Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-672/2025 12.03.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi Məhkəmə iclas katibi Məmmədova Təhminə Nizami qızının katibliyi İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “bağışlama müqaviləsinin ləğvi tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “bağışlama müqaviləsinin ləğvi tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə İddiaçı arasında daşınmaz əmlakın bağışlanmasına dair 05 avqust 2014-cü il tarixli 4Ə-1373 nömrəli bağışlanma müqaviləsinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı 05 avqust 2014-cü il tarixində xüsusi mülkiyyətində olan evi 1 saylı Bakı ASAN xidmətində Notariat konturunun 4Ə-1373 nömrəli qeydiyyatla evi oğlu Cavabdeh bağışlamışdır. Evi oğluna bağışlayarkən münasibəti yaxşı olmuş və iddiaçı fikirləşmişdir ki, gələcəkdə oğlu onların bütün qayğılarını həyata keçirəcək. Əvvəllər münasibətləri ana-bala kimi çox yaxşı olmuşdur, lakin sonradan həyat yoldaşının təsiri ilə iddiaçıya qarşı çox aqressiv hərəkətlərə yol verməyə başlamışdır. Son bir neçə ildir ki həyat yoldaşını da götürüb xarici ölkələrə getmiş, hətta oradan iddiaçıya qarşı təhqiredici sözlər işlətməklə onu həmin mənzildən çıxarmaqla hədələyir. İddiaçı nümayəndəsi və vəkili X3 məhkəməyə xx.xx.2018-ci il tarixdə ərizə təqdim edərək, Bakı şəhəri 21 saylı Notariat Kontorunda faktiki olaraq xx.xx.2005-ci il tarixdə bağışlama müqaviləsi bağlanmış, lakin iddia ərizəsində yanlışlığa yol verilərək xx.xx.2018ci il kimi qeyd edildiyini bildirmiş, bunun nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsində göstərilənləri müdafiə edərək, iddia tələbinin təmin olunmasını xahiş etdi. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilsə də, o heç bir səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş və işin baxılmasının başqa vaxta keçirilməsi barədə vəsatət verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarının izahatını və çıxışını, təqdim etdikləri sübutları tədqiq edib, digər sübutların məcmusunda hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: “Satıcı” X6 ilə “Alıcı” X2 arasında bağlanmış Bakı şəhərinin notariusu E.S.Zeynalov tərəfindən təsdiq edilmiş xx.xx.2013-cü il tarixli 4Ə/02-261 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən xx.xx.2013-cü il tarixdə X1 adına qeydiyyatdan keçmişdir. RX seriyalı № ******* nömrəli qeydiyyat vəsiqəsinin surətindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Ağa Neymətulla küçəsində yerləşən 47a saylı evin 38 nömrəli mənzili mülkiyyət hüququ üzrə İddiaçı adına 1599 nömrəli reyestr kitabının 146450 nömrəli vərəqində xx.xx.2013-cü ildə qeydiyyata alınmışdır. 1 saylı Bakı “ASAN xidmət” mərkəzində notariat kontoru tərəfindən təsdiq edilmiş xx.xx.2014-cü il tarixli 4Ə-1373 reyestr nömrəli daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən, Bakı şəhəri, Nərimanov rayonu, Ağa Neymətulla küçəsi, 47a evin 38 saylı mənzili 38 xx.xx.2014-cü il tarixdə Cavabdeh adına qeydiyyatdan keçmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Beləliklə, İddiaçı ona məxsus olmuş Bakı şəhəri, Nərimanov rayonu, Ağa Neymətulla küçəsində yerləşən 47a saylı evin 38 nömrəli mənzili notarial qaydada təsdiq edilmiş müqavilə bağlamaqla Cavabdeh bağışlamışdır. İddiaçı qeyd olunan bağışlama müqaviləsini bağışlamadan imtinanı tənzimləyən Mülki Məcəllənin 673-cü maddəsinə isnad etməklə mübahisələndirərək xahiş etmişdir ki, cavabdeh ailə hüquq münasibətlərindən irəli gələn öhdəliklərini yerinə yetirmədiyinə və hədiyyə verənin barəsində kobudcasına pozduğuna görə, onunla cavabdeh arasında bağlanmış bağışlama müqaviləsi ləğv edilsin. İddiaçı bağışlama müqaviləsinin ləğv edilməsini belə əsaslandırıb ki, cavabdeh ona baxmır, ona maddi və mənəvi yardım göstərmir, ona qarşı aqressiv hərəkətlərə yol verir. Məhkəmə iddia tələbi ilə bağlı gəldiyi nəticəni aşağıdakı qeyd olunanlara görə və sadalanan hüquq normalarına əsasən əsaslı hesab edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 144.1-ci maddəsinə əsasən, daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. 324.1-ci maddəsinə əsasən, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 324.2-ci maddəsinə əsasən, əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. 389.1-ci maddəsinə əsasən, mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 405.1-ci maddəsinə əsasən, tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. 406.1-ci maddəsinə əsasən, müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin. 666.1-ci maddəsinə əsasən, bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. 670.1-ci maddəsinə əsasən, bağışlama şərtlərin və ya öhdəliklərin yerinə yetirilməsindən asılı edilə bilər. 673.1.2-ci maddəsinə əsasən, hədiyyə alan ailə hüquq münasibətlərinə uyğun olaraq onun üzərinə qoyulmuş vəzifələri hədiyyə verənin və ya onun yaxın qohumlarının biri barəsində kobudcasına pozduqda, hədiyyə verən bağışlamaqdan imtina edə bilər. 673.3-cü maddəsinə əsasən, İmtina yalnız onun əsasının hədiyyə verənə məlum olduğu gündən bir il ərzində imtina haqqında bildirişin hədiyyə alana çatdığı halda qüvvədədir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 8.0 və 8.0.3-cü bəndinə əsasən daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, daşınmaz əmlak sertifikatı daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Məhkəmə qeyd edir ki, hədiyyə alanın ailə hüquq münasibətlərinə uyğun olaraq onun üzərinə qoyulmuş vəzifələrin hədiyyə verən barəsində kobudcasına pozması halında bağışlama müqaviləsinin ləğvinə əsaslar yaranmış olur. Yəni qanunverici bu öhdəliklərin sadəcə olaraq pozulmasını deyil, onun kobudcasına pozulmasını əsas kimi nəzərdə tutmuşdur. Hazırki iş üzrə iddiaçı yalnız cavabdehin ona qarşı laqeyd davranmasını, onun qayğısına qalmamasını, aqressiv hərəkətlərə yol verməsini, onu təhqiredici sözlər işlətməsini əsas gətirərək bağışlama müqaviləsinin ləğv edilməsini tələb etsə də, məhkəmə qeyd edir ki, bu hallar özlüyündə cavabdehin ailə hüquq münasibətlərinə uyğun olaraq onun üzərinə qoyulmuş vəzifələri iddiaçı barəsində “kobudcasına” pozması kimi qiymətləndirilə bilməz və bağışlama müqaviləsinin ləğv edilməsi üçün əsas sayıla bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İ hissəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 673.1.2 və 673.3-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun 26 aprel 2024-cü il tarixli Qərarına əsasən, ailə hüquq münasibətləri dedikdə, ailə üzvləri (ər-arvad, valideynlər və uşaqlar), eləcə də ailə qanunvericiliyində müəyyən edilən hallarda və həddə başqa qohumlar və digər şəxslər arasında yaranan əmlak və şəxsi qeyri-əmlak münasibətləri başa düşülür. Göstərilənlər baxımından nəzərə alınmalıdır ki, ailə üzvlərindən biri digərinə hədiyyə, xüsusən dəyərli hədiyyələr edərkən heç bir maddi qarşılıq gözləmədən, sırf mənəvi motivdən çıxış edir. Bu halda o, mənəvi dəyər verdiyi, yaxın bildiyi, qarşılığında da eyni əxlaqi münasibəti gözlədiyi ailə üzvünü əvəzsiz qaydada hədiyyə verməklə zənginləşdirir. Bunun isə sağlam və etibarlı ailə münasibətlərinin formalaşmasında, ailə üzvləri arasında mənəvi bağların güclənməsində əhəmiyyəti və rolu danılmazdır. Lakin buna rəğmən hədiyyə alanın hədiyyə verənin özünə və ya yaxın qohumuna qarşı sağlam ailə münasibətlərini kökündən sarsıdan hərəkətlərə yol verməsi ailə qanunvericiliyinin məqsədinin realizəsini və vəzifələrinin icrasını mümkünsüz edir. Beləliklə, hədiyyə alan tərəfindən hədiyyə verənin özü və ya onun yaxın qohumları barəsində ailə hüquq münasibətlərindən irəli gələn vəzifələrin kobudcasına pozulması bağışlamanın motivini aradan qaldırdığından, bu hal hədiyyədən imtina üçün əsas kimi təsbit edilmişdir. Göstərilənlərə əsasən Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, Mülki Məcəllənin 673.1.2-ci maddəsinin “ailə hüquq münasibətlərinə uyğun olaraq hədiyyə alanın üzərinə qoyulmuş vəzifələr” müddəası ailə qanunvericiliyinin müvafiq normalarından irəli gələrək hədiyyə verən və onun yaxın qohumları barəsində hədiyyə alanın daşıdığı vəzifələri ehtiva edir. Bu vəzifələrin pozulması həm hərəkət, həm də hərəkətsizliklə baş verə bilər. Konstitusiya Məhkəməsinin Plenumu onu da qeyd etməyi vacib hesab edir ki, Mülki Məcəllənin 673.1.2-ci maddəsində nəzərdə tutulan hal qiymətləndirmə tələb edən əlamət olduğundan, onu təşkil edə biləcək bütün ehtimal edilən halları əhatə etmək mümkün deyil. Bu baxımdan, məhkəmələr tərəfindən hədiyyə alanın daşıdığı vəzifələrin pozulmasının nədə ifadə olunması və pozuntunun kobud olub-olmaması konkret işin hallarından (fiziki və psixoloji zərərin dərəcəsi, bəzi hallarda hədiyyə verənin və onun yaxın qohumlarının yaşı və səhhəti və s.) asılı olaraq müəyyən edilməlidir. O da qeyd edilməlidir ki, Mülki Məcəllənin 673.1 və 673.2-ci maddələrində göstərilən halların baş verdiyi təqdirdə hədiyyə verənin imtina haqqında bildirişi birtərəfli qaydada hədiyyə alana göndərməsi ilə hədiyyə predmetini geri tələb etməsi qarşı tərəfin hüquqi vəziyyətinin dəyişməsi ilə nəticələnir. Hüquq doktrinasında isə belə bir hüququn (formalaşdırıcı hüququn) həyata keçirilməsi qarşı tərəfin iradəsindən asılı olmayaraq birtərəfli qaydada sonuncunun hüquqi vəziyyətində dəyişikliklərə səbəb olduğu nəzərə alınaraq, hüquqi müəyyənliyin təmin edilməsi baxımından həmin hüququn istifadəsi üçün müəyyən edilmiş müddət kəsici müddət kimi qəbul edilir. Göstərilənləri nəzərə alaraq Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, Mülki Məcəllənin 673.3-cü maddəsinin dispozisiyasında qanunvericinin müəyyən etdiyi bir illik müddətin ötürülməsi ilə bağışlamaqdan imtina hüququnun xitamına səbəb olan müddət kəsici müddət kimi qiymətləndirilməlidir. Həmçinin bağışlama müqaviləsinin nə zaman bağlanılmasından asılı olmayaraq, hədiyyə verən məhz imtinaya əsas verən hallar ona məlum olduğu gündən yalnız bir il ərzində imtina haqqında bildirişi hədiyyə alana göndərə bilər. Bu müddətin bitməsi isə hədiyyə verənin hədiyyə predmetini geri tələb edə bilməməsi ilə nəticələnir. Digər tərəfdən, iddiaçı bağışlaman imtina etmək və bağışlama müqaviləsinin ləğv edilməsini tələb etmək üçün Mülki Məcəllənin 673.3-cü maddəsində nəzərdə tutulan müddəti də ötürmüşdür. Həmin maddəyə görə bağışlamaqdan imtina yalnız onun əsasının hədiyyə verənə məlum olduğu gündən bir il ərzində imtina haqqında bildirişin hədiyyə alana çatdığı halda qüvvədədir. Hazırki iş üzrə iddiaçı cavabdehə bağışlamadan imtina etməsi və bağışlama müqaviləsinin ləğv etmək istəməsi barədə bildirişin çatdırılması barədə məlumat iş materiallarından müəyyən olunmur. Nəzərə alınmalıdır ki, bağışlamaqdan imtina barədə iradənin ifadəsi məhz bildirişin göndərilməsi habelə çatdırılması ilə həyata keçirilir, bildiriş göndərilməyibsə (çatdırılmayıbsa) deməli imtina da mövcud deyildir. Məhkəmə mövcud olmayan imtinanı tanıya bilməz. Məhkəmə iş materiallarında olan sübutlara, eləcə də iddiaçının izahatlarına qiymət verərək, belə qənaətə gəlir ki iddiaçı tərəfindən istinad edilən halların heç birinin olması öz təsdiqini tapmamışdır. Belə ki, iddiaçı cavabdeh tərəfindən ailə hüquq münasibətlərinə uyğun olaraq onun üzərinə qoyulmuş vəzifələri hədiyyə verənin barəsində kobud pozmasının konkret nədə ifadə olunduğu barədə mötəbər sübutlar təqdim etməmişdir. Məhkəmə, mülki prosesdə qəbul edilmiş sübut etmə yükünü tərəflərin daşıması, habelə formal həqiqət prinsiplərini rəhbər tutaraq, tərəflərin təqdim etdiyi sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, həmin sübutlara onların aidliyi, mümkünlüyü nəzərə alınmaqla, tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iş üzrə nəticəyə gələrkən yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Adı çəkilən Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məcəllənin 81-ci maddəsinə görə isə qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə həmçinin mülki iş üzrə ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Məhkəmə tərəflərin təqdim etdiyi sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh qarşı “bağışlama müqaviləsinin ləğvi tələbi”nə dair iddia ərizəsi əsassız olduğundan təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı “bağışlama müqaviləsinin ləğvi tələbi”nə dair iddia ərizəsi təmin edilməsin. Mülki iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Solmaz Ədilova
Məhkəmə qərarları › İş №2(005)-672/2025
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-672/2025
12.03.2025 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver