Mersedes Benz E320" markalı ** ND *** dövlət qeydiyyat nişanlı minik avtomobilini zədələməklə yol-nəqliyyat hadisəsi törətmişdir. DYPŞ-də araşdırma aparılmış və X3 baş vermiş yol nəqliyyat hadisəsini törətməkdə təqsirli olduğu və barəsində İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə İnzibati xəta haqqında xx.xx.2023-cü il tarixli İXP ******* №-li protokol tərtib edilmiş və həmin protokol əsasında eyni tarixli TP ******* №-li İnzibati tənbeh vermə haqqında qərar qəbul edilərək cavabdeh X6 60 manat məbləğində İnzibati cərimə edilmişdir. "xxxx" ASC tərəfindən tərtib olunan xx.xx.2023-cü il tarixli qüsur aktı ilə “Mersedes Benz E320" markalı ** ND *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin 900 manat, “Təbriz” firmasına məxsus avtotexniki təmir stansiyasının ustaları tərəfindən tərtib olunan xx.xx.2023-cü il tarixli qüsur aktı ilə “Mersedes Benz E320" markalı ** ND *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin 1930 manat olduğu müəyyən edilmişdir. Məhkəmə tərəfindən təyin edilmiş məhkəmə əmtəəşünaslıq ekspertizasının xx.xx.2024cü il tarixli ekspert rəyinə əsasən, nəzəri hesablama yolu ilə, iş materialında olan “Təbriz firması” tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli qüsur aktında baş vermiş yolnəqliyyat hadisə nəticəsində "Mercedes Benz E320 minik" markalı, **-ND-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci təxminən 1930 manat, "xxxx" ASC tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli qüsur aktında baş vermiş yol-nəqliyyat hadisə nəticəsində “Mercedes Benz E320 minik” markalı, **-ND-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci təxminən 900 müəyyən edilmişdir. Hazırda iddiaçı tərəfindən məhkəmədə mübahisələndirilən hal ondan ibarətdir ki, hadisədən sonra Quba şəhərində fəaliyyət göstərən avtotəmir stansiyasının ustaları tərəfindən avtomobilə baxış keçirilərək dəymiş ziyanın 1930 manat həcmində olduğu müəyyən olunmuş və bu barədə ziyan aktı tərtib edilmişdir. Cavabdehin nümayəndəsi isə iddianı qismən qəbul edərək, bildirir ki, iddiaçının özünün cəlb etdiyi müstəqil ekspertin rəyi ilə 4 ehtiyat hissəsinə ziyan dəydiyi göstərilmiş, həmçinin də hadisə nəticəsində dəymiş ziyanın həcminin müəyyən edilməsi üçün iddiaçıya 3 müstəqil ekspertdən birinin vasitəsi ilə zərərin qiymətləndirilməsi təklif olunmuş, məhz onun tərəfindən seçilmiş ekspert zərərin qiymətləndirilməsini həyata keçirmişdir. Daha sonra iddiaçıya qiymətlə razılaşmadığı üçün təkrar qiymətləndirmə ilə bağlı təklif edilmişdir. Məhkəmə qeyd edir ki, iddia tələbi üzrə mübahisələndirilən faktlar iddiaçının təqdim etdiyi sübutlar, həmçinin cavabdehin məhkəmə iclası zamanı verdiyi izahatla qismən sübuta yetmişdir. İddiaçı tərəfindən irəli sürülmüş tələbdən görünür ki, o, sığorta şirkəti tərəfindən hesablanan sığorta ödənişi ilə razı deyil. Belə ki, iddiaçı tərəfindən təqdim edilmiş “Təbriz firması” tərəfindən tərtib edilmiş qüsur aktına əsasən ona məxsus avtomaşına dəymiş ziyan 1930 manat təşkil edir və iddiaçı həmin məbləği cavabdehdən tələb edir. Məhkəmə ilk növbədə qeyd edir ki, cavabdeh ASC hazırkı tələb üzrə cavabdehlik daşıyan sığorta təşkilatıdır. Belə ki, “İcbari sığorta haqqında” AR Qanunun 52-1.1-ci maddəsinə əsasən aşağıdakı şərtlərin hər birinin mövcud olduğu halda yol-nəqliyyat hadisəsində zərərçəkən zərərin əvəzinin ödənilməsini onun idarə etdiyi avtonəqliyyat vasitəsilə bağlı mülki məsuliyyətini icbari formada sığortalamış sığortaçıdan tələb edir: - 52-1.1.1. Zərər yalnız hadisədə iştirak edən avtonəqliyyat vasitələrinə (birinə və ya hər ikisinə) dəydikdə; - 52-1.1.2. Yol-nəqliyyat hadisəsində hər biri ilə bağlı bu Fəsildə nəzərdə tutulmuş mülki məsuliyyətin icbari sığorta müqaviləsi qüvvədə olan iki avtonəqliyyat vasitəsi iştirak etdikdə. Məhkəmə digər tərəfdən qeyd edir ki, baş vermiş yol-nəqliyyat hadisəsi sığorta hadisəsi hesab olunması ilə bağlı tərəflər arasında hər hansı mübahisə yoxdur və yaranmış mübahisə göründüyü kimi vurulmuş ziyan məbləği ilə əlaqədar olmuşdur. Yuxarıda qeyd olunduğu kimi sığorta şirkəti iddiaçının mülkiyyətində olan avtomaşına vurulmuş ziyan məbləğini 900 manat hesablamışdır. İddiaçı isə avtomaşına 1930 manat məbləğində dəymiş zərərin ödənilməsini tələb etmişdir. “İcbari sığortalar haqqında” AR Qanununun 24.1.6-cı maddəsinə əsasən sığortaçının sığorta ödənişindən imtina barədə qərarından, zərərin müəyyənləşdirilməsi ilə bağlı müstəqil ekspertin təyin edilməsi tələbinin sığortaçı tərəfindən yerinə yetirilməməsindən və ya sığorta ödənişinin məbləği ilə razılaşmadığı halda Mərkəzi Banka və məhkəməyə şikayət etmək hüququ var. Məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən ziyanın həcminin 1930 manat olduğu iddia edilsə də, hadisə nəticəsində avtomobilə vurulmuş ziyanın aradan qaldırılması üçün həmin məbləğin sərf edilməsi müəyyən edilməmişdir. İş materiallarında olan həm iddiaçı, həm cavabdeh tərəfindən avtomaşına dəymiş ziyanla bağlı qüsur aktları təqdim olunmuşdur. Eyni zamanda məhkəmə qeyd edir ki, tərəflər arasında ziyanla bağlı mübahisə olduğundan məhkəmə müvafiq ekspertiza təyin etmişdir və ekspert rəyi almışdır. Araşdırma zamanı Məhkəmə Ekspertiza Mərkəzinin eksperti tərəfindən verilmiş rəydə müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilmədiyindən, məhkəmə hesab edir ki, həmin rəy hazırkı iş üzrə mötəbər sübut növü kimi qəbul edilməlidir. Həmin rəydə göstərilən hissələrin dəyişdirilməsi və təmir xərcləri nəzərə alınmaqla təmir-bərpa xərcinin 900 manat məbləğində olması müəyyən edildiyindən, məhkəmə hesab edir ki, ziyan məbləğinin ekspert rəyi ilə müəyyən edilmiş həddə olması nəzərə alınmalıdır. Çünki, iddiaçı avtomobilinə dəymiş zərərin aradan qaldırılması üçün əslində 1930 manat məbləğindən daha artıq xərc çəkdiyini bildirsə də, həmin hallara dair hər hansı mötəbər sübutlar təqdim etməmişdir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Göstərilən Məcəllənin 101.3-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmin Məcəllənin 103.1-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Beləliklə, məhkəmə sığorta şirkəti tərəfindən müəyyən edilən sığorta ödənişinin 900 manat həddində olmasını və belə olan halda sığortalı əmlaka vurulmuş ziyanın aradan qaldırılması üçün həmin məbləğdə pulun tutulmalı olmasını nəzərə alaraq hesab edir ki, iddia tələbi qismən təmin edilməli və cavabdehdən iddiaçının xeyrinə 900 manat sığorta ödənişi tutulmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. “İcbari sığortalan haqqında” AR Qanununun 3.1.2-ci maddəsinə əsasən sığorta hadisələri nəticəsində sağlamlığına və (və ya) əmlakına zərər dəyən şəxslərin bu Qanunda müəyyən edilmiş həcmdə və qaydada müdafiəsinin təminatı icbari sığortaların əsas prinsiplərindən biridir. Həmin Qanunun 4.1-ci maddəsiən əsasən bu Qanunda nəzərdə tutulmuş icbari sığorta növləri fiziki və hüquqi şəxslərin əmlak mənafeləri ilə bağlı məruz qaldıqları zərərlərin əvəzinin ödənilməsini təmin etmək məqsədi ilə tətbiq edilir. Qeyd edilən Qanunun 15.1-ci maddəsinə əsasən icbari sığorta növlərində əmlaka dəyən zərər həmin əmlakın zədələnməsi, məhv olması və ya hər hansı digər formada itkisi ilə bağlı onun əmlak mənafelərinə dəyən zərərlərdir. AR MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə həmçinin hesab edir ki, iddia tələbi vurulmuş ziyanın tutulması hissəsində qismən təmin olunduğu üçün, məhkəmə xərcləri - ödənilmiş dövlət rüsumu təmin olunmuş tələbə mütənasib olaraq (18,65 manat) cavabdeh ASC-dən iddiaçının xeyrinə tutulmalıdır. Həmçinin də məhkəmə qeyd edir ki, qüsur aktının tərtib olunması üçün ödənilmiş 70 manat xidmət haqqı iddiaçının özünə aid edilməlidir. Eyni zamanda məhkəmə hesab edir ki, iş üzrə keçirilmiş ekspertiza xərci - 150 manat məbləğində pul iddiaçıdan Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin hesabına tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddia tələbi qismən təmin edilsin. Cavabdeh "xxxx" ASC-dən İddiaçı xeyrinə sığorta hadisəsi ilə əlaqədar vurulmuş ziyanın əvəzi olaraq 900 manat sığorta ödənişi və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 18,65 manat, cəmi 918,65 manat məbləğində pul tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 150 (yüz əlli) manat məbləğində pul vəsaiti İddiaçı alınaraq Azərbaycan Respublikası Məhkəmə X4.MEM, VÖEN **********, X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ 22 AZ43CTRE******************** hesabına köçürülsün. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Solmaz Ədilova