Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-672/2021 18.03.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Vüqar Şahbaz oğlunun sədrliyi, İbrahimova Ramilə Namiq qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh “xxxx” Açıq Səhmdar Cəmiyyətinə qarşı “əmək mübahisələri və əmək haqqı” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh “xxxx” Açıq Səhmdar Cəmiyyətinə qarşı “əmək mübahisələri və əmək haqqı” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, evdə qaldığı ayların maaşının ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, 1993-cü ildən Cəbrayıl rayonundan gəldikdən sonra Bakı “xxxx” ASC-də 16 noyabr tarixinədək fəhlə işləmişdir. Bu müddət ərzində iddiaçının heç bir nöqsanı olmamışdır. Lakin 2020-ci il yanvar ayının 27-dən hansı ki, o ayın maaşını almamışdır. Sonra iddiaçını öz hesabına evə buraxmışlar. O vaxtdan nə yardım edilmiş nə də maaş verilmişdir. Zavod icarəyə verilmişdir. İcarədən gələn gəlirdən iddiaçıya heç bir köməklik edilməmişdir. Çünki xx.xx.2001-ci il (sərəncam №9) 4 çek-16 vərəqdən ibarət səhm payı vardır. Bu gün ki, günə qədər iddiaçıya heç bir səhm payı verilməmişdir. İddiaçı zavod rəhbərliyindən əmək haqqı tələb etdikdə vergi imkan vermədiyi üçün əmək haqqını ödəyə bilmirlər. İddiaçı zavod rəhbərliyindən evdə qaldığı ayların əmək haqqlarının ödənilməsini tələb edir. Eyni zamanda cavabdeh məhkəməyə dəftərxana vasitəsi ilə xx.xx.2021-ci il tarixdə etiraz təqdim edərək İddiaçı (iddiaçı) Nərimanov Rayon Məhkəməsində iddia qaldıraraq Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 169.1-ci maddəsinin tələbinə əsasən maaşın üçdə iki hissəsindən az olınamaqla hesablanaraq Bakı “xxxx” ASC-dən (Cavabdeh) tutularaq iddiaçının xeyrinə ödənilməsini tələb etmişdir. Cavabdeh məlumat üçün bildir ki, iddiaçı eyni hallara və eyni xahişə malik, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə iddia ərizəsi ilə Nərimanov Rayon Məhkəməsinə müraciət etmiş və məhkəmə tərəfindən (hakim Əsədova Gültəkin) qəbul edilmiş № 2(005)- 5174/2019, xx.xx.2019 tarixli qətnamə ilə iddia təmin edilmişdir. Bunun ardınca Cavabdeh tərəfinizdən Apelyasiya Şikayəti ilə Bakı Apelyasiya Məhkəməsinə ünvanlanmışdır. Bakı Apelyasiya Məhkəməsinin (Sədrlik edən Fuad Babayev) qəbul eldiyi xx.xx.2020 tarixli, № 2(103)- 2913/2020 qətnamə ilə şikayəti qismən təmin edərək qət edilmişdir: “xxxx” ASC-nin apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-5174/2019 saylı xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilmişdir. İş üzrə yeni qətnamə qəbul edilmişdir. İddia qismən təmin edilmişdir. “xxxx” ASC tərəfindən İddiaçı qızna xx xxxxxx 2019-cu il tarixdən xx xxxxxx 2019-cu il tarixədək əmək haqqı hesablanaraq ödənilsin. İddia qalan hissədə təmin edilməsin". Göründüyü kimi İddiaçı tərəfindən təqdim edilmiş iddia ərizəsində əks olunmuş tərəflər, əsaslar, predmet eynilik təşkil edir. Hazırki icraatınızda olan işin predmeti, məhkəməyə ünvanlanmış əsaslar üzrə Nərimanov Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş qətnamə və Bakı Apelyasiya Məhkəməsinin qanuni qüvvəyə minmiş qətnaməsi mövcuddur. İddiaçı tərəfindən irəli sürülən iddiası əsasında başlanmış iş üzrə icraata xitam verilməsini xahiş etmişlər. Məhkəmə iclasında iddiaçı iddia tələbini müdafiə edərək iddia ərizəsi ilə eyni məzmunlu izahat verib, iddianın təmin edilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Eyni zamanda iddiaçı əvvəlki məhkəmə iclasında ərizə təqdim edərək 2020-ci ilin yanvar ayının 1-dən dekabr ayınadək olan əmək haqqının cavabdehdən tutulmasını xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə işdə iştirak edən şəxsin izahatını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan; Asan-Sumqayıt tərəfindən verilmiş xx.xx.2014-cü il tarixli Azərbaycan Respublikası Vətəndaşının AZE seriyalı № ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən, görünür ki, İddiaçı xx.xx.1963-cü ildə Cəbrayıl rayonu, Soltanlı kəndində anadan olmuş və Cəbrayıl rayonu, Soltanlı kəndində qeydiyyatdadır. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(005)- 5174/2019 nömrəli qətnaməsi ilə iddia ərizəsi təmin edilərək İddiaçı xx xxx 2019-cu il tarixədək əmək haqqının üçdə iki miqdarı hesablanaraq “xxxx” Açıq Səhmdar Cəmiyyəti tərəfindən ödənilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasınınxx.xx.2020-ci il tarixli 2(103)- 2913/2020 nömrəli qətnaməsi ilə cavabdeh “xxxx” ASC-nin apellyasiya şikayəti qismən təmin edilərək Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-5174/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilərək iş üzrə yeni qətnamə qəbul edilməklə iddia tələbi qismən təmin edilmiş “xxxx” Açıq Səhmdar Cəmiyyəti tərəfindən İddiaçı xx xxxxxx 2019-cu il tarixdən xx xxxxxx 2019-cu il tarixədək əmək haqqı hesablanaraq ödənilməsi qət edilmişdir. “xxxx” ASC X2 “işçilərin ödənişsiz məzuniyyətdən geri çağırılması barədə” 13 saylı əmri ilə X2 əmrin surətindən görünür ki, ödənişsiz məzuniyyətə buraxılmış işçilər xx.xx.2019-cu ildən geri çağırılmış və kadrlar şöbəsinə tapşırılmışdır ki, işçilərlər əlaqə saxlanılaraq və işdə olmaları barədə məlumat verilsin. “xxxx” ASC X2 “işçilərin ödənişsiz məzuniyyətə buraxılması barədə” xx xxxx 2020-ci il tarixli 03 saylı əmrin surətindən görünür ki, Səhmdar Cəmiyyətinin Fəaliyyətinin dayandırılması ilə əlaqədar olaraq idarə heyyətinin xx.xx.2020-ci il tarixli 01 saylı əmri ilə ödənişsiz məzuniyyətə buraxılmasına dair verilmiş əmrin müddəti xx xxxxxx 2020-ci il tarixədək uzadılmışdır. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazairliyi yanında X1 Xidmətinin xx.xx.2021-ci il tarixli **********1 nömrəli məktubundan görünür ki, qeyd olunan şəxsin adına “xxxx” ASC tərəfindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əmək müqaviləsi bildirişi” alt sisteminə daxil edilmiş əmək müqaviləsi bildirişi barədə məlumat təqdim edilmişdir. İddiaçı ilə “xxxx” Açıq Səhmdar Cəmiyyəti arasında xx.xx.2001-ci il tarixdə əmək müqaviləsi imzalanmışdır. Əmək müqaviləsi müddətsizdir. İddiaçının aylıq əmək haqqı 295 (iki yüz doxsan beş) manatdır. Məhkəmə ilk növbədə iddia tələbinə mülki və mülki prosessual qanunvericiliyin tələblərinə uyğun hüquqi qiymət verilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi dövlətin ali məqsədidir. Bu Konstitusiyada sadalanan insan və vətəndaş hüquqları və azadlıqları Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun tətbiq edilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 129.1-ci maddəsinə əsasən ödənişsiz məzuniyyətlər bu Məcəllədə nəzərdə tutulmuş hallarda işçilərin xahişi və ya tərəflərin qarşılıqlı razılığı ilə verilir; Həmin Məcəllənin 129.2-ci maddəsinə əsasən işəgötürənlə işçinin qarşılıqlı razılığına əsasən, həmçinin kollektiv müqavilələrdə nəzərdə tutulan hallarda, o cümlədən əmək müqaviləsi ilə müəyyən edilən şərtlərlə işçilərə müddəti altı aydan çox olmayaraq tərəflərin mülahizəsinə əsasən müəyyən edilən ödənişsiz məzuniyyət verilə bilər; Həmin Məcəllənin 154-cü maddəsinə əsasən əmək haqqı müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur; Həmin Məcəllənin 178-ci maddəsinin 1-ci bəndinə əsasən işəgötürən maliyyə vəziyyətindən asılı olmayaraq işçiyə onun gördüyü işin müqabilində müəyyən edilmiş əmək haqqını bu Məcəllənin 172-ci maddəsi ilə müəyyən edilmiş müddətlərdə ödəməyə borcludur. İşçiyə aylıq əmək haqqının ödənilməməsində təqsirkar olan işəgötürən qanunvericilikdə nəzərdə tutulan qaydada müvafiq məsuliyyətə cəlb edilməlidir; Həmin Məcəllənin 195-ci maddəsinin “d” bəndinə əsasən işəgötürən əmək münasibətləri prosesində işçinin əmək haqqı və digər ödənişləri işəgötürən tərəfindən düzgün müəyyən edilmədikdə, habelə əsassız və qanunsuz olaraq verilmədikdə işçiyə vurulan ziyana görə tam maddi məsuliyyət daşıyır. İş materiallarında olan cavabdehin etiraz ərizəsinə əlavə edilmiş Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli 2(103)-2913/2020 nömrəli qətnaməsindən görünür ki, “xxxx” ASC-nin 2017-2019-cu illər üçün kollektiv müqavilənin 4.10-cu bəndinin tələbinə görə, işəgötürənin təqsiri olmadan istehsal və satışın olmamasından işin dayandırılması və eləcə də Məhərrəmlik, Ramazan aylarında spirtli içkilərin satışa tələbatın olmaması və digər hallar olduqda işçilər qrup halında ödənişsiz məzuniyyətə buraxıla bilər. İşin hallarından göründüyü kimi “xxxx” Açıq Səhmdar Cəmiyyətinin 2020-ci il ərzində işə götürənin təqsiri olmadan işin dayandırılması və və digər hallar olduğu üçün işçilər qrup halında xx.xx.2020-ci il tarixli 01 saylı əmrlə xx xxxxxx 2020-ci il tarixdən 1 ay müddətində olaraq ödənişsiz məzuniyyətə buraxılmışlar. xx xxxx 2020-ci il tarixli 03 saylı əmrlə məzuniyyətə buraxılma müddəti xx xxxxxx 2020-ci il tarixədək təkrar uzadılmışdır. Bununla belə cavabdehin etiraz ərizəsindən işçilərin xx xxxxxx 2020-ci il tarixdən sonra nə vaxt geri işə çağırılması da görünmür. Bu baxımdan məhkəmə hesab edir ki, iddiaçıya xx.xx.2020-ci il tarixli 01 saylı əmrin verildiyi tarixdən sonrakı gündən işçinin işə çıxmadığı müddət ərzidnə əmək haqqının ödənilməməsi qanunsuzdur. Odur ki, xx.xx.2020-ci il tarixdən işçinin işə geri çağırıldığı müddətədək əmək haqqı hesablanaraq iddiaçıya ödənilməlidir. O da qeyd edilməlidir ki, iddia ərizəsindən göründüyü kimi iddiaçı xx.xx.2020-ci il tarixdən əmək haqqının ödənilməsini tələb etsə də xx.xx.2020-ci il tarixli 01 saylı əmrdən işinin xx.xx.2020-ci il tarixdən işə çıxmamasını nəzərə alaraq məhkəmə hesab edir ki, xx.xx.2020-ci il tarixdən işçinin ödənilməmiş əmək haqqı hesablanmalıdır. Bu baxımdan iddia qismən təmin edilməlidir. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, xx.xx.2020-ci il tarixdən işçinin ödənişsiz məzuniyyətdən geri çağırldığı tarixədək əmək haqqının hesablanaraq ödənilməsi öhdəliyinin “xxxx” Açıq Səhmdar Cəmiyyətinin üzərinə qoyulmalı, iddia ərizəsi qalan hissədə təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. xx.xx.2020-ci il tarixdən İddiaçı ödənişsiz məzuniyyətdən geri çağırıldığı tarixədək əmək haqqının hesablanaraq ona ödənilməsi öhdəliyi “xxxx” Açıq Səhmdar Cəmiyyətinin üzərinə qoyulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən, onun alındığı və ya təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Vüqar Quliyev
Məhkəmə qərarları › İş №2(005)-672/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-672/2021
18.03.2021 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver