Məhkəmə qərarları › İş №2(005)-685/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-685/2021

10.02.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-685/2021 10.02.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Vüqar Şahbaz oğlunun sədrliyi, Cəfərova Rufanə Xıdır qızının katibliyi, İddiaçı İsimxan oğlunun nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı İsimxan oğlunun Cavabdeh qarşı “aliment üzrə borcun silinməsi tələbi”nə dair iddia ərizəsi ilə bağlı mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı İsimxan oğlu Cavabdeh qarşı “aliment üzrə borcun silinməsi tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(005)-7649/2016 saylı qətnaməsi ilə müəyyən edilmiş aliment üzrə 8424 manat məbləğində aliment üzrə borcu ödəməkdən azad olunmağı barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 2012-ci ildə Cavabdeh ilə rəsmi nikah bağlayaraq ailə həyatı qurmuşlar. Onların birgə nikahlarından xx.xx.2012-ci il tarixində Aylin adlı qızı və xx.xx.2013-cü il tarixində Ayxan adlı oğlu doğulmuşdur. Nikahın ilk vaxtları münasibət yaxşı olmuş, lakin sonradan pisləşmişdir. Bunun nəticəsi olaraq aralarında olan nikah məhkəmə qətnaməsi ilə pozulmuşdur. Nikahın pozulmasından əvvəl Cavabdeh iddiaçıya qarşı “alimentin tutulması barədə” məhkəməyə iddia vermiş və Bakı şəhəri Nərimanov rayon məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(005)-7649/2016 saylı qətnaməsi ilə onun iddiası qismən təmin edilərək hər iki uşağın saxlanmasına görə ayda 234 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. Həmin vaxtda onların nikahlarının pozulması barədə məhkəmə qətnaməsi qəbul olunmuşdur. Lakin nikahın rəsmi qaydada pozulmasına baxmayaraq 2016-cı ilin oktyabrı ayından 2019-cu ilin dekabr ayının axırına kimi onlar faktiki olaraq bir ailə kimi birlikdə yaşamışlar. Yəni iddiaçı həm keçmiş həyat yoldaşı, həm də iki uşağın maddi cəhətdən tam təmin etmişdir. Amma əfsuslar olsun ki, onların birgə bir ailə kimi yaşadığları dövrə görə də iddiaçıya aliment üzrə 8424 manat məbləğində borc hesablanmışdır. Həmin dövr üçün iddiaçı barədə aliment üzrə borcun hesablanması tamamilə əsassız və qanunsuzdur. Məhkəmə iclasında İddiaçı İsimxan oğlunun nümayəndəsi və vəkili Vəkil çıxışında iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab edir. Məhkəmə tərəfin izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, iş materiallarında olan; Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxxxx 2016-cı il tarixli 2(005)- 7649/2016 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilərək xx.xx.2016-cı il tarixdən başlayaraq xx xxxxxxx 2012-ci il təvəllüdlü X1 və xx xxxxxxxx 2013-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatandək saxlanılması üçün İddiaçı İsimxan oğlundan hər ay hər uşağa görə 117 manat olmaqla, cəmi 234 manat sabit pul məbləğində aliment Cavabdeh xeyrinə tutulması qət edilmişdir. AA ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı İsimxan oğlu xx.xx.1983-cü ildə doğulmuşdur. xx.xx.2020-ci il ödəniş qəbzinə görə iddiaçı məhkəmədə iddia qaldırmaq üçün 30 (otuz) manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 107.1-ci maddəsinə əsasən aliment onun ödənilməsi barədə saziş əsasında tutulduqda aliment üzrə borcları ödəməkdən azad edilmə və ya onun miqdarının azaldılması tərəflərin razılığı ilə həyata keçirilə bilər. Həmin Məcəllənin 112-ci maddəsinə görə məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin miqdarı dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla, aliment ödəməkdən azad edə bilər. Hazırki mülki iş üzrə məhkəmə hesab edir ki, qeyd edilən qanunvercilik əsasları mövcud olmadığından İddiaçı İsimxan oğlunun aliment üzrə borcu ödəməkdən azad olunmasına dair iddiası təmin edilməməlidir. Mülki prosessual qanunvericiliyin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi, maddə 14.2, 77.1 və 88 maddələri). İddiaçının tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu halda, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı İsimxan oğlunın Cavabdeh qarşı “aliment üzrə borcun silinməsi” tələbinə dair iddiası rədd edilməli, ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı “aliment üzrə borcun silinməsi tələbi”nə dair iddiası rədd edilsin. İddia üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Vüqar Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar