Məhkəmə qərarları › İş №2(005)-674/2022

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-674/2022

28.03.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-674/2022 28.03.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, Məmmədhəsənov Fərman İddiaçı, Cavabdeh X5 and Engineering Group” MMC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə və üçüncü şəxs "xxxx" Sığorta Şirkəti ASC-yə qarşı “müalicə və sığorta pulunun ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı “müalicə və sığorta pulunun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “X6 and Enginecring Group” MMC-dən istehsalatda baş vermiş bədbəxt hadisə nəticəsində 4000 (dörd min) manat sığorta haqqı, 5000 (beş min) manat məbləğində müalicə haqqının, həmçinin ödənilmiş 110 (bir yüz on) manat məbləğində dövlət rüsumunun tutulub mənə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, “X5 and Engineering Group’' MMC-də qəlibçi işində çalışmışdır. O, 01 sentyabr 2020-ci il tarixində saat 11:45 radələrində “X5 and Engineering Group" MMC-nin iş icraçısı Ramin Aslanov, X11, digər qəlibçilər Fəqan Səmədov, Vüsal Ələkbərov, Asif Əbilov, Samir Çobanov və digər işçilərlə birlikdə işlədiyi “Bakı Ağ şəhər" layihəsində yerləşən “Pasaj” obyektinin iş sahəsinə gəlmişdir. Qeyd olunan ərazidə ayaqaltı konstruksiyanın üstünə çıxıb taxta qəlibləri sökdüyü zaman ani olaraq ayaqaltının döşəməsinə vurulmuş lövhələrin üstündən müvazinətini saxlaya bilməyərək metal ayaqaltının içərisindəki boşluqdan təxminən 8 metr hündürlükdən döşəmənin üstünə yıxılmışdır. Hadisə nəticəsində sol diz oynağında 175 dərəcə açıcı və 70 dərəcə bükücü kontraktura vəziyyəti ilə qeyd olunan sol bud və sağ daban sümüklərinin qapalı sınıqları və sol əzilmiş dəri yarası nəticəsində sağlamlığının uzun müddətə pozulmasına səbəb olmuşdur. Hadisə baş verdikdən sonra Mahir Əliyev onu, Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna gətirmiş, həkimlər tərəfindən rentgen müayinəsindən keçirildikdən və müvafiq tibbi yardımlar göstərildikdən sonra palataya yerləşdirilmişdir. Həmin Elmi- Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunda 20 gün yatdıqdan sonra evə buraxılmışdır. Sənədlərdə isə xəstəxanada 10 gün yatdığı qeyd olunmuşdur. İl yarımdan çox müalicələrin getməsinə baxmayaraq “X5 and Engineering Group" MMC tərəfindən ona itirilən sağlamlığının bərpası üçün heç bir müalicə və sığorta haqqı ödənilməmişdir. Bütün bunlara əsasən ona 4000 (dörd min) manat məbləğində sığorta haqqı və 5000 (beş min) manat məbləğində müalicə haqqı ödənilməlidir. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilmiş, lakin məhkəməyə gəlməmişdir. Cavabdeh X5 and Engineering Group” MMC-nin nümayəndəsi X2 məhkəmə iclasında iddia tələbini qəbul etməyərək, işə iddiaçının iştirakı olmadan baxılmasını və iddianın təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Üçüncü şəxs "xxxx" Sığorta Şirkəti ASC-yə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında nümayəndəsi iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Eyni zamanda üçüncü şəxs "xxxx" Sığorta Şirkəti ASC iddia ərizəsinə etiraz edərək bildirmişdir ki, İddiaçı iddiasıyla bağlı qeyd edirik ki, "İstehsalstda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarında icbari sığorta haqqında Qanunun 2.0.12, maddəsinə əsasən icbari sığorta müqaviləsinin qüvvədə olduğu dövr ərzində istehsalatda bədbəxt hadisə və ya peşə xəstəliyi nəticəsində sığorta olunanın peşə əmək qabiliyyətinin itirilməsi, yaxud ölümü ilə əlaqədar bu Qanuna görə sığorta ödənişinin faydalanan şəxsə ödənilməsi üçün əsas olan hal sığorta hadisəsi hesab edilir. Həmin Qanunun 2.0.21. maddəsinə əsasən "peşə əmək qabiliyyətinin itirilməsi dərəcəsi - sığorta olunanın sığorta hadisəsi baş verənədək malik olduğu peşə əmək qabiliyyətinin davamlı itirilməsinin faizlə ifadəsi" kimi müəyyən edilib. Əmək qabiliyyətinin davamlı itirilməsinin faizlə ifadəsi Tibbi Sosial Ekspert Komissiyası tərəfindən müəyyən edilir. İş materiallarında Tibbi Sosial Ekspert Komissiyasının qərarı mövcud olmadığından, iddiaçı tərəfindən onun sağlamlığının davamlı itirilməsi ilə bağlı heç bir sənəd təqdim edilmədiyindən baş vermiş hadisə müvafiq Qanuna əsasən sığorta hadısəs, hesab edilmir və sığortaçı “Xala Həvat " Sığorta Şirkəti ASC-mn hadisə üzrə məsuliyyəti yaranmır. Bu səbəbdən iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia rədd edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki: İstehsalatda baş vermiş bədbəxt hadisə haqqında 01.04.2021-ci il tarixli, 01 №-li Aktın məzmunundan görünür ki, 01 sentyabr 2020-ci il tarixində saat 11:45 radələrində “X5 and Engineering Group" MMC-nin iş icraçısı Ramin Aslanov, X11, digər qəlibçilər Fəqan Səmədov, Vüsal Ələkbərov, Asif Əbilov, Samir Çobanov və digər işçilərlə birlikdə işlədiyi “Bakı Ağ şəhər" layihəsində yerləşən “Pasaj” obyektinin iş sahəsinə gəlmişdir. Qeyd olunan ərazidə ayaqaltı konstruksiyanın üstünə çıxıb taxta qəlibləri sökdüyü zaman ani olaraq ayaqaltının döşəməsinə vurulmuş lövhələrin üstündən müvazinətini saxlaya bilməyərək metal ayaqaltının içərisindəki boşluqdan təxminən 4,5 metr hündürlükdən döşəmənin üstünə yıxılmışdır. İnzibati xəta haqqında MN seriyalı, ******* №-li protokoldan görünür ki, “X5 and Engineering Group" MMC-nin direktoru X8 tərəfindən işçisi İddiaçı 01.09.2020-ci il tarixdə xəsarət alması ilə nəticələnmiş bədbəxt hadisə barədə qanunvericilikdə nəzərdə tutulmuş qaydada X9 Xidmətinə həmin gün məlumat verilməmişdir. X3 tərəfindən AR İXM-nin 555.1-ci maddəsində nəzərdə tutulmuşç inzibati xəta törədilmişdir. İnzibati xəta haqqında MN seriyalı, ******* №-li qərardan görünür ki, “X5 and Engineering Group" MMC-nin direktoru X8 tərəfindən işçisi İddiaçı 01.09.2020-ci il tarixdə xəsarət alması ilə nəticələnmiş bədbəxt hadisə barədə qanunvericilikdə nəzərdə tutulmuş qaydada X9 Xidmətinə həmin gün məlumat verilməmişdir. X3 tərəfindən AR İXM-nin 555.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətdiyinə görə 1000 manat məbləğində cərimə edilmişdir. 14.10.2021-ci il tarixli əlyazmadan görünür ki, İddiaçı 12000 “X5 and Engineering Group" MMC-nin rəhbərliyindən almışdır. Göründüyü kimi İddiaçı “X5 and Engineering Group" MMC-də qəlibçi kimi işləmişdir. 01.09.2020-ci il tarixdə işdə olarkən bədbəxt hasisə baş vermiş və nəticədə İddiaçı peşə xəsarəti almışdır. Hazırda iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, istehsalatda baş vermiş bədbəxt hadisə nəticəsində 4000 (dörd min) manat sığorta haqqı, 5000 (beş min) manat məbləğində müalicə haqqının onun xeyrinə ödənilməsini xahiş etmişdir. Məhkəmə ilk növbədə qeyd etməyi zəruri hesab edir ki, MPM-in 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələləri araşdırılmalıdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 9-cu maddəsinin “j” bəndinə əsasən işəgötürən tərəfindən qanunla müəyyən olunmuş qaydada məcburi sosial sığorta, icbari tibbi sığorta, işsizlikdən sığorta və istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta olunmaq, habelə hər hansı başqa növ sığorta qaydalarından istifadə etmək mək müqaviləsi üzrə işçinin aşağıdakı əsas hüquqlarına aiddir. Həmin Məcəlləsinin 225.1-ci maddəsinə əsasən işəgötürən qanunvericiliklə müəyyən olunmuş qaydada hər bir işçinin istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortalanmasını təmin etməlidir. Əmək müqaviləsində işçinin sığortalanması barədə müvafiq məlumatların göstərilməsi mütləqdir. Həmin Məcəlləsinin 225.2-ci maddəsinə əsasən istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta sahəsində münasibətlər müvafiq qanunvericiliklə tənzimlənir. "İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarında icbari sığorta haqqında Qanunun 2.0.12-ci maddəsinə əsasən icbari sığorta müqaviləsinin qüvvədə olduğu dövr ərzində istehsalatda bədbəxt hadisə və ya peşə xəstəliyi nəticəsində sığorta olunanın peşə əmək qabiliyyətinin itirilməsi, yaxud ölümü ilə əlaqədar bu Qanuna görə sığorta ödənişinin faydalanan şəxsə ödənilməsi üçün əsas olan hal sığorta hadisəsi hesab edilir. Həmin Qanunun 2.0.21. maddəsinə əsasən "peşə əmək qabiliyyətinin itirilməsi dərəcəsi sığorta olunanın sığorta hadisəsi baş verənədək malik olduğu peşə əmək qabiliyyətinin davamlı itirilməsinin faizlə ifadəsi" kimi müəyyən edilib. Qanunvericiliyin tələblərindən görünüdüyü kimi əmək qabiliyyətinin davamlı itirilməsinin faizlə ifadəsi Tibbi Sosial Ekspert Komissiyası tərəfindən müəyyən edilməlidir. Hazırkı iş üzrə İddiaçı tərəfindən Tibbi Sosial Ekspert Komissiyasının qərarı təqdim edilmədiyindən iddiaçı tərəfindən onun sağlamlığının davamlı itirilməsi ilə bağlı heç bir sənəd təqdim edilmədiyindən baş vermiş hadisə müvafiq Qanuna əsasən sığorta hadisəsi hesab edilmir. Bu halda məhkəmə hesab edir ki, iddia ərizəsi İddiaçı tərəfindən kifayət qədər əsaslandırılmamış və lazımı sübutlar məhkəməyə təqdim edilməməklə sübuta yetirilməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Mülki prosessual qanunvericiliyə görə sübut hüququ öz daxilində ümumən işə baxan hakim tərəfindən ardıcıl bir neçə prosessual hərəkətlərin edilməsini nəzərdə tutur. Həmin ardıcıllığa uyğun olaraq hakim ilk növbədə nə vaxt sübutun tələb edilməli olduğunu müəyyən etməli, bundan sonra sübutetmə yükünün bölüşdürülməsinə uyğun olaraq tələb olunan sübutun kimin tərəfindən təqdim edilməli olduğunu aydınlaşdırmalı, daha sonra sübutetmənin hansı qaydada həyata keçirilməli olduğunu tərəflərə izah etməli və nəhayət, təqdim edilmiş sübutları qiymətləndirməlidir. Məhkəmənin bütün bu prosessual hərəkətləri sözsüz ki, iddianın predmeti və irəli sürülən tələbin xüsusiyyətləri nəzərə alınmaqla həyata keçirilməlidir. Mülki prosessual qanunvericilikdə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs biləvasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 77.3, 78.1, 78.2, 80, 88-ci maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Belə ki, Mülki-Prosessual Məcəllənin: 21.1-ci maddəsinə əsasən, məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır; 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə məhkəmənin gəldiyi qənaətə görə İddiaçı Cavabdeh MMC-yə və üçüncü şəxs "xxxx" Sığorta Şirkəti ASC-yə qarşı “müalicə və sığorta pulunun ödənilməsi” tələbinə dair iddiası təmin olunmamalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh MMC-yə və üçüncü şəxs "xxxx" Sığorta Şirkəti ASC-yə qarşı “müalicə və sığorta pulunun ödənilməsi” tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən tərəfə rəsmi təqdim olunan gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Gültəkin Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar