Məhkəmə qərarları › İş №2(005)-687/2025

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-687/2025

17.07.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi - Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-687/2025 17.07.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı (açar sözlər: mənəvi zərərin ödənilməsi; müşahidə kamerasının sökülməsi) Hakim Nuriyeva Səbinə Vidadi qızının sədrliyi, Məhkəmə iclas katibi Fətəlizadə Rufanə Xıdır qızının katibliyi, İddiaçı İddiaçı, Cavabdeh Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “mənəvi zərərin ödənilməsi, müşahidə kamerasının sökülməsi və s.” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında (Bakı şəhəri, Əhməd bəy Ağaoğlu 34A) açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. İşin mahiyyəti: İddiaçı Cavabdeh qarşı “mənəvi zərərin ödənilməsi, müşahidə kamerasının sökülməsi və s.” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, qonşusu Cavabdeh, ona vurduğu mənəvi zərərə görə, 999 azn təzminatın tam ödənilməsi üçün qətnamə qəbul edilməsi, ünvan 1 ünvanında ona məxsus fərdi yaşayış evinin qanuni ümumi istifadə gediş-gəliş yolunda Cavabdeh tərəfindən yerləşdirilən qanunsuz iki ədəd müşahidə kamerasının öz hesabına sökülməsi və ümumi istifadə gediş-gəliş yolunda müşahidə kamerasının quraşdırılmasının qadağan edilməsi üçün qətnamə məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, qonşusu Cavabdeh heç bir günahı olmadan onu hakim Ramin Quliyevin və köməkçisi Davud bəyin gözləri önündə biyabırcasına təhqir etmiş, şərəf və ləyaqətini alçaltmış, hal-hazırda məhkəmə iclaslarında hakim və köməkçisi ilə rastlaşdıqda özünü çox aciz hiss edir, alçalmış hiss edir, həmin təhqirlər yeddi qatından güllə kimi dəlib keçib, çox əsəb və stres keçirir, gərginlikdən ürəyi dayana bilər və ya infakt keçirə bilər, çox iztirab çəkir, şəxsiyyətinə çox hörmət edən adamdır, bu cür səviyyəsiz təhqirləri həyatı boyu qəbul etməmişdir və etməz. İlk adamdır ki, onu belə biabırçı təhqirlərlə digər şəxslərin gözləri önündə alçaldır, bu vəziyyət onun üçün çox dözülməzdir, bu günə qədər hələ də həmin təhqirləri bütün günü düşünür, çox əsəb keçirir, onun cəzasız qalması çox böyük zərbədir, ən azından ona vurduğu, yaşatdığı bu iztiraba, əsəbiliyə, gərginliyinə gorə təzminat ödəməyi vacibdir. Bu adamı həyatı boyu bağışlamayacaqdır, çünki şəxsiyyətinə çox böyük hörmət qoyan adamdır. Bakı şəhəri Nərimanov rayon məhkəməsinin hakimi Ramin Quliyev və köməkçisi Davud bəy 2(005)- 3137/2024 nömrəli mülki iş üzrə xx.xx.2024-cü iİ tarixdə, saat:15:20-də ünvan 2 ünvanında yerli baxış keçirən zaman, qonşusu Cavabdeh, hakimin və köməkçisinin gözləri önündə onu təhqir etmiş, şərəf və ləyaqətini alçatmışdır. Hakim Ramin bəy, onu təhqir etdiyinə görə heç bir tədbir görməmişdir. Cavabdeh, onu təhqir etdiyi, şərəf və ləyaqətini alçaltdığı üçün, narahatlıq keçirir, çox əsəbiləşmişdir, təzyiqi 144 olub, iztirab keçirir, mənəvi sarsıntı keçirir, hələ də çox əsəb keçirir, sağlamlığına ziyan dəyib, mənəvi çox ziyan vurub, çox narahatlıq keçirir və buna görə Cavabdeh ona vurduğu mənəvi zərəri ödəməsi və yazılı ondan üzr istəməsi zəruridir. Həmçinin bildirir ki, Bakı şəhəri Nərimanov rayon 1-ci şimal şitilliyi ünvanında, gediş-gəliş yolunda, ondan, ailə üzvlərindən icazəsiz, qonşusu Cavabdeh xx.xx.2024-cü il tarixdə iki ədəd gizli kamera quraşdırıb. Kameralardan biri gediş-gəliş yolunun giriş hissəsini çəkir, ikinci kamera isə, ona məxsus fərdi yaşayış evinin giriş qapısını və həyətini çəkir. Qonşusu Cavabdeh bu əməli, kameralar vasitəsi ilə onun və ailə üzvlərinin birbaşa şəxsi həyatına müdaxilədir, İnsan hüquqlarını və vətəndaş hüquqlarını kobudcasına pozmuşdur. Nəzarət-müşahidə kameraları hər hansısa obyektlərin təhlükəsizliyini təmin etmək üçündür. Bu kameralar baş verə biləcək hansısa cinayətin aşkarlanması, yaxud qarşısının alınması üçün quraşdırıla bilər. Amma buna baxmayaraq, hətta təhlükəsizlik məqsədilə quraşdırılsa belə, müşahidə kameralarının ərazidə çəkiliş aparması ilə bağlı xəbərdaredici lövhənin olması mütləqdir. Gizli kameralar cinayətə şərait yaradır. Kameralar vasitəsilə icazəsiz çəkiliş aparılması şəxsi həyata birbaşa müdaxilədir. Özü ünvan 1 ünvanında, 1989-cu ildən yaşayır. Rəhmətlik atası X3, qeyd olunan ünvandakı fərdi yaşayış evini, 2016-cı ildə adına bağışlayıb, hal-hazırda şəxsi mülkiyyətidir. Ailəlidir, üçəm övladları var (1 oğlan, iki qız). Ona məxsus şəxsi mülkiyyətinin ümumi istifadə gediş-gəliş yolunda ondan icazəsiz qonşusu tərəfindən quraşdırılan müşahidə kameralarına etiraz etmə, qadağan etmə ixtiyarı var, şəxsi mülkiyyətinin qanunla qorunan hüquqlarını qorumaq, müdafiə etmək hüququ var. İddiaçı xx.xx.2025-ci il tarixdə məhkəməyə yazılı ərizə təqdim edərək bildirmişdir ki, öncəki tələbi ünvan 4 ünvanında Cavabdeh tərəfindən gediş-gəliş yolundakı hər iki kameranın sökülməsi olmuşdur. Hazırda yalnız 1 qara rəngli kameranın sökülməsini xahiş edir. II. Tərəflərin mövqeləri: Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək, onun təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini qəbul etməyərək, onun təmin olunmaması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. III. İşin faktiki halları: İş materiallarında olan: -Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən elektron çıxarışdan görünür ki, ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evi (payı: 3 otaq y/s-51.7kv.m, k/s-6.0 kv.m) xx.xx.2016-cı il tarixdə İddiaçı adına xüsusi mülkiyyət kimi daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 17 iyun 2025-ci il tarixli 4/282 №-li rəyindən görünür ki, ekspertizaya təqdim olunmuş 01 ədəd “Verbatim” markalı CD-R diskdə olan mübahisəli fonoqramlardakı danışıqların məzmunu tədqiqi hissədə verilmiş yazılı mətn hissələrindən ibarətdir. Ekspertizaya təqdim olunmuş 01 ədəd “Verbatim” markalı CD-R diskdə olan mübahisəli fonoqramdakı danışıqların tədqiqi hissədə verilmiş yazılı mətn hissələrində «K3» kimi işarə olunmuş diktorun səsi və nitqi - Cavabdeh məxsusdur. Adından eyniləşdirici tədqiqat tələb olunan şəxs - İddiaçı eksperimental səs və nitq nümunəsi ekspertiza tədqiqatına təqdim olunmadığından fonoqramdakı danışıqların tədqiqi hissədə verilmiş yazılı mətn hissələrində «K1», «K2» və «K4» kimi işarə olunmuş diktorunun hər hansı birinin səsi və nitqinin - İddiaçı məxsus olub-olmamasını müəyyən etmək mümkün olmadı. Ekspertizaya təqdim olunmuş 01 ədəd “Verbatim” markalı CD-R diskdə Cavabdeh tərəfindən səsləndirilmiş “oğraş”, “alçaq”, “saxtakar”, “şərəfsiz” ifadələri İddiaçı şərəf və ləyaqətini alçaldan ifadələr hesab edir. IV. Tətbiq edilən hüquq və Məhkəmənin mövqeyi: Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesində ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Bu mənada məhkəmənin qənaətinə görə, iddiaçının irəli sürdüyü faktiki hallara onun iddia tələblərinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşıb-uzlaşmamasına hüquqi qiymət verilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 21.2-ci maddəsinin tələbinə görə, zərər dedikdə, hüquqi pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış dayda) başa düşülür. - 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. - 560.1-ci maddəsinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. - 560.2-ci maddəsinə əsasən, hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. - 560.3.4-cü maddəsinə əsasən, digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi hüquqdan sui-istifadədir. - 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). - 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyət daşıyır. - 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. - 1115-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarına əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Həmin Məcəllənin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür. “İnsan hüquqlarının və X2 haqqında” Avropa Konvensiyası: Maddə 10.1. Hər kəs öz fikrini ifadə etmək azadlığı hüququna malikdir. Bu hüquqa öz rəyində qalmaq azadlığı, və dövlət hakimiyyəti orqanları tərəfindən hər hansı maneə olmadan və dövlət sərhədlərindən asılı olmayaraq, məlumat və ideyaları almaq və yaymaq azadlığı daxildir. Bu maddə dövlətlərin radio-yayım, televiziya və kinematoqrafiya müəssisələrinə lisenziya tələbi qoymasına mane olmur. Maddə 10.2. Bu azadlıqların həyata keçirilməsi milli təhlükəsizlik, ərazi bütövlüyü və ya ictimai asayiş maraqları naminə, iğtişaşın və ya cinayətin qarşısını almaq üçün, sağlamlığın və mənəviyyatın qorunması üçün, digər şəxslərin nüfuzu və hüquqlarının müdafiəsi üçün, konfidensial şəkildə əldə edilmiş məlumatların açıqlanmasının qarşısını almaq üçün və ya ədalət mühakiməsinin nüfuz və qərəzsizliyini təmin etmək üçün qanunla nəzərdə tutulmuş və demokratik cəmiyyətdə zəruri olan müəyyən rəsmi tələblərə, şərtlərə, məhdudiyyətlərə və ya sanksiyalara məruz qala bilər. “İnsan Hüquqlarının və X2 Haqqında Konvensiya”nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri - əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. Mənəvi zərər şəxsin fiziki və ya psixoloji ağrı və əzabı, sıxıntı, narahatlıq, məyusluq, ədalətsizlik və ya alçalma hissi, uzun müddət davam edən qeyri-müəyyənlik, həyatın pozulması və ya real imkansızlıqdan əziyyət çəkən vəziyyətidir. Maddi zərərin müəyyən edilməsi zamanı məhkəmənin əsaslandığı obyektiv hallardan fərqli olaraq, mənəvi zərərin müəyyən edilməsində subyektiv və hissi ünsürlərə əsaslanaraq qərar qəbul edildiyindən məhkəmə təcrübəsi baxımından nəzərə alınmalı olan ümumi qiymətləndirmə meyarlarının müəyyən edilməsi vacibdir. Mənəvi zərər müəyyən edildikdə məhkəmələr tərəfindən hüquqa zidd əməlin növü, dərəcəsi, şiddəti, davam etdiyi müddət nəzərə alınmalıdır. Bu zaman hüquqa zidd hərəkətin hansı şəraitdə, mühitdə baş verməsinin müəyyən edilməsi də zəruridir. (Avropa Məhkəməsi Varnava və digərləri Türkiyəyə qarşı iş üzrə 2009-cu il 18 sentyabr tarixli Qərarı) Mənəvi zərərin vurulması ilə əlaqədar yaranan hüquq münasibətlərinə müvafiq qanunvericilik aktları, habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin İX bölməsinin (Mülki hüquq pozuntularından (deliktlərdən ) əmələ gələn öhdəliklər) qaydaları tətbiq edilir. İddiaçı iddia tələbi iki hissədən ibarətdir: 1) cavabdeh tərəfindən iddiaçının şərəf və ləyaqətin vurulmuş zərərin ödənilməsi və 2) gediş-gəliş yolunda quraşdırılmış bir ədəd qara rəngli müşahidə kamerasının sökülməsi. Məhkəmə iddia tələbinin birinci hissəsi ilə bağlı qeyd edir ki, yuxarıda qeyd olunmuş maddi hüquq normalarının (Mülki Məcəllə 23.1) tələblərinə əsasən, məlumatı yayan şəxs həmin məlumatın həqiqətə uyğun olmasını sübut etmək vəzifəsi daşıyır. Məlumat əxlaqi prinsiplər, istehsal-təsərrüfat, xidmət və ictimai fəaliyyətlə əlaqədar cəmiyyət, kollektiv və yaxud ayrı-ayrı şəxslər arasında vətəndaş barəsində mənfi rəy yaradırsa, o, şərəf və ləyaqəti ləkələyən məlumat hesab edilir. Qeyd olunmalıdır ki, mənəvi zərərin əvəzinin ödənilməsi barədə işlərə baxıldıqda mülki və mülki prosessual qanunvericiliyin ümumi müddəaları ilə bərabər xüsusi qanunvericilikdə müəyyən olunmuş müddəalar, habelə adətlər, əxlaq normaları da nəzərə alınmalıdır. Bu baxımdan şərəf dedikdə insanın əxlaqi, mənəvi keyfiyyətlərinə, başqa şəxslərə və cəmiyyətə münasibətinə görə ona verilən ictimai qiymət anlaşılır. Ləyaqət isə şəxsin özünə, davranışına, mənəvi və əxlaqi dünyagörüşünə, cəmiyyətdə tutduğu mövqeyinə özünün verdiyi qiymətdir. İnsanın şəxsiyyətinə uyğun olmayan, onu alçaldan, nüfuzdan salan və cinayət törətməkdə ittiham edilən ifadələr şəxsin şərəf və ləyaqətini alçatmaqla mənəvi iztirab və sarsıntı keçirməsinə, bununla da mənəvi zərərə məruz qalmasına səbəb ola bilər. Şərəf və ləyaqət şəxsiyyəti xarakterizə edir və böyük ictimai əhəmiyyətə malik olmaqla Konstitusiya ilə qorunur. Konstitusiyanın 46-cı maddəsinə görə, hər kəsin öz şərəf və ləyaqətini müdafiə etmək hüququ vardır. İddiaçı mənəvi zərərin ödənilməsi barədə hazırki tələb ilə məhkəməyə müraciət etməsinə əsas, Cavabdeh tərəfindən başqa şəxslərin yanında onun ünvanına şərəf və ləyaqətini alçaldan sözlər işlədilməsi ilə bağlı olmuşdur. İddiaçı onun şərəf və ləyaqətinin alçaldılmasını - zərərin vurulmasını məhkəmə mübahisəsi üzrə tərəflərin yaşadıqları ünvana yerli baxış keçirilərkən qonşusu - Cavabdeh onu hakimin və köməkçisinin gözləri önündə təhqir etməsi, şərəf və ləyaqətini alçatması ilə əlaqələndirir. Odur ki, hazırda ona dəymiş mənəvi ziyana görə vurulmuş zərərin cavabdehin təqsirli hərəkətlərinin olmasını iddia edir. Məhkəmə qeyd edir ki, mübahisənin düzgün həlli üçün ilk növbədə iddiaçı tərəfindən məhkəməyə təqdim olunmuş “CD” diskdə olan səs yazılarındakı danışıqların Cavabdeh aid olub-olmadığı müəyyən edilməli, əgər bu danışıqlar cavabdehə aiddirsə, bu ifadələrin iddiaçının şərəf və ləyaqətini alçaldan ifadələr olub-olmaması aydınlaşdırılmalıdır. Bu halların müəyyən edilməsi, xüsusi bilik tələb edən sualların cavablandırılması məqsədilə məhkəmə tərəfindən mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(005)-687/2025 saylı qərardadı ilə kompleks məhkəmə-fonoskopik, məhkəmə-linqvistik ekspertizaları təyin edilmiş, ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinə həvalə edilmişdir (mülki iş v. 42-52). Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 17 iyun 2025-ci il tarixli 4/282 №-li rəyindən görünür ki, ekspertiza zamanı 01 ədəd “Verbatim” markalı CD-R diski üzrə tədqiqat aparılmış, faylda xarakterinə görə bilavasitə üzbəüz təmas zamanı qeydə alınan azərbaycan dilində dialoq xarakterli danışıqlar - mübahisəli fonoqram aşkar edilmiş, mübahisəli fonoqramdakı danışıqların tədqiqi hissədə verilmiş yazılı mətn hissələrində «K3» kimi işarə olunmuş diktorun səsi və nitqi - Cavabdeh məxsus olduğu müəyyən edilmişdir. Linqvistik ekspertiza üzrə aparılmış tədqiat nəticəsində müəyyən olunur ki, qeyd edilən məlumatlarda birbaşa şəxsiyyəti alçaldan, neqativ-qiymətləndirici, sərt, kəskin məzmunlu ifadələr yer almışdır. Ekspertizaya təqdim olunan materiallarda verilmiş məlumatlar ümumi məzmun və üslub xüsusiyyətləri ilə səsləşən bu sərt ifadələr daxili keyfiyyət və münasibətlərin təsviri üçün işlədilmişdir. İddiaçı barəsində işlədilmiş “oğraş”, "alçaq”, “saxtakar”, “şərəfsiz” ifadələri onu mənfi tərəfdən xarakterizə edən ifadələrdir. Həmin ifadələr aid edildiyi şəxs barəsində cəmiyyətdə və insanlar arasında xoşagəlməz rəyin yaranmasına səbəb ola biləcək dil vahidləridir. Çıxışlarda şəxs barəsində verilmiş bu cür məlumatlar bütövlükdə və birmənalı olaraq onun mənfi tərəfdən tanıdılmasına, haqqında pis rəyin yaranmasına xidmət edir. Tədqiqatın nəticəsi olaraq Cavabdeh tərəfindən səsləndirilmiş “oğraş”, “alçaq”, “saxtakar”, “şərəfsiz” ifadələrinin İddiaçı şərəf və ləyaqətini alçaldan ifadələr hesab edildiyi müəyyən olunmuşdur. Məhkəmə qeyd edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, məhkəmənin qərardadı əsasında keçirilmiş ekspertizanın rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Cavabdeh tərəfindən qeyd olunan ekspert rəyini təkzib edən sübutlar məhkəməyə təqdim edilməmişdir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş rəy mötəbər sübut kimi qəbul edilməli və həmin rəy üzrə gəlinən nəticə nəzərə alınmalıdır. Məhkəmə qeyd edir ki, mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilir ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Hazırki iş üzrə Cavabdeh tərəfindən İddiaçı şərəfini və ləyaqətini alçaldan ifadələr səsləndirilmişdir. Bu hal mübahisəsizdir. İstənilən şəxsin, o cümlədən iddiaçının barəsində şərəf və ləyaqəti alçaldan məlumatların yayılması hər bir halda həmin şəxsin mənəvi sarsıntı keçirməsinə səbəb olur. Bunun əksi mümkün deyildir. Məhz bu səbəbdəndir ki, iddiaçı başqa qaydada bu halın qarşısını ala bilmədiyinə görə məcbur qalıb məhkəmə müdafiəsi hüququndan istifadə etmiş, məhkəməyə hazırki iddia ilə müraciət etmişdir. Bütün bunlar məhkəmənin mövqeyinə görə, iddiaçının cavabdehin qanunazidd əməli nəticəsində mənəvi iztirab çəkməsinin sübutudur. Mülki Məcəllənin 23.4-cü maddəsinə əsasən, şəxs şərəf və ləyaqətini ləkələyən məlumatların yayılması nəticəsində ona vurulmuş zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Mənəvi (qeyri-əmlak) zərər vurulduqda mənəvi zərərin kompensasiyası üsulu tətbiq edilir. Şərəf və ləyaqətə zərər vurulmasına görə, mülki qanunvericilik delikt məsuliyyətini nəzərdə tutur. Bu məsuliyyətin mahiyyəti ondan ibarətdir ki, mülki hüquq pozuntusu (delikt) nəticəsində şəxsiyyətə vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Göründüyü kimi məhkəmə tərəfindən müəyyən olunmuşdur ki, cavabdeh tərəfindən iddiaçının ünvanına işlədilmiş ifadələr sonuncunun şərəf və ləyaqətini alçaldan ifadələrdir. Belə olan halda iddiaçı mənəvi zərərə görə zərərin əvəzinin ödənilməsini tələb etməkdə haqlıdır. Lakin bu məbləğ ağlabatan miqdarda olmalıdır. Mənəvi zərərin kompensasiyası dedikdə-mənəvi zərərin əvəzinin ödənilməsi başa düşülür. Mənəvi zərərin kompensiyası şərəf və ləyaqətin pozulması zamanı onların müdafiə olunması üçün istifadə olunan ümumi mülki-hüquqi sanksiyadır, yəni ümumi xarakterli mülki-hüquqi müdafiə üsuludur. Mənəvi zərərin əvəzinin ödənilməsi bir qayda olaraq pul kompensasiyası şəklində müəyyən edilir. Pul kompensasiyasının məbləğini isə məhkəmə müəyyən edir və məhkəmə, bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsini, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirabı, sarsıntıların xarakterini və ağırlığını, zərərvuran şəxsin təqsirini (qəsdini və yaxud ehtiyatsızlığını) və əmlak vəziyyətini, zərərçəkənin fərdi xüsusiyyətlərini, habelə işin sair diqqətəlayiq hallarını nəzərə almalıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi və Ali Məhkəməsi Plenumlarının Avropa Məhkəməsinin təcrübəsinə əsasən formalaşdırdığı hüquqi mövqelərə əsasən, belə kateqoriya işlərə baxılması zamanı mütləq şəkildə nəzərə alınmalı olan vacib hallara (iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, mənəvi iztirabların xarakteri və dərəcəsi (nədə ifadə olunması); bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi (hansı şəraitdə baş verməsi); qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması; hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi; zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq); hüquqazidd əməlin növü, dərəcəsi, şiddəti, davam etdiyi müddət; zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.); zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsi; cavabdehin əmlak vəziyyəti; adətlər və əxlaq normaları və s.) qiymət verilməli, hər bir konkret halda isə belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Mənəvi zərərin məbləği ağlabatan və ədalətli olmaqla, şəxsin məruz qaldığı sarsıntı və iztirablara mütənasib olmalıdır. Məhkəmə cavabdeh tərəfindən iddiaçıya vurulmuş mənəvi zərərin əvəzi kimi pul kompensasiyasının məbləğini müəyyən edərkən, yayılmış məlumatların xarakterini, yayılma dairəsini, bu məsələdə cavabdehin təqsirini, onun əmlak vəziyyətini nəzərə alaraq, iddianın həmin hissədə qismən təmin edilməsini, Cavabdeh İddiaçı xeyrinə 500 (beş yüz) manat məbləğində kompensasiya tutulmasını ağlabatan və ədalətli hesab edir. Məhkəmə iddia tələbinin ikinci – müşahidə kamerasının sökülməsi hissəsi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin -16.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. - 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 157.4-cü maddəsinə əsasən, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. - 170.2-ci maddəsinə əsasən qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən, işlənmiş qazların, tozun, ağır qoxuların, səs-küyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır. “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi” haqqında Avropa Konvensiyasının 8-ci maddəsinin İ bəndinə əsasən hər kəs öz şəxsi və ailə həyatına, mənzilinə və yazışma sirrinə hörmət hüququna malikdir. Məhkəmə tərəfindən müəyyən olunmuşdur ki, mübahisəli ünvanda yerləşən fərdi yaşayış evi (3 otaq y/s-51.7kv.m, k/s-6.0 kv.m olmaqla) İddiaçı mülkiyyətindədir. Onun mülkiyyət hüququ xx.xx.2016-cı il tarixdə daşınmaz əmlakın Dövlət reyestrində qeydə alınmış və müvafiq çıxarış verilmişdir. Hazırda iddiaçı qeyd olunan ünvanda gediş-gəliş yolunda, ondan və ailə üzvlərindən icazəsiz, qonşusu - Cavabdeh tərəfindən gizli kamera quraşdırıldığını, bunun şəxsi həyata müdaxilə olduğunu bildirərək 1 ədəd qara rəngli müşahidə kamerasının sökülməsini xahiş edir (iddia tələbi dəqiqləşdirilmişdir). Qanunun mənasına görə qonşu daşınmaz əmlak mülkiyyətçiləri bir-birinə qarşılıqlı hörmət bəsləməli, bir-birilərinin mülkiyyətinə hədsiz təsirlərdən çəkinməlidirlər. Mülkiyyətçi öz sahəsinə qonşu təsirini o zaman qadağan edə bilər ki, öz sahəsindən istifadə etməkdə ona maneçilik yaransın və ya hüququ əhəmiyyətli dərəcədə pozulsun. Təsir əhəmiyyətli olsa da əmlakdan adi istifadədən törəyirsə və normal təsərrüfat fəaliyyəti sayılan tədbirlərlə qarşısı alına bilmirsə də qonşu təsiri qadağan edilə bilməz. Beləliklə, qonşu təsirinin qadağan edilməsi barədə iddia qaldırmış fiziki və hüquqi şəxslər qonşu təsirinin onların hüquq və mənafelərinə ziyan vurduğunu sübuta yetirdikləri halda əsaslı hesab edilə və təmin oluna bilər. Məhkəmə hesab edir ki, Cavabdeh quraşdırdığı müşahidə kamerası ilə həmin ünvanda yaşayan mülkiyyətçi İddiaçı şəxsi toxunulmazlıq hüququnu pozmuşdur. Məhkəmə qeyd etməyi zəruri bilir ki, Azərbaycan Respublikası Konstitusiyasının 32ci maddəsinə əsasən hər kəsin şəxsi və ailə həyatının sirrini saxlamaq hüququ vardır. Qanunla nəzərdə tutulan hallardan başqa, şəxsi və ailə həyatına müdaxilə etmək qadağandır. Hər kəsin şəxsi və ailə həyatına qanunsuz müdaxilədən müdafiə hüququ vardır. Öz razılığı olmadan kimsənin şəxsi həyatı haqqında məlumatın toplanılmasına, saxlanılmasına, istifadəsinə və yayılmasına yol verilmir. Qanunla müəyyən edilmiş hallar istisna olmaqla, heç kəs onun xəbəri olmadan və ya etirazına baxmadan izlənilə bilməz, video və foto çəkilişinə, səs yazısına və digər bu cür hərəkətlərə məruz qoyula bilməz. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçının mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin qanuni ümumi istifadə gediş-gəliş yolunda Cavabdeh tərəfindən yerləşdirilən bir ədəd qara rəngli müşahidə kamerası Cavabdeh öz hesabına sökülməli və ümumi istifadə gediş-gəliş yolunda müşahidə kamerasının quraşdırılması Cavabdeh qadağan edilməlidir. Həmçinin məhkəmə, məhkəmə xərclərinə münasibətdə hesab edir ki, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli olduğundan, hazırki iddia tələbi qismən təmin edildiyindən və tərəflərin məhkəmə xərclərindən azad olunması halları müəyyən olunmadığından, təmin edilmiş iddia tələbinin həcmi nəzərə alınmaqla dövlət rüsumu qismində ödənilmiş 20 (iyirmi manat) manat cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilməli, dövlət rüsumu qalan hissədə iddiaçının özünə aid edilməlidir. Eyni zamanda cavabdehdən işə baxılması ilə əlaqədar məsrəfi olaraq 200 (iki yüz) manat ekspertiza xərci tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (hesab: Az.MEM VÖEN **********, X1 KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41NABZ********************4 SWİFT BİK CTREAZ 22) ödənilməlidir. Azərbaycan Respublikasının MPM-nin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 115-ci maddəsinə görə ekspertizanın keçirilməsi ilə bağlı çəkilən xərc məhkəmə məsrəflərinə aiddir. - 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. - 124.3-cü maddəsinə əsasən, iddia qismən təmin edilmişsə, cavabdeh isə məhkəmə xərclərini ödəməkdən azad olunmuşsa, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər məhkəmə xərclərini ödəməkdən azad edilmiş iddiaçıdan tutularaq, iddia tələblərinin təmini rədd edilmiş hissəyə münasib olaraq dövlət mədaxilinə alınır. - 233.1-ci maddəsinə əsasən, bu Məcəllənin 355-7.4-cü, 355-17.3-cü, 355-18.4-cü, 355-19.3-cü və 355-22.4-cü maddələrində qeyd olunan hallar istisna olmaqla, məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək, hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh şərəf və ləyaqətə vurulmuş mənəvi zərərin əvəzi kimi 500 (beş yüz) manat və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 20 (iyirmi) manat tutularaq İddiaçı xeyrinə ödənilməli, ünvan 6 ünvanında ona məxsus fərdi yaşayış evinin qanuni ümumi istifadə gediş-gəliş yolunda Cavabdeh tərəfindən yerləşdirilən bir ədəd qara rəngli müşahidə kamerası Cavabdeh öz hesabına sökülməli, ümumi istifadə gediş-gəliş yolunda müşahidə kamerasının quraşdırılması Cavabdeh qadağan edilməli, Cavabdeh 200 (iki yüz) manat ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (hesab: Az.MEM VÖEN **********, X1 KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41NABZ********************4 SWİFT BİK CTREAZ 22) ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. V. Nəticə: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 124, 216-220-ci və 358-360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh şərəf və ləyaqətə vurulmuş mənəvi zərərin əvəzi kimi 500 (beş yüz) manat və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 20 (iyirmi) manat tutularaq İddiaçı xeyrinə ödənilsin. ünvan 7 ünvanında yerləşən İddiaçı məxsus fərdi yaşayış evinin qanuni ümumi istifadə gediş-gəliş yolunda Cavabdeh tərəfindən yerləşdirilən 1 (bir) ədəd qara rəngli müşahidə kamerası Cavabdeh öz hesabına sökülsün, ümumi istifadə gediş-gəliş yolunda müşahidə kamerasının quraşdırılması Cavabdeh qadağan edilsin. İddia qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumu qalan hissədə iddiaçının özünə aid edilsin. Cavabdeh 200 (iki yüz) manat ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (hesab: Az.MEM VÖEN **********, X1 KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41NABZ********************4 SWİFT BİK CTREAZ 22) ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov 540) apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Səbinə Nuriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar