Məhkəmə qərarları › İş №2(005)-687/2023

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-687/2023

06.11.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-687/2023 06.11.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Nərgiz Nazim qızının sədrliyi, Məhkəmə iclas katibi İsmayılov Pərvin Pərviz oğlunun katibliyi, İddiaçı X3, onun nümayəndəsi və vəkili Vəkil2, Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 vəkil və nümayəndələri Vəkil1 iştirakları ilə, İddiaçı X3 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı qızıl-zinət əşyalarının və ya onların dəyərinin qaytarılması tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı X5 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 komplekt: sep, qolbağ, sırğa, üzük (ağ brilyant qızıl) 3200 azn, tros sep 11 qram (sarı qızıl) 880 azn, uşaq qolbağı 150 azn (sarı qızıl), uşaq qolbağı 200 azn (sarı qızıl), Sırqa 6 qram (sarı qızıl) 500 azn, sep nazik 5 qram (sarı qızıl) 400 azn, sarı qızıl üzük 5 qram 300, uşaq sırqası 6 qram (sarı qızıl) 500 azn dəyərində qızılzinət əşyalarının və ya onların cəmi dəyəri olan 6100 manatın ona qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçı iddia tələbinin həcminin artırılması barədə ərizə təqdim edərək, iddia ərizəsində göstərilən 585 əyarlı qızıl zinət əşyalarının və ya onların dəyəri olan 6650 manatın ona qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, o, cavabdehlə xx.xx.2016-cı il tarixdə 3 saylı Bakı “Asan Xidmət” X11ndə rəsmi nikah qeydiyyatından keçməklə ailə qurmuşdur. Nikahları 23 may 2016-cı il tarixli 1879 nömrəli akt qeydi ilə rəsmiləşdirilmişdir. Əvvəllər münasibətləri normal olsa da, Saqif ilə sonradan münasibətləri kəskin pisləşmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 01 sentyabr 2022-ci il tarixli, 2(005)-1013/2022 saylı qətnaməsinə əsasən nikahı pozulmuşdur. Cavabdehlə nikah münasibətlərinə girdikdən sonra onlara məxsus Bakı şəhəri, Keşlə qəsəbəsində yerləşən həyət evinə köçüb və uzun illər ailəsi tərəfindən onun üçün hazırlanmış cehiz əşyalarını, şəxsi geyimlərini (paltar, ayaqqabı sumka) və ona hədiyyə olunan qızıl əşyalarını həmin mənzilə aparmışdır. Bu halı təsdiq edən şahidləri və video disk vardır. Hazırda həmin mənzildə ona məxsus müxtəlif adda cehiz əşyaları və şəxsi istifadəsində olan fərdi əşyaları və atasının, dayısının ona hədiyyə etdiyi qızılları qalmışdır. Cavabdeh isə həmin əşyaların ona geri qaytarılmasından imtina edir. Bu səbəbdən də məhkəmə müdaxiləsi zərurəti yaranmışdır. Qızıl əşyaları aşağıdakılardan ibarətdir: Komplekt: sep, qolbağ, sırğa, üzük (ağ briliant qızıl) 3200 azn, Tros sep 15 qram (sarı qızıl), uşaq qolbağı 150 azn (sarı qızıl), uşaq qolbağı 200 azn (sarı qızıl), sırqa 6 qram (sarı qızıl), sep nazik 5 qram (sarı qızıl), sarı qızıl üzük 5 qram, uşaq sırqası 6 qram (sarı qızı). Siyahı üzrə göstərilmiş hədiyyə olunan qızıl əşyaları ona məxsus olmuşdur və bu səbəbdən də alınaraq özünə geri qaytarılmalıdır. Məhkəmə iclasında iştirak edən iddiaçı X5 bildirmişdir ki, oğurluq hadisəsindən ehtiyat etdiklərindən, iddia ərizəsində sadalanan qızıl-zinət əşyalarını həmişə qaynanası saxlamış, o isə toya gedəndə qaynanasından götürərək istifadə etmiş, sonra isə geri qaytarmışdır. Evdən çıxarkən ona məxsus əşyalarını götürmüş, bu barədə akt tərtib etmişlər, əşyaların içərisində nişan üzüyü də olmuş və onu özü ilə götürmüşdür. Cavabdeh tərəfindən təqdim edilmiş aktda ona məxsus bütün əşyaları götürdüyünü qeyd etmişlər və o, bu akta imza çəkmişdir. Belə ki, tələb edilən əşyalar yaşadığı evdə yox, qaynanasının evində olmuşdur. Toy vaxtı ona nişan üzüyü və komplekt alınmışdır. Bunları almağa qaynı arvadı ilə getmişdir. Həmin qızıllar hazırda qaynanasındadır. Bu səbəbdən iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı X3 vəkili və nümayəndəsi Vəkil2 iddia tələbinin məzmununa uyğun izahat verərək, qızılların cavabdehlərdə olduğunu bildirmiş və iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil1 iddia tələbinə etiraz edərək bildirmişdir ki, iddiaçı yaşadığı evi tərk edərkən çəkiliş aparmış və akt tərtib etmişlər, həmin aktda götürdüyü bütün əşyalar bir-bir sadalanmış, iddiaçı nişan üzüyünü götürdüyünü və həmin evdə başqa əşyasının olmadığını öz imzası ilə təsdiq etmiş, hətta aktı imzalamazdan əvvəl onu dəfələrlə oxumuş, öz yaxınları, vəkili ilə məsləhətləşmişdir. Onun heç bir əşyası onlarda qalmamışdır. Əgər qalsa idi həmin aktı imzalamaz və ya digər əşyalarını da tələb edərdi. Lakin bununla bağlı aralarında heç bir söhbət olmamışdır. Sonradan belə bir iddia qaldırmışdır. Bu səbəbdən iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən Cavabdeh2 bildirmişdir ki, o uşaqlarını təkbaşına böyütmüşdür, satıcılıq etməklə pul toplamış, toy vaxtı gəlinə qızıl brilliant qaşlı üzük almışdır, lakin toy komplekti almağa imkanı olmamışdır, bu səbəbdən iddiaçı toyda bijuteriya taxmışdır. Onlar tərəfindən iddiaçıya hər hansı başqa qızıl alınmamışdır. Qeyd etdiyi nişan üzüyü də iddiaçı tərəfindən götürülmüşdür. İddiaçının sonradan nə qızıl alması barədə məlumatı yoxdur və onun qızılını heç vaxt saxlamamışdır. Əvvəlki məhkəmə iclasında iştirak edən Cavabdeh1 bildirmişdir ki, iddiaçıya qızıl kimi sadəcə nişan üzüyü alınmışdır. O usta işləyir. 2016-cı ildə maddi cəhətdən imkanları çox aşağı idi. Bu səbəbdən başqa qızıl ala bilməmişlər. İddiaçının göstərdiyi qızıllardan məlumatı yoxdur, ümumiyyətlə onların qızıl olduğuna inanmır. Anası isə iddiaçının qızılını heç vaxt saxlamamışdır və anası onların evinə, iddiaçı ilə münasibətləri soyuq olduğu üçün çox az gedib gəlirdi. İddiaçıya alınan nişan üzüyü isə akt tərtib edilərək ona verilmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq və toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia aşağıda qeyd edilənlərə əsasən rədd edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - 3 saylı Bakı “ASAN xidmət” X11 tərəfindən verilmiş AZ-İİ seriyalı, 127897 nömrəli nikah haqqında şəhadətnamədən görünür ki, Cavabdeh1 ilə X2 xx.xx.2016-cı il tarixdə nikahları bağlanmışdır. Nikahdan sonra arvada “Məsimova” soyadı verilmişdir; - ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, Cavabdeh1 xx.xx.2022-ci il tarixdə “qızıl-zinət əşyalarının və cehiz əmlakının qaytarılması” tələbi ilə bağlı keçirilməsi nəzərdə tutulan mediasiya prosesində iştirak etməmişdir; - X5, Cavabdeh1, nümayəndəsi Vəkil1, mülkiyyətçi Məsimov Muradın imzaları ilə təsdiq edilmiş xx.xx.2022-ci il tarixli aktdan görünür ki, ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evində X4 məxsus olan cehiz əşyaları, uşaqlara aid geyim əşyaları, Vəfaya aid olan bütün geyimlər, Məsimova Vəfa tərəfindən mülkiyyətçi və keçmiş ər Cavabdeh1 təhvil alınmışdır. Məsimova Vəfa həmçinin orta otaqda olan geyim əşyalarının içərisindən ağ kisədə nişan üzüyünü tapdı və götürdü. Eləcə də Məsimova Vəfa 3 otaq və 1 mətbəxə baxış keçirdi. Özünə aid bütün əşyaların, cehizin, nişan üzüyünün yerində olmasını müəyyən etdi. Mülkiyyətçi Məsimov Murad, Məsimova Vəfa və Cavabdeh1 təsdiq etdilər ki, Məsimova Vəfaya aid bütün cehiz əşyaları, nişan üzüyü yerindədir və Məsimova Vəfaya təhvil verdilər. Məsimova Vəfa brilyant qaşlı nişan üzüyünü, bütün cehizləri, bütün şəxsi əşyaları, bütün geyimləri mülkiyyətçi Məsimov Murad və Cavabdeh1 təhvil aldı və bunu öz imzası ilə təsdiq etdi. Tərəflərin iştirakı ilə Məsimova Vəfa təsdiq etdi ki, gəlin köçən gündən bu ünvanda yaşayıb, bütün əşyaları, cehizləri bu ünvana yerləşdirilib. Hazırki ünvanda Məsimova Vəfaya aid başqa şəxsi əşya, cehiz, zinət əşyası olmayıb. Bu ünvanda yerləşən evdən Məsimova Vəfa özünə aid olan hər şeyi təhvil aldı. Əşyalar, cehiz, geyim və qızıl, yəni nişan üzüyü yerində olduğundan adbaad siyahı tutulub yazılmasına ehtiyac yoxdur. Məsimova Vəfa həmçinin bildirdi ki, bu evdə nişan üzüyündən başqa heç bir zinət əşyası yoxdur. Həmçinin bu evdə mətbəx mebeli, kondisioner, wi-fi aparatı, telefon və 1 ədəd “şifoner” Məsimova Murada olmasını tərəflər təsdiq etdi. Cehiz əşyalarına qablar, qonaq dəsti (güzgülü komod, “qorka” bar şkaf, qonaq stol-stulları, mətbəx stol və stulları, yataq mebelli, çarpayı, 2 tumba, “şifoner”, 3 ədəd çil-çıraq, divan və kreslolar, pərdələr aiddir. Tərəflər heç bir irad, təklif, tələb, şikayət irəli sürmədilər. Ustalar, mülkiyyətçi və Məsimova Vəfanın iştirakı ilə mebellər Vəfa Məsimovanın sifariş etdiyi yük maşınına yığıldı və Sumqayıt tərəfinə aparıldı; - Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1013/2022 saylı, xx.xx.2022ci il tarixli qətnaməsindən görünür ki, Cavabdeh1 ilə Məsimova (Məsimova) Vəfa Məmmədhəsən qızı arasında xx.xx.2016-cı ildə 3 saylı Bakı “Asan” xidmət X11 tərəfindən qeydə alınmış nikahın pozulması, xx.xx.2016-cı il təvəllüdlü X12 və xx.xx.2017-ci il təvəllüdlü X6 anaları Məsimova (Məsimova) Vəfa Məmmədhəsən qızının yanında saxlanması, Cavabdeh1 xx.xx.2022-ci il tarixindən başlayaraq, xx.xx.2016-cı il təvəllüdlü X12 və xx.xx.2017-ci il təvəllüdlü X1 üçün bir uşağa 193 manat olmaqla, cəmi 386 manat sabit pul məbləğində alimentin Məsimova (Məsimova) Vəfa Məmmədhəsən qızının xeyrinə tutulması, iddiaçı Cavabdeh1 valideynlik hüquqlarını həyata keçirməkdən ötrü xx.xx.2016-cı il təvəllüdlü X12 və xx.xx.2017-ci il təvəllüdlü X10 ilə ananın iştirakı olmadan və ananın yaşadığı ünvandan kənarda hər həftənin şənbə günləri saat 10:00-dan 20:00dək, 2 gün və daha çox bayram günlərində 10:00-dan 18:00-dək, hər gün telefonla 19:00dan 19:30-dək ünsiyyətdə olmaq üçün görüş verilməsi qət edilmişdir; - nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh1 ilə X5 arasında bağlanmış nikah Nərimanov Rayon Məhkəməsinin qətnaməsi əsasında xx.xx.2022-ci il tarixdə pozulmuşdur; - əvvəlki məhkəmə iclasında şahid qismində dindirilmiş (iddiaçı tərəfindən) X7 öz ifadəsində bildirmişdir ki, o, iddiaçının bibisidir. Onlar qızıl almağa birlikdə getmişlər. O, Vəfa, Saqifin qardaşının arvadı və Səbadillə birlikdə Moskva Univermağına gedərək, toy mərasimində gəlinə hədiyyə edilən qızılları almışlar. Toy mərasimində hədiyyə edilən zinət əşyalarının hamısı qızıl idi. Onlar bijuteriya olmamışdır; - əvvəlki məhkəmə iclasında şahid qismində (cavabdehlər tərəfindən) dindirilmiş X13 öz ifadəsində bildirmişdir ki, o, cavabdehin qardaşıdır. Həyat yoldaşı iddiaçı ilə qızıl almağa heç bir zaman getməmişdir. Eyni zamanda iddiaçının anası ilə Saqifin münasibətlərinin pis olduğunu iddia etməsi yalnışdır. Anası ilə Saqifin münasibətləri hər zaman yaxşı olmuşdur. Onlar tərəfindən iddiaçıya sadəcə qızıl üzük alınmışdır. İşin məhkəmə tərəfindən müəyyən olunmuş hallarından görünür ki, iddiaçı X5 ilə Cavabdeh1 2016-cı ildə rəsmi nikaha daxil olmuşlar və birgə nikahdan 2 övladları vardır. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə tərəflər arasında bağlanmış nikah pozulmuşdur. İddiaçı evi tərk edərkən, tərəflər mənzildən götürülən əşyalarla bağlı akt tərtib etmişlər. Həmin aktda nişan üzüyünün iddiaçı tərəfindən götürüldüyü qeyd olunmuşdur. Aktın tərtib olunması işin mübahisələndirilməyən halıdır. Hazırda iddiaçı qızıl-zinət əşyalarının onların yaşadığı evdə deyil, qaynanasının evində olduğuna istinad edərək, cavabdehlərdən qızıl-zinət əşyalarının və ya onların dəyərinin tutulmasını xahiş edir. Cavabdehlər isə həmin əşyaların onlarda olmadığını bildirərək iddiaya etiraz edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 34.1 və 34.2-ci maddələrinə əsasən, nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). Ziynət əşyaları istisna olmaqla, fərdi istifadə şeyləri (geyim, ayaqqabı və s.) nikah zamanı ər-arvadın ümumi vəsaiti hesabına əldə edilsə də, ər-arvaddan kimin istifadəsində olubsa, ona məxsusdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.2-ci maddəsinə görə, nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir Qeyd olunmalıdır ki, qızıl-zinət əşyalarının cavabdehdən alınması tələbinin maddihüquqi əsasını təşkil edən Mülki Məcəllənin 157.2-ci maddəsinin dispozisiya şərtlərinə görə əmlakın tələb edilməsi üçün üç şərtin mövcudluğu tələb olunur: 1) iddiaçı qaytarılması tələb olunan əşyanın mülkiyyətçisi olmalıdır; 2) əşya faktiki olaraq özgəsinin sahibliyində olmalıdır; 3) özgəsinin əşyaya sahibliyinin hüquqi əsası olmamalıdır. Bu şərtlərdən hər hansı birinin sübuta yetirilməməsi iddianın rədd olunması üçün əsasdır. Ona görə də Mülki Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgənin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, ilk növbədə qaytarılması tələb olunan əşyanın mülkiyyətçisi olduğunu, bundan sonra əşyanın faktiki olaraq özgəsinin sahibliyində olduğunu və nəhayət özgəsinin əşyaya sahibliyinin hüquqi əsasının olmadığını sübut etməlidir. Sadalanan hüquq normalarının məzmunundan göründüyü kimi, birgə nikah dövründə hədiyyə kimi əldə olunmuş əmlakları digər şəxsdən məhkəmə qaydasında tələb edən şəxs həmin əmlakların mövcudluğunu və göstərilən dəyərdə olduğunu, əşyaların onun mülkiyyətində olduğunu və hazırda özgəsinin qanunsuz sahibliyində qaldığını sübuta yetirməlidir. Yalnız mübahisəli əşyaların mövcudluğunun, iddiaçıya məxsusluğunun və müvafiq dəyərdə olduğunun sübuta yetirilməsi, yaxud cavabdeh tərəfindən bu halların mübahisələndirilməməsi, belə iddiaların təmin olunması üçün əsas ola bilər. Baxılan işin hallarından asılı olaraq məhkəmə iddiaçının evdən getmə şəraitini nəzərə almaqla, tələb olunan əşyaların cavabdeh tərəfdə qaldığı barədə qənaətə gələ, yaxud əşyaların aparıldığını sübut etmək yükünü cavabdeh tərəfin üzərinə qoya bilər. Lakin bunun üçün iddiaçı ilk növbədə həqiqətən də birgə yaşadıqları evi, mübahisəli əmlakları özü ilə aparmaq imkanı olmadan tərk etdiyini sübuta yetirməli, yaxud cavabdeh tərəf bu halı mübahisələndirməməlidir. Hazırki işin hallarından göründüyü kimi, iddiaçı evi rahat şəkildə, mübahisəsiz tərk etmiş, tərk edərkən akt tərtib edilmiş, həmin aktda nişan üzüyünü götürdüyünü, özünə aid bütün əşyaların yerində olduğunu, heç bir irad, şikayət, tələbi olmadığını, həmin mənzildə başqa zinət əşyasının olmadığını öz imzası ilə təsdiq etmişdir. İddia ərizəsində qızılların yaşadıqları evdə olmasının qeyd edilməsinə baxmayaraq, məhkəmə iclasında iddiaçı həmin əşyaların yaşadığı evdə deyil, qaynanasının evində olduğunu, istədiyi vaxt ondan götürərək istifadə etdiyini, sonra isə yenidən ona qaytardığını bildirmişdir. Cavabdeh1 isə izahatında iddiaçının onun anası ilə münasibətinin soyuq olduğunu, bu səbəbdən anasının onların evinə nadir gəldiyini bildrmişdir. Digər Cavabdeh2 dolanışıqlarının çətin olduğunu, uşaqlarını atasız böyütdüyünü, satıcılıqla məşğul olmaqla pul yığaraq oğluna toy üçün yalnız qızıl nişan üzüyü aldığını, iddiaçının toyda taxdıqlarının qızıl olmadığını, onun tələb etdiyi digər əşyalardan isə məlumatlı olmadığını, iddiaçıya məxsus əşyaları heç vaxt onun saxlamadığını bildirmişdir. Məhkəmə hər iki tərəfin izahatında səmimi ifadələr olmadığını nəzərə alır. Lakin bununla yanaşı qeyd edir ki, hazırki işdə bilavasitə sübut etmə yükü iddiaçının üzərinə düşür və məhz iddiaçı qaytarılmasını tələb etdiyi qızıl-zinət əşyalarının mövcudluğunu, göstərilən dəyərdə olduğunu, əşyaların onun mülkiyyətində olduğunu və hazırda özgəsinin qanunsuz sahibliyində qaldığını sübuta yetirməlidir. Belə ki, iddiaçı sübut etməlidir ki, o, cavabdehin qanunsuz hərəkətləri nəticəsində mülkiyyət hüququ ilə ona mənsub olan qızıl-zinət əşyalarından məhrum olmuş və həmin əşyalar hal-hazırda məhz cavabdehin faktiki sahibliyindədir. Yalnız bu hallar sübut edildiyi təqdirdə sübut etmə vəzifəsi (cavabdehin əşyalara sahiblik etməməsi üzrə) cavabdehlərə keçir. Tərəflərin ayrı yaşamalarına baxmayaraq, iddiaçının nikahda olduqları 6 il ərzində qızıllarını qaynanasının evində saxlaması inandırıcı deyil. İddiaçı tərəfin bildirdiklərindən belə çıxır ki, o, həmin əşyalardan istifadə etmək üçün hər dəfə cavabdehin valideyninin evinə getmiş, istifadə etdikdən sonra əşyaları həmin evə qaytarmışdır. İddiaçı tərəfindən dindirilmiş şahid (bibisi) qızılların iddiaçıda olmadığını, cavabdehlərdə qaldığını bildirsə də, bununla bağlı məhkəmə qeyd edir ki, onun həmin halı konkret olaraq görməsi (bilməsi) mümkün deyildir. O da nəzərə alınmalıdır ki, prosessual qanunvericilik tərəflərin izahatlarını sübut növlərindən biri kimi qəbul etsə də, MPM-in 106.1-cı maddəsinə əsasən işdə iştirak edən şəxslərin izahatları o halda işin hallarını müəyyən etməyə imkan verən mötəbər sübut hesab oluna bilər ki, həmin izahat iş üzrə toplanmış digər sübutlarla təsdiq olunsun. Hazırki iş üzrə iddiaçı iddiasını təqdim etdiyi fotoşəkillər ilə əsaslandırmışdır. Məhkəmə iddiaçının dəlillərinə münasibətdə qeyd edir ki, iş materiallarına əlavə edilmiş fotoşəkillərdə iddiaçının üzərində əks olunmuş əşyaların iddia ərizəsində göstərilən qızıl-zinət əşyaları olması, onların həqiqətən qızıl və brilliant olması, iddiaçıya hədiyyə olunması, eləcə də qeyd edilən qızıl-zinət əşyalarının hazırda cavabdehlərin qanunsuz sahibliyində olması barədə mötəbər sübutlar təqdim edilməmişdir. Halbuki məhz bu cür halların sübuta yetirilməsi üçün iddiaçının məhkəməyə dəlil təqdim etməsi zəruridir. Hazırki halda isə iddiaçı həmin halları yalnız izahatında bildirməklə kifayətlənmiş, iddiasını mötəbər sübutlarla təsdiq edə bilməmişdir. Mülki prosessual qanunvericilik isə hakimin üzərinə öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmaq öhdəliyi qoyur və öz qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandırmağı qadağan edir. Qanun tərəflər arasında sübutetmə yükünü müəyyən etməklə yanaşı, işdə olan sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxılması, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilməsi qaydasını müəyyən edir (MPM-in 9.3, 77.1, 88-ci maddələri). Mülki Prosessual Məcəllənin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Həmçinin qeyd olunmalıdır ki, hazırki iş üzrə Nərimanov Rayon Məhkəməsinin 2(005)-687/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmiş və ekspertizanın aparılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə-Ekspertiza Mərkəzinin ekspertlərinə həvalə edilmişdir. Qızıl-zinət əşyalarının əyarı, çəkisi və s. barədə məlumatın ekspert baxışına təqdim edilməməsi səbəbindən məhkəmə-əmtəəşünaslıq ekspertizasının aparılmasından imtina edilmişdir. Sonradan məhkəmə baxış iclasında iddiaçı tərəfindən yenidən ekspertiza keçirilməsi barədə vəsatət verilmiş və qızıl-zinət əşyalarının birkası əlavə edilmişdir. Həmin birkalarda “Karvan TH” ticarət mərkəzi qeyd olunmuşdur. Lakin bununla bağlı məhkəmə qeyd edir ki, əvvəlki məhkəmə iclaslarında iddiaçının özü və onun tərəfindən dindirilmiş şahidlər qızılların moskva univermağından alındığını bildirmişdir. Həmçinin keçirilmiş məhkəmə iclaslarında iddiaçı qızıl-zinət əşyalarına dair birkaların onda olmadığını bildirmişdir. Göstərilənlərə əsasən məhkəmə təqdim edilmiş birkaları mötəbər sübut kimi qəbul etməyərək, eləcə də iddiaçının əşyaların cavabdehdə olmasını sübuta yetirə bilmədiyini və prosessual qənaət prinsipini nəzərə alaraq, ekspertiza keçirilməsini zəruri hesab etməmişdir. Göründüyü kimi, əşyaların və onların dəyərinin müəyyən edilməsi üçün prosessual tədbirlər (ekspertiza təyin edilərək, ekspert vəsatəti tərəflərə göndərilsə də) görülsə də, ekspertiza keçirilməsi mümkün olmamışdır. İddiaçının ikinci baxış iclasında təqdim etdiyi Sumqayıt Şəhər Polis İdarəsinə iddiaçı tərəfindən edilmiş şikayətlə bağlı qeyd olunmalıdır ki, Mülki Prosessual Məcəllənin 78.1-ci maddəsinin tələbinə uyğun olaraq, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Təqdim edilmiş sənədlər sübut kimi qəbul olunsa belə, həmin müraciətlər (13 yanvar 2022-ci il tarixli) evdən çıxarkən tərəflərin tərtib etdiyi aktdan (13 mart 2022-ci il tarixli) əvvəl olmuşdur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçı tələb etdiyi qızıl-zinət əşyalarının mövcudluğunu, onların qızıl olmasını, onun mülkiyyətində olmasını, hazırda cavabdehlərin qanunsuz sahibliyində olmasını sübuta yetirə bilmədiyindən iddia təmin edilməməlidir. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddiaçı X3 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı qızıl-zinət əşyalarının və ya onların dəyərinin qaytarılması tələbinə dair iddiası təmin edilməməli, iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı X3 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı qızıl-zinət əşyalarının və ya onların dəyərinin qaytarılması tələbinə dair iddiası təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən sonra 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nərgiz Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar